525.Az

Qadın və cəhalət - Leyla Camal yazır...


 

Qadın və cəhalət -<b style="color:red"> Leyla Camal yazır...</b>

Cəhalətin ən böyük qorxusudur qadın. Qızlarınızı oxudun. Cehizi ağır gəlsin deyə yalandan diplom verməyin. Savad kifayət etməz, dünyagöruşlərini də inkişaf etdirin. Kompetent yetişdirək övladlarımızı. Xüsusilə də qızlarımızı. Bədii kitab oxumaq vərdişini aşılayaq. Analarının qeybetini dinləyərək, seriallar izləyərək, boş-boş işlərlə məşğul olaraq vaxtlarını məhv etməyə imkan verməyək. Savadlı, dünyagörüşlü qadından sağlam, möhkəm ailə yaranar. Bir millətin anası savadsızdırsa, o millət kordur. Bu cümlənin mənasını son illərdə anladım.

Cəmiyyətdə baş verən irrasionallıqlar cəhalətin məhsuludur. Qadın oxuyarsa oxudar, bilərsə öyrədər. Öyrədərsə gözünü açar və bütün dünya aydınlanar. Bütün zülmət mağaraların tək açarı var - savad.

Cəmiyyətdə yeri olan hər qadının ayağının altında mütləq bir kitab var. İçindəki bilgilərin üstünə basaraq dimdik dayanar qadınlar. Haqqını axtarıb, hüququnu tanıyıb, meydan oxuyar həyata. Savadlı qadın savadlı nəsil yetişdirər. Elmin bütün qaranlıqlarının açarı olduğunu anlayar.

Qızların təhsildən yayınması hələ erkən yaşlardan başlayar. Öncə təbii mühit hesab etdiyimiz ailədə ayaq açar, daha sonra sosial mühitdə kuliminasiyaya çatar. Əsrlərdir miras kimi ötürülən erkən nikahın daha beşikdəykən cehiz yığmaqla qoyular təməli. Kitaba "pulum yoxdur" deyən ana övladına aldığı bahalı masa örtülərinin, ağappaq pərdələrin bir gün kəfənə çevriləcəyindən bixəbərdir. Təhsili olmadığı üçün "ər"inin hər zülmünə boyun əyər, sınan qürurunu, parçalanan şərəfini hər gün başqa bir növ kleylə yapışdırar.

Arxasında dayanacaq atası olmadığından həyatın çirkin üzlərilə qarşılaşmamaq üçün bullinqin, şiddətin hər növü ilə tanış olub hər cinsini dadar. İqtisadi azadlığı olmayan, həyat yoldaşının "əlinə baxan" hər qadın hər zülmə səssiz qalıb, gecəyarı evin bir küncüncə xısın-xısın ağlayar. Səhər qəzetləri, xəbərləri bəzəyər intihar xəbəri. Arxasınca sadəcə göz yaşı buraxmaz. Beyində suallar, gözlərdə şübhələr. Sonra nə olacaq? Heç nə. Zamanla unudulacaq. Onun da qızı "vaxtı çatan kimi" məktəbi bitirməmiş "ər"ə veriləcək. Və bu ənənə heç dəyişməyəcək.

Cahil cəhalətə, alim aydınlığa çıxarar əlbət. Qadına aşpaz, qabyuyan, ev təmizləyən, dayə kimi yanaşan hər kişinin qız övladının təhsilinə biganə qalmasından daha təbii nə ola bilər?

"Gəlinliklə girdiyin evdən kəfənlə çıxarsan" deyən valideyn fatadan öncə diplom vermək prinsipini niyə gözdən qaçırıb görəsən? Təhsil nikahdan öndə gəlməlidir. Serialların, geyinməyi unudan şou əhlinin təbliğinə fasilə verib hər gün bir kitab haqqında məlumat verilsə, kitab oxumağın faydalarından danışılsa, cırılmış şalvarlara, şəkilli bədənlərə deyil kitablara maraq oyansa, kim bilir, bəlkə, dünya daha təhlükəsiz bir məkana çevrilərdi!?

"Gəlin" namizədin ən önəm verilən faktoru təhsil olsaydı məsələn. Kim bilir, bəlkə də, təhsilə maraq nikahdan daha artıq olardı. Korun gözünü açmaqdan başqa bir işə yaramayan bəzi sosial şəbəkələr öz ayaqları üzərində dayanan, cəmiyyətdə mövqeyi olan qadınları təbliğ etsə, qızlarımız etalonunu düzgün seçməzlərmi?

Tarac olan qızlarımızı cəmiyyətə ancaq təhsillə qazandıra bilərik. Necə? Özümüz nümunə olaraq. Hər şeydən öncə kitab oxumağa vaxt ayırmaq, özünü inkişaf etdirmək bir qadını ancaq özgüvənli və güclü edər. Güclü qadınlar sağlam nəsil böyüdər. Sağlam nəsildən güclü dövlət, məğlubedilməz xalq meydana gələr.

Və sən bütün bunlardan sonra hələ də təhsilin bütün düyünlərin açarı olduğuna tərəddüdmü edirsən?!

 





13.04.2022    çap et  çap et