525.Az

Nüvə texnologiyası aqrar sahədə hansı yeniliklərə yol açır?


 

BU MÜASİR ÜSULUN PAMBIQÇILIQDA TƏTBİQİNƏ DAİR YENİ LAYİHƏ ÜZRƏ GƏNCƏDƏ GÖRÜŞ KEÇİRİLİB

Nüvə texnologiyası aqrar sahədə hansı yeniliklərə yol açır?<b style="color:red"></b>

Müasir dövrdə bəşəriyyətin inkişafı üçün ən təhdidedici problemlərdən biri olan qlobal iqlim dəyişikliyi sənayedə, xüsusilə də kənd təsərrüfatında yaxın gələcək üçün etibarlı perspektivlərin təmini baxımından yeni şəraitə zəruri adaptasiya məsələlərini aktuallaşdırıb. Qabaqcıl ölkələrin alim və mütəxəssisləri sənaye əhəmiyyətli bitkilərin yeni iqlim şərtləri altında becərilməsi üzrə tədqiqat və təcrübələri genişləndirir, bu yöndə ən səmərəli üsulların tətbiqinə geniş meydan verirlər.

Yüksək aqrar potensiala malik olan Azərbaycanda da dünyada bu istiqamətdə əldə olunan nailiyyətlərə söykənən yeni üsullara diqqətlə yanaşılır. Bu baxımdan,  pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət sənədlərinin tələblərinə uyğun olaraq, bu sahədə ən qabaqcıl təcrübəsinin tətbiqi işləri ardıcıl olaraq davam etdirilir.

Qeyd edək ki, nüvə texnologiyaları aqrar sahədə də geniş tətbiq arealına malikdir. Onlardan ən əhəmiyyətlilərindən biri - bitkilərin mutasiyası yolu ilə seleksiyası məsələsidir. Belə ki, bu zaman bitkilərin toxumuna  və ya vegetativ çoxalma üçün istifadə olunan ayrıca hissəsinə, deyək ki, şitilinə qamma şüaları ilə radiasiya təsiri aparılır. Sonra şüalandırılmış material becərilir və onlardan yeni əkin materialı, yəni toxum və ya şitil əldə edilir. Beləliklə, radioaktiv şüalandırmanın tətbiqi təbii genetik mutasiya prosesini xeyli sürətləndirir və bu proses üçün lazım olan vaxtı xeyli qısaldır.Belə ki, bitkilərin ənənəvi təbii seleksiya üçün 10-12 il tələb olunursa, göstərilən üsulların tətbiqi ilə bu müddət ən azı iki dəfə azalır.

Ölkədə nüvə texnologiyasının pambıqçılıqda tətbiqi üzrə işlərin birinci mərhələsi  2019-cu ildə başlayıb və 3 il ərzində  ABEA ilə birgə icra olunan ilk layihə nəticəsində Azərbaycan Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda yeni mutant sort xətləri alınıb və onların öyrənilməsi və əkinə tətbiqi işləri aparılır.

İşlərin növbəti mərhələsinə aid olaraq, Gəncədə yerləşən  Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda "Nüvə enerjisindən və digər üsullardan istfadə etməklə Azərbaycanda pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi" layihəsinin təqdimatı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə layihəsində yeni yaradılacaq pambıq sortları üzərində aparılacaq seleksiya işləri barədə məlumat verilib. AEBA-nın  eksperti Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən icra olunacaq layihənin detalları ilə  tanış olub.

"Məqsədimiz qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq yetişdirilməsi proseslərinə köməklik göstərməkdir. Bu istiqamətdə bilikləri, dünyada əldə olunmuş təcrübələri mütəxəssislərə çatdırırıq, yeni texnologiyaların tətbiqinə yardımçı oluruq" - deyə, AEBA-nın eksperti Mühəmməd Zaman bildirib.

Layihə çərçivəsində yeni sortların öyrənilməsi ilə yanaşı, təsərrüfatlarda xəstəliklərə, quraqlığa, şoranlığa qarşı qabaqcıl üsulların tətbiqi üzrə elmi-tədqiqat işləri də aparılacaq. Bunun üçün institutun laboratoriyası  müasir avadanlıqlarla təchiz olunacaq.

"İnstitumuzda aparılmış tədqiqatlar nəticəsində davamlılıq baxımından müsbət göstəricilərə malik pambıq sortları alsaq da onların lif tutumu göstəriciləri xarici sortlardan geri qalır. Araşdırmalarımızın əsas istiqamətlərindən biri də bu məsələdə irəliləyişlərə nail olmaqdır" -deyə, institutun rəhbəri Elçin Xəlilov bildirib.

Sözügedən üsullların öyrənilməsi üçün institutun əməkdaşları həmçinin, Türkiyənin Sarayköy Nüvə Araşdırma və Təhsil Mərkəzində təlimlərdə də iştirak ediblər.

Zakir MURADOV,

Gəncə

 





31.03.2022    çap et  çap et