525.Az

Qarabağ qazisinin gündəliyindən... - Elçin Hüseynbəyli yazır


 

Qarabağ qazisinin  gündəliyindən... -<b style="color:red"> Elçin Hüseynbəyli yazır</b>

Mən əsgərliyə gedəndə müharibə təzə başlamışdı. Erməni silahlıları sərhədboyu qəfil hücuma keçmiş, bir neçə kəndi, qəsəbəni viran qoymuşdu. Bizə tapşırıq verilmişdi ki, düşməni tutduqları mövqedən vurub çıxardaq. Əsgərliyə qədər traktorçu olduğuma, texnikadan başım çıxdığına görə məni tank bölüyünə yazmışdılar. Çünki peşəkar hərbçilər çatışmırdı...

Ermənilərin qəfil hücumları, ruslarla birləşib Xocalı qırğınını törətmələri adamlarda vahimə və qorxu yaratmışdı. Ona görə də bəzi kəndlərin əhalisi daha təhlükəsiz yerlərə köçürdülər.

Bizim tank kalonumuz Ermənistanla sərhədə tərəf irəliləyirdi. Yolboyu qarşımızdan yüklü maşınlar keçirdi: adamlar əllərinə keçənləri tələm-tələsik maşınlara yükləyib, hara gəldi gedir, təhlükədən qurtulmağa çalışırdılar. Qanqaraldıcı, ürəksıxıcı mənzərəydi. Kəndlərin çoxu boşalmışdı. Hər kənddə tək-tük adam, mal, qara, qoyun-quzu, toyuq-cücə görmək olardı. Bu insanlar, görünür, müharibənin dəhşətlərini, onun gətirəcəyi fəlakətləri ya anlamır, ya da anlamaq istəmirdilər.

Çəmənliklərdə ölmüş mal-qaranın üstündə quzğunlar oynaşır, yoluq boyunlarını tərpədə-tərpədə, iylənmiş cəmdəklərin üstündə atıla-atıla ətrafa meydan oxuyurdular. Mən uşaqlıqdan bu quşlardan iyrənirdim. Və mənə elə glirdi ki, bir gün onlar da məni dimdiklərinə alıb uzaq ellərə, meşələrə apara bilərlər.

Bir kəndin yanından keçəndə kalonumuz dayandı. Bizim tank lap arxada gedirdi. Çünki bir az əvvəl tırtılı xarab olmuş, onu düzəltmək xeyli vaxt aparmışdı. Ona görə də öndəki yerimizi başqa maşınlar tutmuşdu.

Biz tankda dörd nəfər idik. Komandirimiz tankın üstündə gedirdi, daha doğrusu, qurşaqdan yuxarısı çöldə idi. Kalon dayananda yerə atıldı, bizə də çölə çıxmağa icazə verdi.

Mən ətrafı seyr edir, evimizi düşünürdüm. Nar və heyva ağaclarının üstündəki meyvələrə, sanki, əl dəyilməmişdi, budaqları ağırlıqdan sallanırdı. Evlərin, pəyələrin, örüşlərin  üstündə qarğalar qarıldaşa-qarıldaşa uçuşur, elə bil, insanları gözləyən bəladan xəbərdar etmək istəyirdilər. Lap uzaqlarda - dağların başında qartallar dövrə vururdu.  Boş qalmış evlər, kimsəsiz itlər, mal-qara ürəyimizi ağrıdırdı. Hər tərəf toz-duman içində idi. Qara buludlar göydə köç edir, yerə qaranlıq kölgə salırdılar. Ümumən, hər şey qorxulu yuxunu xatırladırdı...

Birdən kimsə ətəyimdən dartdı, diksindim. Bu kimsəsizlikdə kiminsə olması ağlıma da gəlmirdi, təəccüb və heyrətlə aşağı baxdım. Ətəyimdən dartan beş-altı yaşlı, başı pırpızaqlı bir qız uşağı idi və əlində məktub tutmuşdu. Onun əynində nimdaş çəhrayı don, ayağında cırıq səndəl vardı, sanki ağlamış və kəndin toz-torpağı sir-sifətinə hopmuşdu. O, məsum və hürkək gözlərini mənə zilləmişdi:

- Əmi, ay əmi, bu məktubu atama verərsən, o da döyüşçüdü? -dedi.

Məktubu alıb baxdım. Üstündə nə ünvan, nə ad, nə də soyad vardı.

- Axı bura heç nə yazmamısan, - dedim, - mən onu necə tapım?

- O da sənin kim tank sürür, başında da sənin papağından var. Mənə şəkil də göndərmişdi, - dedi.

- Başa düşdüm, ancaq adını bilməsəm, onu necə tapa bilərəm? - deyə onun qarşısnda çömbəldim.

Uşaq heç nə demədi, duruxdu, səndəllərinin ucu ilə yeri qurdaladı, sanki dədəsinin adını yadına salmağa çalışırdı. Handan-hana:

- Verərsən də, yaxşı? - deyə qara gözlərini üzümə zillədi. O gözlərdə yalvarış qarışıq bir ərk, inam qarışıq ümidsizlik vardı. Bir xeyli mənə baxdı, sanki məni ovsunlamaq istəyirdi, sonra dodağının altında nəsə mızıldandı, ağlamsındı və geri çevrilib tozlu-torpaqlı yolla qaçmağa başladı. Qaçanda bir-iki dəfə büdrədi, amma yıxılmadı. Əl-qolunu ata-ata çəpərin o biri üzündə gözdən itdi...

Bulaqdan su içəndən, qablarımızı da doldurandan sonra  yola düşdük. Fikrim qızcığazın yanında qalmışdı: pırtlaşıq saçları, məsum gözləri, cırıq səndəli, toz-torpağa bulaşmış üzü gözlərimin qabağından çəkilmirdi.

- Nə yaman fikirlisən? - Səid adlı ekipaj yoldaşım qolumdan dartdı, - bir azdan döyüşə girəcəyik, ayıq-sayıq olmaq lazımdı.

- Bayaq dayandığımız kənddə bir qız uşağı gördüm. Mənə məktub verdi, "atama çatdırarsan" dedi. Amma məktubun üstündə ad-soyad yoxdu, dediyinə görə onun atası da tankçıdır. Sən belə bir adam tanımırsan, - deyə ondan soruşdum.

- Məktubu göstər görüm, - Səid dedi.

- Adi məktubdur, üstü də tər-təmiz, - dedim və boş zərfi qoltuq cibimdən çıxarıb göstərdim.

Səid məktubu alıb o tərəf-bu tərəfinə baxdı, əlində o üz-bu üzə çevirdi, sanki məktubun çatacağı ünvanı tapacaqdı. Sonra özümə qaytardı.

- Bilmirəm, - dedi.

Əslində bilə də bilməzdi, çünki o da ilk dəfə bu yerlərə gəlirdi...

Biz təyinat nöqtəsinə çatdıq. Səyyar hərbi hissə meşənin ortasında yerləşirdi və təzəcə qurulurdu. Komandir dedi ki, tankların üstünü ağac budaqları ilə örtək, maskirovka üçün. Əmr gələn kimi mövqelərə çıxacağıq.

Öyrəndim ki, bizdən öncə burda xidmət edən tankçılar varmış və onların çoxu öncəki döyüşlərdə həlak olublar.

- Mən bir tankçı tanıyırdım. Buralardan idi, ötən döyüşdə həlak oldu, tankla bir yerdə yandı. Cəsur adam idi!  - Bizdən əvvəl burda xidmət edənlərdən biri  mənim qəribə məktubun sahibi barədə sualıma cavabında dedi...

Səhərə yaxın döyüş başladı və axşama kimi davam elədi. Biz bir dəfə də olsun mövqeyə çıxmadıq. Səbəbini də bilmədik.

Səhərisi günü bizi geri göndərdilər. Çünki lazım olan mövqeni bizimkilər tutmuş, düşməni vurub ordan çıxara bilmişdilər.

Komandir dedi ki, yerimizi dəyişməliyik,  burda tanklara ehtiyac yoxdur, meşəlik olduğundan manevr eləmək mümkün deyil. Əvvəlki tankımızı da, elə buna görə itirmişik.

Başqa mövqeyə köçməli olduq. Geri qayıdanda komandir bizə də icazə verdi ki, tankın üstündə oturub ətrafı seyr edək. Mənə məktub verən qızcığazın kəndindən keçdik. Və yenə də qarağacın dibindəki bulaqdan su içdik. Kənd bu dəfə bombalamboş idi. Qızcığazın qaçıb getdiyi çəpərlərə tərəf boylandım, ancaq heç kimi görə bilmədim. Kənddən insan hənirtisi gəlmirdi. Amma mənə elə gəlirdi ki, qamışdan hörülmüş çəpərin o üzündən qızcığazın qara, yalvarışlı gözləri mənə baxır.

Təzə cəbhədə  bəxtimiz gətirmədi. Tankımızın tırtılı yenə  xarab olduğundan mövqedə manevr edə bilmədik və düşmən bizi vurdu. Gözümü açanda özümü hospitalda gördüm. Boynumdan ağır yaralanmışdım. Müalicəm bitəndən sonra cəbhəyə qayıtmaq istədim, amma həkimlər icazə vermədilər: "Səninçün hərbi xidmət də, müharibə də bitdi, evinizə qayıt!" Məlum oldu ki, həkimlərin bu qəddar hökmü əsaslıymış. Boynum müharibədən sonra uzun müddət düz-əməlli dönmədi...

Müharibə də bitdi, mən də ailə həyatı qurdum və qızcığazı da, onun məktubunu da unutdum. Amma bir gün... Bəli, bir gün mən onu gördüm.

Televizorda qəhrəman bir tankçıdan danışırdılar. Övladları da öz xatirələrini bölüşürdülər. Və mən həmin  qızcığazı gözlərindən tanıdım. Böyüsə də, üzündəki o yazıq ifadə, gözlərindəki məsumluq həminkiydi. Sanki mənə baxır və soruşurdu: "Məktubumu atama çatdıra bildin?!" Diksindim, elə bil kontuziyadan təzəcə ayılmışdım.

- Bu odur! - yoldaşıma, az qala, qışqıra-qışqıra dedim, - həmin qız!

- Kim?

- O uşaq, mənə məktub verən qız.

- Nə məktub?

Birdən yadıma düşdü ki, mən məktub barədə yoldaşıma heç nə  deməmişəm.

- O, mənim gödəkcəmin cibindəydi, təlaşla dedim.

- Cibindədirsə, yəqin ordadır, - yoldaşım özünü itirmiş halda cavab verdi.

Mən ilan vurmuş kimi yerimdən atıldım və otaqları ələk-vələk eləməyə başladım. Gödəkcə yükün altındaydı. Dartıb onu çıxardım. Məktub, eləcə bükülü halda qoltuq cibimdə dururdu...

Veriliş mənim yaxşı tanıdığım qaçqınlar yataqxanasından çəkilirdi. Həmin ünvana üz tutdum və soraqlaşıb onu tapdım.

Qapını o özü açdı. Qucağında bir körpə vardı, ondan bir neçə yaş böyük qız uşağı isə anasının ətəyindən tutmuşdu və heyranlıqla mənə baxırdı.

- Sizə kim lazımdır? -deyə soruşdu.

Evdən kişi səsi gəldi:

- Kimdir orda?

- Mən sizi axtarırdım, -dedim, - bu məktubu vermək üçün.

O, təəccüblə bir mənə, bir də əlimdəki məktuba baxdı.

Cavan bir kişi də qapıya gəldi, əriydi, yəqin.

- Kim lazmdır? -deyə soruşdu.

- Heç, bu məktubu sizə gətirmişəm - dedim və qıza (gəlinə) sarı dönərək: - Siz bir zaman uşaq olanda onu mənə vermişdiniz.

"Qızcığaz" dediyim gəlin yenə də key-key məktuba baxdı. Sonra onu məndən aldı, uşağı qucağından yerə qoymadan açdı, daha doğrusu, zərfin başını dartıb cırdı. Məktubun içindəki dama-dama kağıza uzun-uzadı baxdı. Gözləri doldu və məktubu sakitcə ərinə uzatdı.

Əri də məktuba baxdı, ora-bura çevirdi.

- Burda heç nə yazılmayıb ki? - deyə kağızı təəccüblə mənə uzatdı.

Mən kağızı aldım. Bu, şagird dəftərindən qoparılmış boş vərəq idi və orda yazı əvəzinə, saralmış ləkələr vardı...

Mən kağızı qaytardım və heç nə demədən pillələrlə aşağı endim.

- Ay əmi, dayanın,  yadıma düşdü! - Yuxarıdan qadının, həmənki qızcığazın titrək səsini eşitdim...

- Heç olmasa çay içərdiniz. - Bu isə ərinin səsiydi...

Evə gəldim. Birinci sinifdə oxuyan kiçik qızım stolun arxasında oturmuş, başını aşağı salmışdı. Göz yaşları yanağından süzülür, qarşısındakı ağ vərəqə tökülür və adda-budda ləkələr yaradırdı.

- Niyə ağlayırsan, qızım? - deyə nəvazişlə soruşdum və yaxına gəlib başını sığallamaq istədim.

Qızım stuldan sürüşüb yerə düşdü, mənə tərəf gəldi:

- Səndən ötrü darıxdım, - nəmli gözlərini aşağı dikib dedi və xırdaca əlləri ilə məni qucaqladı...

yanvar-fevral, 2022

 





10.04.2022    çap et  çap et