525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır -<b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

İeyasu Hideyosinin varisi Hideyokini edam etmək istədi, lakin buna etiraz edənlər çox idi. İeyasu 1603-cü ildə syoqun olmaqla Tokuqava syoqunatını yaratdı. Ondan əvvəl Nobunaqa və Hideyosi Yaponiyanı birləşdirməyə çalışmış, buna qismən nail olmuşdular. Bütöv Yaponiyanı birləşdirmək isə İeyasu Tokuqavaya nəsib oldu. Baxmayaraq ki, o, daha çox özünü hərbi xadim kimi göstərmək istəyirdi. Əslində isə o, syoqun vəzifəsinin əhəmiyyətini xeyli dərəcədə yüksəltdi. Həm də güclü idarəetmə üsulu yaratdı, ona görə də onun bünövrəsini qoyduğu syoqunat tarixdə ən uzunömürlü olmaqla, 265 il ərzində mövcud oldu.

Onun özünə gəldikdə, İeyasu bütün düşmənlərindən çox yaşadı və 1616-cı ildə 74 yaşında vəfat etdi. Oğlanlarına problem yaranmaması üçün Hideyosinin varisi barədəki əvvəlki qərarını yerinə yetirmək istədi. 1615-ci ildə o, Osaka qəsrini mühasirəyə aldıqda, vəziyyətin çıxılmaz olduğunu görən Hideyoki və onun anası seppuku etməklə dünyanı tərk etdilər. Beləliklə, Tokuqava syoqunatına qarşı Toyotomi müxalifətinin axırıncı təhlükəli nümayəndəsi də güc tətbiq etməklə məhv edildi.

İeyasunun ölümündən sonra samuraylar dinc dövrdəki idarə edən sinfə çevrildilər. Onlar həm də ölkəni vətəndaş müharibəsindən dinc dövrə keçirdilər.Məhz bu, Tokuqava sülaləsinin ən böyük nailiyyəti hesab olunmalıdır. Təsadüfi deyildir ki, İeyasu Tokuqava da digər iki nəfərlə birlikdə ölkənin Böyük Birləşdiricisi adlanır.

Avropalılar Yaponiyada və onlara münasibətin dəyişilməsi

Avropalılar Vasko da Qamanın Hindistana dəniz yolunu kəşf etməsindən (1498-ci il) sonra uzaq Asiyaya ayaq açmışdılar. Avropa tacirləri Hindistandan və Hind okeanındakı adalardan gətirdikləri ədviyyatın satışından nəhəng gəlir götürürdülər. Ədviyyatın tükənməz mənbəyi sayılan Malay dövlətləri öz resurslarının qurbanı olmuşdular. Asiya mənşəli qiymətli bitki məhsullarından istifadəyə Avropada böyük maraq və tələbat yarandığından, bu ekzotik malların ticarəti Köhnə Dünyanın tacirlərinə çox böyük fayda verirdi, hökmdarlar isə ədviyyat mənbələri əraziləri üzərində nəzarəti əldə etməyə çalışırdılar. Yaponiya bu nöqteyi-nəzərdən elə bir şey vəd etməsə də, Portuqaliya tacirləri 1543-cü ildə Yaponiya adalarına gəlib çıxdılar və bir neçə il ərzində portəgizlər burada Avropaya daşımaq üçün satıla bilən mal əldə edə bilmədiklərindən, onların gəmiləri Yaponiya, Çin və Cənubi-Çərqi Asiya arasında regional ticarətin aparılmasında və mal daşınmasında fəal iştirak etdi.

Katoliklər də öz növbəsində ölkəni doğma dinləri üçün fəth etmək, xristianlığı burada yaymaq, Buddist rahiblərinin gücünü və təsirini azaltmaq  istəyirdilər. İlk İezuit missioneri, həmin ordenin banisi İqnatus Loyolanın müavini Fransisk Ksavyer 1549-cu ildə Yaponiyaya gəldi və yerli əhalini xristianlığa keçirməkdə müəyyən uğur da qazandı. İezuitlər Yaponiyada xeyli yerli kübarları xristianlığa keçirmişdilər. XVI əsrin sonunda Kyusyu və Sikoku  kimi cənub adalarında minlərlə yapon xristiana çevrilmişdi, ümumiyyətlə ölkədə 300 min katolik var idi. Lakin yerli bütləri və ibadət yerlərini dağıtmaq, bir sıra məbədləri xristian məktəblərinə və ya kilsələrinə çevirmək sahəsindəki iezuit praktikası sərt reaksiya ilə üzləşməli oldu. İspan fransisklərinin də yeni qrupu həmin siyasəti davam etdirdikdə, hökumət, missionerləri və onların xristian etdikləri xeyli yaponu edam etmək göstərişini verdi. İlk dəfə 1597-ci ildə 26 xristiana işgəncə verildikdən sonra onlar çarmıxa çəkilməklə edam edildi. Onlardan 6-cı ispan və başqa ölkələrdən idi, 3-ü yapon iezuiti, 17-ci isə Müqəddəs Fransisk ordeninin yerli yaponlardan olan üzvləri idi. Sonralar isə edam edilənlərin sayı xeyli artdı. Missionerlər yerli siyasətə müdaxiləni davam etdirdikdə, yenicə hakimiyyətə gələn İeyasu Tokuqava onları ciddi təhlükə hesab edərək, hamısını ölkədən qovdu. Yapon xristianları da bu vaxt sərt qaydada təqib edildiklərindən gizli fəaliyyətə keçdi və onların icması  "gizlənmiş katoliklər" adlanırdı.

Yapon xristianlarının taleyinə təqiblərlə yanaşı, ölkədə, sotsiumda olan ümumi inamsızlıq atmosferi də təsir göstərirdi. Bəzən günahsız insanların məhkum edilməsində iezuitlər heç də yerli bütpərəstlər kütləsindən geri qalmırdılar. Cəhalətdə, şayiələrə görə qurban ovuna çıxmaqda dini fərqlər elə bir rol oynamırdı. Bunu biz böyük yapon yazıçısı Ryunoske Akutaqavanın (1892-1927-ci illər) "Xristianın ölümü" hekayəsində aydın görürük.

Yaponiyanın cənub şəhəri olan Naqasakidə kilsə yanında Lorentso adlı bir gənc yapon yaşayırdı. Onu xristian din xadimləri Milad bayramı günündə acından ölən bir vaxtda məbədin qarşısında tapmışdılar və kilsə başçısı özü onu tərbiyə etməyə götürmüşdü. O, doğulduğu yerin parayso (cənnət), atasının isə Dzesusu Kirisito (İisus Xristos) olduğunu deyirdi. Əslində isə onun valideynləri yerli bütpərəstlər idi. İnancına və davranışına görə keşişlər onu canlı mələk hesab edirdilər.

O, kilsədə xidmət edirdi, üç il keçəndən sonra şayiə gəzirdi ki, o, çətir satanın qızı ilə gizli əlaqəyə girmişdir. Bu qız da kilsədə ondan gözünü çəkmirdi, bir dəfə hətta qəsdən onun ayağını tapdamışdı.

Kilsənin başçısı onun qızla yaxınlığı barədə soruşduqda, o, ağlaya-ağlaya demişdi ki, belə şey olmamışdır. Bir həftə sonra isə səs yayıldı ki, alverçinin qızı hamilədir və atasına etiraf edibmiş ki, uşaq Lorentsodandır. Dini başçıya şikayət edildikdə, oğlan kilsədən təcrid edildi.

Bundan sonra o, şəhərin kənarında yaşayırdı. Onun əxlaqsız hərəkətinə görə bütpərəstlər xristian allahına səfillərdən çox nifrət etməyə başladılar. Lorentso kilsədən qovulandan bir ay sonra hamilə qız doğdu və babası körpə qızcığaza çox bağlanmışdı.

Bir ildən sonra Naqasakidə böyük yanğın baş verdi, şəhərin yarısı tam yanmışdı. Alverçinin də evi yananda, ata və qız qorxudan küçəyə qaçmış, körpə isə yanan evdə qalmışdı. Alovlanan evə heç kəs yaxın düşə bilmirdi, bu vaxt Lorentso xaç çəkib, binaya girdi. O, paltarı, bədəni yana-yana uşağı qucağında çıxardı. xristianlar onun igidliyinə təəccüblənsələr də, lakin günahkar keçmişini də yaddan çıxara bilmirdilər.

Bu vaxt qız göz yaşını silib, dedi:

- Mən həmişə Lorentsonu sevmişəm, o isə mənə soyuq münasibət bəsləyirdi. Acığımdan, bətnimdəki uşağın onunku olduğunu dedim, əslində isə mən onu qonşu bütpərəst oğlandan doğmuşam.

Camaat bunu eşidəndə qışqırdı:

- Şəhid, sən Dzesusu Kirisitonun yolu ilə getmisən.

Kilsə başçısı gördü ki, yerdə uzanan Lorentso ölür, bu vaxt onun yanmış paltarının altından iki bakirə döş göründü. Deməli, Lorentso qız imiş. Keşiş ona dua oxumağa başladı. Duasını qurtaranda, Lorentso adlanan qız artıq ölmüşdü. Yazıçı bu qəmli hadisəyə onu da əlavə edir ki, "İnsanın həyatında qiymətli şey - könülün təkrarolunmaz ani hərəkətidir". Belə həyat da, görünür, əbəs yaşanmır.  

Yaponiyaya səfər edən avropalıların sayı artırdı. İlk dövrlərdə ölkəyə gələn əcnəbilərə tam başqa, olduqca xoş münasibət göstərilirdi. Yaponlar onlarda gördükləri tütünə, saata, eynəyə və digər Avropa mallarına valeh olmuşdular. Yerli kübarlar isə bütün növlərdən olan Avropa silahlarını onlardan almaqda maraqlı idilər. Bəzi yapon hökmdarları öz düşmənlərini məğlub etmək və adaları birləşdirmək üçün odlu silahların əhəmiyyətini xüsusi ilə yüksək qiymətləndirirdilər. Bu silahların hədəfə dəqiq zərbə vurmaq qabiliyyəti yapon hərbi arxitekturası üçün xüsusən böyük effektə malik idi. Yerli lordlar həm də artıq Avropa modelində daşdan qəsrlər tikməyə başlamışdılar.

Bu o demək deyildir ki, yaponlara odlu silah tanış deyildi. Çinlə qonşuluqları hesabına XIII əsrdə, hətta XII əsrdə burada bu növ silah var idi, lakin həmin köhnə növ tüfəng uzun müddət ərzində təkmilləşdirilməmişdi. Çin isə qara barıtın IX əsrdə və odlu silahın X əsrdə ilk dəfə icad edildiyi ölkə idi. Burada tətbiq edilən odlu nizə odlu silahların əcdadı hesab olunur.

Katolik missionerlərin uğuru isə qərblilərə qarşı güclü mənfi münasibət əmələ gətirdi. Missionerlər tərəfindən yerli siyasətə müdaxilə edilməsi böyük qəzəb doğurmuşdu. Kyusyu adasında təqiblərdən cana doyan bir qrup xristian kəndlisinin 1637-ci ildəki qiyamı da çoxlu qan axıdılması ilə yatırıldı.

Avropa tacirləri də bundan sonra ölkədən getməli idilər. Hökumət iki başlıca ticarət postunu bağladı. Yalnız kiçik bir holland icmasına Naqasakidə qalmağa icazə verildi. İspanlardan və portəgizlərdən fərqli olaraq hollandlar missionerlərin onların ticarət maraqlarına müdaxilə etmələrinə imkan vermirdilər. Lakin yad ölkədə qalmaq şəraitləri də təhlükəli və əslində olduqca çətin idi. Holland gəmiləri ildə yalnız bir dəfə Naqasaki limanının dokunda, özü də ancaq iki, ya üç ay müddətində qala bilərdi.

Bir qədər əvvəl, XIII-XVI əsrlərdə yaponların həyatı iri knyaz nəsilləri arasındakı müharibələrlə dolu idi. Bunun arxasında isə onlardan hər birinin syoqun hakimiyyətinin səlahiyyətlərini əldə etmək istəyi dururdu. Ona görə də syoqunat sistemi XIX əsrin ortalarına qədər davam etdi.

1274-cü və 1281-ci illərdə Yaponiya üzərində Çinin monqol hökmdarı Xubilay xanın ciddi təhlükəsi dayanmışdı. İlk dəfə o, Yaponiya sahillərinə böyük donanma göndərmişdi. Lakin hər iki dəfə gəmilərin çoxu tayfun tərəfindən dağıdıldı və müdaxilə cəhdi baş tutmadı. 1274-cü ildə tayfun Kyusyu adasına hücum edən monqolları geri çəkilməyə məcbur etmişdi. 1281-ci ildə isə daha dəhşətli tayfun Cənubi Çin sahillərindən və Koreyadan olan iki donanmadakı monqol gəmilərinin əksər hissəsini yenidən batırdı.

Tayfunlar belə kömək etdiyinə görə "kamikadze" və ya "ilahi külək" adlandırıldı. Bu ad az qala yeddi əsr sonra, II Dünya müharibəsinin son dövründə ölümə könüllü surətdə məhkumluğu qəbul edən yapon təyyarəçilərinə verilmişdi. Monqol təcavüzü isə həm də feodalları öz silahlı qüvvələrini böyütməyə məcbur etdi.

Yaponiya Qərbi Avropa ölkələrindən çox uzaqda olmaqla, XVI əsrin yarısına qədər avropalılara tamamilə naməlum bir ölkə olaraq qalırdı. Marko Polo XIII əsr Çinini avropalılara tanış etməyə cəhd etmişdi. Yaponiyaya isə, 1540-cı illərdə avropalıların bu ölkəni acmasına qədər, bura heç bir belə avropalı səyyah da gəlməmişdi.

Həmin dövrdə buraya İspaniyanın və Portuqaliyanın tacirləri və həmçinin, katolik missionerləri gəldi. Onların gətirdikləri odlu silah daxili tayfa - ərazi müharibələrini qızışdırmaq üçün mühüm faktora çevrildi.

XVI əsrdə daxili və xarici ticarət güclü surətdə inkişaf etdi. Lakin ölkənin feodal ərazilərinə parçalanması iqtisadi inkişafa mane olurdu. Həyat ölkənin güclü mərkəzi hakimiyyət altında birləşməsini təkidlə tələb edirdi. Knyaz İeyasu Tokuqava hakimiyyətə gəldikdən sonra həmin nəsildən olan syoqunlar 1603-cü ildən 1868-ci ilə qədər Yaponiyada hökmranlıq etdilər. Syoqun hökuməti öz hakimiyyətinə, demək olar ki, bütün ölkəni tabe etdi, ancaq knyazların - daymyoların başçılığı altında vassal syoqunlar da qalırdı.

XVI əsrdə bir sıra qüdrətli şəxslər Yaponiyanın birləşdirilməsinə nail oldular. Onlardan biri İeasyu Tokuqava (1543-1616-cı illərdə yaşamışdır) 1603-cü ildə syoqun tituluna yiyələndi və bu syoqunat Yaponiya tarixində iki əsr yarımdan artıq mövcud olmaqla, ən uzun ömürlü oldu. Tokuqava hökmdarları mərkəzi hakimiyyətin bərpa edilməsini başa çatdırdılar.

Ölkənin Tokuqava hakimiyyəti altında birləşməsi sənətkarlığın, ticarətin, şəhər mədəniyyətinin inkişafına şərait yaratdı. Bütün knyazlar ilin müəyyən vaxtını ailəsi ilə birlikdə Edoda keçirməli idi. Sonralar Fransanın Günəş kralı XIV Lui də əyanlarını və hökumət üzvlərini 1682-ci ildə yeni tikdirdiyi Versal sarayında yaşamağa məcbur etmişdi.

(Ardı var)

 





31.03.2022    çap et  çap et