525.Az

Hegemon brendlər - El Roman yazır


 

SƏN NƏYMİŞSƏN, Coca-Cola, SƏN NƏYMİŞSƏN, McDonald's?

Hegemon brendlər -<b style="color:red"> El Roman yazır</b>

Bu yazını mənə son günlər baş verən hadisər - lap dəqiqi Rusiyaya qarşı tətbiq olunan genişmiqyaslı sanksiyalar və bu sanksiyalara qoşulan şirkətlərin siyahısındakı iki ad yazdırdı. Söhbət adlarını, demək olar, hər gün eşitdiyimiz, hər yaşın nümayəndəsini ovuclarının içərisində saxlamağı bacaran iki brenddən - Coca-Cola və McDonald's-dan gedir.

Coca-Cola Amerika Birləşmiş Ştatları mənşəli sərinləşdirici içki brendidir. Dünyanın ən çox istehlak edilən sərinləşdirici içkisi Coca-Cola 2005-2016-cı illərdə Interbrandin beynəlxalq araşdırma agentliyi tərəfindən dünyanın ən bahalı brendi kimi tanınıb.

Coca-Cola və müxtəlif sərinləşdirici içki markalarının sahibi isə ABŞ-ın Atlanta şəhərində yerləşən "The Coca-Cola Company" şirkətidir. Brendin adı kola qozunun, kofein məhsulunun və koka yarpaqlarının adlarının birləşməsindən yaranıb. Coca-Cola-da istifadə olunan maddələr və kimyəvi məhsullar paylaşılsa da, dəqiq formulası bu günə qədər kommersiya sirri olaraq qalır. 1886-cı ildə əsası qoyulan şirkət dünyanın 200-dən çox ölkəsində lisenziyalı Coca-Cola məhsulları, süzülmüş su, ətirli maddələr və konsentratlar istehsal edir.

Coca-Cola ilk dəfə 1886-cı ildə öz reklamında əsəblərə və yorğunluğa yaxşı təsir göstərən içki kimi təqdim edilib. Hətta kosmosa da gedib çıxsa da, dünyada Coca-Cola satmayan iki ölkə hələ də var. Bunlar Kuba və Şimali Koreyadır. Yox, səhv oxumadınız, 1985-ci ildə Coca-Cola kosmosa gedən ilk sərinləşdirici içki oldu.

Bu şirkət haqqında ən çox danışılan məqamlardan biri isə onun Pepsi şirkəti ilə rəqabətidir. Ancaq bir gerçək də var ki, Coca-Cola-nın illik qazancı 83,8 milyard dollar olaraq qiymətləndirilir və bu, təxminən, Subway, Pepsi və KFC-nin bütün gəlirlərinin toplamına bərabərdir.

McDonald's isə dünyanın ən böyük fast-food restoran şirkətidir və gündə 69 milyon müştəriyə xidmət göstərir. McDonald's hamburger, çizburger, kartof qızartması və soyuq içkilər satır.

Təbii ki, bunlar işin bəsit tərəfidir. Statistikaya görə, hər gün dünyada 85 milyon insan McDonald's restoranlarına daxil olur. Beləliklə, saniyədə 75 burger satılır. World Atlas-a görə, McDonald's dünyanın 119 ölkəsinə daxil olub. Onun daxil ola bilmədiyi ölkələrə nümunə olaraq, Şimali Koreya, Boliviya və İslandiyanı göstərmək olar. Ən böyük McDonald's filialı isə ABŞ-ın Orlando şəhərində yerləşir. Sahəsi təxminən 1800 kvadratmetr olan bu filial o qədər böyükdür ki, konsertlərə və müxtəlif beynəlxalq şoulara da ev sahibliyi edir.

Amma bu məşhur brend üçün işlər həmişə yolunda getməyib. 1992-ci ildə McDonald's-dan aldığı isti qəhvənin üstünə tökülməsi səbəbiylə 3-cü dərəcəli yanıq diaqnozu qoyulan bir qadın şirkəti məhkəməyə verib və məhkəmə restoranı tam 3 milyon dollar təzminat ödəməyə məhkum edib. Davam edən seanslarda məbləğ 640 min dollara endirilib. McDonald's-ın bu iddiadan sonra isti içkilərinin üzərinə "Diqqət, istidir" xəbərdarlığı yerləşdirdiyi deyilir.

Yeddidən yetmişə hər kəsin diqqətini çəkən bu restoran, eyni zamanda hər yaşda insanın çalışdığı iş yeridir. McDonald's-ın ən yaşlı əməkdaşının indi 92 yaşı var. Goh Gwek Eng adlı bu qadın McDonald's-ın Sinqapurdakı filialında işləyir. 10 övladı və 20 nəvəsi olan Eng övladları evdən çıxandan bəri evdə çox sakitlik olduğunu və bunun da evdə olmağı çətinləşdirdiyini bildirib. Ona görə də səhhəti imkan verdikcə burada işləməyə davam etmək istəyir.

McDonald's adını Rekordlar Kitabına dəfələrlə yazdıra bilib. Məsələn, bir dəfə Ebay-da bir Nugget 8100 dollara satıldı. Niyə? Çünki sözügedən toyuq parçası Corc Vaşinqtona bənzəyirdi. Normalda heç vaxt köhnəlmiş məhsulların satışına icazə verməyən E-bay üçün də istisna olan bu yeməyin istehsal tarixindən 3 il keçmişdi.

Başqa bir qəribə fakt odur ki, McDonald's dünyada tanınmış oyuncaq şirkətləri olan Hasbro və Matteldən daha çox oyuncaq satır - ildə təxminən 1,5 milyard ədəd. Şirkət bunun fərqinə vardıqdan sonra bəzi ölkələrdə "Happy Meals" ilə birlikdə oyuncaqlar əvəzinə uşaq kitabları da satmağa başlayıb. McDonald's hazırda dünyanın ən böyük kitabxanası olan "Konqres kitabxanası"nda uşaq kitablarının sayından daha çox kitab paylayır.

Məşhur palyaço Ronald McDonald bütün dünyada uşaqlar tərəfindən ən çox tanınan bədii personajdır. Bu personaj bütün dünyada aparılan sorğuda uşaqlar tərəfindən Şaxta babadan daha çox tanınıb (Sorğuda iştirak edən uşaqların 96 faizi fotoşəkildəki personajı tanıyıb).

Siz hələ də bu restoranı ciddiyə almırsınız? Bu restoranı kifayət qədər insan həddindən artıq ciddiyə alır. 10 min dollar ödəməklə Honq-Konqda siz təkcə ad günlərinizi deyil, hətta toyunuzu da McDonald's filialında keçirə bilərsiniz.

Təzə xəbər isə odur ki, bu şirkət son günlərdə siyasi məsələlərə də ayaq uydurmaq məcburiyyətində qalaraq satışını bəzi ölkələrdə dayandırmalı olub. Halbuki McDonald's-ın "lovin' it" devizinin özü bunu inkar edir. Sevgi yalnız paylaşdıqca çoxala bilər.

"The New York Times"ın köşə yazarı Tomas Fridman tərəfindən ötən əsrdə irəli sürülən nəzəriyyəyə görə, hər ikisində McDonald's olan iki ölkənin müharibə etməsi mümkün deyil. Fridmana görə, McDonald's-ın bir ölkədə olması onu göstərir ki, o ölkə iqtisadi yetkinlik və istehlakçı rahatlıq səviyyəsinə çatdığından, qonşusu ilə müharibəyə girərək öz rahatlığını pozmaq istəmir. Bu ölkələrin insanları döyüşmək əvəzinə, burger üçün növbə gözləməyə üstünlük verirlər. Məşhur nəzəriyyəyə görə, McDonald's-a sahib olan ölkələrin sayı artdıqca dünyanın daha təhlükəsiz planetə çevrildiyi güman edilir.

Bu il Rusiya-Ukrayna müharibəsinin başlaması ilə həmin nəzəriyyə tamamilə çökdü və nəzəriyyə bir əsrdir əlində saxladığı doğruluq payını ilk dəfə olaraq itirdi. McDonald's Rusiyada öz fəaliyyətini dayandırdı və 850 restoranını bağladı.

Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dövründə McDonald's-ın buraxdığı böyük bir səhv də yəqin ki, hər birimizin yadındadır. Necə olur ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığı ədalətli müharibədə buna bənzər addımların sonradan peşmançılığı çəkilir və "siyasətə qarışmaq" hesab olunur, amma başqa bir ölkədə bu, "təcavüzə etiraz" sayılır?

Gəlin o vaxt olanları yada salaq. "McDonald's Azerbaycan" şirkəti müharibə günlərində özünün feysbuk hesabında əvvəlcə Azərbaycana dəstək paylaşımları yerləşdirir, lakin az sonra həmin dəstək paylaşımlarını silir. Bu addım sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin böyük narazılığına səbəb olur və istifadəçilər öz etirazlarını şirkətin səhifəsində #baycotmcdonalds həştəqilə bildirirlər. Etirazlara cavab olaraq "McDonald's Azerbaycan" açıqlama yayır: "Bütün dünya üzrə McDonald's öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq".

Amma nədənsə şirkət Rusiyada "əsas amalına - insanları qida ilə təmin etmək" fikrinə sadiq qalmadı və bu ölkədəki fəaliyyətini dayandırdı.

Siyasi səbəbləri başa düşdük, bəs Avropanın göbəyində yerləşən İslandiyada McDonald's-ın ümumiyyətlə, fəaliyyət göstərməməsinin səbəbi nə ola bilər?

McDonald's İslandiya bazarına 1993-cü ildə daxil olur və 2009-cu ilə qədər fəaliyyətini davam etdirir. Şirkət 2009-cu ildə İslandiya hökumətinin transmilli fast-food şirkətlərinə tətbiq etdiyi yüksək vergi səbəbilə fəaliyyətini dayandırır. Bura kimi hər şey normaldır.

Hekayənin maraqlı tərəfi isə buradan etibarən başlayır. 31 oktyabr 2009-cu il tarixində Hjortur Smarason adlı vətəndaş McDonald's-ın İslandiyadakı son menyusunu yemək üçün deyil, bir növ xatirə kimi alıb saxlayır. Daha sonra Smarason menyunu qutusu ilə birlikdə qarajına qoyur. Menyunun hətta orada olduğunu unudan Smarason 3 il sonra qarajını təmizləyərkən McDonald's qutusunu tapır, onu açır və aldığı hamburgerin hələ də orada olduğunu görüb şoka düşür. Smarason İslandiya Milli Muzeyi ilə əlaqə saxlayır və menyu muzeydə sərgilənir.

 





13.03.2022    çap et  çap et