525.Az

"Xortdanın cəhənnəm məktubları"nda "yazılanlar" - Şahanə Müşfiq yazır


 

"Xortdanın cəhənnəm məktubları"nda "yazılanlar" -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Yaxşı adam hər kəsə yaxşılıq edən yox, şərait olduğu halda pislik etməyən adamdır, mənə görə. Bu baxımdan 26 mart günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində (teatr təmirdə olduğundan Teatr Xadimləri İttifaqının Aktyor evində) düz saat yarım yaxşı adam axtardım. Cəmi iki nəfəri hesaba qatmasaq, tapmadım ki, tapmadım...

Hə, pislər məmləkəti cəhənnəmdə yaxşı adam axtarmağın özü də sadəlövhlükdür, razıyam. Amma bəzən insan yoxdan var etmək xəyalına da düşür. Hələ mədəniyyət məbədi, xəyalların gerçəkləşdiyi, nağılların real olduğu teatrda. 

Dahi yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin balacadan böyüyə hər kəsin sevərək oxuduğu "Xortdanın cəhənnəm məktubları" əsəri bir neçə ildir ki, Gənc Tamaşaçılar Teatrında (GTT) uğurla oynanılır. Çoxdandır baxmaq istədiyim, amma hər dəfə hansısa səbəblər ucbatından baxa bilmədiyim əsərlə görüşümüz 26 mart tarixinə qismət imiş. Bir dəfə də yazmışdım ki, kitabda oxuduğun əsərə səhnədə adaptasiya olmaq heç də asan məsələ deyil. Baxır o əsərə yaradıcı heyət necə yanaşıb, nə cür çatdırıb. 

GTT bu əsərə hələ yeddi il öncə Rusiya Federasiyası və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev vasitəsiylə müraciət edib. Xatirimdədir ki, iki teatr arasında yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən səhnələşdirilən tamaşa yerli mətbuatla yanaşı, Rusiya mətbuatında da əks-səda doğurmuşdu. Səhnə əsəri haqqında Kalmıkiyanın "Kalmıükaə pravda" qəzetində "Veçnıe istinı v postanovke Borisa Mandjieva" ("Boris Manciyevin quruluşunda əbədi həqiqətlər") başlıqlı yazı dərc olunmuş, yazıda iki teatr arasında yaradıcılıq mübadiləsi, qastrol səfərləri, tamaşanın müvəffəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilmişdi.

Səhnə əsəri Xortdanın (Manaf Dadaşov) cəhənnəmə düşməsiylə başlayır. O, burada dərvişlə (Əməkdar artist Qurban İsmayılov) qarşılaşır. Dərviş ona bir növ yol yoldaşlığı edir. Onlar birlikdə cəhənnəmə düşən günahkar insanları müşahidə edirlər. Bu insanlar arasında "dərs gətirmək" adıyla gününü gəzməkdə keçirən, uşaqları təhsildən kəm qoyan "uçitel" də var, fırıldaq, yalançı molla da. Yəni hərənin öz dərdi, hərənin öz günahı var. Bu günahkarlar içərisində biri də var ki, onu cəhənnəmdə görənlər heyrət edirlər. Axı o, səxavətli, ədalətli, təmiz qəlbli bir insandır. Onun burda nə işi var?! Bu adam Hacı Kamyabdır (Əməkdar artist Şövqi Hüseynov) ki, bütün hekayət onun cəhənnəmə vasil olmasıyla başlayır. 

Bir hissəli ibrətamiz rəvayət uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac (Səbinə Məmmədova) və Fərmanın (Bəhram Həsənov) bir-birinə olan saf, təmənnasız sevgisi və bu sevgi ətrafında baş verən hadisələr üzərində qurulub. Bu iki gənc iki ən yaxın dostun övladlarıdır. Hacı Kamyabla qardaşlığı İbrahim övladları olanda əhd edirlər ki, gələcəkdə onları böyüdəcəklər. Sonra İbrahim dava vaxtı Hacı Kamyabı müdafiə edərkən öldürülür. O vaxtdan Fərman qalır yetim. Atalarının əhdlərindən də əlavə, bu iki gənc bir-birini ən təmiz hisslərlə sevirlər. Əvvəl-əvvəl Hacının da bu işə etirazı görünmür. Hətta arvadı (Zemfira Əbdülsəmədova) narazılıq edəndə ona öz əhdini xatırladır. Lakin əsərin əsas qəhrəmanlarından olan İblis (Ramil Məmmədov) adına layiq əməlləriylə hər kəsin həyatını məhv etməyə nail olur. O, öncə Hacı Kamyabın ağlını qarışdırıb, niyyətindən döndərir. Sonra valideynlərin var-dövlət hərisliyi, şan-şöhrət eşqi iki gənci addım-addım uçuruma aparır. Ən sonunda böyüklərin qəddarlığından qaçıb bütün mahalın böyüyü, ağsaqqalı hesab olunan, din əhli deyilib ətəyi öpülən, xeyirxah əməlləri əfsanəyə, rəvayətə çevrilən Hacı Mirzə Əhməd ağaya (Elnur Hüseynov) sığınan gənclərin burda rastlaşdıqları ən mundar xəyanət onların həyatının sonu olur. Yalançı din adamının ona pənah gətirən gəncə xəyanət edərək övladı yaşındakı qıza tamah salması, hiyləylə onu özünə arvad eləməyə çalışması hadisələrin kuliminasiyasına çevrilir. Bütün bunlara dözməyən Fərman Allaha üsyan edərək dərvişlik edir. Xəstə olub yatağa düşən Gövhərtac isə bu xəstəlikdən ayılmayıb qısa zamanda həyatla vidalaşır. Ancaq bundan sonra valideynlər öz bəd əməllərinin fərqinə varır, peşmanlıq atəşində qovrulurlar. Onların gecikmiş etiraflarının məkanı isə cəhənnəmdir. Bütün bu hekayətin və etirafların fonunda görürük ki, doğrudan da hər kəsin yaxşı kimi tanıdığı o adamlar, əslində, bu günə kimi pislik etmək şəraiti yaranmadığından yaxşı imişlər. Həmin şərait yaranan kimi hamı çevrilib olur günahkar cəhənnəm sakini.

Səhnə əsəri uğurlu rejissor işiylə bərabər, mükəmməl aktyor oyunu, maraqlı dekorasiyası və mahnıları ilə də baxımlı idi. Xüsusən, Şövqi bəylə Zemfira xanımın məzəli dialoqları tamaşaçının üzündə gülüş yaratmaqla bərabər, faciənin miqyasını kiçiltməyə, seyirçini o ağır ab-havadan az da olsa kənarlaşdırmağa hesablanan nəfəslik funksiyasını ən yüksək şəkildə yerinə yetirirdi. 

Gövhərtacın ayla monoloqu və ölüm səhnəsində Səbinə Məmmədovanın peşəkar ifası faciəni ən xırda zərrəsinə qədər tamaşaçıya çatdırmağı bacararaq özünə "əhsən!" dedizdirdi.

Səhnə əsərində digər rolların ifaçıları Xalidə Şərifova, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Anar Səfiyev, Vahid Orucoğlu, Eldar İmanov da maraqlı və yaddaqalan obrazları ilə tamaşaya rəng qatdılar. 

Povestin baş qəhrəmanı yazıçı "mən"inin və idealının daşıyıcısı funksiyasını yerinə yetirən Xortdan tamaşanın sonunda rejissorun prototipi kimi çıxış edir və ssenarinin yazıldığını təxmin etdiyimiz vərəqləri ataraq "hər şey başqa cür olmalıdır"- deyir. Tək bu cümləylə tamaşaçının bayaqdan bəri ürəyində ağır daşa çevrilmiş hissləri yüngüllük tapır və seyirçi də öz-özünə deyir: "bəli, hər şey bu cür bitə bilməz, nəsə başqa cür olmalıdır". Bəs necə?!

 





29.03.2022    çap et  çap et