|
|
|
|
Misirdə yüz ilin kəşfi edilib. Belə ki, Krallar Vadisi adlanan ərazidə yerləşən Luksor yaxınlığında itmiş "Qızıl Şəhər"in tapılması ilə böyük bir sirr üzə çıxıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Qahirədən 500 km cənubdakı III Ramses və III Amenhotepin məbədləri arasında qazıntılara hələ 2020-ci ilin sentyabrında başlanılıb. Qazıntılar zamanı komanda böyük sürprizlə qarşılaşıb. Arxeoloqlar divarları və yaşayış sahələri yaxşı qorunub saxlanılan itmiş “Qızıl Şəhər” aşkar ediblər. Arxeologiya qrupundan Dr. Zahi Havass aşkarlanan şəhərin 3 min il yaşı olduğunu və III Amenhotep dövründən bu günə gəlib çıxdığını deyib.
Şəhər üzə çıxarıldıqdan sonra III Amenhotepin möhürləri olan rəngbərəng saxsı qablar, müxtəlif amuletlər və çiy kərpiclər, həmçinin üzük, bilərzik kimi qiymətli zinət əşyaları aşkarlanıb. 7 aylıq arxeoloji qazıntılardan sonra qiymətli əşyalarla yanaşı, şəhərə aid çoxlu məhəllələr də tapılıb. Arxeoloqlar burada başqa yaşayış sahələrinin də olduğunu düşünürlər.
Müxtəlif ölkələrdən olan mütəxəssislər tapılan şəhər haqqında çoxlu iddialar irəli sürüblər. ABŞ-ın Cons Hopkins Universitetinin Misirologiya üzrə professoru Betsi Brayan, "Bu itmiş şəhərin kəşfi Tutanhamonun məzarından sonra ən böyük arxeoloji kəşfdir", - deyib. Brian isə şəhərin imperiyanın çiçəklənmə dövründə Qədim Misirlilərin həyatına dair nadir ip ucularını açacağını düşünür.
Dr. Havaas bildirib ki, bir çox xarici komanda bu şəhəri axtarıb, lakin heç bir izinə rast gəlməyib. Arxeoloq qazıntı işlərinin davam etdiyini və komandasının xəzinələrlə dolu toxunulmamış qəbirlər tapacağını gözlədiyini qeyd edib. Çünki bölgənin yalnız bir qismi kəşf edilib. Şəhərin dərinliklərində başqa hansı sirrlərin ortaya çıxacağı hələki naməlumdur.
Sevil Gülməmmədova