Dövlət Vergi Xidməti ASAN İmza üçün şəxsi kabinet yaradıb.
Yeni nəsil şəxsiyyət vəsiqələrindəki elektron imzanın aktivləşməsinə uzun illər imkan verməyənlər SİMA-dan da üz döndərəcəklərmi ?
ASAN Xidmətə dəxli olmayan ASAN İmza ilə bağlı proseduralar yarandığı gündən başlayaraq həmişə mürəkkəb olub.
ASAN İmza Sertifikatlarını almaq, Sertifikasiya mərkəzlərinə getmək, uzun-uzadı növbələr, etibarnamələr vermək, xüsusi mobil nömrə almaq, imzanı uzatmaq üçün yenidən mobil nömrə almaq, istifadə edib-etməməyindən asılı olmayaraq hər ay 2.5 manat ödəmək və s. hər zaman baş ağrısı olub.
İndi baxıram ki, Dövlət Vergi Xidməti bu prosesi bir qədər sadələşdirmək istəyib. Dövlət Xidməti
e-taxes.gov.az resursunda ayrıca “ASAN İMZA ŞƏXSİ KABİNET” bölməsini yaradıb.
Burada ASAN İmza ilə bağlı müxtəlif proseduraları idarə etmək üçün imkanlar yaradıb. Hər halda əvvəlki imkanlara nisbətən yeni bölmənin yaradılmasını müsbət hal kimi dəyərləndirmək olar. Amma, ASAN İmza texnologiyası çox köhnəldiyindən, oflayn proseduralar qaçılmaz olduğundan çeviklik və effektivlik əldə etmək mümkün deyil.
Xatırladıram ki, bir müddət öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AzİnTelecom qurumu dövlət-özəl tərəfdaşlığı çərçivəsində SİMA adlı yeni rəqəmsal imza texnologiyası hazırladığını açıqlayıb.
Onun təqdimatını təşkil edib.
Bu imzanı əldə etmək üçün hər hansı mobil nömrəyə, hansısa quruma yaxınlaşmağa, hansısa kağız sənədləri doldurmağa ehtiyac qalmır. SİMA biometrik autentifikasiyaya əsaslanır.
Düşünmək olar ki, SİMA dövlət və özəl sektora inteqrasiya olsa çeviklik və effektivlik baxımından böyük uğur qazanacaq.
Məlumat üçün bildirim ki, yeni nəsil şəxsiyyət vəsiqələrindəki elektron imzalar müxtəlif səbəblərdən uzun illərdi ki aktivləşdirilməyib. Artıq hansısa kart oxuyucusunun olmasını tələb edən bu imza texnologiyası da köhnəlib.
Beləliklə, Azərbaycanın mobil imza bazarında yalnız ASAN İmzanın inhisarçılığı hökm sürür. Ümid edirəm son zamanlar xeyli aktivləşən Antiinhisar Dövlət Xidməti də bunun fərqindədir.
Düşünmək olar ki, SİMA-nın Azərbaycanın elektron imza bazarına daxil olması imza bazarında rəqabəti xeyli gücləndirəcək.
Çox güman ki, Dövlət Vergi Xidməti də, həmçinin ASAN İmzanın sahibi olan xarici şirkət də bunun fərqindədir və bu baxımdan ASAN İmzanın çevikliyini və effektivliyini artırmaq üzərində işlər canlanıb.
Ümid edirəm, maraqlı tərəflər SİMA-nın tətbiqinə maneçiliklər yaratmayacaq və səlahiyyətli qurumlar tezliklə SİMA-nın dövlət və özəl sektora inteqrasiyasını başa çatdıra biləcəklər.
İnteqrasiya proseslərinin sürətlənməsinə , dövlət və özəl xidmətlərin tez bir zamanda SİMA-ya qoşulmasına ciddi ehtiyac var.
Bununla da ölkəmizdə rəqəmsal transformasiya prosesinin xeyli sürətlənəcəyini müşahidə edə biləcəyik.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
Qeyd: Bu material müəllifin feysbuk hesabından götürülüb.