525.Az

Babəksiz gələn daha bir Novruzum - İlqar Cəmiloğlu yazır


 

Babəksiz gələn daha bir Novruzum -<b style="color:red"> İlqar Cəmiloğlu yazır</b>

Bahar gələndə insanlar sevinər, deyib-gülmək, şənlənmək istər. Gülü görüb oxuyar şeyda bülbül. Vəcdə gəldiyini əsrarəngiz səsləriylə izhar edər sarı bülbüllər. Mənim aləmimdə isə sarı bülbüllər gülsüz qalıb üç il ötən o bahardan bəri. Novruzdan 7 gün sonra martın 28-də üzləşdiyim o ağır itki üzündən. Babək Qurbanov adında bir Vətən oğlumuzu, professorumuzu, estetikçi-musiqişünas alimimizi qeyb etdik o gün. Şəxsiyyəti və özü gözəl, təbiəti saf, pak əxlaq sahibi, doğru-dürüst, insanpərvər Osmanoğlu Babək Sarıvəllim... 

Yerin görsənir, ətrafım bomboş, kimsəsiz qaldım, ürəyim, həmdəmim, könül dostum, mənəvi qardaşım, böyüklüyünü ağalığını, ağırlığını, samballığını əsirgəməyən Babəkim! Özümü heç cür ovuda bilmirəm. Çünki itki böyük, çəkmək ağırdır bu dərdi.

Köməyə gələnim yox, yardıma çatanım yox, elmi bilgilərinə tamarzı qalmışam 3 ildir. Məni elmi söhbətlərlə danışdıranım yox, daha bezmişəm xiffət çəkməkdən küsmüşəm bu həyatdan, barışdıranım yox. Babəksiz dostlarım indi olub xiffət, səbrsizlik, dözümsüzlük. Nə qədər ağırdır dost itgisi, uyuşa bilmirəm, barışa bilmirəm bu həqiqətlə. Özüm-özümlə də küsülü kimiyəm. Bəlkələrin dəryasında ləngər vurmaqdayam. Heyif səndən, a Babəkim, Osmanoğlum, Sarıvəllim! Neçə insana elminlə mayak oldun, işıq saçdın ömür-gün yoluna. Aydınlıq gətirdin, sevinc bəxş etdin həyatına, səni yaxından tanıyanlara. Onların ürəyində xəyalında yaşamaqdasan. Ən əsası odur ki, heykəlləşmisən qəlbimizin müqəddəs məkanında. Gül kimi yaşadın, saf, məğrur yaşadın, büllur həyat yolçuluğun oldu. Özündən başqasına əziyyət vermədin. Nur kimi bərq vurdun ömrümüzdə, a Babəkim, Osmanoğlum, Sarıvəllim! 

Keçən günə gün çatarmı, calasam günü-günə? Təəssüf ki, calasam da o gözəl günlər xatirələrə dönüşdü xəyalımda.  İndi heç kimim yox, bir kimsənəm yox. Sənin yerini tutanım yoxdur daha. Ola da bilməz. Çünki nadir idin, bir idin, pir idin, nur idin, bir inci idin, birinci idin ömür salnaməmin ilk səhifəsində. Şahanə gəzirdim, şən-şux dolanırdım, ürəkli, zirəkli olurdum səninlə! Sənsizliyin xiffətini çəkməkdəyəm, a Vətən oğlu, a Babəkim, Osmanoğlum, Sarıvəllim! 

Hamımız üçün əziz idi professor Babək Qurbanov. Hara qədəmi dəyirdi, huzur yaradırdı. Barış elçisi idi Babək müəllim. Xoşbəxtlik simvolu idi öz cismində, öz varlığında, öz həyatı ilə örnək idi bizlərə: hər rəftarında, hərəkətlərində, sözlərində, məhəbbətlə baxan gözlərində. Soldu getdi, qürub etdi, qərq oldu sonunda qara torpaqlara, məyus etdi bizi. İzləri qaldı ömür yolumuzda o saf, təmiz qədəmləri ilə. 

Təvazökarlıq timsalı idi Babək müəllim. Heç özünü tərif etməzdi, qürurlanıb öyünməzdi. "Ağac bar gətirəndə başını aşağı salar" demişlər. Babək müəllim də insanlıq bağının bar gətirən bəhrələrilə - məqalələrlə, kitablarla, başını aşağı saldı, böyük xalqının qarşısında müti oldu, təvazökarlığı ilə fərqləndi hər kəsdən. Xidmətinin hələ az olması düşüncəsində idi Babək müəllim. Nə qədər yazıb yaratdısa, az hesab etdi. Ona görə də başı dik gəzmədi, boynubükük görkəmi qaldı gözlərimdə. Başını aşağı salıb elm axtarışında, kəşfiyyatında idi, gecə-gündüz demədən.

Üç il keçib aradan axtarışları dayanıb, elmi yeniliklərin bulaq gözü quruyub öz məcrasında. Bu bulağın adı Babək Qurbanov idi. O narahat döyünmələr, çırpınmalar daha 3 ildir, dayanıb. Ürəyimdə matəm tutub gecə-gündüz yaşayıram onsuz - Babək Qurbanovsuz. Bu yaşamaqmı? Belə ömür sürməkmi olar heç? 

Sağlığında rəsmi çəkildi Gaziantep Universitetinin istedadlı rəssamı sənətşünaslıq namizədi Məhəmməd Əliyev tərəfindən. Son boyalı rəsm oldu Babək müəllim üçün. 

Həyatla vidalaşmadan 3 il öncə, 2016-cı ilin bahar mövsümündə "Qürbətin musiqisi" adında film çəkildi Gaziantep Universitetinin kinoşünaslıq fakültəsində, bir zaman dərs dediyi Bəkir Yolaçan adlı tələbəsinin təşəbbüsü ilə. Bu filmi ilə də Azərbaycanımıza ən qiymətli töhfəsini ərmağan etməyə nail oldu ssenarist övladımız. 

Ssenarist-yönətmən Bekir Yolaçan

Necə sevinirdi Babəkimiz. Bilirdi ki bu film onun 80 illik həyatının yığcam salnaməsidir. Buna da şükür edirdi ki, gənc nəsil biləcək, xatırlayacaq onu bu filmə baxmaqla, böyük alim, nəhəng şəxsiyyət olmağını anlayacaqlar. Özü bu dünyada olmasa da, əməlləri xoş xatirələrlə yaşadacaq onu sevənlərin könül dünyasında. Tək təskinliyi onda tapırdı ki, sağlığında 53 kitabı, 700 məqaləsi xalqımız üçün töhfə oldu. İnanırdı ki gənc nəsil elm adamları bu yazılardan faydalanıb ruhuna Fatihə oxuyacaqlar. Hələ sağlığında rəhmət qazanmışdı çoşqun çalışmasıyla, xeyirxah, təmənnasız, savab əməlləri ilə taxt-tac qurmuşdu mənəvi dünyamızda Babək Osmanoğlu. 

Çox səbrli idi, həyalı gəzirdi, namus-qeyrət mücəssəməsi idi. Bu insani dəyərləri bir otaqda çalışdığımız Qaziantep Universitetinin Konservatoriyasında dəfələrlə müşahidə etmişdim. Heyrət edirdim bu ədəb-ərkana, mərifətə, ailəsindən aldığı tərbiyəyə, onu yetirən Qazax elinə. 

Səyalı ana və Osman ata ilə

Azərbaycan adında bir məmləkətin özü idi Babək müəllim. Mədəniyyətimizi, ədəbiyyatımızı, estetika elmimizi, musiqişünaslığımızı yorulmadan, usanmadan qazandığı uğurları ilə layiqincə təmsil edirdi Babək müəllim. Bütün ruhu, canı, qanı ilə bağlı idi doğma Vətəninə, Qazax elinə. 

Babək Qurbanov Ökkeşıyə Həzrətlərinin türbəsini ziyarət edərkən

Babək müəllimi Ökkeşiyə Həzrətlərinin ziyarətinə aparanda Ayhan Kılınç başının üstündə gizlicə dua edərkən.

Ömrün son mərhələsində xəstəliyinin tüğyan etdiyi 2018-ci ilin may ayının 21-də, Ramazanın bir mübarək günündə qurban kəsmək məramı ilə diləklərimizin qəbul olunması üçün Ökkeşiyə Həzrətlərinin uyuduğu müqəddəs ziyarətgaha yollandıq. Xatirini əziz sandığı, etibarlı dostu - fotoqrafçı Ayhan Kılınçla birlikdə Babək müəllimi də ora aparıb dua etdik ki, tezliklə sağalıb elmi fəaliyyətinə davam etsin. Oxucularımıza təqdim etdiyimiz şəkillər o duyğulu anların görüntüsüdür.

May ayının sonlarında, daha ümidimizin tükəndiyi ərəfədə, ağrılarının şiddətləndiyi, çarəsiz qaldığı bir gündə "məni Azərbaycanıma sən apar" - dedi. Götürdüm Azərbaycanıma, qəmli-kədərli ruhumla. Bir də heç zaman görə bilməyəcəyimi anlayırdım. O həyəcanlı anlarda Heydər Əliyev Beynəlxalq Aeroportunda Babək müəllimi qarşılayan əziz, dəyərli şairimiz Musa Ələkbərli idi...

Haqq dünyasına qovuşanda da doğma Vətənini seçdi, 2-cı Şıxlı elinin ailə məzarlığına töhfə etdi şirin canını. Nəhayət ki, son niyyətinə qovuşdu. Çünki bu mübarək ziyarətgahda qardaşı professor Rafiq Qurbanov və atası Osman qağa uyuyurdu. Onların yanında özünə yer etməklə sanki bir təskinlik, rahatlıq tapdı haqq dünyasında. Daha bir and-qəsəm yeri oldu bu əbədi istirahətgahda. 

Ziyarətinə onu unuda bilməyənlər gələr nisgilli qədəmlərlə, mübarək məzarına, jalə gözyaşı timsalı qızıl gül dəstəsi səpərlər hər dəfə.

İlqar Cəmiloğlu, Babək Osmanoğlu və aspirantı Gültekin Şener

Ayrı-ayrı ata-ananın övladları kimi doğulsaq da, yaşımız çox fərqli olsa da, ruhumuz, fikrimiz, düşüncəmiz, amalımız bir idi, məramımızın adı insanlıq idi, insanlıq aləminə təmənnasız xidmət idi. Mənəvi cəhətdən sənin insanlığını tamamlamağa çəhd edirdim, a Babəkim, Sarıvəllim! Fəqət Sən məni bütövlük fəlsəfəsi adlı örnək olası ilahi dünyanla bir final akkordu ilə tamamlamış oldun, nə yazıq ki. Anlayanlar üçün qüdrətli idin elminlə, fəhminlə, möhtəşəm yaradıcılığınla, zəngin bilgilərinlə, mindən fəzlə elmi ərməğanlarınla. 

Sadəcə Ruhuna Fatihə oxumaqla mənəvi təskinlik tapıram. 28 mart 2019-cu il tarixində köç karvanını çəkib getdiyin dərgahına ərmağan olsun bu Fatihələrim, əzizim Osmanoğlu Babəkim! Nurlu siman gözlərimdə yaşamaqdadır. Allaha əmanət ol deyirəm, Ruhun şad olsun, ey böyük insan, böyük ustad!

 





29.03.2022    çap et  çap et