525.Az

Bu dünyada uşaq olmaq - Günel İmran yazır


 

Bu dünyada uşaq olmaq -<b style="color:red"> Günel İmran yazır</b>

Uşaq vaxtı ən böyük arzularımdan biri tez böyümək idi. Böyüyəndə  dünyadakı bütün yaralı, xəstə heyvanları sağaldıb bəsləyəcəyim  böyük bir zooparkım olacaqdı. Harda yaralı, zəif bir heyvan görsəm, evə gətirərdim. Evə gətirdiyim bu heyvanlara qulluq etməkdə atam mənə kömək edərdi. O illərdə dünyadakı bütün heyvanları evimizə sığdıra biləcəyimə həqiqətən inanırdım.

Uşaqlıq illəri  insanın dünyanın öz evinin ölçüsü qədər olduğunu sandığı,  əlinin göydəki ulduza belə çatacağına inandığı dövrdür. Böyüklərin  öz xəyallarını həbs etdiyi reallıq deyilən qəfəsdən fərqli olaraq uşaqların xəyalları sərhədsiz, hüdudsuzdur.

Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin əvvəlində adamın yaddaşına həkk olunan belə bir cümlə var: "Bütün böyüklərin bir zamanlar uşaq olduğunu bilsək də, çox azı bunu xatırlayır". Ekzüperi əsərdə müdrikliyə çatmağın yolunu dünyaya  bir uşaq kimi baxmaqda görür. Uşaqlar isə dünyanı təmiz bir qəlb gözü ilə görürlər. Özü kimi bap-balaca dünyası olan balaca şahzadə hər gün evini, planetini süpürüb təmizləyir, sevdiyi tək çiçəyə qulluq edir. Balaca şahzadə "Əgər insan planetdə bitən tək bir çiçəyi sevərsə, ulduzlara hər baxdığında xoşbəxt olar. Bir qoyun onun çiçəyini yeyərsə, bütün ulduzlar qaralar" - söyləyir. Balaca şahzadə dünyanı kəşf etmək üçün öz planetini tərk edir və qarşılaşdıqlarından məyus olur. O, təkcə ruhunu götürərək dünyanı tərk edir.  Uşaqların zərər çəkdiyi bir hadisə, xəbər qarşısında həmişə balaca şahzadəni xatırlayıram.

Uşaqları şiddət, təhlükələrdən qorumaq üçün böyüklərin ayağı dəyməyəcəyi başqa bir planetmi olmalıdır? Bəs çoxumuzun nə vaxtsa uşaq olduğumuzu unutmağımızın səbəbi nədir?!  Axı yaşadığımız gerçək dünyanın içində nağıl kimi sehrli bir uşaq dünyası da var. Əgər hələ əli qələm tutmayan bir uşağın qarşısına rəngli qələmlər, boyalar düzərsənsə, günəşi, gül-çiçəkləri çəkəcək. Bu, onun  rəngli dünyasıdır.  Bu dünya uşaqlar üçün təhlükəli yerə çevrilməməlidir.  Uşaqlıq illəri insan həyatının təməli, bünövrəsidir. Hamımız bilirik ki, böyüklərin bütün qorxularının, psixoloji travmalarının kökü uşaqlıq illərinə dayanır.

Fridrix Nitsşe ruhun üç çevrilişi haqda pritçasında insan ruhunun kamillik mərhələsini uşağa çevrilməkdə görür. Həyatını dəvə olaraq başlayan ruh, sonra aslana çevrilir. Ən sonunda isə uşaq olur. Hər cür cəfanı çəkmiş ruh ağır yükünü götürüb yolunu davam edən  dəvə kimi öz çölünə doğru irəliləyir. Bu çöldə o, ikinci çevrilməsini tamamlayaraq aslana çevrilir. Bəs necə olur ki, güclü aslan uşağa çevrilir? Uşaq günahsızlıq, təmizlik, yeni bir başlanğıcdır. Pritçaya görə insan ruhunun ən yüksək mərhələsi uşaq olmaqdır.

Yaşı doxsanı ötmüş insanlarla söhbətdə dəfələrlə eyni fikri eşitmişəm: "Uşaqlıq illəri insan həyatının ən gözəl, ən xoşbəxt dövrüdür". Geriyə baxanda qazandıqları ən böyük uğurları da uşaqlıq xatirələrini danışdıqlarında olduğu kimi  gözlərini parıldatmır. İnsan yaşlandıqca öz uşaqlıq illərini daha tez-tez xatırlayır və xatırladıqca xoşbəxt olur.

Bir zamanlar  uşaq olduğumuzu heç vaxt unutmayaq. Hər bir insan özünün  nə vaxtsa uşaq olduğunu unutmazsa, bu dünya uşaqlar üçün təhlükəli məkana çevrilməz.

 





30.03.2022    çap et  çap et