525.Az

"Teatrda bir gün"ün təəssüratı


 

"Teatrda bir gün"ün təəssüratı<b style="color:red"></b>

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin son dövrlərdə teatra olan xüsusi diqqəti və qayğısı inkaredilməzdir. Təkcə bu ay içərisində teatrla bağlı keçirilən üç böyük layihə (I Müstəqil Teatrlar Festivalı, "Hə yerdə teatr" və "Teatrda bir gün" layihələri) bunu deməyə rəvac verir. Yəqin, mühitə bələd olan və prosesi yaxından izləyən oxucular da haqq verər ki, hələ bu ilə kimi nə Milli Teatr Günü (10 mart), nə də Beynəlxalq Teatr Günü (27 mart) bu ilki qədər hiss olunmamış, təmtəraqlı keçirilməmişdi. 

Həmin layihələrin sonuncusu "Teatrda bir gün" idi ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə baş tutdu. Həmin gün teatrlarda açıq qapı günü elan olundu. Layihə səhər saat 11:00-dan başlayaraq 17:00-a qədər davam etdi.

Açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edirdi. Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olub, könüllülərin köməyi ilə teatra daha yaxından bələd oldular. Sevindirici haldır ki, həmin gün paytaxt sakinləri, məktəb şagidləri, kollec və universitet tələbələri, müəllim heyəti, bir sözlə, yaşından və statusundan asılı olmayaraq hər kəs teatrın pərdəarxası həyatını daha yaxından görmək üçün teatrlara axın etdi. Onlar teatrın dekorasiyalar hazırlanan hissəsi, geyim sexi, qrim otaqları, məşq prosesi və sair kimi heç zaman görünməyən nüansların canlı şahidi olaraq sirlərlə dolu teatr dünyasının bir günlük sakininə çevrildilər. 

Günün sonunu isə tamaşaçılar üçün pulsuz nümayiş etdirilən səhnə əsərləri bəzədi.  Həmin gün onlar Akademik Opera və Balet Teatrında P.Maskanyinin "Kənd namusu" operasını, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Filumena Marturano", Azərbaycan Dövlət Kukla Teatrında "Tıq-tıq və Taq-taqın nağılı", "Maşa və ayı", Şuşa Dövlət Musiqili Dram Teatrında "Danışan gəlincik" və "Dəli Domrul", Azərbaycan Dövlət Akademik Musiqili Teatrda "Paris Notr Dama ithaf", Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı "Prixodila jenhina v çernom" tamaşalarını izləmək şansı qazandılar. 

Beynəlxalq Teatr Günü münasibətilə təşkil olunan layihəyə region teatrları da reaksiyasız qalmadı. Gəncə Dövlət Kukla  Teatrında "açıq qapı" günündə balaca tamaşaçıları nağıl qəhrəmanları qarşılayıblar. Layihə çərçivəsində balacalar indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olub, tamaşalara çəkilmiş eskizlərə baxıb, maraqlı və yaddaqalan vaxt keçiriblər. Yaradıcı heyət "Novruz əhvalatları" tamaşası ilə çıxış edib. 

Təbii ki, başda da qeyd etdiyimiz kimi, bütün bunlar olduqca sevindirici və teatrın parlaq gələcəyinə ümid doğuran addımlardır. Lakin görülən hər işdə bu və ya digər dərəcədə qüsur olduğu kimi, bu işlər də ondan xali deyildi. Məsələn, nazirlik həmin gün tamaşaçıların teatrlara daşınması üçün avtobuslar təşkil etmişdi və həmin avtobuslar "28 May" metrosundan müvafiq teatrlara hərəkət edirdi. Maraqlıdır ki, "28 May" metrosundan ən uzaq teatra məsafə ən çoxu 15 dəqiqəlik piyada yoldur. Bunun üçün ordan avtobusa nə gərək vardı? Axı Bakının ucqar kəndindən "28 May" metrosuna gəlib çıxa bilən tamaşaçı o 15 dəqiqəlik yolu da gedəcək. Olmazdımı ki, avtobuslar daha uzaq məsafədən, məsələn, hansısa Bakı kəndlərindən təyin olunsun? Bu, tamaşaçıların işini daha da asanlaşdırar, uzağı yaxınlaşdırardı, fikrimcə. 

Həmçinin, görünür, "Teatrda bir gün" layihəsinin ideyası tələsik və ən son məqamda yaranmışdı. Belə olmasaydı, həmin günə təyin olunan tamaşaların biletləri əvvəlcədən satılmazdı. Bundan xəbərsiz olan və tamaşa izləmək arzusuyla biletsiz teatrlara üz tutan insanların çoxu qapılarda qaldılar. Çünki təbii olaraq biletli gələn tamaşaçılar buraxılır, biletsizlər, əgər boş yer yoxdursa, geri göndərilirdi. 

Ümid edirik ki, gələcəkdə bu kimi hallara da diqqət ediləcək və teatr günü-gündən öz inkişafına doğru uğurla addımlayacaq. Əlbəttə, hamımızın əməyi sayəsində...

 





29.03.2022    çap et  çap et