525.Az

Şirməmməd Hüseynova həsr edilmiş nəşrin təqdimatı olub - Foto


 

"TƏMRİN" JURNALININ XÜSUSİ SAYINDA BÖYÜK ALİMİN HƏYAT VƏ YARADICILIQ YOLU ƏTRAFLI İŞIQLANDIRILIB

Şirməmməd Hüseynova həsr edilmiş nəşrin təqdimatı olub -<b style="color:red"> Foto</b>

Aprelin 7-də Bakı Dövlət Universitetində "Təmrin" jurnalının böyük alim, ustad pedaqoq və ictimai xadim Şirməmməd Hüseynova həsr olunmuş sayının təqdimatı keçirilib.

BDU-nun professoru Qulu Məhərrəmli tədbiri açıq elan edib, Şirməmməd Hüseynovdan dərs almış jurnalistlərdən biri olaraq, ustadının alim və pedaqoq kimi böyük nüfuzu barədə danışıb, onunla bağlı xatirələrini dilə gətirib.

BDU-nun rektoru Elçin Babayev Şirməmməd Hüseynovun həyat və yaradıcılıq yolu barədə tədbir iştirakçılarına məlumat verib. Rektor qeyd edib ki, Şirməmməd Hüseynov fəaliyyəti boyu vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət edib: "Şirməmməd müəllimin çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətləri olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Həm alim, həm də pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simalarının irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərib".

"Təmrin" jurnalının xüsusi sayının tərtibçisi olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu nəşrin hazırlanmasından ətraflı bəhs edərək deyib: "Belə qərara gəldik ki, "Təmrin" jurnalının bir sayını görkəmli alim Şirməmməd Hüseynova həsr edək. Araşdırdıq, məlumatlarla tanış olduq. Başda Elçin Babayev, Cavanşir Feyziyev olmaqla, tələbələrinin, dostlarının Şirməmməd müəllimə həsr olunan yazılarını topladıq. Jurnalın Türkiyədəki işçi heyətinin, tərcüməçilərinin də bu işdə böyük zəhməti olub. Jurnalda Şirməmməd müəllimin ömür yolu, fəaliyyəti haqqında çox maraqlı materiallar var".

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Şirməmməd Hüseynovu ədalətli pedaqoq kimi xatırlayıb, onun tələbəsi olduğu illəri yada salıb. Xalq şairi Şirməmməd müəllimlə Bəxtiyar Vahabzadənin dostluğu barədə danışıb. O qeyd edib ki, Şirməmməd Hüseynov həmişə dostluqda möhkəm, etibarlı və sədaqətli şəxsiyyət kimi yad ediləcək.

"Təmrin" jurnalının Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan xüsusi buraxılışlarının ərsəyə gəlməsinə yaxından köməklik göstərən, millət vəkili Cavanşir Feyziyev bu layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb, Şirməmməd Hüseynova həsr olunmuş sayı xüsusi təqdir edib. O, Şirməmməd müəllimin türk dünyası qarşısında böyük və təmənnasız xidmətlərinin olduğunu qeyd edib. Millət vəkili bildirib ki, Şirməmməd müəllim Azərbaycan xalqı üçün milli dəyər səviyyəsinə yüksəlmiş ziyalıdır və biz onu daima yad etməliyik. C.Feyziyev sonda təqdimatın təşkili üçün BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid vaxtilə müəllimi olmuş, sonradan "525"in daimi müəllifi olan Şirməmməd Hüseynov barədə xatirələrini bölüşüb: "Şirməmməd Hüseynov bizim hamımız üçün əziz və doğma bir adam idi. O, son müsahibələrinin birində deyirdi ki, mənim əlimdə çoxlu işlərim var, ölməyə vaxtım yoxdur. Hətta türkiyəli alim Bakıda olanda məhz bu sözlərə görə Şirməmməd müəllimlə görüşməyə can atırdı. Mən Şirməmməd müəllimin həyat yoldaşı Ülkər xanımı 1985-ci ildə "Elm və həyat" jurnalında işləməyə başlayanda tanımışam. Sonralar Şirməmməd müəllimə mənə dərs deyəndə gördüm ki, onun işə məsuliyyətli yanaşması Ülkər xanıma da sirayət edib. Bu insanların müasir tariximizdə və şəxsən mənim həyatımda böyük rolu var".

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri, şair Sayman Aruz Şirməmməd Hüseynovun azərbaycançılıq, milli şüur və milli ruh məsələlərində həssas olduğunu dilə gətirib. Şair Şirməmməd müəllimlə telefon zəngini yada salıb, onun dəyərli məsləhətlərini xatırlayıb. Sayman Aruz qeyd edib ki, Şirməmməd Hüseynovun tövsiyələrinin onun həyat və fəaliyyətində çox böyük rolu olub.

BDU-nun professoru, vaxtilə Şirməmməd müəllimin rəhbərlik etdiyi Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasındakı yeri və rolu barədə söhbət açıb, Şirməmməd müəllimin ənənələrinin mahiyyəti və əhəmiyyəti haqqında fikirlərini bölüşüb. Professor ötən illərin xatirələrini, səmimi söhbətlərini yada salıb.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Şirməmməd müəllimin pedaqoq kimi ustalığı və tələbkarlığı barədə danışıb. O bildirib ki, Şirməmməd Hüseynov daim tələbələri araşdırmaya cəlb edib və onları düzgün yönə istiqamətləndirib. V.Zifəroğlu qeyd edib ki, bu gün də BDU-nun Jurnalistika fakültəsində ustadın xatirəsi yad olunur və ənənələri davam etdirilir.

Jurnalistika fakültəsinin dekan müavini, son illərdə Şirməmməd Hüseynovun yetişdirdiyi araşdırmaçılardan biri, onun davamçısı kimi tanınan Samir Xalidoğlu ustadla birgə araşdırma prosesində baş verən maraqlı hadisələri xatırlayıb, onun tələbəsi olmaqdan qürur duyduğunu vurğulayıb.

Sonda Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, "Elm və həyat" jurnalının redaktor müavini, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova nəşrdə və təqdimatda əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Mən də Şirməməd müəllimin tələbəsi olmuşam. O, başdan-ayağa ədalət, sədaqət etalonu idi, vətən aşiqi idi. Şirməmməd müəllim haqqında tələbələri, bütün çıxış edənlər çox gözəl sözlər dedilər. Təqdimatın təşkilinə görə bütün əziyyəti olanlara minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, ustad Ş.Hüseynovun həyat və yaradıcılıq yolunu dolğun əks etdirən jurnal nəfis tərtibatı ilə də diqqət çəkir, təqdim olunan mətnlər və fotolar maraq doğurur.

Nadir YALÇIN

 





08.04.2022    çap et  çap et