525.Az

Ordubadinin "Qılınc və qələm"i: tarixi və bədii gerçəklik


 

Ordubadinin "Qılınc və qələm"i:<b style="color:red"> tarixi və bədii gerçəklik</b>

Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olan Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı oxucuların bu gün də sevərək oxuduğu əsərlərdəndir. Yarım əsrlik bir müddətdə baş vermiş tarixi hadisələri bədii güzgüdə oxucuya təqdim edən romanın süjetinin zavyazkası Atabəy Şəmsəddin Eldənizin ölümü ilə başlayır, əsərin finalı isə Atabəylər dövlətinin Xarəzmşah Cəlaləddinin tərəfindən süquta uğradılması ilə bitir. Böyük tarixi hadisələrin baş verdiyi bu müddətin bədii xronikasında bir dövlətin ömrü fonunda dövrün insanının - müasir azərbaycanlıların babalarının öz vətəni uğrunda mübarizəsi, vətənin keşməkeşli taleyi izlənilir. Akademik İsa Həbibbəyli yazır: "Məmməd Səid Ordubadi hələ keçən əsrin 30-cu illərində keçmiş Sovet ideologiyasının xalqa soy-kökünü, tarixini unutdurmaq, manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində həyata keçirdiyi bir zamanda "Qılınc və qələm" tarixi romanını yazmaqla Azərbaycanda milli-mədəni özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa şərəflə xidmət göstərmişdir".

M.S.Ordubadinin romanda vermək istədiyi əsas ideya xalqın qurtuluşunun, vətənin azadlığının, çiçəklənməsinin məhz qılıncla qələmin vəhdətindən asılı olmasıdır. Əksər tədqiqatçıların fikrincə, romanın adındakı Qılınc Fəxrəddini, Qələm isə Nizamini simvollaşdırır. Bizim fikrimizcə isə əsərin alt qatında Qılınc Məhəmməd Cahanşah Pəhləvanı, Qələm isə Qızıl Arslanı simvolizə edir. Qılınc və qələm kimi ayrılmaz olmalı olan iki qanı bir, canı bir qardaş! Məhəmməd Cahan Pəhləvan əksər hallarda döyüşə, gücə üstünlük verir, hiylələr qarşısında aciz qalır, qəzəbinə yenilir. Qızıl Arslan isə qardaşından daha müdrik davranır, istənilən hadisədə məsləhətə, ağıla, təmkinə üstünlük verir, hadisələrin mahiyyətinə varmağa can atır. Onun Nizami ilə dostluğuna səbəb də məhz bu müdriklik sevdasıdır. Yavuz Axundlunun fikrincə, "40-cı illərin amansız rejimi sosialist ideologiyasının tuğyan etdiyi bir vaxtda Qızıl Arslan kimi xalqa rəğbət bəsləyən hökmdar obrazının yaradılması M.S.Ordubadinin cəsarətli addımı sayılmalıdır". Bu iki qardaş arasında fikir ayrılıqları olsa da, M.S.Ordubadi onların bir-birinə olan qardaş sevgisini də məharətlə təsvir etməyə nail olur. Təsadüfi deyil ki, Nizaminin sözünə qulaq asmayan Fəxrəddin dəfələrlə tələyə düşür, ölüm təhlükəsi ilə üz-üzə qalır. Qızıl Arslanın sözünə qulaq asmayıb Qətibə ilə evlənən Məhəmməd Cahan Pəhləvan isə bu izdivacla bir sülalənin və dövlətin süqutuna qol çəkir. Bəli, Qılınc Qələm olmadan həm özünü, həm də ətrafdakıları təhlükənin ağuşuna atır. Qələm də Qılıncsız qalib gələ, var ola bilmir. Nizamini Fəxrəddin dəfələrlə ölümdən qurtarır, Qılınc Arslanın müdrikliklə qurduğu yeni düzən, islahatlar qardaşı olmadan həyata keçmir, özü də sui-qəsdin qurbanı olur.

Əsərdə Nizami həm ideoloq, həm də sənətkar, ədib kimi təqdim edilir. M.S.Ordubadinin Nizaminin dilindən verdiyi ədəbi mülahizələr, sənət prinsipləri həm Ordubadinin Nizaminin əsərlərinin ideyasını dərindən bildiyini əks etdirir, həm də yazıçının öz fikirlərinin tərcümanına çevrilir. Nizaminin ana dilində yazıb-yaratmağın önəmi, Axsitanla yaşanan insident fonunda M.S.Ordubadi yaşadığı dövrdə ana dilinin getdikcə ikinci plana keçməsinə, rus dilinin hökmran olmasına etiraz edirdi. Nizaminin dövründə saraylarda fars dilində yazanlar hörmət gördüyü kimi, həmin dövrdə də rus dilini bilmək, ana dilindən uzaq düşmək manqurtlaşma üçün ilkin addım idi və karyera yüksəlişinin əsasını təşkil edirdi.

Bir çox hallarda M.S.Ordubadinin bu romanda tarixi cəhətdən bir sıra təhriflərə yol verməsi qeyd edilir. Lakin tarixi romanda ilk növbədə bədiilik və ideya əsas meyardır. Tarixi roman müəllifi tarixi öz ideyaları üçün fon olaraq da istifadə edə bilər. Tədqiqatçıların da qeyd etdiyi kimi, M.S.Ordubadi tarixə daim həsasslıqla yanaşmışdır. Yavuz Axundlu "Məmməd Səid Ordubadi (həyatı, mühiti, yaradıcılığı)" monoqrafiyasında yazıçının öz romanlarını yazarkən mümkün, əlçatan bütün tarixi mənbələrdən istifadə etməyə çalışdığını qeyd edir, buna sübut olaraq onun arxivindəki tarixi əsərləri göstərir. Lakin həmin dövrdə Azərbaycan tarixi sonrakı dövrlərdəki kimi əhatəli şəkildə tədqiq edilməmişdi. Buna imkan da verilmirdi. "Bu dövrdə Azərbaycan xalqının tarixi keçmişinə, xüsusən milli-azadlıq hərəkatına aid elmi əsərlər çox az idi. Yazılan əsərlər isə ciddi tarixi təhriflərə məruz qalmışdı" (Yavuz Axundlu).

Fikrimizcə, romanda bədii təxəyyülün əsasında yaradılan, tarixi obraz olmayan Səba xanım obrazı romanın bədiiliyini təmin edən, konflikti gücləndirən, əsərə dinamiklik gətirən bir obraz kimi tapıntıdır. Səba xanımın intriqalara meyilli, yüngül əxlaqlı bir kəniz obrazı kimi verilməsi təsadüfi deyil. Ordubadi bununla saray mühitinin mahiyyətini açıb göstərirdi. Təbii ki, belə bir mühitdə Nizami kimi dahi yaşayıb-yarada bilməzdi. Əslində, bu məqam həm də dövlətin süqutunun xarici səbəblər qədər daxili səbəblərlə də bağlı olduğunu diqqətə çatdırır.

Əsərin əslində iki qardaş - Qutluğ İnanc və Özbək tərəfindən nəql edilən xatirə şəklində qələmə alınması da maraqlı bədii priyom kimi diqqətəlayiqdir. Oxucu əsərin ancaq sonunda romandakı hadisələrin məhz həmin sülalənin üzvləri tərəfindən nəql edildiyini anlayır. Bu məqamda "əgər əsər başqa obrazların dilindən nəql olunsaydı, necə bir mətn ilə qarşılaşa bilərdik?" sualı və oxucu üçün alternativ mətn imkanı yaranır.

Əsərdəki interyer, geyim təsvirlərinin incəliklə işlənməsi də M.S.Ordubadinin həmin tarixi dövrü diqqətlə öyrəndiyindən xəbər verir. Əgər bu məqamlar diqqətdən kənar qalsaydı, dövrün ruhunun oxucu tərəfindən hiss edilməsi qeyri-mümkün olardı və mətn oxucu üçün öz inandırıcılıq qabiliyyətini itirərdi.

Yaşı yüzə yaxınlaşan bu romanın bu gün də öz aktuallığını itirməməsi, ədəbiyyat tariximizdə öz mövqeyini qoruyub-saxlaya bilməsi yazıçının ustalığının, sözün qüdrətinin bariz sübutudur.

 





22.03.2022    çap et  çap et