Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.
- Rauf müəllim, dövlət proqramlarının icrasında QHT-lər nə dərəcədə rol oynayır?
- Müxtəlif dövlət proqramlarının icrasında QHT-lər yer alaraq onların həyata keçirilməsində mühüm rol oynayır. Amma bunu bütün dövlət proqramlarına aid etmək olmaz. Hesab edirəm ki, əlaqədar dövlət proqramlarına QHT-lər daha geniş şəkildə cəlb edilməlidirlər. Bu, daha böyük effekt verə bilər. Bununla həm QHT-lərin kadr potensialnı artırmaq, həm də dövlət proqramlarının daha şəffaf şəkildə həyata keçirilməsini reallaşdırmaq olar. QHT-lərin dövlət proqramlarına cəlb edilməsi çox aktual bir məsələdir. Bunun daha geniş mexanizmləri işlənib-hazırlanmalıdır. Fikrimcə, dövlət proqramlarına üçüncü sektorun daha geniş şəkildə və ardıcıl olaraq cəlb edilməsi QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı ola bilər.
- MQF-nin Azərbaycanda QHT hərəkatının başlanmasında, ölkədə bu hərəkatın əsaslı şəkildə formalaşıb intensiv çalışmasında xüsusi rolu olduğu danılmazdır. Bu baxımdan qurumun fəaliyyətini Siz necə qiymətləndirərdiniz?
- Həqiqətən də MQF Azərbaycanda QHT hərəkatının başlanmasında öz dəsti-xətti ilə seçilən qurumdur və bu gün də həmin fəaliyyət davam edir. MQF bu gün Foruma üzv olan 635 təşkilatın əlaqələndirilməsi, müəyyən aktual istiqamətlərə yönəldilməsi istiqamətində mühüm iş aparır. Eyni zamanda beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionlarda QHT hərəkatının daha da gücləndirilməsi istiqamətində müstəsna fəaliyyət həyata keçirir. Bütün bunlar və Azərbaycan dövlətçiliyinə xidmət, həyata keçirilən proqamlara dəstək bizim prioritet istiqamətlərimizdir. Bu istiqamətdə biz MQF olaraq inamla addımlayırıq. Bütün bunlarla yanaşı maddi-texniki bazamızın yenilənməsinin, inkişaf etdirilməsinin zəruri olduğunu düşünürəm. Biz bu istiqamətdə müəyyən araşdırmalar aparırıq. Bu il MQF-nin fəaliyyətə başlamasının 15 illiyidir. Forum 15 illiklə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə müxtəlif şirkətlərlə danışıqlar aparır. Yenə də şirkətlərə müraciət edərək, ötən illərdə olduğu kimi, 15 illiklə bağlı da bizə köməklik göstərməsini xahiş edirik.
- Bir qədər əvvəl QHT-lərin maddi problemlərindən danışdınız. Hazırda QHT-lərin maddi çatışmazlıqlarından başqa daha hansı problemləri var?
- QHT-lərin qeydiyyat məsələsi ilə bağlı ciddi problemləri mövcuddur. Sevindirici haldır ki, getdikcə bu problem aradan qaldırılır. Forumun fəaliyyət göstərdiyi on beş il ərzində bizim dəstək məktubumuzla 500-ə qədər QHT qeydiyyata alınıb. Əsas problemlər arasında ofisin olmaması, maddi-texniki bazanın yoxluğudur. Həmçinin kadr potensialının olmaması ciddi problemlərdəndir. Hesab edirəm ki, universitetlərdə sosial yönümlü fakültələr artırılmalıdır. Bakı Dövlət Universiteti, Turizm İnstitutu sosial yönümlü fənlərə yer verməyə başlayıblar. Bunun daha da genişləndirilməsinin zəruri olduğunu düşünürəm. Bütün bunlar məhz QHT-lərin kadr potensialının artrılmasına xidmət edir. Ən ciddi problemlərdən biri yuxarıda qeyd etdiyimiz kimi maddi problemlərlə bağlıdır. Belə ki, maddi problemlərə görə biz işçilərimizə daimi əmək haqqı verə bilmirik. Müəyyən təminatlar olmalıdır ki, biz əldə etdiyimiz kadrları əmək haqqı ilə təmin edə bilək. Bu istiqamətdə müəyyən qurumlarla danışıqlar da aparırıq. Forum olaraq QHT-lərin problemlərinin həll edilməsi istiqamətində müxtəlif tədbirlər də həyata keçiririk. Milli və dövlətçilik siyasətimizin təbliğatı, Xocalı soyqırımı, erməni işğalı və digər ümummilli məsələlərlə bağlı hər il böyük tədbirlər həyata keçiririk. Amma davamlı maliyyə imkanlarının olması bu istiqamətdəki işimizi daha da genişləndirə bilər.
- QHT-lər arasındakı rəqabətlə bağlı düşüncələriniz necədir?
- Əsasən özəl sektorda belə rəqabət var. QHT-lər arasında elə də böyük rəqabətin olduğunu düşünmürəm. Çünki bizim QHT-lər hələ o səviyyədə güclü deyillər ki, hansısa məsələdə rəqabətə girə bilsinlər. Sadəcə olaraq qrant layihələrinin əldə olunmasında QHT-lər müəyyən mənada rəqabət apara bilərlər. Ölkəmizdə təcrübəli təşkilatlar çoxdur və onlar böyük qrant layihələri əldə edə bilirlər. Amma xırda layihələr həyata keçirən QHT-lərin rəqabətə davamlı olduğunu düşünmürəm. Beynəlxalq təşkilatlar bir çox hallarda qrant layihələri ayıran zaman məsələlərə obyektiv yanaşmırlar. Onlar bu məsələdə müəyyən maraqları əsas götürürlər. Yəni bu zaman hansısa rəqabət də mühüm əhəmiyyət daşımır. Ümumiləşdirsək, deyə bilərik ki, rəqabətdə təcrübəli təşkilatlar uğur qazana bilirlər.
- Rauf müəllim, son zamanlar QHT-lərin şəffaflığı məsələsi tez-tez gündəmə gəlir. Üçüncü sektorda şəffaflıq məsələləri necə tənzimlənir?
- Bizim bütün fəaliyyətimiz ona hesablanıb ki, maksimum şəffaf olaq. Özəl, dövlət və ya QHT sektorundan asılı olmayaraq biz fəaliyyətimizdə şəffaflığı ön plana çəkməliyik. Fikrimcə, bütün sahələrdə şəffaflıqla yanaşı ictimai nəzarətin təmin olunmasına da çalışmalıyıq. Düzdür, bir çox hallarda istər dövlət qurumların da, istər özəl sektorda şəffaflığın təmin olunduğunu, ictimai nəzarəti müşahidə edirik. Amma bütövlükdə aşkar, şəffaf, hesabatlı cəmiyyətin yaradılması, ictimaiyyətə açıqlığın təmin edilməsi daha güclü dövlət deməkdir. Bütün bunlarla biz korrupsiya və rüşvətxorluğun minimuma endirilməsinə nail ola bilərik. Təkcə QHT-lər deyil, eyni zamanda bütün qurumlar şəffaf fəaliyyət göstərməlidirlər. Təbii ki, QHT-lər də ayrılan vəsaiti təyinatı üzrə xərcləməlidirlər. Bununla bağlı vaxtaşırı hesabatlar verməli, onların nə üçün, hansı istiqamətə maliyyə aldıqları cəmiyyətə aşkar şəkildə çatdırmalıdır. Fikrimcə, biz daha böyük şəffaflığa nail olmalıyıq. O qədər şəffaflıq olmalıdır ki, istənilən media qurumu istənilən nazirlikdən, QHT-dən istədiyi məlumatı əldə etməyə çətinlik çəkməsin. Biz də öz növbəmizdə Forum olaraq həm QHT-lərin, həm də dövlət qurumlarının ictimaiyyətə açıq və şəffaf fəaliyyət göstərməsinin tərəfdarıyıq. Bu istiqamətdə də əlimizdən gələni əsirgəmirik.
(Ardı var)
Aqil LƏTİFOV
çap et