525.Az

"Halal elə, əsgər, gələ bilməsəm..."


 

"Halal elə, əsgər, gələ bilməsəm..."<b style="color:red"></b>

Eşidəndə ki, yaşı 65-dən yuxarı olan Şuşa sakinləri üçün Şuşaya səyahət turu təşkil olunur, sevindim. Bəs necə! Təxminən 30 ildən sonra tərk eləməyə məcbur qaldığım Şuşaya - Azad Şuşamıza gedəcəkdim. Yol boyunca illərlə həsrət qaldığım torpaqlara ayaq basacaq, uzaqdan görünən doğulduğum Laçın dağlarını görəcəkdim. Qardaşım qızı bu xəbəri mənə deyəndə əlavə elədi ki, elə ürəyimdən keçdi ki, kaş mənim də yaşım 65-dən yuxarı olaydı. Doğulduğu, qayğısız uşaqlıq illəri keçən doğma şəhərinə qayıtmaq həsrəti o qədər doğma idi ki!

Amma səhhətimlə əlaqədar mən o vaxt Şuşaya gedə bilmədim. Televizorda səfər iştirakçılarını - həmyerlilərimizi görəndə, onların müsahibələrinə qulaq asanda xəyalən özümü onların yanında hiss elədim. Hətta müxbirin mənə verəcəyi suallara cavab da düşünmüşdüm:

"- Şuşa haqqında yadınızda ən çox nə qalıb?

- Orta məktəbdə oxuyanda tez-tez Şuşa-Laçın yolunun üstündəki Şorbulağa gedərdik. Oradan üzümüzü Qızıl qayaya tutub: "Qızıl qaya, qızıl var?" - deyərdik. Əks-səda cavab verərdi: Var! O vaxt buna inanmazdıq. Amma indi inanıram ki, Qızıl qaya düz deyirmiş! Onun qoynunda zəngin bir xəzinə - Şuşa var. O Şuşa ki, "Qalada (yəni Şuşada) yatmış idim, Top atdılar, oyanmadım, Saz ilə, söhbət ilə oyatdılar".

Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan olunub. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış başlanıb. O torpaqlara ömründə o yerləri görməyənlər qayıdacaq, yarımçıq qalmış gəncliyini, uşaqlığını qurub-yaratmaq eşqi ilə davam etdirmək istəyənlər qayıdacaq, 30 ilə yaxın yurd həsrətilə yaşamağa məcbur olub, bu həsrətlə dünyadan köçən insanların ruhları qayıdacaq... Və bir də  yaşı 65-dən yuxarı olan mənim yaşıdlarım qayıdacaq... 

Böyük qayıdışımız mübarək, əziz həmyerlilər! Uğur olsun! 

Nazir MƏMMƏDOV

Bir vaxtlar...

Bir vaxtlar qar dolu qışımız vardı,
Qartopu dolusu yaşımız vardı,
Onda Laçınımız, Şuşamız...  vardı,
Biz  geri dönürük, bəs onlar necə?

Ömür kino deyil, başa döndərək,
Ömür nəğmə deyil, təkrar dindirək,
Ömür sovqat deyil yığıb göndərək,
Biz geri dönürük, bəs onlar necə?

Qarmı istəyirəm, qar bəhanədi,
Varmı istəyirəm, var bəhanədi, 
Nə desəm, hamısı bir bəhanədi,
Biz geri dönürük, bəs onlar necə?

Hər şeyin öz vaxtı, vədəsi varmış, 
Nöqtəsi, sualı, nidası varmış,
Dünyanın çox uzaq adası varmış,
Biz geri dönürük, bəs onlar necə?

Çox yüyürdüm xəyalların dalınca,
Donub qaldım, sonda tənha qalınca,
Ömrü vərəq-vərəq yada salınca,
Biz geri dönürük, bəs onlar necə? 
                                        
Halal elə, əgər gələ bilməsəm... 

Doğma kəndim, bir təlaş var içimdə, 
Halal elə, əgər gələ bilməsəm. 
Görünməsəm dönənlərin köçündə, 
Halal elə, əgər gələ bilməsəm.

Çörəyim olmusan, duzum olmusan,
Barım, bərəkətim, ruzum olmusan, 
Ən böyük dayağım, arzum olmusan, 
Halal elə, əgər gələ bilməsəm.

Çox gəzmişəm çəmənləri, çölləri, 
Qoxlamışam çiçəkləri, gülləri,
Qucağında yaşadığım illəri
Halal elə, əgər gələ bilməsəm. 

O dağlara nə söyləsəm, az olar,
Nə qaldı ki, qış qurtarar, yaz olar, 
Yol açılar, gediş-gəliş düzələr, 
Halal elə, əgər gələ bilməsəm. 

Nə söyləyim zirvədəki qara mən?  
Hara dönüm, hara gedim, hara mən? 
Mənə bəsdir soruşmağın, araman, 
Halal elə, əgər gələ bilməsəm.

Qar-yağışın, duman-çənin əlindən, 
Vaxt olub ki, qarğış çıxıb dilimdən,
Keçən keçib, nə gələr ki, əlimdən? - 
Halal elə, əgər gələ bilməsəm.

Mən bu ömrü necə yığım bir yerə,
Hər addımda neçə yaddaş, xatirə,  
Gücüm çatmaz hamısını gətirəm,
Halal elə, əgər gələ bilməsəm.

Torpaq dərdi çox çətindi, ağırdı, 
Zaman bizi dərd içində yoğurdu,
Dağlar məni görüşünə çağırdı,
Halal elə, əgər gələ bilməsəm.

Kimi taleyindən, ömründən razı, 
Kimi də bəxtindən küskün, narazı, 
Nazir qalıb torpağına tamarzı,
Halal elə, əgər gələ bilməsəm.

 





07.04.2022    çap et  çap et