525.Az

Lavrovun dediklərinə "ekspert" şərhi - Əflatun Amaşov


 

Lavrovun dediklərinə "ekspert" şərhi -<b style="color:red"> Əflatun Amaşov</b>

Ermənistan mediasında yer almış bir fikirlə bağlı düşüncələrimi bölüşmək istərdim. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupu ilə bağlı məlum açıqlaması Azərbaycan cəmiyyətində olduğu kimi, Ermənistan cəmiyyətində də ciddi müzakirə olunmaqdadır. Məsələyə yerli ekspertlərlə yanaşı, xarici ekspertlər də münasibət bildirirlər. Xaric deyərkən çox da uzağa getmək lazım deyil. Elə Rusiya nəzərdə tutulur. İndiki halda ekspert üçün də çox axtarış tələb olunmur. "Regnum" İnformasiya Agentliyinin rəhbəri Modest Kolerov. O informasiya agentliyinin ki, ermənilərin təsir dairəsində olduğu hamıya bəlli həqiqətdir. Ermənistan mediasının da birbaşa Rusiyanın təsiri altında olduğunu sübut etməyə gərək yoxdur.

Kolerov Lavrovun fikirlərini şərh edərkən bir çox məsələlərdən danışır. Vurğuladağı başlıca məqam isə budur ki, Qarabağ erməniləri Rusiya yolunu tutsunlar. Başqa sözlə, Ermənistanın ümüdinə qalmasınlar. Bu yerdə Qarabağdakı ermənilərə Rusiya vətəndaşlığının verilməsi də gündəmə gəlir ki, məsələdən əvvəllər də bəhs olunmuşdu.

Gələk Lavrovun söylədiklərinə. "Bizim ABŞ və Fransa, necə deyərlər, tərəfdaşlarımız rusofob məstliyi ilə Rusiya Federasiyasına aid olan nə varsa, ləğv etməyə çalışaraq bəyan ediblər ki, bizimlə bu formatda ünsiyyət saxlamayacaqlar. Bu onların ixtiyarıdır, əgər onlar Qarabağda və ümumiyyətlə Zaqafqaziyada tənzimləmə üzrə maraqlarını qurban verməyə hazırdırlarsa, bu - onların seçimidir", - Rusiya XİN rəhbəri deyir.

Buradan belə nəticəyə gəlmək mümkündür ki, Rusiya Lavrovun şəxsində Cənubi Qafqaz üzrə qərar vermək səlahiyyətinin Moskvaya məxsusluğunu qabardır. Nəzərə alsaq ki, Rusiya XİN rəhbəri fikrini Ermənistanın xarici işlər naziri ilə görüş əsnasında bildirir, deməli, Brüssel görüşünün timsalında Avropa İttifaqının vasitəçilik missiyasına əhəmiyyətsiz yanaşma mövcuddur. Əslində, modestkimilər də bunu təbliğ edirlər. Ona görə Qarabağdakı rus sülhməramlıları məsələni qabardırlar. Qabartdıqları həm də Ermənistan hakimiyyətinə verdikləri Qarabağ mesajıdır. O mesaj ki həm də Ermənistanın daxili ictimai rəyini bir növ çalxalamağa, Azərbaycan və Ermənistan liderlərinin görüşünü və görüş nəticəsində əldə olunmuş razılığı müəyyən mənada heçə endirməyə yönəlib. Minsk qrupunun de-fakto yoxluğunu qabardan Lavrov Qərbə bildirir ki, arxa-dayaq durmadığınız Qarabağ ermənilərinin taleyi Rusiyadan asılıdır. Bu, ermənilərin də anlayacağı dildir.

Əslində, belə hallar gözləniləndir və sülh prosesi üzrə danışıqlarda pozitiv nələrinsə əldə edilməsi ehtimalının olduğu perspektivdə bu sayaq spekulyasiyaların yenə meydana çıxacağını aşkar görünür. Yəni Modest Kolerov kimilərin sayı zamanla arta bilər. Ən pisi isə budur ki, modestlərin Rusiyanın rəhbərliyi səviyyəsində ortaya atılmadıqlarına inam yoxdur.

Material müəllifin Feysbuk səhifəsindən götürülüb.

 





12.04.2022    çap et  çap et