525.Az

"Qələmsiz yazılanlar" - Rəşad Məcidin status-esseləri


 

"Qələmsiz yazılanlar" - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

635 yatmış vicdan

Bu günlərdə Avropa Parlamenti Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qondarma qətnamə qəbul edib. Avropa Parlamentinin 635 səslə belə bir absurd qətnamə qəbul etməsi, təbii ki, Azərbaycan ictimaiyyətində böyük məyusluq və təəssüf hissi doğurub. Onsuz da son 30 ildə Qərbin ikili standartları, ədalətsiz, birtərəfli mövqeyi ilə bağlı Azərbaycan xalqında formalaşan təsəvvürü bu qətnamə daha da möhkəmlətdi.

Biz Vətən müharibəmizlə tarixi ədaləti bərpa etdik, haqsızlıq üzərində qələbə çaldıq. Amma təəssüf ki, ötən müddətdə dünya ictimaiyyətinin gözü qarşısında işğala, zülmə məruz qalmağımız, dağıdılmış şəhərlərimiz, viran olmuş evlərimiz, tarixi abidələrimiz, təhqir olunan müqəddəs məkanlarımız Avropa Parlamentini zərrə qədər də təsirləndirmədi. Daha açıq desək, bütün bunlar guya ədalətdən dəm vuran avropalı parlamentarilərin vecinə olmadı. İndi isə bu cür mütəşəkkil şəkildə belə bir qətnamənin qəbulu aşkar qərəzdən, qatı ədalətsizlikdən başqa heç nəylə izah edilə bilməz.

Axı, bu əsassız qətnamədə söhbət hansı mədəni irsdən, hansı tarixi abidələrdən gedir? Əgər Qarabağda olan tarixi Alban mədəni irsi, 1836-cı ildə Çar Rusiyasının qədim Alban kilsəsini qondarma erməni kilsəsinə tabe etdirməsindən sonra ermənilərin çirkin yollarla, hədsiz saxtakarlıqlarla özününküləşdirməyə girişdiyi qədim irs nəzərdə tutulursa, bunun yenidən "erməni irsi" adıyla bu səviyyədə gündəmə gətirilməsi sadəcə növbəti eybəcərlikdir. Azərbaycan xalqı tarixi mədəni irsə, o cümlədən, Alban məbədlərinə həmişə ehtiramla yanaşıb, bu gün də belədir.

Ancaq görünür, bizim də bu yöndə görüləcək hələ çox işimiz var, düzgün, təsirli təbliğata, həqiqətin dünyaya, xüsusən vicdanı dərin yuxuya qərq olmuş avropalılara çatdırılması üçün effektli addımlar atmağımıza ciddi ehtiyac duyulur.

İndi Azərbaycana dünyanın müxtəlif yerlərindən siyasətçilər, deputatlar, jurnalistlər gəlirlər. UNESCO heyətinin Qarabağa səfəri gözlənilir. Hesab edirəm ki, Avropa Parlamenti ilə əlaqəsi olan millət vəkillərimiz, ayrı-ayrı qurumlarımız o çirkin qətnamayə səs verən deputatların gəlib ermənilərin Azərbaycanda, Qarabağda viran qoyduğu məkanları öz gözlərilə görmələrinə nail olmalıdırlar. Ola bilməz ki, həmin 635 nəfərin içində, az da olsa, vicdanlı davranmağa, obyektivliyə meyilli insanlar tapılmasın. Çox güman ki, ermənilərin törətdiyi vandalizmə əyani şahid olandan sonra onlardan hansılarınsa yatmış vicdanı oyanar və bəlkə, bundan sonra münaqişənin həqiqi qurbanlarının kim olduğunu anlayar, haqqın, ədalətin tərəfini tutarlar.

***

Türkiyə-Ermənistan sərhədlərinin açılması problemin həllinə ciddi töhfə olar.

Türkiyədə yaşamaq arzusunda olan ermənilər bu gün də az deyil. Əslində, onlar üçün indi ən təhlükəsiz ölkələrdən biri elə Türkiyədir. İndinin özündə Hatay bölgəsində ermənilərin kompakt yaşadıqları Vaqıflı kəndi nümunəsi var.

Sərhədlər açılar, Ermənistanın yarısı arzusunda olduqları yerlərə köç edər, alban əsilli təxminən 10 min erməni də Azərbaycan vətəndaşları kimi Qarabağda normal yaşayar.

***

Mən heç vaxt mail.ru-dan istifadə etmədim, yahoo.com-u dəyişmədim...

***

Ermənilər özlərini ağıllı aparsalar, gəlib Ağdamda tikinti işlərində çalışıb pul qazana bilərlər. Bənnalıq onların bacardığı sahədir. Dağıtdıqlarının xəcalətini də çəkərlər. Əgər xəcalət hissləri varsa...

***

Sürücüsüz avtomobillər xəbərini elə sevincək çatdırırlar ki...

Sürücülərin hisslərinə toxunduqlarının fərqində deyillər.

***

 Rusiyanın "Birinci kanal"ında yayımlanan "Vremya" verilişində kanalın "Müharibəyə yox!" plakatı açan redaktoru Marina Ovsyannikovanın hərəkəti əsl mərdlik və cəsurluq nümunəsidir. Etirazın ən kreativ təzahürüdür. Rus xalqını və ziyalılarını qınaqdan qurtaran tarixi addımdır.

Ekstremal situasiyada cəsarətli qərar qəbul etmək qəhrəmanlara xas keyfiyyətdir. Marina Ovsyannikova bu addımıyla tarixə adını yazdırdı və qəhrəmana çevrildi.

***

Adam özündə güc tapıb qəhrəmanlıq edib, onu da min yerə yozub, yüz qulp qoyursunuz.

***

İlaxır çərşənbəniz mübarək!

Nəcibə xanım Əlixanova ilə "Nəcib söhbətlər"də yazın gəlişindən, Novruz adətlərindən danışdıq. Bayram axşamı "Mədəniyyət" kanalında baxa bilərsiz.

İlk dəfə milli geyimdəyəm...

***

Keçmiş yadına düşəcək, amma sən onu heç vaxt geri qaytara bilməyəcəksən...

***

Rəqəmsal dünya bəşəriyyətin və insanların mahiyyətini, mənasını dəyişdirəcək - adamları rəqəmlərə çevirəcək.

***

Uzunçuluq, mətləbi uzatmaq adamı gözdən salır, ironiya obyektinə çevirir.

***

Ömrü boyu çərçivədə yaşayan, "cızığından çıxmayan" adamlar var. Kimdəsə fərqli hərəkət görən kimi dörd gözlə baxırlar. Çox zaman həsəd aparırlar. Belələrinin içində minlərlə məhv edilmiş "insanlar" uyuyur.

"Qeyri-səlis məntiqi" azərbaycanlının kəşf etməsində də bəlkə, məntiq var. Arzular aşıb- daşır və yeni kəşflərə yol açır...

***

Paxıllığı pərdələməyi bacarmaq böyük qabiliyyətdir...

***

Adamlar yuxuda da müharibə görürlər...

***

Qorxu filmlərinin məqsədi insanları fəlakətlərə, faciələrə alışdırmaqdır.

***

Soyuqqanlı şairlər və təzə qafiyə axtaranlar...

***

Keçmişə indiki ağılla qayıtmaq arzusu...

***

Yaz da tərəddüd edir; gəlsin, gəlməsin?..

***

Dünya bir düyməyə bənddir...

***

"525"ə "535" deyənlər...

***

Bu telefonlar imkan verər ki, kimsə kitab oxusun?..

***

İnad və əzm uzun müddətli olanda rəğbət oyadır...

***

Sağda saxlayın...

***

 "DIGITAL IDEA CAMP - Govtech həlləri adlı hakaton".

Osman Gunduz bəy, siz bilərsiz bu nə deməkdir?

Anlaşıqlı qarşılıq tapmaq olmazmı?

Anlamayanlar Novruzəlidirmi?

Fikirləriniz maraqlıdır.

***

Gül kimi loqoydu, nə ehtiyac vardı dəyişməyə?

***

Şənbəniz mübarək.

 





19.03.2022    çap et  çap et