525.Az

"Qalmaz belə, qalmaz dünya..." - Zakir Fəxri


 

ZAKİR FƏXRİNİN DOĞUM GÜNÜNƏ

"Qalmaz belə, qalmaz dünya..." -<b style="color:red"> Zakir Fəxri</b>

Aprelin 3-ü poeziyasının şəhdini Qarabağ mövzusundan alan, həm 90-cı illərdən əvvəl, həm də Qarabağ işğalda olan müddətdə qarabağlı şeirləri ilə nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən Zakir Fəxrinin doğum günüdür. Zakir Fəxri 1948-ci ildə Ağdamda dünyaya gəlib. O yerlərin ətri, havası şairin şeirlərinin ahənginə xüsusi gözəllik qatıb. Onun sözlərinə bəstələnmiş "Qalmaz belə, qalmaz dünya" mahnısı dünya şöhrətli müğənnimiz, Xalq artisti Zeynəb Xanlarovadan tutmuş bir çox tanınmış müğənnilərin ifasında dillər əzbərinə çevrilib. Artıq 1 ildən çoxdur ki, daim şeirlərindən ümid işığı parlayan Zakir Fəxrinin arzuları çin olub, mahnıda deyildiyi kimi, Qarabağın qara baxtı ağarıb. Şair 80-ci illərdə Vaqif poeziya günlərində iştirak etidyi kimi, torpaqlar azad olunandan sonra uzun illərin həsrətindən sonra Şuşaya getdi, yenidən Vaqif poeziya günlərində iştirak edə bildi. Onun məşhur "Qarabağsız" şeiri də oxuculara yaxşı tanışdır.

Arzu edirik ki, qısa zamanda şairin səhhətində yaranmış problemlər aradan qalxacaq və o, yenidən qələmə, söz silahına sarılacaq! "525-ci qəzet"in sadiq dostu, gözəl şairimiz Zakir Fəxrini doğum günü münasibətilə təbrik edirik və onun iki məşhur şeirini oxucularla bölüşürük.

"525"

***

Zakir FƏXRİ
 
"Qalmaz belə, qalmaz dünya"
 
Bığ yeri tərləyən igid,
Girəvə hərləyən igid.
İçində çərləyən igid
Qalmaz belə, qalmaz dünya.
 
Sığınar bir xəlvət döşə,
Qorxar baxtı bəndə düşə.
Boynunu bükmə, bənövşə,
Qalmaz belə, qalmaz dünya.
 
Könül verməzlər şər vaxtı
Arxamca bir qərib baxdı...
Qarabağım - qara baxtım
Qalmaz belə, qalmaz dünya.
 
Övladların çıxdı naşı,
Qəm yükünü özün daşı.
Axma, anamın göz yaşı,
Qalmaz belə, qalmaz dünya.
 
Başında xoş sevda dəmi,
Ocağında hicran qəmi.
Ağlama, "Yanıq Kərəmi",
Qalmaz belə, qalmaz dünya
 

"Qarabağsız"
 
Dostlar, bağışlayın, əliboş gəldim,
Gəldim qapınıza mən Qarabağsız.
Vallah, gözlərimdən çəkilib getmir
Duman Qarabağsız, çən Qarabağsız.
 
Ələ qələm aldım, əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən - Qarabağsız.
 
"Qalmaz belə, qalmaz dünya" yazanda,
Ümid közərirdi könül sazında.
Zakir Fəxri, hər üzünə yozanda,
Anasız yetimsən sən - Qarabağsız.

 





03.04.2022    çap et  çap et