525.Az

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib


 

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib<b style="color:red"></b>

Martın 31-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Anım mərasimində Müdafiə Nazirliyinin və Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında AzərbaycanDövlət himni səsləndirilib.

Mərasimdə çıxış edənlər Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.

Qeyd olunub ki, şəhid zabitin göstərdiyi rəşadət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 





31.03.2022    çap et  çap et