525.Az

"Bu ayrılıq çox uzandı..." - Asif Hacılı yazır


 

AHISKALI ŞAİR İLYAS XƏLİL VƏTƏN SEVDASI İLƏ YAZIB-YARADIR

"Bu ayrılıq çox uzandı..." -<b style="color:red"> Asif Hacılı yazır</b>

Ahıskanın el şairlərindən İlyas Xəlil (İlyas Şükrü oğlu İdrisov) 1955-ci ildə Səmərqənddə anadan olub, əslən Adıgün bölgəsinin Saxan kəndindəndir. Atası Şükrü İdris oğlu və anası Xeyriyyə Əlləz qızı 1944-cü ildə Özbəkistana sürgün olunub, 1960-cı ildə ailəliklə Azərbaycana köçüb Beyləqan rayonunun Türklər kəndində məskunlaşıblar. 1972-ci ildə Türklər kənd məktəbini bitirən İlyas Şəki Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq fakültəsində təhsilini davam etdirib və 1975-ci ildə buranı bitirərək, sovetin sonuna qədər Türklər  kəndində aqronom işləyib.

Gəncliyindən şeir yazan İlyasın əsərləri hələ 1990-cı illərin əvvəllərindən müxtəlif kitab və qəzetlərdə dərc olunub. Didaktik, vətənpərvərlik mövzulu əsərlər müəllifi olan İlyas Xəlil Azərbaycanda Yaşayan  Ahıska Türkləri Yazarlar Birliyinin və milli hərəkatın fəallarındandır. İlyasın vətənpərvər ziyalı və milli şair kimi formalaşmasında ahıskalıların məhz respublikamızda formalaşmış etnik-mədəni çevrəsinin, Azərbaycan ictimaiyyətinin və ilk növbədə milli ruhu qoruyan ailə ənənəsinin, vətən haqqında ailə xatirələrinin böyük rolu olub.

Mühafizəkar dağ məskəni olan Saxan etnik təsəvvürlərin, türk inanclarının qorunub-saxlandığı tarixi məkanlardan olub. 1980-ci illərdəki ekspedisiyalarımda saxanlılarla çox görüşmüş, el ağsaqqalı, vətən mücahidi Ömər Səlimovun ocağında qonaq olmuşam. Bu ocağın layiqli nümayəndəsi, vətənpərvər şeirlər müəllifi Əli Ömər oğlu ilə dostluğum bu gün də davam edir. İndi haqq dünyasında olan Ömər kişi və övladları, kənd ağsaqqalları və ağbirçəkləri ilə Bulaqlı kəndindəki söhbətlər, dinlədiyim və sonradan kitablarımda dərc etdiyim rəvayət və əfsanələr, şeirlər  və türkülər bizi ayrı bir aləmə salardı.

Saxanlı ağsaqqallar söyləyərdilər ki, təxminən 300 evlik kəndləri zəngin təbiəti və bərəkətli kənd təsərrüfatı, dadlı mətbəxi ilə tanınıb. Saxanın mətbəxi ilk növbədə süd məhsulları - şoru və çeçil, təpmə, çuma, atma, davar pendirləri ilə məşhurmuş. El arasında belə bir söz də var: Saxanın  catxısı (şoru), Xarcamın kəli, Varxanın varı...

Saxanın mənəvi aləmi, dini inancı, etnik mədəniyyəti də zəngin olub. Buradakı Şaban dədə türbəsi bütün mahalın ziyarətgahlarındanmış. Deyirlər ki, Saxanda Yetimgillərdən Şaban adında bir subay kişi olur. Bir dəfə meşəyə gedir, namaz vaxtı çatır, namaza durur. Bu vaxt çox güclü qar yağır, kişi elə namaz üstdə keçinir. Cəsəd altı ay qar altda qalır, onu tapanda cəsəd əli qatlanmış halda, namaz vəziyyətində imiş, nə qədər çalışırlar, meyit düzəlmir. Qocalar deyir ki, bu kəramətli adamdır, eyilərdəndir və kişini o vəziyyətdə elə orada dəfn edirlər. Sonradan bu məzar Şaban dədə türbəsi kimi məşhurlaşır.

Bu kənd xalq sənəti, davul-zurnası ilə də tanınıb, Saxanlı  zurnaçı İsfəndi Sələhovun ifası bütün mahalda məşhur imiş. Saxanın tacirləri də ad çıxarıb və Şair Molla Məhəmməd Səfili Koblıyan köylərinə yazdığı qoşmasında Saxan tacirlərini belə vəsf edib:

"Hər niyəni getsən sığın Allaha,

Xayrinən zərər bağlidur tənə,

Tüccərluxdə kimsə yetməz molla Sələhə,

Gedür Gürcistana, gəlür Saxana".

1944-cü il sürgünü ahıskalıların cənnətməkan vətənlərindəki bu hüzurlu və firavan güzəranına son qoyur. Uzaq diyarlarda vətən bir əfsanəyə çevrilir, haqqında faciəvi rəvayətlər yaranır. Bunlardan bir  tükürpədici əhvalat da Saxan kəndi haqqındadır. Saxanlılar söyləyirlər ki, sürgündən bir neçə il sonra kim isə təsadüfən Vətənə, artıq gürcülər yaşayan Saxan kəndinə gedib çıxa bilir. Saxanda urumlu (türkləşmiş yunan) Şişə nənəylə görüşür. Şişə nənə türkü görüb ağlayır və belə bir əhvalat danışır. - Sürgündən bir-iki il sonra kəndin bir iti nədənsə Şişə nənənin üstə gəlib hürür. İtin keçmiş sahibləri türk imiş və Şişə nənə də qəfildən itə türkcə çığırır. Türk danışığını eşidən it Şişə nənənin üstünə cumub ona elə yalmanır, elə zingildəyir ki, bu dəhşətli mənzərəyə dözməyən Şişə nənə oturub hönkür-hönkür ağlayır...

Saxanlı şair İlyas Xəlil də yaradıcılığında ahıskalıların bu milli və insanlıq faciəsini ifadə edir. Nəsihətamiz, didaktik, yumoristik, satirik, hikmətli, lirik, lirik-epik, fəlsəfi, sevgi, uşaq şeirləri müəllifi olan şairin yaradıcılığında vətən mövzusu əsas yeri tutur, qürbət cənnət olsa da, şair səadətin açarını məhz vətəndə görür:

Kim diyer ki, şaddur bənim millətim?

Eşidənlər, inanmayın, yalandur!

Xoşbəxt dəgül qürbətlərdə şah olan,

Xoşbəxt insan vətənində olandur!

Şair üçün ana yurd heç bir müqayisəgəlməz ali dəyərdir, vətənin "bir əl boyda daşı -  taxt qarışux Süleymana... qayasında salxumlanmış buzu - qürbət elin ocağına... daşlı puvarından axan suyu - damardan axan qana degişilməyən" mənəvi sərvətdir,  Məcnunun Leyliyə olan ülvi eşqidir, ancaq "daşa dönmüş yürəklər" əhatəsində onun vətən vüsalı əlçatmaz, könül sədası eşidilməzdir:

Həsrət qaldım yurdumdakı güllərə,

Ömürlük qonağam qürbət ellərə.

Mən də Məcnun tək düşdüm dillərə,

Niyə salmadılar dastana məni?

Şair bu halından bədbinləşir, ümidsizləşir, özünü, soydaşlarını tək və kimsəsiz, atılmış hiss edir:

Həm qəribsin, həm yalqızsın, arxadaş,

Dağmu ağır, əcəb, sənin dərdinmi?

"Can" diyanın bir tənə də yoxmidür?

Yaraların kendin açıb sardınmi?

"Getdi ömür, yaşım yetdi yetmişə, Vaxt daraldı, yürək düşdi təşvişə" deyərək, vətənsiz keçən qədərindən gileylənir, "Vətən imiş pətəgim də balım da, Ondan ayri geçdi ömrüm zulumda" qənaətini bildirir. Lakin qəriblik dərdi bununla bitmir, bundan da ziyadə, öz anasından ayrı düşmüş, doğma yurda yadlaşmış şair üzünü görmədiyi vətəni ilə ağrılı görüşün əzabını yaşayır, qürbətdən gəlmiş oğul ana qucağına qoşur, ancaq ana-vətən onu tanımır:     

Qürbətdən vətənə endim,

Yetən bəni tanımadi.

Yol üstündə daşa döndüm,

Ötən bəni tanımadi!

 

Gedəmədim qucağına

Qısıldım bir bucağına,

Odun atdım ocağına,

Tütən bəni tanımadi!..

Bu ayrilux çox uzandi,

Bıçax gəmügə dayandi,

Naləmdən dağlar oyandi,

Vətən bəni tanımadi!..

Şair İlyasın lirik qəhrəmanı bu əzablara qatlaşır, doğma yurdu Ahıskaya və vətən saydığı Azərbaycana sönməz sevgisi və türk birliyinin gücünə olan sarsılmaz inamı ilə qürbət acılarına güc gəlir və Vətən hissini "Vətən məni tanımadı" adlı ilk kitabına epiqraf olaraq belə ifadə edir:

Əzizinəm sudanam,

Torpaqdanam, sudanam.

Axısxa öz anamdır,

Azərbaycan - süd anam.

Beləliklə, əzəli türk soyundan olan şairin yurd duyğusu Ahıskanı aşır, o eyni cəfayla Azərbaycanın Qarabağ dərdini çəkir: "Zərbə üstündən zərbə, sonuncusi Qarabağ, Sinəmizdə Qarabağ boyda açdı yara bax"! Ahıskalı şair İlyas "Sənin yaran - mənim yaram, Sızıldayır aram-aram, Yoxsan, yoxam, varsan, varam... Azərbaycan, əziz elim, Şərəfdir uğrunda ölüm" deyərək, millət, vətən amalını türk birliyinə, "Bir millət - iki dövlət " formulundan gələn qüdrətə müncər edir:

İki dövlət, bir millətik,

Bir almayıq bölünmüş tən.

Nə sən mənə yad deyilsən,

Nə mən sənə yoldan ötən.

Yetmiş səkkiz ildir sönməyən bu vətən sevdası göstərir ki, şair İlyas Xəlil və soydaşları doğma ocaqlarına dönəcək, vətən onları tanıyacaq, zəhmətkeş və vəfalı ahıskalılar qardaş gürcü xalqı ilə əl-ələ doğma Gürcüstanın inkişafı və rifahı naminə əzmlə çalışacaqlar.

 





18.03.2022    çap et  çap et