525.Az

Süleyman Rüstəmin satira-yumor güzgüsü - Azadə Əsgərzadə yazır


 

Süleyman Rüstəmin satira-yumor güzgüsü -<b style="color:red"> Azadə Əsgərzadə yazır</b>

Azadə ƏSGƏRZADƏ

Bugünlərdə Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadənin Xalq şairi Süleyman Rüstəmə həsr olunmuş "Belələri də var" (satira-yumor) adlı kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib olunmuş bu kitabda sairin müxtəlif illərdə qələmə aldığı 54 satirik şeiri, 1934-cü ildə qələmə alınan oxucular tərəfindən maraqla sevilə-sevilə qarşılanan "Dramaturq Səfdər əmioğlu" əsəri və Q.Əsgərzadənin S.Rüstəmə həsr olunmuş və dövri-mətbuatda işıqlandırılan yazıları yer alıb.

Uzun onilliklər ərzində S.Rüstəm əsasən, vətənpərvərlik, lirik ruhda yazılmış şeirlər, həzin, duzlu qəzəllər, dram əsərləri, Cənub mövzusundan bəhs edən şeirlər və qəzəllər müəllifi kimi tanınsa da, onun satirik şeirləri sanki kölgədə qalmış, ona bir satirik kimi populyarlıq qazanmaq bir növ müyəssər olmamışdı. Hərçənd, pyeslərində yumoru sezməmək mümkün deyildi.

Bu kitab Süleyman Rüstəmə irsinə, belə demək mümkünsə, ikinci nəfəs gətirəcək. Yəni, bu kitabda dərc olunmuş şeirlərlə S.Rüstəm Azərbaycan ədəbiyyatı tarixində satirik şair kimi mövqeyi olan bir sənətkar kimi də oxunacaq, tanınacaq, xatırlanacaq. Haqlı olaraq, S.Rüstəmi bu janrda yazan çox görkəmli ədiblərin - S.Ə.Şirvaninin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, C. Cabbarlının davamçıları sırasında qeyd etmək olar. Məsuliyyətlə söyləmək olar ki, S.Rüstəm bu ədəbi məktəbin ən layiqli davamçılarından biri olmaqla, qüdrətli satirik şair kimi özünü təsdiq edə bilmişdi.

Müasirlərinin söylədiyi kimi, təbiətində yumor hissi, baməzəlik, zarafat olan S. Rüstəm yaşadığı və yaratdığı çox çətin, ziddiyyətli, mürəkkəb, senzuralı sovet rejimində heç də hər bir ədibin cürət etmədiyi satirik şeirləri ilə oxucularının qəlbinə yol tapıb.

Şeirlərini vərəqlədikcə şairin qüdrətli söz sərrafı kimi hədəfini düzgün seçdiyini açıq-aşkar görmək mümkündür. Belə ki, kitaba daxil olunmuş satirik şeirlərində ziddiyyətli və mürəkkəb dövrün mənəvi-əxlaqi kodeksinə zidd olan yerlibazlığa, boşboğazlığa, proteksionizmə, gözdən pərdə asmağa, gözə kül üfürməyə, qohumbazlığa, özündən razı olmağa, yaltaqlığa, mütiliyə, riyakarlığa, vəzifə hərisliyin, böhtançılığa satirik atəş açan odlu misralar var. Bu şeirlər arasında "Mən varlıyam, sən yoxsul", "Böhtanzadə", "Yaxşı ki, yoxsan", "Sənin canın cibindədir", "Moda qurbanı", "İnsan vəzifəni bəzəsin gərək", "Dünya bir şey itirməzdi" və digərləri xüsusilə diqqət çəkir.

Kitabda bir özəllik də vardır. Həmin şeirlərdə eləcə də  "Dramaturq Səfdər əmioğlu" əsərində bu gün dilimizdə işlənilməyən arxaik və alınma sözlərin Azərbaycan dilində qarşılığı da kitabda öz əksini tapıb.

Bununla yanaşı, kitabın müəllifi və tərtibçisi Qafar Əsgərzadə kitaba yazdığı ön sözdə S. Rüstəmin bir satirik şair kimi yaradıcılığına qiymət verir, ədəbin bu sahədə rolunu xüsusi vurğulayır.

Müəllif kitabın "Süleyman Rüstəm yaradıcılığı dövri-mətbuatda" bölümündə şairin yaradıcılığından bəhs olunan 7 məqaləsi ilə S.Rüstəm şəxsiyyəti və yaradıcılığı barədə oxucuda müfəssəl məlumat yaratmağa müvəffəq olub.

300 tirajla "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC tərəfindən nəşr olunmuş 141 səhifəlik kitab, inanıram ki, yeni nəsil ədəbiyyatçılara, alimlərə, şair və yazıçılara, tələbələrə, aktyor və jurnalistlərə, ədibin qüdrətli bir satirik şair kimi də tanımaqda xeyli kömək edəcək.

 





31.03.2022    çap et  çap et