525.Az

Müəllimlər Müəllimi - Maqsud Cavadov - Misir Mərdanov yazır


 

Müəllimlər Müəllimi - Maqsud Cavadov -<b style="color:red"> Misir Mərdanov yazır</b>

Azərbaycan tarixinin son minillik dövründə ən mühüm hadisələrdən  biri hesab edilən Vətən müharibəsindəki parlaq qələbəmizin qazanılmasında, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən igidlərimizin zəfərində heç şübhəsiz müəllimlərin də öz payı, xüsusi xidmətləri vardır. Məhz müəllimlərimizin aşıladığı vətən sevgisi, ilk olaraq bizə "ana" kəlməsi ilə "vətən" sözünü öyrətməsi, siniflərdə asılan Qarabağ nisgilli plakatlar, "öncə Vətəndir" hayqıran tədbirlər, şüurlarımıza həkk olunan "Vətəni sevməyən insan olmaz" həqiqəti gənclərimizi inanılmaz qəhrəmanlıqlara apara bildi. Müəllimlərin xalqımızın taleyindəki əvəzsiz roluna belə böyük sevgi ilə yanaşmaq və onu dəyərincə qiymətləndirmək bizim milli mentalitetimizdən irəli gəlir. Dünyanın, bəlkə də yeganə xalqıyıq ki, ən hörmətli adama "cənab","müsyo","pan","ağa" yox, məhz "müəllim" deyə müraciət edirik. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.

Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir ki, "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı". Hər kəsin taleyində öz rolu, yeri olan müəllim mənim həyatımda da mühüm yer tutmuş, "yerdən göyə qalxmağımda" müstəsna  rol oynamışdır. Orta məktəb illərindən bu günə qədər öyrəndiyim  biliklərə, ilk yazdığım hərflərdən ən mürəkkəb riyazi hesablamalara qədər edə bildiklərimə görə onlara borcluyam. Allaha şükür  ki, körpə yaşlarımdan hər zaman qarşıma mükəmməl insanlar, sənətinin fədaisi, öyrətmək ehtirası ilə ömrünü şam kimi qətrə-qətrə əridən müəllimlər çıxıb. Ona görə ulu öndər Heydər Əliyevin söylədiyi  "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" fikrini qəlbimizə nur, beynimizə ziya verən, cəmiyyətin öz gələcəyini etibar etdiyi müəllimlərin  əvəzsiz missiyasına verilən  yüksək qiymət kimi həmişə xatırlayıram.

Hər zaman xoş duyğularla yada  saldığım, gəncliyimdən bu günə qədər ömrümə mayak kimi bələdçilik edən belə insanlardan biri də böyük alim, nurlu insan, alicənab, qəlbi büllur kimi saf, Azərbaycanda müasir riyaziyyat elminin və riyazi təhsilin yaranmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, müəllimlər müəllimi, professor Maqsud Cavadovdur. Xoşbəxtəm ki, onunla təmasda olmaq, bu böyük insanın dərin zəkasını, qürurlu yerişini, əzəmətli duruşunu, ətrafındakılara səmimi münasibətini, insanlara diqqətini, tələbələrə qayğısını görmək və ondan dərs almaq, öyrənmək imkanım olmuşdur. 

Həmin dövrdən 60 ilə yaxın vaxt keçsə də, onun xoş rəftarı, gülər üzü, hər bir tələbəyə doğma övlad münasibəti, əsl ziyalıya məxsus ünsiyyət mədəniyyəti nümayiş etdirməsi, yüksək riyazi biliyi və bacarıqları, məğrur baxışı, ağayana yerişi, sadəliyi və səmimiliyi, yazı taxtasında riyazi düsturları bir-birinin ardınca gözəl xətlə muncuq kimi düzməsi yaddaşlara həkk olunmuşdur.

Hesab edirəm ki, xalqımızın tarixinin, elminin və mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş insanların  həyat və fəaliyyətləri haqqında yazmaq zərurəti təkcə dünyasını dəyişmiş həmin böyük şəxsiyyətlərin müqəddəs ruhları qarşısındakı mənəvi borcumuz deyil, həm də tarix və millət qarşısındakı vətəndaşlıq borcumuzdan irəli gəlir. Elmimizin, təhsilimizin və bütövlükdə mədəniyyətimizin  beşiyi başında durmuş böyük insanlar haqqında dəfələrlə yazmalı və onların tükənməz irsinə dönə-dönə müraciət etməliyik. Əks halda, millət öz tarixini, görkəmli şəxsiyyətlərini  unuda bilər. Unutqanlıq isə dəhşətli bəladır və tarixin  dəfələrlə sübut etdiyi kimi, milli nihilizmin bünövrəsidir.

Düşünürəm ki, bu günlərdə 120 illik yubileyini qeyd etdiyimiz görkəmli şəxsiyyət, böyük alim və müdrik müəllim Maqsud Cavadovun əziz xatirəsini yad etmək hər bir Azərbaycan ziyalısının müqəddəs borcudur.

Maqsud Əlisimran oğlu Cavadov 1902-ci il aprelin 13-də İsmayıllı rayonunun Basqal kəndində yoxsul bir ailədə anadan olmuşdur. Atası Əlisimran Cavadov 1913-cü ildə, anası Mələk Qulu qızı isə 1918-ci ildə vəfat etmiş, 16 yaşlı Maqsud valideyn himayəsindən məhrum olmuşdur. O, ibtidai təhsilini Basqal kənd məktəbində almış, 1914-1918-ci illərdə Şəkidə yaşayan dayısı Ağaəli Quliyevin köməyi ilə təhsilini Şəki gimnaziyasında davam etdirmişdir. Anası Mələk xanımın ölümündən sonra 1918-ci ildə öz doğma kəndinə qayıtmış, orada özündən kiçik olan iki qardaşının qayğısını öz üzərinə götürərək  kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır. 1919-cu ildə kənddə baş verən bədbəxt hadisə nəticəsində onun sol əli amputasiya olunmuşdur.

Maqsud Cavadov 1920-ci ildə sonra nahiyə hərbi komissarlığında işə düzəlir və 1923-cü ilə qədər orada katib, 1923-1924-cü illərdə isə Basqal kəndində nahiyə Kənd sovetinin katibi vəzifəsində işləyir.

O,1924-cü ildə Şamaxı rayon nahiyə Təhsil Şöbəsinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1927-ci ildə həmin institutu orta məktəblər üçün riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Pedaqoji İnstitutu bitirdikdən sonra xüsusi istedadı nəzərə alınaraq Maarif Nazirliyi tərəfindən Bakıda saxlanılmış və təhsilini davam etdirmək məqsədilə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) göndərilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, həmin dövrün qaydalarına görə aspiranturaya aspiranturaya (indiki doktorantura) qəbul olunmaq üçün ADU-da iki il oxumaq tələb olunurdu. Ona görə də Maqsud Cavadov 1927-1930-cu illərdə universitetin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. O,1930-cu ildə universitetin Fizika-riyaziyyat fakültəsini  bitirib, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1932-ci ildə həmin institutun aspiranturasını "Ali məktəb müəllimi" ixtisası üzrə bitirmişdir. Onun şəxsi işi ilə yaxından tanış olduqda məlum olur ki, Maqsud müəllim eyni zamanda, 1927-1928-ci illərdə tələbəsi olduğu universitetin Ali riyaziyyat kafedrasında elmi işçi kimi çalışmışdır.

Maqsud Cavadov pedaqoji fəaliyyətə 1927-ci ildə Bakı İqtisadiyyat və Sənaye texnikumunda başlamış, 1930-cu ilə qədər burada işləmişdir. 1930-1934-cü illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Ali riyaziyyat kafedrasında assistent, 1934-1938-ci illərdə həmin institutda və Azərbaycan Dövlət Universitetində dosent əvəzi vəzifəsində çalışmışdır. O, 1938-ci ildən universitetin Riyaziyyat kafedrasında dosent kimi fəaliyyətə başlamışdır.  Maqsud müəllim eyni zamanda  1932-1939-cu illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1936-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmişdir. O, 1940-cı il iyunun 21-də Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində fəaliyyət göstərən Dissertasiya müdafiəsi Şurasında "Honometrik sistemlər" mözusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1940-cı ilin 07 oktyabrında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Qeyd etmək lazımdır ki, Maqsud Cavadov Azərbaycanda riyaziyyat üzrə ilk alimlik dərəcəsi almış şəxslərdən biri olmuşdur.

Maqsud Cavadov 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetində özünün yaratdığı Həndəsə kafedrasının müdiri, eyni zamanda 1943-cü ilin martından, 1944-cü ilin dekabrına qədər universitetin Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-cü ilin dekabrından 1952-ci ilin sentyabrına qədər universitetin Tədris işləri üzrə prorektoru vəzifələrində işləmişdir. Həmin illərdə ADU-nun ikişafında, burada elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, ədalətli və sağlam təlim-tərbiyə mühitinin formalaşlaşmasında, yeni fakültələrin, kafedraların və laboratoriyaların yaradılmasında, milli kadrların yetişdirilməsində  Maqsud Cavadovun müstəsna xidmətləri olmuşdur.

Maqsud müəllimin təşəbbüsü və rəhbərliyi ilə Tədris işləri üzrə prorektor yanında  yaradılmış tədris-metodiki şura tədrisin təkmilləşdirilməsində mühüm rol oynayırdı. Şuranın tərkibinə fakültə dekanları, kafedra müdirləri, görkəmli mütəxəssislər, professor və dosentlər daxil edilmişdi. Tədris-metodik şuranın 6 bölməsi var idi: Filologiya elmləri, tarix-fəlsəfə elmləri, hüquq və iqtisad elmləri, fizika-riyaziyyat elmləri, təbiyyat elmləri, hərbi-bədən tərbiyəsi elmləri. Metodik iş fakültə və kafedralarda aparılır, tədris-metodiki şura isə əlaqələndirmə və ümumiləşdirməyə rəhbərlik funksiyalarını yerinə yetirirdi. Tədris-metodiki şuranın əsas xidmətlərindən biri "Açıq mühazirələrin" keçirilməsi idi. Mühazirələrdən sonra onun geniş təhlili keçirilir, üstün və nöqsanlı cəhətləri qeyd edilir, müəllimin işinə qiymət verilirdi. Universitetin tarixində ilk açıq mühazirə 1949-cu il martın 29-da Fizika-riyaziyyat fakültəsinin II kursunda Həndəsə kafedrasının müdiri, dosent Maqsud Cavadov tərəfindən oxunmuşdu. İkinci mühazirəni 1949-cu il aprelin 5-də Biologiya fakültəsinin III kursunda professor Abdulla Qarayev (sonralar Azərbaycan Dövlət Universitetinin rektoru, Respublika Ali və orta ixtisas təhsili Komitəsinin sədri, akademik)  oxumuşdu. Hesab edirəm ki, Maqsud Cavadovun təşəbbüsü ilə vaxtilə ölkə ali təhsil sistemində tətbiq edilmiş və tədris prosesinin  təkmilləşməsinə böyük müsbət təsir göstərmiş həmin ənənələri bu gün də davam etdimək yaxşı olardı. 

Maqsud Cavadovun Azərbaycanda riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında və ali məktəblərdə riyaziyyatın tədrisində, Azərbaycan dilində riyazi terminlərin yaradılmasında və formalaşmasında da böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq  müddətdə Maarif Nazirliyinin Elmi Metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir.

Onun respublikanın ali məktəblərində ali riyaziyyatın müxtəlif sahələri üzrə Azərbaycan dilində mükəmməl mühazirələrin oxunmasında, ana dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında xidmətləri əvəzsizdir. Maqsud müəllimin 1934-cü ildə Azərbaycan Sənaye İnstitutunun mətbəəsində çap olunmuş "Diferensial həndəsə", 1936-cı ildə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun mətbəəsində çap olunmuş "Analitik həndəsə", 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Xətti kvadratik formalar", 1942-ci ildə professor Yaroslav Borisoviç Lopatinski ilə birgə Azərbaycan Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Qruplar nəzəriyyəsinin elementləri", 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Vektor hesabının analitik həndəsəyə tətbiqləri", 1954-cü ildə Qiyabi Pedaqoji İnstitutun mətbəəsində çap olunmuş "Determinantlar nəzəriyyəsi", 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Vektor hesabı" kitabları, rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor Segey Sergeyeviç Byuşgensin "Analitik həndəsə" I, II cildlər, "Diferensial həndəsə" I cild, professor Nil Aleksandroviç Qlaqolyevin "Proyektiv həndəsə", professor  B.N Pobedinskinin "Proyektiv həndəsə" kitablarının vaxtilə ölkəmizdə riyazi təhsilin inkişafında böyük rolu olmuş, bu gün də öz əhəmiyyətini itirməmişdir. 

Maqsud müəllim analitik həndəsə, diferensial həndəsə, həndəsə əsasları fənlərindən sadəcə dərs demirdi, gözlərimiz qarşısında onu sanki yenidən yaradır, incəliklərinə qədər açıqlayır, tələbələrinə ana laylası kimi  sevdirirdi.  Auditoriyada çox ciddi müəllim idi, ancaq bilikli, savadlı tələbə görəndə uşaq kimi sevinərdi. Bir yadda qalan xüsusiyyəti də var idi ki, tələbələrin geyiminə, səliqəsinə çox fikir verərdi. Maqsud Cavadov ensiklopedik biliyə malik hərtərəfli insan idi. O, ədəbiyyatı, xüsusən poeziyanın çox yaxşı bilicisi idi. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Ömər Xəyyam, Mirzə  Ələkbər Sabir, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikməti və digərlərini  dərindən bilir, şeirlərini əzbər söyləyirdi.

Bu gün Azərbaycanın qocaman riyaziyyatçılarından biri, professor Nadir Süleymanov öz xatirələrində yazır ki, "1966-cı ildə Moskva Dövlət Universitetində Maqsud müəllimin qardaşı oğlu Mais Cavadov doktorluq dissertasiyasını müdafiə edirdi. Həmin gün axşam Mais müəllimin dissertasiya müdafiəsi münasibəti ilə Moskvanın "Budapeşt" restoranında geniş bir ziyafət təşkil olunmuşdu. Ziyafətdə Maqsud Cavadova hörmət əlaməti olaraq Rusiyanın  nüfuzlu alimləri, bəziləri hətta öz həyat yoldaşları ilə iştirak edirdilər. Həmin məclisdə Lenin mükafatı Laureatı, Sosialist Əməyi qəhrəmanı akademik A.N.Tixonov, akademik L.A.Lyusternik həyat yoldaşları ilə,  Rusiyanın tanınmış alimləri, professorlar V.V.Nemıtskiy,  V.A.İlin,  A.Q.Kostyuçenko, M.İ.Vişik,  B.A.Rozenfeld,  V.B.Lidskiy,  M.G.Qasımov və başqaları var idi.

Məclisi Maqsud müəllim aparırdı. Bütün məclis boyu təmiz rus dilində onun məzmunlu, yumorla dolu, şərq zərb-məsələləri ilə zəngin söhbətləri, müdrik kəlamları, yerli-yerində hikmət dolu lətifələri məclis iştirakçılarını məftun etmişdi. Hətta Qurani - Kərimdən, Nizami Gəncəvidən, Sədi Şirazidən, Mirzə Ələkbər Sabirdən, Ömər Xəyyamdan, məşhur rus yazıçı və şairlərinin əsərlərindən  sitatlar, beytlər və ibrətamiz sözlər səsləndi. Azərbaycan zərb-məsələlərini əvvəl öz dilimizdə deyib, sonra rus dilinə tərcümə edirdi.  Hamı bu müdrik insanın təmiz rus dilində danışdığı belə söhbətlərə, aforizmlərə, deyimlərə heyranlıqla qulaq asır və bu insanın intellektinə valeh olurdular. 

Doğrusu, o zamana qədər mən də Maqsud müəllimin belə geniş diapazonlu müdrik bir insan olduğunu bilmirdim. O dövrdə özlərini "böyük qardaş" kimi bizdən artıq hesab edən,  bir çox hallarda  bizə yuxarıdan aşağı baxan ruslar onların tarixinə və ədəbiyyatına dərindən bələd olan, onların ana dilində sərbəst danışan,  müdrik misallar çəkən, yalnız riyaziyyat sahəsində yox, həm də ədəbiyyat, incəsənət sahələrində belə qədər dərin biliyə malik bu zəngin insanın zəkasına heyran olmuşdular. Onlar heç ağıllarına da sığışdıra  bilməzdilər ki, Azərbaycanın ucqar bir kəndində valideyn himayəsindən məhrum böyümüş bu adam təhsilini kənd məktəbinin Azərbaycan bölməsində almışdır. Məclisin sonunda hamının eşidəcəyi bir tərzdə akademik L.A.Lyusternik Maqsud müəllimə müraciətlə dedi ki, Maqsud müəllim, biz hamımız bu axşam Sizin dərin zəkanıza heyran olduq, biz Sizi ancaq böyük riyaziyyatçı kimi tanıyırdıq, bu qədər dərin və hərtərəfli biliyə malik olduğunuzu bilmirdik.  

Məşhur Sovet riyaziyyatçısı Boris Abramoviç Rozenfeld öz xatirələrində yazır ki, "1946-cı ilin payızında Moskva Dövlət Universitetində, vektor və tenzor analizi ilə bağlı seminarda professor P. K. Raşevski məni Azərbaycan Dövlət Universitetinin Həndəsə kafedrasının müdiri Maqsud Cavadovla tanış etdi. Professor P. K. Raşevski Maqsud Cavadovun namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdu. Maqsud Cavadov məndən xahiş etdi ki, Bakıya gəlib onun rəhbərlik etdiyi kafedrada işləyim. 1950-ci ildə mən onun dəvəti ilə Bakıya gəldim. Həmin dövrdə o, universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı. O, məni rəhbərlik etdiyi kafedraya professor vəzifəsinə qəbul etdi. 1950-ci ilin sentyabr ayının birindən universitetdə işə başladım. Həmin dövrdə universitet indiki İstiqlaliyyət prospektində yerləşirdi. Mən rus bölməsində həndəsədən mühazirə oxumalı, V kursun beş tələbəsinin, III kursun səkkiz tələbəsinin və Azərbaycan bölməsində IV kursun dörd tələbəsinin kurs işlərinə rəhbərlik etməli idim. Azərbaycan bölməsinin tələbələrinə qeyri- Evklid həndəsəsindən rus dilində  mühazirə oxuyurdım. Bu zaman Maqsud Cavadov mənim yanımda oturar, dediklərimi Azərbaycan dilinə tərcümə edər və  tələbələrin suallarına cavab verərdi. O, çox istedadlı və bilikli alim, müdrik insan, Azərbaycanda riyaziyyat məktəbinin və riyazi təhsilin yaradıcılarından biri idi".  

O, xeyirxahlığı, gənclərə münasibəti, imkansız ailələrdən olanlara xüsusi diqqəti və qayğısı ilə hər kəsə nümunə olan bir insan idi. Təkrarsız insani keyfiyyətlərə malik böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik və nikbinlik onu ətrafındakılarla doğmalaşdıran ən mühüm keyfiyyətlərdən idi. Maqsud müəllim bir şəxsiyyət kimi keşməkeşli həyat yaşadığından tələbələrə xüsusi qayğı ulə yanaşar, onlara dərin inam bəsləyirdi ki, bu da gənclərə həyatda və elmi  problemlərin həllində çətinlikləri müvəffəqiyyətlə aradan qaldırmaqda böyük psixoloji yardım göstərirdi. 

Cəsarətlə demək olar ki, Maqsud Cavadov dünya şöhrəti qazanmış görkəmli alim Nəsirəddin Tusidən sonra həndəsə sahəsində Azərbaycan xalqının yetirdiyi ikinci böyük alim idi. O, 1957-ci ildə Kazan Dövlət Universitetində "Cəbrlər üzərində qurulan həndəsələr" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Maqsud müəllim gənc elmi kadrların hazırlanmasına ciddi səy və diqqət göstərirdi. Respublikamızda və respublikadan kənarda gənc alimlər  onun işlərini müvəffəqiyyətlə davam etdirirdilər. Azərbaycan riyaziyyatçılarının böyük bir qrupu bilavasitə onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək alimlik dərəcəsini almışlar.

Maqsud Cavadov respublikamızda riyaziyyatın inkişafı tarixinə dair bir neçə qiymətli məqalənin müəllifidir. Respublikada riyaziyyat tədrisi metodikasının bir elm kimi inkişafında onun böyük  xidmətləri olmuşdur. Ali məktəbdə çalışsa da, elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsi  orta məktəblə bağlı olmuş, 20 -yə yaxın kitabın, 80-dən çox elmi-metodik məqalənin müəllifi olmuşdur. Azərbaycan Dövlət Universitetində işlədiyi illər ərzində Maqsud müəllimin analitik həndəsə, diferensial həndəsə və həndəsənin əsasları fənnlərindən böyük pedaqoji ustalıqla dediyi mühazirələr indinin özündə də tələbələri tərəfindən xatırlanır və yüksək qiymətləndirilir.

Maqsud müəllim qadınların riyaziyyat sahəsində müəllim işləməsinə xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi Həndəsə kafedrasında tələbələri Sənubər Qasımova, Bibixanım Salayeva və Güllü Quliyeva ömürlərinin sonuna qədər həmin kafedrada işlədilər.

Bütün mənalı həyatını ölkəmizdə riyaziyyatın və xalq maarifinin inkişafına həsr etmiş Maqsud Cavadovun əməyi Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1943-cü ildə respublikanın Əməkdar müəllimi, 1962-ci ildə respublikanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, dövrünün ən yüksək mukafatları olan Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı  və Şərəf nişanı ordenləri ilə təltif edilmişdir.

Professor Maqsud Cavadov Bakı Şəhər Sovetinin 4 çağırış deputatı seçilmişdir. O, Ümumittifaq müəllimlər qurultayının nümayəndəsi, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdindəki elmi metodiki sovetin üzvü olmuşdur. Maqsud müəllim orta məktəb müəllimləri və məktəbliləri arasında riyaziyyatın təbliği ilə bağlı böyük işlər görmüşdür. O, Məktəblilərin Respublika riyaziyyat olimpiadası təşkilat komitəsinin daimi sədri kimi böyük nüfuz sahibi idi. Müntəzəm olaraq Bakı şəhəri və rayon məktəblərində müəllimlər və şagirdlər qarşısında riyaziyyata və onun tədrisi metodikasına aid silsilə mühazirələr oxumuşdur.

Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə o, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1968-ci ildə Maqsud Cavadov bizə "Həndəsə əsasları" fənnindən mühazirə oxumuşdu. Onun auditoriyaya gəlişi, gedişi, tələbələrə münasibəti, mühazirə demək qabiliyyəti, mühazirə dediyi fənni dərindən duyması, imtahanlara xüsusi yanaşması  indiyədək xatirimizdədir. Kaş o böyük müəllimin və müdrik insanın dediyi mühazirələr zamanında lentə alınıb arxivlərdə saxlana idi. İndi onlara baxmaqla tələbələr, hətta müəllimlər çox şey öyrənə bilərdilər. Fakültədə və universitetdə hamı ona böyük hörmət - ehtiramla yanaşardı. Bu hörmət və ehtiramı o öz biliyi, bacarığı, tələbə və müəllimlərə münasibəti, istənilən qərarın verilməsində ədalətin pozulmasına imkan verməməsi ilə qazanmışdı.

Maqsud müəllim kimi mənəvi cəhətdən saf insanların hesabına həmin dövrdə təhsil sistemində neqativ hallar yox dərəcəsində idi. Yaxşı oxuyan tələbələr biliklərinə uyğun qiymət alar, oxuya bilməyənlər kimliyindən asılı olmayaraq ali məktəbdən xaric olunardılar. Yaxşı xatırlayıram ki, "O illərdə İqtisadiyyat fakültəsini Xalq Təsərrüfatı İnstitutundan Azərbaycan Dövlət Universitetinə keçirmişdilər. Həmin fakültənin riyaziyyat dərsləri həndəsə kafedrasının dərs yükünə daxil edilmişdi. Dərs yükünün bölgüsü zamanı müəllimlərdən biri kafedranın laborantı Zeynəb xanımdan xahiş edir ki, Maqsud müəllimə deyin ki, ailədə uşaqlarımın sayının çox olduğunu nəzərə alıb mənim dərs yükümü iqtisadiyyat fakültəsindən versin. Bu xahişdən bir şey anlamayan Maqsud müəllim deyir ki, qızım, Zeynəb, məgər həmin fakültədə dərs deyənlərin əmək haqqı digər fakültələrdəkindən çoxdurmu? Bəli, belə insan idi Maqsud müəllim.

Onu da yaxşı xatırlayıram ki, ölkəmizdə müasir riyaziyyat məktəbinin yaradıcıları olmuş akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov hər dəfə Mexanika-riyaziyyat fakültəsinə gələndə Maqsud müəllimə hörmət əlaməti olaraq hökmən onun rəhbərlik etdiyi Həndəsə kafedrasına baş çəkər, onunla görüşərdilər.

Böyük şəxsiyyət, görkəmli alim, müəllimlər müəllimi professor Maqsud Cavadovun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır.

Allah rəhmət eləsin.

 





12.04.2022    çap et  çap et