525.Az

İnsanlığı yaşadanlar... - Vahid Məhərrəmov yazır


 

İnsanlığı yaşadanlar... -<b style="color:red"> Vahid Məhərrəmov yazır</b>

Xəstələnəndə, şirin həyatımızı ağrı-acılar hədələyəndə həkimlərə üz tuturuq ki, dərdimizə əlac qılsınlar. Tibdə İbn-Sinalıq anlayışı var. Əlbəttə, hər həkim İbn-Sinanın davamçısı ola bilməsə də, bu anlayış onları cəmiyyətin ümid yerinə, dərddən-azardan qurtulma ünvanına çevirir. İllərdən bəri işıqlı, mənalı ömrünü şərəfli bir vəzifəyə - insanların sağlamlığının keşiyində dayanmağa həsr edən dəyərli həkim, təcrübəli uroloq-androloq Avtandil Namazov da məndən və çoxlarından ötrü məhz belə bir ünvandır. 

İllər əvvəlin söhbətidi. Ömrümün ən şərəfli çağlarını, zabit kimi hərbi xidmətdə olduğum vaxtları yaşayırdım. Günlərin birində böyrəyimdə problemlər yarandı, xoşagəlməz əlamətlər ortaya çıxdı. Poliklinikada çalışan tibb işçiləri məni Müdafiə Nazirliyinin hospitalına, uroloqun yanına göndərdilər. Həm göndərdilər, həm də həkim haqqında xeyli xoş sözlər dedilər: çox bacarıqlıdır, öz işinin peşəkarıdır, gözəl insandır, səni yaxşıca müalicə edəcək. Ertəsi gün ağrı-acı içində hospitala yollandım. Uroloq Avtandil Namazovu həmin günlərdə tanıdım. İkicə kurs müalicədən sonra o ağrı-acılar bədənimdən çəkildi, böyrəklərim fəsadlardan qurtuldu. Deyildiyi qədər varmış Avtandil doktor: həm həkim, həm də şəxsiyyət kimi! Tam əmin oldum ki, polkovnik-leytenant Avtandil Namazov həm çox bacarıqlı həkim, həm də çox vətənpərvər, vətənini, tarixini, onun qəhrəmanlarını sevən, səmimi, vicdanlı  vətəndaşdır, qürurlu, cəsur zabitdir.

Müalicə  zamanı Avtandil həkimin həm şərəfli ömür, həm də xidmət yolu keçdiyini öyrəndim. 1988-ci ildə, Qarabağ hadisələrinin başladığı günlərdə Leninqrad Ali Hərbi Tibb Akademiyasını bitirib. Həm gənc həkim, həm də gənc zabit kimi 1988-1992-ci illərdə keçmiş İttifaq ordusunun sıralarında xidmət edib. 1992-ci ildə yaranmaqda olan ordumuzda xidmətə başlayıb. 1998-ci ilə qədər Azərbaycan Ordusunun Baş Klinik Hospitalının urologiya bölməsində baş ordinator kimi xidmət edib. Həmin ildən urologiya bölməsinin rəisi vəzifəsinin ağırlığını çiyinlərində daşımağa başlayıb. Uzun illər ordumuzun sıralarında xidmət edən zabit və əsgərlərin sağlamlığı keşiyində dayanıb. Bundan ötrü bilik və bacarığını heç vaxt əsirgəməyib. Hərbçilərimizin qısa müddət ərzində sağalıb xidməti yerlərinə qayıtmasına çalışıb. Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirən cəsur oğullarımıza tibbi xidmət göstərməyi özünə böyük şərəf bilib. Bu şərəfli peşənin öhdəsindən bacarıqla gəlib. Avtandil həkimlə mənim tanışlığım da elə o vaxtlardan - urologiya bölməsinin rəisi olandan başlayıb. 

Qəbulunda olanda, söhbət edəndə duyursan ki, bölmə rəisi yalnız bacarıqlı həkim deyil, həm də daim vicdanının səsinə qulaq asan dəyərli bir şəxsiyyətdir. Avtandil həkimin xarakterində gərəkli xüsusiyyətlər çox rahatlıqla birləşir və bir-birini gözəl tamamlayır. Bunlar ona Tanrı töhfəsidir. Bu töhfə heç də hamıya verilmir. Belə bir bəxşiş yalnız seçilmişlərin qismətidir. Elə həkimlər var ki, bacarığına söz ola biməz, amma şəxsiyyəti o qədər də ürəkaçan deyil. Yaxud da elə həkimlər var ki, gözəl insandır, amma öz işinin peşəkarlıqla yerinə yetirə bilmir. Bu mənada, Avtandil həkim insan və peşəkar kimi tamdır, bütövdür. 

Söhbətlərimiz zamanı onu da müşahidə etmişəm ki, həkim bildikləri ilə, qazandığı təcrübə ilə heç vaxt arxayınlaşmır. O, daim yeniliyə can atır, tibb aləmində baş verən yeniliklərlə maraqlanır, onu dərindən öyrənməyə can atır, bilik və təcrübəsini daha da dərinləşdirir. Öyrəndiklərini də həm müalicələr, həm də cərrahi əməlliyyatlar prosesində tədbiq edir. Yeniliyə olan maraq və həvəsi dəfələrlə onu Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutuna və Türkiyə Respublikasında ixtisasartırma kurslarına aparıb. Bacarıqlı uroloq böyük həvəslə getdiyi bu ixtisasartırma kurslarında kifayət qədər təcrübə qazanıb, yeni tibbi biliklərə yiyələnib.   

Avtandil həkim 2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxsa da, yenə də insanlara yorulmadan tibbi xidmət göstərir. Bacarıqlı həkim hazırda "Lazur" klinikasında fəaliyyət göstərir. Hər gün ona müraciət edən xəstələri diqqətlə dinləyir və sağalmaları üçün dəyərli məsləhətlər, tövsiyələr verir, müxtəlif mürəkkəb əməliyyatlar həyata keçirir.

Bir müddət əvvəl xəstələndiyimdən, cərrahi əməliyyata ehtiyac yarandığından, yenə də Avtandil həkimə müraciət etməli oldum. Bəzi zəruri müayinələrdən sonra əməliyyat gününü müəyyənləşdirdi. Əməliyyata  inamla getdim - həkimə, onun bacarığına, peşəkarlığına, şəxsiyyətinə axayın idim. Hər şeyin uğurla başa çatacağına inanırdım. Elə də oldu. Əməliyyat uğurla yekunlaşdı. Bir neçə gün klinikanın palatasında qaldım. Burada xəstələrin tez bir zamanda sağalması üçün hər cür şərait yaradılıb. Avtandil həkim təkcə gündüzlər deyil, əməliyyatdan çıxmış xəstələrə gecələr də baş çəkir, tibb bacıları da xəstələrə vicdanla, ürəkdən qayğı göstərirdilər. Tibb bacılarından Ramilə xanımın, Zamirə xanımın, Əfsanə xanımın, Svetlana xanımın, Ülviyyə xanımın və başqalarının xəstələrə göstərdiyi diqqət və qayğını unutmaq mümkün deyil. 

Qeyd etdiyim kimi, bacarıqlı uroloq-androloq Avtandil Namazov yaxşı insan və bütöv bir şəxsiyyət olmaqla yanaşı, həm də ədəbiyyata maraq göstərir, poeziya vurğunudur. Böyük dəyər verdiyi şairlərimizin şeirlərindən dəyərli seçmələr dilindən düşmür. Xalq şairi Bəxtiyar Vahabzadənin "Qorxuram, dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə" misralarını tez-tez təkrarlayan həkim, cəmiyyətimizdə mənəvi dəyərlərin zəifləməsindən çox narahatdır. Amma düşünürəm ki, Avtandil həkim kimi şəxsiyyətlər bu dünyada yaşadıqca, insanlıq ölməyəcək. Çünki insanlığı onun kimi şəxsiyyətlər yaşadırlar. Bəlkə də, özləri də hiss etmədən bu müqəddəs missiyanı yerinə yetirirlər. Nə yaxşı ki, bu gün həyatımızda, bizimlə bir sırada Avtandil həkim kimi əsl peşəkarlar və işıqlı şəxsiyyətlər var.

 





31.03.2022    çap et  çap et