525.Az

Ermənilərin "Qarabağ" mifi və tarixi həqiqətlər


 

"QARABAĞ: MİF VƏ HƏQİQƏT" KİTABI HAQQINDA QEYDLƏR

Ermənilərin "Qarabağ" mifi və tarixi həqiqətlər<b style="color:red"></b>

Qafqazda XIX yüzildən başlayaraq bugünəcən davam edən çoxvektorlu proseslərə nəzər saldıqda görürük ki, bu proseslərin əslində iri dövlətlərin hegemonluğu ilə bağlılığı xarakter baxımından həm də yerli siyasi strukturlar və Qafqaz meqaregionu üçün epoxal siyasi hadisələri özündə əks etdirməkdədir. Bu hadisələrin tarixi kökləri 300 ilə yaxındır ki, yaşadığımız regionu (əvvəllər Persiyanı və Türkiyəni) daha çox narahat etmiş, XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin kütləvi şəkildə Qafqazda (əsasən Azərbaycan torpaqlarında) yerləşdirilməsi yerli əhali, ilk növbədə onun əksəriyyət təşkil etdiyi müsəlman hissəsi üçün neqativ nəticələrə gətirib çıxarmışdır.

Ermənilərin qeyd edilən dövrdən Azərbaycan ərazilərində iğtişaşlar törətməsi, yerli torpaqlara göz dikməsi, müsəlman (oxu azərbaycanlı - N.M.T.) əhali üçün misli görünməmiş problemlər yaratması bəzi dövrlərdə güclənib səngisə də, sonda çox böyük faciələrə səbəb olmuşdur. Burada əvvəlki dövrlərin xronologiyasına ardıcıl diqqət yetirməsək də, XX əsrin 80-ci illərinin sonlarından başlayan erməni həyasızlığı 2020-ci ilin 27 sentyabr-10 noyabr arasında özünün son uğurlu nöqtəsinə yetişdi. Məhz bu dövrdə artıq bıçaq boğaza dirənmişdi. Ermənilərin həyasızlığı elə bir həddə çatmışdı ki, erməni rəhbərliyi utanıb-çəkinmədən Qarabağda, onun ürəyinin başı Şuşada at oynatmaq istəyində bulunmuşdu. Belə olduğu halda Azərbaycanın bütün əhalisi erməni özbaşınalığına qarşı ayağa qalxmışdı. İndi artıq atəşə atəşlə cavab vermək vaxtı çatmışdı. Müharibə Azərbaycan xalqının və ordusunun triumfal qələbəsi ilə, Ermənistanın isə biabirçı kapitulyasiyası ilə sonuclandı. Misli görünməmiş zəfərə imza atıldı. Əvvəllər bu barədə nə qədər deyilib, yazılsa da, 2020-ci ilin sentyabrından erməni məkrinin, erməni təcavüzünün səbəblərini arayıb ortaya çıxaran çoxsaylı məqalələr, materiallar, kitablar, analitik monoqrafik tədqiqatlar işıq üzü görməyə başladı. Məhz qeyd etdiyimiz kontekstdə Sadir Məmmədov və Tural Məmmədovun "Qarabağ: mif və həqiqət" kitabının rolu kifayət qədər diqqətçəkəndir. Kitabda lakonik şəkildə ermənilərin Qafqaza, əsasən, Azərbaycana necə köçürülmələri, bu ərazilərdəki miqrasiya prosesləri, onların etnik tərkibinin ala-bəzəkliyi, Azərbaycanda törətdikləri ölçüyə gəlməz vəhşilikləri, Azərbaycanımızda onlar üçün yaradılmış şərait, bizim ərazilərimizdə bir dövlətə malik olduqdan sonra ikinci dövlət qurmaq cəhdləri, monoetnik indiki Ermənistanda digər xalqlara qarşı etnik təmizləmə apardıqları halda Azərbaycanda istənilən qədər (hətta indiki çətin vəziyyətdə belə 30 min ermənin yaşaması), toponimik, etnonimik, zoonimik, antroponimik cinayətlər törətməsi, Azərbaycan torpaqlarının işğalı, adət-ənənə və elmi falsifikasiyaları, ermənilərin Azərbaycana qarşı diplomatik müharibəyə girişməsi, bəşəriyyətə qarşı cinayətləri və müasir ermənilərin anti Azərbaycan insinuasiyaları, xalqımıza qarşı soyqırımı kimi məsələlər kompakt və hədəfə tuşlanmış şəkildə yer almışdır.

Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq və slavistika şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru,  BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının dosenti Sadir Məmmədovun və Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının əməkdaşı Tural Məmmədovun bu ilin əvvəllərində nəşr etdirdikləri "Qarabağ: mif və həqiqət" kitabı universitetlərin humanitar fakültələrində bakalavr və magistr pillələrində təhsil alanlar üçün gərəkli dərs vəsaiti olmaqla yanaşı, həm də doktorant, professor-müəllim heyəti, eləcə də geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbədir. Kitabda Qarabağımızın tarixi coğrafiyası, təbii landşaftı, etnik-milli və etik-mənəvi ənənələri nəzərdən keçirilir, ermənilərin bizim torpaqlarda Rusiya imperiyasının təkidi ilə yerləşməsi, Zəngəzur, Qarabağ və digər ərazilərimizdə törətdiyi vəhşiliklər, terror hadisələri və misli görünməmiş, insanlıqdan kənar cinayətləri, nəhayət, 2020-ci ilin payızında yenilməz Azərbaycan Ordusunun ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında əldə etdiyi triumfal Qələbənin başlıca səbəbləri retrospektiv və perspektiv müstəvidə araşdırılır, əsaslı təhlil süzgəcindən keçirilir. Kitabın Qarabağ, erməni-Azərbaycan və erməni-türk münasibətlərini işıqlandıran digər çoxsaylı mənbələrdən ilk növbədə janr baxımından fərqi ondan ibarətdir ki, burada müəlliflərin ən başlıca məqsədi əsərin dərs vəsaiti kimi tələbələr tərəfindən "həzm edilməsinə" nail olmağa çalışmaqdır. Bəhs etdiyimiz mənbənin həm də digər bir başlıca cəhəti ondan ibarətdir ki, sanki Qarabağ mövzusunu dominanta kimi götürən müəlliflər bir kontekstdən digər kontekstə keçidi elə spontan və ardıcıl qururlar ki, Qarabağ problemi ermənilərin türklərə və azərbaycanlılara qarşı etdikləri bu "hədiyyələrin" coğrafiyası müxtəlif regionlarda hansı şəkildə cərəyan edib, təlatümlər yaratdığı oxucuların gözü qarşısında canlanır. Məhz belə mövqedən yanaşdıqda müəlliflərin sərlövhəyə çıxardığı başlıqlara verdikləri izahlar oxucular (həm də digər çoxsaylı təfəkkür sahibləri) üçün problemin xüsusi olaraq anlaşılmasında maraqlı yol xəritəsi, logistik mahiyyət daşıyır. Odur ki, S.Məmmədov və T.Məmmədov bu kitabda Qarabağın tarixi-coğrafi mövqeyini aydınlaşdırdıqdan sonra, ermənilərin adı çəkilən regionda məskunlaşması, onların türk ərazilərində dövlət qurmaq istəyi, bu xülyalarının Rusiya imperiyasının ambisiyaları və dövlət maraqları ilə üst-üstə düşməsi, erməni komitələrinin yaranması, onların "xeyir-dua"sı ilə üsyanlara hazırlaşmaları, müxtəlif coğrafiyalarda (Musabəy, Ərzurum, Qumqapı və s.) törətdikləri hadisələr, erməni silahlı dəstələrinin Türkiyəyə hücumu, Merzifon və Yozqat hadisələri, I Sasun üsyanı, Anadoluda ortaya çıxan erməni hərəkatları, II Sasun, Zeytun, Van üsyanları, İngiltərənin erməni siyasətinə təsiri, Muş hadisələri, onların Osmanlı bankına basqınları, Ərzum və Bitlis üsyanları, ermənilərin II Abdulhəmidə qarşı  terror cəhdləri, Adana hadisələri, uydurma qırğın iddiaları, qədim erməni dili ilə bağlı iddialarına cavablar və eyni zamanda ermənilərin məkirli niyyətlərinin tarixi mənbələrdə yer almasına nəzər yetirilmiş, problemə uyğun təfəkkür bucağından yanaşılmışdır.

Araşdırmaya cəlb edib, təhlilini apardığımız kitabın növbəti hissəsi bir neçə əsaslı bölmələri əhatə edir ki, burada müəlliflər Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurları nəzərdən keçirir, Prezident İlham Əliyevin "Valday" klubundakı çıxışının, MDB dövlət başçılarının Aşqabadda keçirilən tədbirdə, Dini liderlərin II Sammitində, BDU-ində, MDB Dövlət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradındakı (10 dekabr 2021-ci il) və yenə də onun Milli Məclisdəki çıxışı (16 iyun 2021-ci il), Ali Baş Komandan İlham Əliyevin Şuşada hərbçilər qarşısında etdiyi çıxışı (8 noyabr 2021-ci il) və s. kimi materiallar öz mahiyyətinə görə nəzərdən keçirilmiş, onlara uğurlu münasibət sərgilənmişdir.

Müəlliflərin dərs vəsaiti materiallarının janrına uyğun olaraq qurduqları bu kitabın daha çox nəzərəçarpacaq tərəflərindən biri də hər konkret, hətta yığcam bölmə və hissələrdə tələbələrin bilik səviyyəsini yoxlamaq üçün "Sual və tapşırıqlar"ın təqdim olunmasıdır. Fikrimizcə, kitabda müvafiq "Sual və tapşırıqlara" yer verilməsi Qarabağ, Ermənistan-Azərbaycan, azərbaycanlıların və türklərin deportasiyası və soyqırımı ilə bağlı əsaslı məsələlərin dərindən öyrənilməsinə nəzərəçarpacaq dərəcədə köməklik göstərir. Çünki dərs və tədris vəsaitlərinin başlıca məqsədi tələbələr tərəfindən alınmış biliklərin dərindən və əsaslı mənimsənilməsini nəzərdə tutur. Fikrimizcə, tarix və ədəbiyyat üzrə dərslik və dərs vəsaitləri kimi S.Məmmədov və T.Məmmədovun araya-ərsəyə gətirdikləri bu mənbə, həm də dərsliklərin ortaya çıxması üçün mühüm özül, mənbə və materiallardan biri kimi xidmət edə bilər. Məlum olduğu kimi, dərs vəsaitlərinin növləri də rəngarəngdir - onlar oxu üçün kitablar, müntəxabatlar, sorğu kitabları, lüğətlər, adaptasiya olunmuş mətnlər, tapşırıq və təmrinlər və s. ola bilər.

Burada belə bir sual da meydana çıxa bilər ki, adətən, dərs vəsaitləri dərsliklərə yardımçı mənbə kimi ortaya gəlməlidir. Bu baxımdan ölkəmizdə Qarabağ, Ermənistan-Azərbaycan, erməni məkrinin müxtəlif tərəflərini təhlil edib, ortaya qoymuş ali məktəb, yaxud orta məktəb, orta ixtisas məktəbləri üçün nəzərdə tutulmuş dərsliklərdən istifadə olunması ilə bağlı mənbələrin mövcud olub-olmaması da maraqlıdır. Bu suala biz cavab verməkdə bir qədər çətinlik çəksək də, hesab edirik ki, əgər belə dərslik və dərs vəsaitləri yoxdursa, deməli, biz hələ də xalqımız üçün taleyüklü məsələni gərəyincə qiymətləndirmir, ya da ona lazımi önəm vermirik. Odur ki, bugünkü mürəkkəb mərhələdə dərs vəsaiti kimi hazırlanmış "Qarabağ:mif və həqiqət" kitabının funksional və tətbiqi dəyərinin böyük olduğuna inanırıq.

S.Məmmədov və T.Məmmədovun "Qarabağ: mif və həqiqət" kitabının digər bu tipli əsərlərdən fərqli tərəfi materialın lakonikliyi, müxtəsərliyi, kompakt şəkildə təqdimatı, tezisvari tərtibatı daha çox diqqəti cəlb edir. Elə zənn edirik ki, tələbələr belə mənbələrdən rahat şəkildə istifadə etməyə həvəsli olacaqlar. Başqa sözlə desək, haqqında bəhs etdiyimiz bu dərs vəsaitindən tələbələrin yığcam konspekt etmələri də mümkündür. Bu rakursdan yanaşdıqda deyə bilərik ki, belə materiallar kitabın tətbiqi əhəmiyyətini də xeyli dərəcədə artırır.

S.Məmmədov və T.Məmmədovun tələbələrin və oxucuların diqqətinə təqdim cəlb etdiyi bu mənbənin dərslik janrında ortaya çıxacaq nümunələrdən fərqi bir də ondan ibarətdir ki, burada həm tarixi, həm nəzəri, həm praktik materialların hamısı sanki "üçü birində" kimi təqdim olunmuşdur. Bu dərs vəsaitinin digər bir önəmli cəhəti onun yetərincə sadə dillə yazılmaqla Qarabağ, Ermənistan-Azərbaycan müharibəsi, erməni məsələsi, mənfur erməni hiyləgərliyi, onların Türkiyəyə və Azərbaycana torpaq iddiası ilə bağlı məsələ qaldırması kontekstindən müəlliflərin başlığa çıxardıqları mövzu ilə əlaqədar ətraflı bilgilər verməyə hesablanmışdır. Dərs vəsaiti daha operativ ortaya qoyulduğundan kitaba yeni və daha çox aktuallıq kəsb edən materiallar daxil edilmişdir. Bu materiallar tələbələrin Qarabağ, ermənilər və erməni xisləti ilə bağlı fundamental bilikləri mənimsəmələri baxımından daha böyük dəyər daşımaqdadır. Kitabın tematik bölmələri, ümumiləşdirici müddəaları, didaktik aparatı, tələbələrin biliklərinin yoxlanılmasına istiqamətlənən sual və tapşırıqlar nəzərəçarpacaq dərəcədə uğurlu və ölçülü-biçili şəkildə təqdim olunmuşdur.

Bir neçə kəlmə də kitabın poliqrafik baxımdan uğurlu təqdimatı barədə. Kitabın üz qabığını çevirəndə oxucu kimi dağıdılmış, viran qoyulmuş tükürpədici, qorxunc mənzərə ilə rastlaşırıqsa, üz qabığının arxa tərəfinin içərisində yetərincə əzəmətli mənzərənin şahidi oluruq. Burada 44 günlük Zəfər qələbəsindən sonra yeni tikilib istifadəyə verilmiş Zəfər yolu, Füzuli Beynəlxalq aeroportu, Şuşa qalasının o yanından Xurşidbanu Natavan, Üzeyir Hacıbəyli və Bülbülün əzəmətli baxışları, Vaqifin dağıdıldıqdan sonra bərpa edilmiş məqbərəsi və heykəli, Şuşaya gedən Zəfər yolunun yaşıllığa bürünmüş əsrarəngiz landşaftı bu mənzərəyə baxanları heyran etməkdədir. Hesab edirik ki, poliqrafiya, forma və struktur baxımından da S.Məmmədov və T.Məmmədovun "Qarabağ: mif və həqiqət" kitabını (dərs vəsaitini) uğurlu nəşr nümunəsi kimi təqdir etmək mümkündür. Kitabın başlıca leytmotivi Qarabağın Azərbaycanın minilliklərdən bəri tərkib hissəsi olduğunu sübut etməkdədir. Müəlliflər fikrimizcə, nəzərdə tutduqları mətləbə gərəyincə yetişmişlər. Onları bu uğur münasibəti ilə bağlı təbrik edir və bir daha "Qarabağ Azərbaycandır - deyirik".

P.S. Adını çəkdiyimiz kitabla bağlı fikirlərimizi yekunlaşdırarkən onu da qeyd etməyi lazım bilirik ki, bu gərəkli əsərin müəlliflərindən biri - Birinci Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağda Daxili İşlər İdarəsinin rəis müavini işləmiş polis polkovniki Sadir Surxay oğlu Məmmədov müharibə veteranı kimi regionda gedən proseslərin canlı şahidi və iştirakçısı olmuşdur. Qarabağda baş vermiş faciələrin xeyli hissəsi məhz onun gözləri qarşısında baş verdiyindən, kitabın əksər yerləri nəinki müharibə xronikasını xatırladır, həm də həmin faciənin əksər tərəflərinin müəllif şəhadəti ilə qələmə alındığını sübut edir. Atalarımızın məsəli var, gözü ilə görən hamıdan çox bilir. Sadir Məmmədov da bu kitabda qələmə alınanların xeyli yerlərini öz canında yaşamışdır. Məhz buna görə də bəhs etdiyimiz kitabda problemə münasibətdə tarixiliklə yanaşı, insan hisslərinin səmimi notları da üstünlük təşkil edir.

 





10.04.2022    çap et  çap et