Rusiyanın Ukraynaya qarşı müharibəsi 7 milyon ukraynalının qaçqın düşməsinə səbəb olub. Ukraynalıların müharibədən baş götürüb qaçması anlaşılan olsa da, Rusiya vətəndaşlarının sürətlə ölkələrini tərk etməsi bütün dünyada təəccüblə qarşılanır. Müharibədən qaçan ukraynalılar Avropa ölkələrinə sığındıqları halda, "köhnə qitə"yə keçişləri məhdudlaşdırılmış Rusiya vətəndaşları Türkiyə, Gürcüstan, Ermənistan və Orta Asiya respublikalarına üz tutmaq məcburiyyətindədirlər. Müharibənin ilk bir ayı ərzində Rusiyadan 70 min İnformasiya Texnologiyaları mütəxəssisi qaçıb. Daha 100 min mütəxəssisin ölkəni tərk etmək hazırlığında olduğu da rəsmi məlumatdır. İnformasiya Texnologiyaları mütəxəsisləri ilə yanaşı, Rusiyanı iş adamları, rəssamlar və incəsənət adamları da tərk edirlər.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 fevraldan 16 marta qədər 30439 nəfər gəlib. Onların 12 min nəfəri sonradan üçüncü ölkəyə, əsasən Türkiyəyə gedib. Digərləri isə Gürcüstanda qalıblar və öz həyatlarını qurmağa çalışırlar. Gürcüstan mətbuatının məlumatına görə, banklarda hesab açmaq istəyən Rusiya vətəndaşlarının uzun növbələri yaranır. Gürcüstan hökuməti adları sanksiya siyahısına düşmüş Rusiya vətəndaşlarına şirkət təsis etmək və bank hesabı açmağı qadağan edib. Rusiya vətəndaşları ilə yanaşı, Gürcüstana sığınanlar arasında Belarus vətəndaşları da var. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 fevraldan 16 marta qədər Belarusdan Gürcüstana 15777 nəfər köç edib. Onalrın əksəriyyəti də rusiyalılar kimi müxtəlif sahələr üzrə yüksək səviyyəli mütəxəssislərdir.
Ermənistan hökuməti Rusiyadan "beyin axını"nı fürsətə çevirmək niyyətindədir və bu məqsədlə xüsusi qurum da yaradıb. Məqsəd Rusiyanı tərk edən İnformasiya Texnologiyaları mütəxəssislərinin bir hissəsinin Ermənistana köçməsini təmin etmək və onların iştirakı ilə İnformasiya Texnologiyaları sahəsini gücləndirməkdir. Son illər Ermənistanda bu sahə inkişaf etməkdədir və Nikol Paşinyan hökuməti rusiyalı mütəxəssisləri cəlb etməklə İnformasiya Texnologiyaları sahəsində sıçrayışa nail olmaq istəyir.
Almatı Dövlət Xidmətləri Mərkəzində də bir neçə həftədir izdihamlıq yaşanır. Bu, Rusiya, Ukrayna və Belarusdan qaçqınların çoxluğu ilə bağlıdır. Qurumun əməkdaşı müraciət edənlərin əksəriyyətinin Rusiya vətəndaşı olduğunu və ömründə bu qədər rusiyalı görmədiyini bildirib.
Dövlət Xidmətləri Mərkəzinə müraciət edənlər fərdi identifikasiya nömrəsi almağa çalışırlar. Bu olmadan onlar bank hesabı aça, daşınmaz əmlak ala və bizneslə məşğul ola bilməzlər. Belə görünür ki, Qazaxıstana köç edən rusiyalılar burada uzun müddət, bəlkə də həmişəlik qalmaq niyyətindədirlər.
Rusiyalıların Türkiyəyə köçü ilə bağlı aparılmış jurnalist araşdırmasında isə qeyd olunur ki, bu, 1917-ci il bolşevik inqilabından sonra rusiyalıların türk torpaqlarına ən böyük köçüdür. Araşdırmada qeyd edilir ki, 1917-ci ildə köç edənlər əsasən zədagənlər idisə, indi əsasən mütəxəssis və yaradıcı adamlardır.
Rusiyalıların başqa ölkələrə köçü ilə bağlı bir başqa araşdırmada isə Qırğızıstana köç edənlərdən bəhs olunur. Qırğızıstana köç etməyə imkan tapmış İnformasiya Texnologiyaları üzrə bir mütəxəssisin jurnalistlə söhbətində dediyinə görə, Rusiyada qalan iş yoldaşları ona həsəd apardıqlarını bildiriblər. Bu sözlər Putinin yeni imperiya avantürasının Rusiyanı hansı vəziyyətə saldığının daha bir göstəricisidir.
çap et