525.Az

"Lələtəpə!" deyirdi "Qarabağ şikəstəsi" - Rəşid Faxralı


 

"Lələtəpə!" deyirdi "Qarabağ şikəstəsi" -<b style="color:red"> Rəşid Faxralı</b>

2016-cı il Aprel döyüşlərinin 6 illiyinə
 
Qorqud Dədə, alğışınla doğulmuşduq,
Hər birimiz məhəbbətin əsgəriyik.
Doğu-Batı bir-birini günüləyir,
Görk olası heysiyyətin əsgəriyik.
 
Göy üzündən ulduz dərər həvəsimiz,
Qarabağı isindirər nəfəsimiz
Dağa-daşa qardaş olar gur səsimiz,
Ovxarlanmış qətiyyətin əsgəriyik.
 
Necə tarix deməyəsən ötən ana,
Tarix yazdıq ötənləri ana-ana...
And yerimiz - Ana-Vətən, Vətən-Ana,
Vətən boyda sədaqətin əsgəriyik.
 
Göy üzündə qoşa ulduz dillənəcək,
Gen dərələr ağzınacan sellənəcək,
Cıdır düzü başdan-başa güllənəcək,
Uğur dilə, xoş niyyətin əsgəriyik...
 
2016-nın
ilkin yazına kimi
işğalı səngərində
haxlayacaq əsgərin,
İşğalçının qolunu
bağlayacaq əsgərin,
Düşmənin, düşmənliyin
tətik sıxan əlini
dağlayacaq əsgərin
andı beləydi, Dədə.
 
Ruhun göyqurşağıyla
andı Vətən olanın
zikrinin salavatı,
Vətən, millət, dövlət olan
fikrinin salavatı.
O vaxtlar dağın-daşın
nəsihəti beləydi,
O vaxtlar ömrün-yaşın
nəsihəti beləydi.
O vaxtlar "Vətən!" deyən,
"Xalq!" deyən vətəndaşın
nəsihəti beləydi.
O vaxtlar min illiyin
nəsihəti beləydi,
Onda da  şəhidliyin
nəsihəti beləydi...
Döyüşə köklənirdi
torpaq səngər közüylə,
Bir az da dikəlirdi
səngər əsgər sözüylə:
 
Gedən getdi, gələnlərik,
Qəm-qəhəri silənlərik.
Torpaq qədri bilənlərik,
Ali Baş Komandanım!
 
Varıq bu torpaq üçün,
Üçrəngli bayraq üçün.
Haqq yaşasın, Haqq üçün,
Ali Baş Komandanım!
 
Dayanmışıq üz-üzə,
Söykək olsun söz-sözə.
Döyüş əmri ver bizə,
Ali Baş Komandanım!
 
Qorqud Dədə,
yaşarı ruh, bəşəri ruh          
Yol gözləyən,
yaxasında yel gizləyən,
Səs gəlincə gümüldənən
çiçəklərin ləçəyində,
birçəyində döyünürdü,
Gümanların
gerçəyində döyünürdü.
Döyüş ruhu gecələrin
çırağında döyünürdü,
Bizə həyan Göy üzünün
niyyətində, marağında döyünürdü...
Döyüşçünün yarağında,
yarağının darağında döyünürdü...
Bir ürəyə döndərmişdi məmləkəti,
Bir qələbə sorağında döyünürdü...
 
1 aprelin dan yerini
qızartılar bürüyəndə
döyüşənlər kürmələdi dağı-daşı,
Döyüşdülər...
Şəhidlərin ruhu ilə yan-yanaşı.
Yaxınlıqda qanad çalan
yellər üçün döyüşdülər,
Ləçəyində qan cücərən
güllər üçün döyşdülər,
Budağından ayrı düşən,
sağlam canı sayrı düşən
illər üçün döyüşdülər,
Yaz gələli aşıb-daşan,
Sal daşlarla pıçıldaşan
Sellər üçün döyüşdülər...
Vətən-Ana, Ana-Vətən
deyə-deyə döyüşdülər...
Yağılığı əyə-əyə döyüşdülər...
Görk oldular
            yerə-göyə, döyüşdülər...
Dan yerinin
ilmələri söküldükcə döyüşdülər,
Yağıların
               görər gözü tökülürdü,
               vurar qolu bükülürdü...
Oğul-əsgər,
qardaş-əsgər döyüşürdü,
"Azərbaycan!" deyənlərə
Sirdaş - əsgər döyüşürdü.
Barmaq-tətik ünsiyyəti qələbəydi,
Əsgərlərin yerişinin,
                duruşunun,
               baxışının mahiyyəti qələbəydi,
Döyüşlərin nəhayəti qələbəydi.
Qılınc kimi sıyrılanlar
məmləkətin gözlədiyi
Zəfər üçün döyüşdülər.
Döyüşlərin tünlüyündən
boy göstərən
səhər üçün döyüşdülər...
 
Nə deyirmiş erməninin
küllüklərdən güllüklərə baxanları
güllələrin istisində donanlara?!
Nə deyirmiş yad torpaqda
bir yağmurun ətəyində
çıraq kimi sönənlərə?!
Nə deyirmiş
acığından dodağını çeynəyənlər
güllələrin çeynəyindən, yananlara? -
 
Uduzmuşuq,
Bu niyyətin yarağını uduzmuşuq,
Yüz illərin xəyalını uduzmuşuq,
Ermənilik çırağını uduzmuşuq...
 
Ermənilik ilmələri
düşdü düyün, döyüşdülər,
Lələtəpə gözlərini sürmələdi
yerin-göyün, döyüşdülər,
Bamsı Beyrək oğulların,
Dədə, dörd gün döyüşdülər...
 
Tarix belə uğurladı Qələbənin izini,
Göy üzünə çıraq bildi qalibiyyət sözünü,
Ürək-ürək alışdırdı bir inamın közünü
2016-nın 6 aprel səhəri.
 
"Arazbarı" oxuyurdu durulaşan bulaqlar,
Ötənləri səsləyirdi aşıb-daşan bulaqlar,
Qanad çalan quşlar ilə pıçıldaşan bulaqlar
2016-nın 6 aprel səhəri.
 
Yağan yağış sağa-sola səpə-səpə deyirdi,
Qaysaqlayan yaraları öpə-öpə deyirdi,
Sər çeşmələr çılğınlıqla
"Lələtəpə" deyirdi,
2016-nın 6 aprel səhəri.
 
"Lələtəpə!" deyirdi
Dalğalanan bayrağın
möhtəşəm təntənəsi.
"Lələtəpə!" deyirdi
Qara bağları qırıb
Qarabağa can atan
"Qarabağ şikəstəsi".
 
Döyüşlərdə səs itirən deyirdi ki,
mərmi səsi, güllə səsi səsdi mənə.
Əl itirən, qol itirən deyirdi ki,
Bayrağımız dalğalanır, bəsdi mənə!..
 

mart, 2022

 





07.04.2022    çap et  çap et