525.Az

Poeziya yaradıcılığını əhatə edən məruzə dinlənilib


 

Poeziya yaradıcılığını əhatə edən məruzə dinlənilib<b style="color:red"></b>

Aprelin 6-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda poeziya yaradıcılığını əhatə edən məruzə dinlənilib. 

525.az AYB.az-a istinadən xəbər verir ki, yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, qurultay öncəsi məruzələrin və onların müzakirəsinin vacibliyini vurğulayıb.

Məruzə ilə şair İbrahim İlyaslı çıxış edib. İbrahim İlyaslı məruzədə AMEA Ədəbiyyat İnstitutunun hər ilin ədəbi prosesini izləyən "Ədəbi proses" toplusunda və AYB orqanları olan "Azərbaycan", "Ulduz" jurnallarında və "Ədəbiyyat qəzeti"ndə 2015-2021-ci illər arasında çap olunmuş materiallara, habelə yeni nəşr olunmuş kitablara istinad edildiyini deyib. İbrahim İlyaslı "Poeziyamıza dövlət qayğısı", "Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram", "Bölgələrdə poeziyamızın mənzərəsi", "Ədəbi tənqid və çağdaş şeirimiz", "Xarici ölkələrdə poeziyamızı təmsil edənlər" başlıqları altında məlumat-informasiya xarakterli mətnləri oxuduqdan sonra, qurultaylararası zaman kəsiyində bütövlükdə poeziyamızın ümumi mənzərəsinə diqqət çəkib. Çıxışını tezislər üzərində cəmləşdirib davam etdirən məruzəçi tezislərdə göstərilən məzmunu oluşduran şairlərin adlarını sadalayıb, onların şeirlərindən nümunələr söyləyib.

Tədbirdə çıxış edən AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri - İlqar Fəhmi və Səlim Babullaoğlu məruzə ilə bağlı fikirlərini səsləndiriblər. Məruzəçi tədbirdə iştirak edən qələm adamlarının suallarını cavablandırıb.

Sonda Elçin Hüseynbəyli geniş və əhatəli bir məruzə hazırladığı üçün AYB rəhbərliyi adından məruzəçiyə təşəkkürünü bildirib.

 





08.04.2022    çap et  çap et