525.Az

Sonsuz iftixarla xatırlanan qəhrəman


 

Sonsuz iftixarla xatırlanan qəhrəman<b style="color:red"></b>

"Vətən mənə "oğul" desə, nə dərdim,
Mamır olub, qayasında bitərdim..."

Vətənin "oğul" dediklərindən idi şəhid leytenant Aqil Məcidov. Hətta ailəsiylə son görüşündə bu misraları deyib, özünün ən müqəddəs arzusunu dilə gətirmişdi. Qəlbiylə, qanıyla, canıyla vətəninə bağlı, torpağına sadiq gənc zabit idi o.

Aqil Aydın oğlu Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A.Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Gənc zabit 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, bu xidmətinə böyük fəxr və qürurla başlamışdı. Əsl hərbçi olmaq, vətəninə sədaqətlə xidmət etmək Aqilin ən böyük arzusu, seçdiyi həyat yolu idi. Hətta işinə başladığı ilk gün özü də bunu xüsusi olaraq qeyd etmişdi: "Mən hərbini ona görə seçmədim ki, orda maaş yüksəkdir, ona görə seçdim ki, əsl həqiqi hərbi qulluqçu olum".

Bu arzusuna sadiq qalan Aqil xidmət etdiyi N saylı hərbi hissədə də öz fədakarlığı və vətənpərvərliyi ilə əsgərlərin və zabit dostlarının hörmətini qazanıb, hər zaman diqqət mərkəzində olub.

Aqilin həyatını dəyişən gün isə 12 iyul 2020-ci ildir deyə bilərik. Həmin gün baş verən Tovuz döyüşlərində general Polad Həşimovun və digər zabitlərin şəhadəti Aqili dərindən sarsıdır, bu itkiylə heç cür barışa bilmir. O, ən qısa zamanda bütün şəhidlərimizin qisasını alacağına söz verir. Bütün bu düşüncələrini tez-tez sosial şəbəkə hesabında paylaşır. Onun bu paylaşımlarındakı hər sözü, hər cümləsi vətən sevgisini ifadə etdirdi. Aqil yazırdı: "Ali Baş Komandanın bir əmri yetər ki, ərazi bütövlüyümüzü bərpa edək. "İrəli!" əmrini gözləyirik". 

Ailəsi deyir ki, torpaqlarımızın işğalda olması ilə heç cür barışa bilmirdi Aqil. Ön cəbhədə xidmət etməyi özü seçmişdi. Cəbhə bölgəsi Aqili qorxutmurdu. Ən böyük arzusu isə Qarabağ torpaqlarının azad olunması idi: "Mən ona görə cəbhə bölgəsindəyəm ki, ilk mənim ayağım dəysin o torpaqlara, müdafiə xəttini yarıb keçən qəhrəman birincilərdən olmalıyam".

Necə arzulamış, necə yazmışdısa, elə də oldu. Vətən müharibəsinin başladığı 2020-ci il 27 sentyabr günündə Aqil də 30 ildə qurulmuş istehkamları yarıb keçərək, işğalda olan torpaqlara ilk addımını atan Azərbaycan Ordusunun zabitlərindən oldu. Mütəxəssislər qeyd edirlər ki, müharibə vaxtı ən çətin tapşırıq müdafiə xəttini yarıb keçməkdir. Aqil və onun yoldaşları böyük hünər və ruh yüksəkliyi ilə bu tapşırığın öhdəsindən uğurla gəliblər.

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib. Yaralı ikən son sözləri də vətən olan Aqil döyüş yoldaşlarına, əsgərlərinə: "Məni vurmaqla ermənilər heç nə əldə edə bilməyəcək. Mənim kimi oğullar minlərlədir. Qarabağ Azərbaycandır!" - deyərək əbədiyyətə qovuşub. Azərbaycanın qəhrəman oğlu doğulduğu Tovuz rayonunda dəfn olunub.

Bu gün belə qəhrəman leytenant Aqil Məcidovun əsgərləri və döyüş yoldaşları onu yad edir, ailəsini diqqətdən kənar qoymur, onunla xatirələrini bölüşürlər.

Aqil Məcidovun fədakarlığı dövlətimizin də diqqətindən kənarda qalmayıb. O, şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

31 Mart həm də Azərbaycanlıların Soyqırımı Günüdür. Nə yazıq ki, xalqımızın başı illər, əsrlərdir qovğalardan ayrılmayıb, sinəsi müharibələr meydanı olub. Düşmən təkcə son illər deyil, tarix boyunca özünün məkrli siyasətini yürüdüb, hər fürsətdə Azərbaycan xalqını qırmağa, soyqırım törətməyə çalışıb. 1918-ci ilin 31 Mart soyqırımı da tariximizin qanla yazılmış səhifələrindən sadəcə biridir. Əsrlərdir torpaq uğrunda minlərlə, milyonlarla şəhid verib bu vətən. Yenə də sınmayıb, əyilməyib, zülmə, zalıma təslim olmayıb.

Çox şükür ki, Azərbaycan xalqı Aqil və onun kimi qəhrəman, vətənpərvər oğullar sayəsində uzun müddətli həsrətdən sonra öz torpaqlarına qovuşdu. Ancaq təbii ki, bu qələbənin, bu vüsalın bizə nələrin hesabına başa gəldiyini heç birimiz unutmuruq, unutmayacağıq! Allah tarix boyunca bu yurd uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

 





31.03.2022    çap et  çap et