525.Az

Əməkdar artistin xatirə gecəsi keçirilib


 

Əməkdar artistin xatirə gecəsi keçirilib<b style="color:red"></b>

Martın 12-də Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalovun xatirə gecəsi keçirilib. Tədbirdən öncə sənətkarın doğulub boya-başa çatdığı evin qarşısında ucaldılmış xatirə lövhəsinin açılışı olub.

525.az xəbər verir ki, açılış mərasimində çıxış edən Xalq artisti, Prezident təqüdçüsü Qabil Quliyev, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov,  “YUĞ” teatrının direktoru İslam Həsənov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Əməkdar artist Sucəddin Mirzəyev, yazıçı-publisist Hafiz Mirzə, aktyorlar Natiq Fərzəliyev və Əjdər Zeynalov çıxış edərək aktyor-rejissor haqqında ürək sözlərini dilə gətiriblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxışında Əməkdar artist Adil Zeynalovun xatirəsinin Lənkəranda əziz tutulduğunu, vəfatından iki il ötməsinə baxmayaraq özündən sonra pərəstişkarlarının ürəyində dərin iz buraxdığını qeyd edib.
A.Zeynalovun yaxın qohumu Naib Hüseynov mərhum sənətçinin xatirəsinin əziz tutduqları üçün mərasim iştirtakçılarına ailəsi adından minnətdarlığını çatdırıb.

Tərbirin davamı Lənkəran Dövlət Dram Teatrında davam etdirilib. Gecənin aparıcısı aktrisa Aynur Əhmədova məlumat verərək bildirib ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub və 1983-cü ildə oranı bitirib.
1977-ci ildən Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan A.Zeynalov 1983-cü ildə aktyor truppasına qəbul olunaraq bir sıra rolları ifa edib, 2002-ci ilin aprel ayından ömrünün sonuna kimi teatrda quruluşçu rejissor vəzifəsində çalışan onlarla tamaşaya uğurlu quruluş verib.

A.Zeynalov teatr fəaliyyəti ilə yanaşı, bir sıra bədii filmlərdə də çəkilib.

Teatr sənətinin inkişafındakı xidmətlərinə görə Adil Zeynalov 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 12 mart 2020-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatirə gecəsində çıxış edən aktyorun yaxın dostları sənətkar barədə xatirələrini söyləyib, keçdiyi qısa və mənalı həyat yolundan, yaradıcılığından danışıblar.

Mərasimdə həmçinin A.Zeynalovun yaradıcılığını əks etdirən fotosərgi və tamaşalardan və çəkildiyi filmlərdən kadrlar nümayiş olunub. 

 





12.03.2022    çap et  çap et