525.Az

"Köçən quşlar qürbətlərdə nəyi axtarır?" - Təvəkgül Boysunarın şeirləri


 

"Köçən quşlar qürbətlərdə nəyi axtarır?" -<b style="color:red"> Təvəkgül Boysunarın şeirləri</b>

 

Nizami küçəsində

Əllərindən tutan var bütün gözəl qızların,
Gecikmişik
    bu şəhərə,
        bu küçəyə,
            bu yaza.

Hamının oynadığı
Bu gənclik oyununu,
Ya çoxdan uduzmuşuq, 
        ya bizsiz oynayırlar.

Əllərindən tutan var bütün gözəl qızların.
Gecikmişik 
o əllərə,
o qızlara,
bu şəhərə,
bu yaza...                               
         2018

Qürub

Günəş batır...
Tanrı köhnə qələmiylə
Bu günün də səhifəsinə,
üfüqdə bir nöqtə qoyur.
Günəş batır,
əlim çatmaz uzaqlıqda,
"Ahım yetməz" uzaqlıqda.

Arzu

Ölmək...
Mövsümlər payıza gəlmişkən,
Yazlar ayaza gəlmişkən

Dönmək üz tutduğun xam xəyallardan..
Örtmək gülüş səslərinə pəncərələri...

Ölmək...
Payız başımdaykən ölmək,
Sevda yaşımdaykən ölmək.

Xəzan yaşıl yarpaqların qanın içmişkən,
Uzaq uçan quşlar qürbət yolun seçmişkən,
Bəmdən qopan ağrılarım zilə keçmişkən - Ölmək.

Sevda yaşımdaykən ölmək,
Payız başımdaykən ölmək.
2018

Payız - 2018

Keçdim bütün arzuların şirin dadından,
Sındı uçan xəyallarım şux qanadından,
Allahın da çıxar oldum daha yadından.

Gözəl günlər uşaqlıq tək uzaqda qaldı, 
İsti ocaq diləkləri sazaqda qaldı,
Güllər açan gəncliyimi xəzanlar aldı.

Əl açdığım yağışlardan bir əlac varmı?
Göylər susqun çöhrəsindən niqab açarmı?

Döndüm şanlı zirvələrin yarı yolundan,
Söndüm soyuq payızların bircə yelindən,
Sındım həyat deyilənin ağır əlindən.

Yıxıldığım küçələrdən bir keçən yoxmu? 
Çökdü dizlər, qapıları bir açan yoxmu?
Payız - 2019

Bu küçənin döngəsində bir az gözləməyim var,
Bir az durub gözləmək ki, yollarıma kim çıxar.

Ölmək, 
indi
hər arzudan
min kərə daha gözəl,
Bahar getmiş, güllər solmuş, addımlar xəzəl.

Sussa yellər, 
donsa günəş batdığı yerdə,
Payız olsa quşların da çatdığı yerdə...

Yanır çox-çox uzaqlarda sarı işıqlar,
Elə bil ki, 
Evlərə də payızlar dolar.

Bahar keçdi, nəğmə yenə yarımçıq qaldı,
Nə ağrılar gedər oldu,
Nə yaralar sağaldı.

Ölüm varsa son ucunda bütün yolların,
Köçən quşlar qürbətlərdə nəyi axtarır?

Baş qoyduğum səcdələr də
Qaçdı alnımdan,
Keçməz oldu dualarım göy qapısından.

...Bu küçənin döngəsində bir az gözləməyim var,
Bir az durub gözləmək ki, yollarıma kim çıxar...

Pəncərəmdə bir pişik

Pəncərəmdə bir pişik,
Ağzın açıb yalvarır öz dilində,
Amma mənim yorğunluğum,
onun aclığından ağır,
Pəncərədən o yandasa aram-aram payız yağır,

Payız yağır yarpaq-yarpaq, 
Payız yağır yağış-yağış.

Günlər keçir..
Gəncliyimi addım-addım məndən qoparıb,
Pəncərəmdə pişik də var, payız da var, 
Yağış da var, yarpaq da,
Əlim yetmir nə pişiyə, nə payıza, 
Nə yağış, nə yarpağa.

Dünya döndü bir dövrə də Günəşinin başına,
Payız çatdı bir yağışla gözümüzün yaşına.

Pəncərəmdə bir pişik,
Ağzın açıb yalvarır öz dilində,
Amma mənim yorğunluğum,
onun aclığından ağır,
Pəncərədən o yandasa aram-aram payız yağır.
 2019

"Nərimanov parkı"nda

Siz şahmat oynayın qaranlığacan
Mən alnımı qoyub masanın üstə,
Küləyin səsinə qulaq asacam,
Gülüşən, qışqıran o uşaqlara,
Yolların tozuna qulaq asacam.

Siz şahmat oynayın payıza qədər,
Mən alnımı qoyub masanın üstə
Əsən əlinizə qulaq asacam...

İndi yaşınız çox, ömrünüz azdır,
Atlar, fillər hürkür qırışınızdan,
Çox da ki, günəş var, çox da ki yazdır,
Soyuq qarlar yağır baxışınızdan.

Siz şahmat oynayın ölümə qədər,
Mənsə öz ömrümün axırınacan
Alnım masa üstdə, gözüm yumulu,
Ötüşən illərə qulaq asacam
Keçən fəsillərə qulaq asacam.
                    2020
27 yaşın şeiri

Bir il də artırdıq ömrün oxunmuş səhifələrinə.
Çevirdik maraqsız romanların sıxıcı səhifələri kimi.
Bir fəsil də xəzanlarını çəkdi küçələrimizdən, 
Sürüyüb yorğun-yorğun apardı haralara..
Bir qışın da qarını yorğan kimi qatlayıb qoyduq kənara.

Neyləmək?
Açmaqmı yenə əllərimizi göylərə sarı?
Əyilməkmi dizlərə söykəyib ovucları?
Qoymaqmı yazılmış alnımızı qupquru döşəməyə?

Başqa yol yox, həyat kimi ağırlığı çiyinlərdən atmaq üçün,
Başqa yol yox
Bu günlərdən sabahlara,
Sabahlardan sonralara 
Sağ ümidlə çatmaq üçün. 
2021
 

Dörd arı yeşiyi qaldı həyətdə

Dörd arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
Arılar qısılıb biri-birinə,
Üşüyüb içəri girən soyuqdan,
Qorxub səs-küyündən boranın, qarın,
Sakit görə-görə donmaqlarını,
Andılar günəşli yaz günlərini, 
Çiçəkdən-çiçəyə qonmaqlarını. 
İndi yanlarında ballı pətəklər.
Çöldə ağ-ağ yağan soyuq çiçəklər.
Hardansa səs gəlir yaddaşlarına,
O səs deyir, yenə bahar olacaq,
Yenə uçacaqsız dağlar üstündən, 
Uçacaqsız yenə yollardan keçib, 
Bağçalar üstündən, bağlar üstündən.
Dörd arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
2021

Sentyabr - 2017

İndi payız gələr, sonra qış gələr,
Ağaclar hər axşam bir az soyunub,
Axırda bir qarlı qış gecəsində,
Ağappaq yorğanın altına girər.
Biz baxarıq susa-susa pəncərələrdən,
Kimsə yada düşər andıqca hərdən,
Çəkilməz sevdanın havası sərdən.
Biz susarıq baxa-baxa pəncərələrdən. 

Xatırlamalar

Dodaqların dodağımın yadından çıxıb. 
Əllərimin əllərində, tellərində gəzişməyi,
Bahar başlayan vaxtlarda işıqlı pəncərələrin
Otaqlara doluşmağı,
Çiçəklərin açılmağı, soluşmağı.
Hər görəndə əyilərək 
Telindəki ətirlərdən,
Saçlarının keçmiş rəngin soruşmağım,
Sənin uzaq öpüşlərin,
Kədərlərin,
İlıq-ilıq gülüşlərin
İndi məndən milyon illər uzaqda qalmış,
Sanki heç olmamış, sanki xəyalmış. 
2016

Qış - 2017

Qorxuram qar yağa, qar yağa,
Əsən ürəyimə yağa,
Titrəyən əlimə yağa.
Azmış yollarıma yağa.
Qar yağa, qorxuram, qar yağa,

Bir səhər başlayıb yağa,
Bir axşam başlayıb yağa.
Göylərdən üzülə-üzülə,
Küləklərdən keçə-keçə,
Şəhər-şəhər, küçə-küçə,
Qar yağa, qorxuram, qar yağa.

Pərdəsin örtdüyüm pəncərələr də
Təzədən pərdəsin çəkib qırağa,
Qar göstərə mənə - ağappaq qarlar.
Altında gizlənsəm yorğanımın da,
Qara yuxuma da qarlar girələr.

Qorxuram qar yağa, qar yağa,
Halsız qollarıma yağa,
Azmış yollarıma yağa. 
Qar yağa, qorxuram, qar yağa.
 

 





14.04.2022    çap et  çap et