525.Az

Adı ilə böyüsün - Gülşən Nail yazır


 

Adı ilə böyüsün -<b style="color:red"> Gülşən Nail yazır</b>

Uzaqdan asan görünsə də, məsuliyyətini çiyinlərinə götürdükdə çox mürəkkəb olan məsələlərdən biri də "adqoyma"dır. Kainatda gördüyümüz hər şeyin bir adı var. "Adqoyma" az qala insanın özü qədər qədim tarixə malikdir. Əcdadlarımız danışmağa başlayarkən hər cismə uyğun fərqli isimlər seçmişlər. Bununla da nəsə demək üçün filmlərdəki meymunlar kimi şəhadət barmaqları ilə onlara işarə etməyə ehtiyac qalmayıb. Yəqin ki, tarixin körpə beyinləri övladlarını çağırmaq üçün də xüsusi səslər çıxarmış, tək səslərdən, ya da sadə səs konstruksiyalardan istifadə etmişlər. Təsəvvür edin ki, neandertal ata ilə ana arasında uşağa "A", yoxsa "E" qoymaq üstündə mübahisə gedir. Bu vaxt neandertal nənə gəlib "İ" olacağını deyir. Təbii ki, bu tamamən zarafatdan ibarətdir, çünki ibtidai insanların ailə-cəmiyyət quruluşu indikindən kəskin şəkildə fərqlənir. Onlar üçün nəinki uşaqların adları, heç valideynin kimliyi də maraqlı deyildi.

Qəribə səslənsə də, bu gün "adqoyma" çoxmərhələli prosesdir. Elə seçim etmək lazımdır ki, həm dövrlə ayaqlaşsın, həm mənalı olsun, həm də ona yaraşsın (bir də təbii ki, nənə-babanın, baldızların könlüncə olsun). Gündən-günə Türkiyə türkcəsindəki adlardan istifadənin yayılma arealı genişlənir. "Aylinlər", "Yağmurlar", "Damlalar", "Emirlər", "Dəryalar"  artıq ali məktəblərə daxil olurlar. Nənə-babalarımızın sahib olduğu "modası keçmiş" uzun, iki hissəli adlardan isə imtina edilir. Qəbul etsək də, etməsək də, dövrümüzün tələbi budur. Adın mənalı olması ən əsas elementlərdən biridir. Dövlət tərəfindən bəzi gülünc adların verilməsinə qadağalar qoyulsa da, nadir hallarda "Stəkan", "Fındıq" , "Dəftər", "Xətkeş" kimilərinə də rast gəlmək mümkündür. Sanki bu kimi işlərə məsuliyyəti olmayanlar "imtahanda vərəqi boş qoymaq istəməyiblər" və nəticədə belə gülünc vəziyyət yaranıb. Təsəvvür edin ki, yaxınlarınızdan birinin körpəsinin "qırx günlüyü"nə gedirsiniz, qucağınıza alıb nəzakət xatirinə bir şey demək üçün adını soruşursunuz və "Çaydagül" cavabı alırsınız. Axı ona necə "adı ilə böyüsün" demək olar?! Yalnız məclisi tez tərk etmək şərtilə,  "O gün olsun Çaydagül bala böyüyüb Dənizdəgül olsun",- deyə bilərsiniz.

Son zamanlarda geniş yayılmış dini adlarla da bir qədər ehtiyatlı olmalıyıq. Çünki insanların hansı əqidəyə sahib olduqlarını müəyyən etməsi uzun illər tələb edən məsələdir. İnsanlar öz inanclarına hörmət əlaməti olaraq "Məhəmməd", "Ömər", "Zəhra", "Fatimə" kimi adları yaşatmağa çalışırlar. Tragikomediya isə uşaqlar böyüyüb dini mənsubiyyətlərini müəyyənləşdirdikdə başlayır. Ateist olmağı seçmiş "Yusif" ömrü boyu adını daşımaqdan məmnun olmaz.

Bir də adın sahibinə yaraşma məsələsi var. Mavi gözlü, sarıbəniz körpəyə "Əsmər", dərisinin rəngi kömür kimi qara olana "Aybəniz" demək də ancaq bizdən çıxar. Təbii ki, Günəş sönsə və Ay öz işığını itirsə, bax onda "Aybəniz"ə ağız dolusu adı ilə müraciət etmək olar. Ancaq bunun olma ehtimalı ilə "Aybəniz"in ağarma şansı eyni dərəcədədir.

Ad qoyarkən uşaqların onu ömürləri boyu istifadə edəcəklərini nəzərə alaraq eləsini seçmək lazımdır ki, deyəndə utanmasınlar, fəxr etsinlər. Onlara "Polad", "Çingiz", "Mübariz" kimi adlar versək, böyüyəndə qəhrəmanlarımızın yolu ilə gedəcəklər. Beləliklə, adqoyma vətənpərvərliyi aşılamağın ən gözəl üsullarından birinə çevriləcək. Ümid edək ki, 2020-ci ildən bəri az qala bütün rayonlarımızda dünyaya gələn körpə "Polad"lar igidlikdə Həşimovdan geri qalmayacaq, vətənlərini canlarından çox sevəcəklər.

 





06.04.2022    çap et  çap et