Xəbər verdiyimiz kimi, martın 25-də Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib.
Bu barədə "Haber Global" televiziya kanalı kəşfiyyat məlumatları əldə edib. Telekanalın əldə etdiyi məlumata görə, dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynadan istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə, Rusiya istehsalı qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edəcək. Beləliklə, Ermənistan bu addımla Ukraynada işğala şərik, müharibənin isə tərəfi olub və növbəti dəfə regional sülhün yerinə münaqişəyə xidmət edib.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistanın özünə məxsus olan 4 ədəd müasir SU-30 təyyarəsini Rusiyaya verməsi onun faktiki olaraq Ukraynadakı müharibəyə qoşulması deməkdir. Bu gün dünya Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasını təkid etsə də, Ermənistan faktiki şəkildə müharibənin davam etdirilməsinə səs vermiş olub. Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanın militarist mahiyyətinin quruculuğa, sülhə, mehriban qonşuluğa deyil, dağıntıya, şəhər və kəndlərin viran qoyulmasına yönəlik olduğu bir daha aşkar olunub: "Xaricdəki erməni diaspor dairələri isə ölkəsinin bu hərəkətlərini gizlətməyə, öz ictimaiyyətinin nümayəndələrini Ermənistanın müharibədə iştirakı barədə məlumatsız olmasına çalışırlar. Qərb ölkələri Rusiyaya hərbi yardım göstərən və onu sanksiyadan qoruyan ölkələrə qarşı ciddi təzyiq göstərsələr də, Ermənistanın bu hərəkəti cavabsız qalır. 30 il ərzində Ermənistanın Azərbaycan ərzailərinin işğalına qöz yumulması kimi, Ermənistanın bu hərəkətinə də siyasi və diplomatik qiymət verilməyəcəyi hiss olunur".
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus olan 4 ədəd müasir SU-30 təyyarəsini hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərib: "Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir. Bu, birmənalı olaraq, onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub. Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi. Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz "töhfəsini" verir: "Görünən odur ki, Azərbaycandan aldığı zərbə, "dəmir yumruq" Paşinyan hakimiyyəti üçün yetərli olmadı, Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək, ölkəsini ciddi zərbə altına qoydu. Budur Ermənistanın siyasətinin həqiqi mahiyyəti. Qeyd edim ki, bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı. Məhz bu səbəbdən indi bir sıra Qərb dairələrində Ermənistana bu hərəkətlərinə görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin vaxtıdır".
Politoloq Sahil İsgəndərov deyib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda mütəşəkkillik nümayiş etdirən Qərb özü döyüşlərə qatılmasa da, Ukraynaya hərbi yardımın həcmini daha da artırdı. Sözsüz ki, bu fonda Moskva da təklənmədiyini, onun hərəkətini dəstəkləyən, hətta hərbi yardım göstərməyə hazır olan ölkələrin olduğunu sübut etməyə çalışır. Belə bir dəstək Ermənistandan gəldi: "Bir neçə gün əvvəl kəşfiyyat məlumatlarına istinad edən "Haber Global" telekanalı Ermənistanın 4 ədəd "Su-30" tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə Rusiyanın tabeliyinə verdiyi barədə xəbər yayıb. Bu qırıcıların Ukraynaya qarşı istifadə olunmaq üçün Rusiyaya göndərildiyi bildirilir. 2020-ci ilin mayında aldığı bu çoxfunksiyalı perspektivli qırıcıları Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya verməklə, Ermənistan faktiki olaraq təcavüzkarların düşərgəsində yer alır. Bu vəziyyətdə Rusiyanın total şəkildə təcrid olunması üçün bütün ölkələrə açıq-aşkar və dolayısı ilə təzyiq göstərən Qərbin Ermənistanın təcavüzkara dəstəyini necə qiymətləndirəcəyi böyük maraq doğurur. Vaşinqton hətta Çin və Hindistan kimi nəhəng dövlətlərin ünvanına təhdidlər yağdırmaqdan belə çəkinmir. Qərəzdən ağlını itirmiş britaniyalı deputat Marqaret Hocun parlamentdə guya Rusiyanı dəstəkləyən Azərbaycanla Qazaxıstanı cəzalandırılması barədə sərsəm təklifi də yaddaşlardan silinməyib. Rusiyanı siyasi-mənəvi baxımdan dəstəkləyən, iqtisadi əlaqələri qırmayan və onunla İttifaq dövlətində təmsil olunan Belarusa qarşı isə sərt sanksiyalar çoxdan tətbiq edilir".
Politoloq qeyd edib ki, bu məntiqlə Qərbin Ermənistana qarşı da sərt addımlar atması günün tələbinə çevrilir. Amma onilliklər boyu öz xarici siyasətini ikili standartlar təməli üzərində quran Qərb bunu edəcəkmi? Sağlam məntiqlə düşünsək, birmənalı şəkildə etməlidir. Çünki Qərb özü Rusiyanın Ukraynaya müdaxiləsini təcavüzkar müharibə adlandırırsa, deməli, Ermənistan bu addımı ilə özünü həmin müharibənin iştirakçısına çevirir: "Görəsən, Marqaret Hoc kimiləri Ukraynaya humanitar yardımlar göndərən, onun ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanla təcavüzkara ölüm saçan qırıcılar göndərən Ermənistan arasındakı fərqi görmək üçün bəsirət gözlərini və pambıq tıxanmış qulaqlarını açacaqlarmı? Maraqlıdır ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərində SSRİ-nin və Rusiyanın ifrat ermənipərəst rəhbərliyinin Ermənistanı necə silahlandırmasına da göz yuman Qərb təcavüzkarı dəstəkləyən Moskvaya heç "gözün üstə qaşın var" demədi. Heç olmasa indi, Rusiya ilə ölüm-dirim qarşıdurması apardığı bir vaxtda, Qərb "ikili standartlar" siyasətinə xitam verəcəkmi? Bu sualın cavabı çox müəmmalara aydınlıq gətirəcək".
S.QARAYEVA
çap et