525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır -<b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Tokuqava syoqunatı dövründə, XVII əsrin birinci yarısında ölkənin bütün limanları xarici gəmilər üçün bağlandı. Yalnız çinlilər Yaponiyaya gələ bilirdi, hollandlara isə təkcə Naqasakiyə gəlməyə icazə verilmişdi. Ancaq kapitalist ukladı feodal Yaponiyasının bətnində durmadan inkişaf edirdi. Yoxsullaşmış samuraylar da daxil olmaqla cəmiyyətin geniş dairələrini narazılıq əhatə etmişdi. Samuraylar knyazlardan koku adlanan müəyyən düyü payı şəklində məvacib almaq naminə malikanələrini onlara satırdılar. Lakin knyazlar da bu məvacibi müntəzəm olaraq verə bilmirdilər. Samurayların çoxu ticarətə, sənətkarlığa keçirdi və ya sinfi mənsubluğunu itirmiş roninlərə çevrilirdi.

1854-cü ildə Yaponiya sərhədlərini Qərb dövlətlərinə açmağa məcbur oldu. Ölkəyə Qərbin təsiri gücləndi. Bu şəraitdə burjualaşmış samuray sinfinin liderləri roninlərin və şəhərlərin silahlı dəstələrinə arxalanaraq syoqun hökumətini devirdi, knyazları - daymyoları məcbur etdi ki, öz feodal hüquqlarından imtina etsinlər və malikanələrinin xeyli hissəsini onların faktiki sahiblərinə qaytarsınlar. Həmin sahiblər isə sələmçilər və burjualaşmış samurayların özü idi. Əslində, izahı çətin olan bir hadisə baş verdi. Köhnəliyin rəmzi olan samuraylarda bu köhnəliyin dayaqlarına qarşı bir güclü etiraz hissi baş qaldırdı, onların, daha doğru deyilsə, xalqın sinəsindən yeniliyə nail olmaq qığılcımı qalxdı və bundan yaranan inqilab alovu əvvəlkindən tam fərqli olan Yaponiyanı meydana gətirdi. İnqilab onu məhv etmədi, əksinə, ona qüvvətli qartal qanadları verdi, adalar ölkəsində Şərqin tanış olmadığı feniks quşu peyda oldu.

Tam hakimiyyət bütünlüklə imperator hökumətinə verildi. Beləliklə, 1868-ci il Meydzi inqilabı öz zəfərinə çatdı. Ölkənin kapitalizm yolu ilə inkişafına aparan yollar açıldı. Yapon kapitalizminin inkişafı tam yeni, özünə də məlum olmayan güclü dalğaya bənzəyirdi. Avropa texnologiyaları və inzibati sisteminin ardıcıl tətbiqi onun üçün yol göstərən ulduz rolunu oynadı.

Samurayın rəhbər tutduğu prinsiplər

Samuray təkcə cəmiyyətdə oynadığı rola görə deyil, həm də mənəvi cəhətlərinə, bu addan irəli gələn kredosuna görə əhalinin başqa seqmentlərindən əsaslı qaydada fərqlənirdi. O, həyatını bütünlüklə idarə edən prinsiplər toplusuna tabe idi, ən azı onları öz davranışında rəhbər tuturdu. Əslində, bu prinsiplər nəcib xarakter daşıyırdı və əhalinin qalan hissəsi buna görə samuraylara hörmətlə yanaşırdı.

Rəhbər prinsiplər sayca nisbətən çox olsa da, bəzilərinin üzərində dayanmağa ehtiyac vardır. Möminlik samurayın bütün kodeksində şübhə edilməyən anlayışdır. Bu, ağılın hökmünə müvafiq olaraq tərəddüd etmədən hərəkət etmək, lazım gələndə zərbə vurmaq və lazım gələndə ölməkdir. Men-Tszıya görə ədalət insanın getməli olduğu düz və dar cığırdır. İnsan onunla getməlidir ki, itirilmiş cənnətini yenidən tapsın.

Giri deyilən anlayışın ilkin mənası borc hissidir. Giri əlindəki qamçısı ilə tənbəli nə etməli olduğuna məcbur edir. Təəssüf ki, bu, dəyişilə də bilər, məhkum olunmaqdan qorxaqcasına əsməyə də keçə bilər. Axı ən yaxşı insan hissi olan vətənpərvərlik maskası altında da çox vaxt digər alçaq hisslər gizlənir.

Mərdlik ondadır ki, ədalətli hərəkət edəsən. İgidlik, dözümlülük, qorxmazlıq, cəsarət ən populyar ləyaqətlər idi və yapon yeniyetmələri onları lap kiçik yaşlarından qəbul edirdilər. Onlar qorxulu yerlərə - qəbiristanlığa, edam meydanlarına gedirdilər. O vaxtlar camaatın gözü qarşısında adamların boynu vurulurdu. Oğlan uşaqlarını məcbur edirdilər ki, bu dəhşətli səhnəyə tamaşa etsinlər. Gecələr isə onlar kəsilmiş başlara baxmağa gedirdilər.

Mərdliyin mənəvi tərəfi özünü idarə etməkdir - təmkinlilik və ruhun mövcudluğudur. Könül sakitliyi, sükut vəziyyətində olan mərdlikdir. Səmimiyyət və düzgünlük olmadıqda istənilən davranış səfehliyə və sadəcə zahiri görünüşə çevrilir. Səmimiyyət bütün şeylərin əvvəli və sonudur, səmimiyyətsiz heç nə mövcud olmamışdır.

Ədalətin də ölçüsü vardır, nəhayətsiz ədalət qəddarlığa keçir, ölçüsüz edilən mərhəmət zəiflik nümunəsi olur. Samurayın mərhəmətini səmərəli saymaq olar.

Zəiflərə, alçaldılmışlara və məğlub edilmişlərə qarşı mərhəmət göstərilməsi samuraya xas olan keyfiyyət kimi daim təriflənirdi.

Musiqiyə, şeir yazmağa məhəbbəti samuraya yeniyetmə dövründən öyrədirdilər. Nəcib incəsənət onların yaşadığı ərazidə diyarın sərt iqliminə və şəraitinə dözməyə kömək edirdi. Şeir yazmağa onlar ona görə həvəsləndirilirdi ki, o, zərif hissləri ifadə etməyə kömək göstərməklə, həm də onları inkişaf etdirirdi. Yaponiyada musiqi və ədəbiyyat müharibənin dəhşətli mühitində olan adamlara qarşı canıyanmanı tərbiyə edirdi.

Yaponiya sakinlərinin nəzakəti və yaxşı davranışı həmişə əcnəbiləri təəccübləndirirdi. Bu isə başqalarının hisslərinə hörmətlə yanaşmaqdan doğur. Süfrə arxasında davranış qaydası isə həqiqi elmə çevrilmişdi. Sərvət və ya müdriklik deyil, şöhrət gəncləri daha çox özünə cəlb edirdi.

Vassalın süzerenə borcu və sədaqəti feodalizmin fərqləndirici xüsusiyyəti idi. Yaponiyada insanın vəzifələri içərisində birincilik sədaqətə verilirdisə, Çində isə bu, valideynlərə tabe olmaq idi. Analar uşaqlarına təlqin edirdilər ki, onlar imperator naminə özlərini qurban verməyə hazır olmalıdırlar. Axı istənilən adam özünün doğulması ilə mövcud dövlətin bir hissəsinə çevrilir. Yaponlar təbəə kimi yalnız imperatora sədaqət göstərməli olduqları halda, onlar xristianların öz Sahibinə də sədaqət bəsləmələrini anlamırdılar.

Döyüşçünün estetik tərbiyəsi onun özünü təsdiq etməsində mühüm rol oynayırdı. Busidonun üç dayağı - müdriklik, insanları sevmək və igidlik idi. Samuray hesab edirdi ki, insanı heç də inanc xilas etmir, insan inanca haqq qazandırır.  Fəlsəfənin və ədəbiyyatın öyrənilməsi samurayın intellektual hazırlığının xeyli hissəsini təşkil edirdi. Taktika, kalliqrafiya, etika, ədəbiyyat və tarix onun öyrəndiyi vacib sahələr idi.

Samuray güman edirdi ki, sərvət müdrikliyə mane olur. Dəbdəbəli həyat insan üçün ən böyük təhlükə hesab olunurdu. Döyüşçü öz həyatını sərt sadəlikdə keçirməli idi. Yaponlar müəllimə - senseyə böyük hörmətlə yanaşırlar. Onlar deyirdilər ki, valideyn məni dünyaya gətirmişdir, sensey isə məni insan etmişdir. Bir cəhət də ondan ibarət idi ki, həqiqi xidmət təmənnasız qaydada edilir.

Yaponun dərisini qaşısan, ondan yeni ideyaları silsən, onda dərinin altından samuray görünəcəkdir.

Samuraylar insan könlünün yüksək xüsusiyyətlərinin daşıyıcıları hesab olunurdu. Məhəbbət, alicənablıq, insanlara bağlılıq, başqasına canı yanmaq və yazığı gəlmək daim insan könlünün ən yüksək xüsusiyyətləri olmuşdur. Əgər ləyaqət ağacın kökü rolunu oynayırsa, sərvət onun meyvəsidir. Mərhəmət isə insanın özüdür. Qədim Romanın məşhur xadimi Qay Yuli Sezar özünün clementia - mərhəmət prinsipi ilə də böyük şöhrət qazanmışdı.

Men-Tszı öyrədirdi ki, şərə görə xeyirlə cavab ver. Konfutsi isə deyirdi ki, şərə görə alınan qisas ədalətli olmalıdır. Layiqli sübut olmadan qılınca əl atmaq əclaf qorxağın işi və lovğalanmaq hesab olunurdu.

Bunlar samurayın mənəvi aləmindən xəbər verirdi. Yaponiya samurayların hesabına olduğu kimi fərqli bir ölkəyə çevrildi. Samuray təkcə millətin qaymağı, çiçəyi deyildi, həm də onun kökü idi.

Samuraylar daymyolara xidmət edirdilər, ona özlərinin bədənini, həyatını, əmlakını həsr edirdilər.

Bir vaxtlar feodal Yaponiyasının etik sisteminin yox olacağı, onun xarabalıqları üzərində feniks kimi yeni əxlaqın yaranacağı, Yaponiyanın yeni proqress yolu ilə gedəcəyi bildirilirdi. Yaxşı məlumdur ki, feniks yalnız öz külündən yenidən doğulub həyata qayıdır. O, heç də köçəri quş deyildir. Yapon nə qədər yeni həyatdan həzz alsa da, öz keçmişini, onun müsbət cəhətlərini heç bir zaman unutmayacaqdır. Deməli, samurayın mənəvi ruhu hələ uzun müddət yaşayacaqdır.

Yaponların həyat tərzinin digər maraqlı cəhətləri

Yapon həyat və düşüncə tərzinə, burada hökm sürən zövqlərə və tam fərqli olan dəyərlər sisteminə bələd olanlar, yəqin ki, ölkədəki samuray klanı kimi qəribə hadisənin meydana gəlməsinə təəccüb göstərməyəcəkdir.

Bizim münasibətlərimiz fövqündə, sistemində yapon davranışında müəmmalar, paradoksal görünən cəhətlər olduqca çoxdur. Onlarla tanışlıq, hər birinə ayrıca nəzər yetirmək bizim maraq dairələrimizi daha da genişləndirir, samuray kimi insanın özünü təsdiqini, cəmiyyətdəki rolunu az-çox başa düşməyimizə kömək edir.

Yaponiyadakı qəribəliklər, başqa xalqlardan əsaslı qaydada təbiətə və insana münasibətindəki hətta ziddiyyətli kimi qiymətləndirdiyimiz hadisələr və çətin anlaşılan yanaşma tərzi bu vaxt çox sayda cəhətlərə təəccüb qalmağımız azalacaq, onlar, inanılması çətin hesab etdiyimiz xüsusiyyətlərini bir qədər itirəcəkdir. Lakin bəziləri isə tam anlaşılmazlığa səbəb olduğundan onları heç cür qəbul edə bilmirik. Son vaxtlarda yapon gənclərində film komikslərində təsvir olunan cansız qız şəkillərinə - animelərə vurğunluq, onlara eşq elan edilməsi və bu səbəbdən ailə qurmaqdan da imtina heç cür ağıla sığmır və belə gənclərin psixikasında gedən qüsurlu dəyişikliklər kənardan onu müşahidə edənləri narazı salmaya bilmir. Canlı həyatı şərti cansız rəsmlərlə əvəz etmək və onlara vurulmaq, özünün ömürlük sirdaşı kimi hiss etmək, zənnimizcə, məhəbbətin daxil olduğu yeni qəribə bir faza olsa da, bunu sevindirici hal saymaq olmaz. Lakin biz onlara öz zövqlərimizi təlqin edə bilmərik, buna cəhd etmək də heç də razılıqla qarşılanmayacaqdır. Digər tərəfdən sintoist ideologiyası da yapon psixiki durumunun tam fərqli olduğunu inkar etmir.

Ailələrin yaranmasına və onun nəslin artırılmasına xidmət göstərməsinə mane olan amillər əslində, müasir cəmiyyətlərdə qədim dünyada baş vermiş Sodom və Qomorra eybəcərlikləri kimi qiymətləndirilməlidir. Onsuz da Bibliyanın lənətlədiyi bu iki şəhərin iyrənc qaydaları dünyada baş alıb gedir və onlarla sərt mübarizə aparılması da elə bir effekt vermir. Eyni cinsdən olanların evlənib, ailə qurması uşaq doğumunun azalmasına, demoqrafik inkişafın zəifləməsinə səbəb olur. Yaponiya öz sakinlərinin uzun ömürlülüyünə görə bütün dünya ölkələrindən irəlidədir. Nəslin böyüməsinin azalması gələcəkdə fəal işçi qüvvəsinin kasadlaşmasına səbəb olmaqla, Yaponiya kimi daim inkişafa can atan ölkəni ahıllar və qocalar ölkəsinə çevirib, onu ətalətə məhkum edə bilər. Bunun da əsl baiskarı yapon kinematoqrafçılarının icadı olan anime sayılacaqdır.

Avropanın bir sıra ölkələrində və ABŞ-da eyni cinsdən olanların əsasən sərbəst evlənməsinə icazə verilməklə, xristianlıqda din xadimlərinin və rahiblərin tselibatının - nikahsızlığının dialektik qaydada olan təkrarı baş vermişdir, müəyyən seqmentdə uşaq doğumunun qarşısı kəsilmişdir. Tselibat xristian keşişləri arasında pedofiliya kimi cinayətlərin yaranmasına səbəb olduğu kimi, Yaponiyada da kişi cinsindən olan cavanların cansız əksə - animelərə vurğunluğu hesabına ailə qurmaqdan imtina etməsinin hansı fəsadlara səbəb olacağının qeyri-məlumluğu suallar doğurmaya bilməz. Hansısa qadağalarla və ya aludəçiliklə təbiətin qanununa məhəl qoymamaq bəşəriyyətin inkişafına cüzi də olsa mane olmaqla, ona ziyan vurmamış qalmır.

(Ardı var)

 





06.04.2022    çap et  çap et