525.Az

Yeni dünya düzəni - Xaqani Cəfərli yazır


 

Yeni dünya düzəni -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Almaniyanın kansleri Olaf Şolts Rusiya hakimiyyətini dünya nizamını pozmaqda ittiham etdi. Kanslerə görə, Rusiyanın güc tətbiq etməklə sərhədləri dəyişdirmək cəhdi dünya nizamının pozulmasına səbəb olub. ABŞ prezidenti Co Bayden də Rusiyanın Ukraynaya təcavüzünü beynəlxalq nizamın pozulması və bir daha əvvəlki vəziyyətə qayıtmağın mümkünsüzlüyünü bəyan edib.

Artıq hər kəsə aydındır ki, dünya nizamı bir daha 24 fevraldan, yəni Rusiya qoşunlarının Ukrayna sərhədini keçdiyi tarixdən əvvəlki vəziyyətə qayıtmayacaq. Bu isə həm də o deməkdir ki, yeni dünya düzəni formalaşacaq. Yeni dünya düzəninin necə olacağı bu gün tam təsəvvür edilməsə də, NATO-nun və G7 ölkələri dövlət və hökumət başçılarının sammitinin nəticələri ilkin cizgilər haqqında danışmağa imkan verir. 

NATO-nun son sammitində Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada Alyansın dörd yeni zərbə qrupunun yaradılması təsdiqləndi. Yeni yaradılacaq qruplar Polşa və Baltikyanı ölkələrdə mövcud olan dörd qrupla birlikdə Baltik dənizindən Qara dənizə qədər olan xətt boyunca ciddi hərbi qüvvəyə çevriləcək və təhlükəsizlik kəməri yaradacaq. 

Digər tərəfdən, Avropada ABŞ qoşunlarının sayı kəskin artmağa başlayıb. Əgər 2014-cü ilə qədər ABŞ-ın Avropada qoşunlarının azalması prosesi gedirdisə, Krımın Rusiya tərəfindən ilhaqı ilə əks proses başladı. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra isə bu proses daha da sürətlənib. Hazırda Avropa qitəsində 100 min ABŞ əsgəri var. ABŞ-la yanaşı, Kanada da Avropa qitəsində qoşunlarının sayını artırıb. Bundan başqa, Böyük Britaniya Şərqi Avropa ölkələrinə əlavə hərbi qüvvələr göndərib.

Ən son məlumatlara görə, ABŞ  Avropada 6 ədəd “EA-18G Growler” təyyarəsi yerləşdirib. “Boeing” şirkətinin istehsal etdiyi, bir ədədinin dəyəri 100 milyon dollardan çox olan “EA-18G Growler” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı Rammstein hərbi bazasında yerləşəcək. Bu təyyarələr çox böyük özəlliyə sahibdir və 722 kilometr radiusunda döyüş əməliyyatı aparmağa qadirdir. Bundan başqa, “EA-18G Growler” uzaq məsafədən Hava Hücumundan Müdafiə sistemlərini pozmaq, eyni zamanda bir neçə RLS  sisteminin və rabitə şəbəkəsinin işini iflic etmək qabiliyyətinə malikdir. Belə görünür ki, ABŞ Avropa qitəsində hərbi gücünü artırmaqla yanaşı, onların burada uzun müddət qalacağını planlaşdırır.

Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Rusiya öz hərəkətlərinin nəticələrindən digər ölkələrlə müqayisədə daha çox zərər çəkəcək. Bu, artıq baş verməkdədir. Rusiyanın sərhədləri yaxınlığında NATO-nun hərbi qüvvələri kəskin artıb. Ancaq hər kəsə aydındır ki, bu, yalnız başlanğıcdır.

Sovet İttifaqı dağıldıqdan sonra ABŞ başda olmaqla Qərb ölkələri Rusiyanın postsovet məkanında əsas söz sahibi olduğunu qeyri-rəsmi şəkildə qəbul edirdi. Ona görə də postsovet məkanında sülhməramlı əməliyyatlar da daxil olmaqla bütün hərbi-siyasi proseslər Moskvanın idarəçiliyi altında həyata keçirilirdi. Rusiyanın postsovet ölkələrinin ərazisində hərbi baza yaratmaq, saxlamaq və sərhədləri birgə qorumaq istəkləri də təbii qarşılanırdı. Lakin Krımın Rusiya tərəfindən ilhaqından sonra vəziyyət kəskin dəyişməyə başladı. Qərb Rusiya ilə əməkdaşlıq imkanlarının itirildiyini anladı və öz siyasətinin ağırlıq mərkəzini Moskvadan Kiyevin üzərinə keçirməyə başladı. Krımın ilhaqından sonra Qərb Ukraynanın gücləndirilməsinə start verdi. Təkcə ABŞ 2015-ci ildən başalayaraq hər il Ukrayanaya 250 milyon dollarlıq hərbi yardım göstərməyə başladı. Eyni zamanda Ukrayna iqtisadiyyatına sərmayə qoyuluşunun artması, Ukrayna iqtisadiyyatının Qərb iqtisadiyyatına inteqrasiyası prosesi işə düşdü. Bunun nəticəsində Ukraynanın Qərb ölkələrinə məhsul, xüsusilə də yeni texnologiya məhsulları ixaracı sürətlənməyə başladı. Ötən il Ukrayna Qərb ölkələrinə 5 milyard dollarlıq İnformasiya Texnologiyaları məhsulu ixrac etmişdi. Ukraynanın Qərbin siyasi, hərbi və iqtisadi institutları ilə inteqrasiyası da güclənmişdi. Rusiyanın Ukrayanaya hərbi müdaxiləsinin əsas məqsədi də əslində bu prosesi dayandırmaq, Ukraynanı yenidən Moskvanın orbitinə qaytarmaq idi. Əgər fevralın 24-də başladılan hərbi əməliyyatlar nəzərdə tutulduğu kimi qısa müddət ərzində uğurla başa çatsaydı, Rusiya istəyinə nail ola biləcəkdi. Lakin Moskvanın və bütün dünyanın gözləntilərinin əksinə olaraq Rusiya Ukraynada uğur qazana bilmədiyi kimi, özünü də fəlakətə sürükləmiş oldu. Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsi Ukraynanın faciəsi, Rusiyanın fəlakəti hesab olunur. Ukrayna Qərbin yardımı ilə bu faciənin təsirlərini sürətlə aradan qaldıracaq. Ancaq Qərbin öldürücü sanksiyalarının altında olan Rusiyanın bu fəlakətdən zədələnməmiş çıxması artıq mümkün görünmür. Ukrayna ilə müharibədən ağır zədə alaraq çıxacaq Rusiyanın bugünkü siyasi-coğrafi mənzərəsini qoruyub saxlaya biləcəyi də mümkün görünmür. 

İkinci Dünya müharibəsindən sonra dünya nizamı qalib dövlətlərin maraqlarına uyğun düzənləndiyi kimi, Ukraynada müharibədən sonra da eyni proses baş verəcək. Yeni dünya düzəni Ukraynadakı müharibənin qaliblərinin maraqlarına uyğun formalaşacaq. Bu qaliblər isə Ukrayna başda olmaqla onun Qərb müttəfiqləri olacaq. Rusiyanı isə İkinci Dünya müharibəsinin sonunda məğlub olmuş Almaniyanın və yaxud da Yaponiyanın taleyi gözləyir.

Artıq bir sıra Rusiya ictimai-xadimləri bu ehtimalı səsləndirməkdən çəkinmirlər. Rusiyalı məşhur jurnalist, ictimai xadim Aleksandr Nevzorov hesab edir ki, Ukrayna müharibəsinin sonunda Rusiya ordu, donanma və aviasiya saxlamaqdan məhrum ediləcək. Bundan başqa, bir çox ictimai-siyasi xadimlər, alim və mədəniyyət xadimləri də Rusiyanın bütövlüyünü saxlaya bilməyəcəyini açıq ifadə edirlər.

 





30.03.2022    çap et  çap et