525.Az

Məhəmməd Peyğəmbərin kəlamları - Səyyad Aran yazır


 

Məhəmməd Peyğəmbərin kəlamları -<b style="color:red"> Səyyad Aran yazır</b>

"Heç bir ata övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz".

Həzrət Məhəmməd (s)

 

Məlum olduğu kimi, elm insan fəaliyyətinin xüsusi sahəsidir. Bəşər övladı isə bu xüsusi fəaliyyət nəticəsində müasir elmi-texnoloji yeniliklərə sahib olmuş, mühüm naliyyətlər əldə etmişdir. İnsanı isə öz növbəsində psixologiya, anatomiya, fiziologiya və s. kimi elmlər öyrənməkdədir. Məsələn, psixologiya insan psixologiyasını, anatomiya orqanizmin quruluşunu, fiziologiya onun orqanlarının funksiyalarını araşdırmaqdadır.

Pedaqogikaya gəlincə, o, əhəmiyyətinə görə nəinki sadaladığımız elmlərdən geri qalır, hətta qeyri-adiliyi və vacibliyi ilə xüsusi məqama sahibdir. Çünki o, kainatın ən böyük nailiyyəti, yer üzünün əşrəfi sayılan insanın təhsil-tərbiyəsinin nəzəri və tətbiqi məsələlərini tədqiq etməklə məşğuldur. Son dövrlərdə isə pedaqogikanın əsas anlayışları xeyli artmış, təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas tədqiqat sahələrinə çevrilmişdir. Pedaqogikanın əsas tədqiqat obyektlərindən olan tərbiyə anlayışına gəlincə, həmin söz ərəb mənşəli rəbb sözündən törəyərək "tərbiyə etmək, doğru yol göstərmək, islah etmək" anlamlarını ifadə etməkdədir. Qurani-Kərimdə Uca Yaradanın 99 adından biri kimi bəhs olunan sözügedən kəlmə "tərbiyə edən, nemət verən, insanları mənəvi yüksəlişə aparan" mənalarını da özündə əks etdirmişdir. Termin kimi isə o, davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.

Mövzuya keçməzdən əvvəl tərbiyənin necə əmələ gəlməsi haqqında fikirlərə nəzər salmaq da maraqlı olardı. Məsələ ilə bağlı ilk öncə onu qeyd edək ki, mövzu ilə əlaqədar biri-birindən fərqli, hətta təzadlı müddəalar mövcuddur. Belə ki, ənənəvi müddəalar arasında Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamül bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur. Təkamül - bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə, ibtidai insanların tərbiyəvi fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə əsaslanan qayğıya bənzəyir. Onlar hətta heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin şüurlü səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii bir hadisə hesab edirlər. P.Monro isə tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri şüursuz surətdə təqlidində görürdü.

İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə isə dəyərli fikirlər vardır. Bu təlimlər ümumiyyətlə insanın meymundan əmələ gəlməsini əsas götürən təkamül nəzəriyyəsini qətiyyətlə rədd edir. Məsələyə bu prizmadan yanaşan tədqiqatçı alimlərin fikrincə isə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət və keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir. Bu fikirlər son dövrlər aparılmış genetik təcrübələr baxımından da öz təsdiqini tapmışdır (1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar).

Dahi şəxsiyyətlər, mütəfəkkirlər, o cümlədən, İslam müqəddəsləri də tərbiyəyə dəyər vermiş, kəlamları ilə məsələnin önəminə diqqət çəkmiş və insanları gözəl əxlaqla tərbiyə etməyə təşviq etmişlər. Məsələn, İslam müqəddəslərindən olan Məhəmməd Peyğəmbərə görə, uşağın tərbiyəsində məqsəd onun Allahın razı olduğu, bəndənin bəyəndiyi, dövlətinə, vətəninə, millətinə, ailəsinə, cəmiyyətə və bəşəriyyətə faydalı, dürüst və vətənpərvər insan kimi yetişməsidir.

Ümumiyyətlə, insanın övlad sahibi olması böyük məsuliyyət tələb edən olduqca ülvi bir hissdir. Həzrət Məhəmmədin kəlamlarından anlaşılır ki, ana-ata ilə uşaqlar arasındakı münasibətlər həm əxlaqi, həm də hüquqi əsaslarla tənzimlənməlidir. Bu halda uşağa ciddi yanaşmalı, gözəl, əxlaqlı yetişməyi üçün hər cür fədakarlıq göstərilməlidir. Çünki Allahdan bizə böyük ehsan və lütf olan, gözümüzün nuru, qəlbimizin sevinci və həyatmızın bəzəyi sayılan övladlarımıza gözəl tərbiyə vermək və onları yaxşı əxlaq sahibi, şəxsiyyət kimi yetişdirmək müqəddəs vəzifələrimizdən biridir.

Buna görə də, övladlarımızı doğulduqları andan ən gözəl əxlaq üzərində tərbiyə etməyə çalışmalıyıq. Onların əllərindən tutaraq gələcəyə hazırlamaq isə ən vacib hədəflərimizdən biri olmalıdır. Uşaqlarına sahib çıxmayan cəmiyyətdə, bunun nəticəsinin necə ağır olduğunun şahidi olmaqdayıq. Bu baxımdan gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi tərbiyə etmək ən ümdə vəzifəmiz olmalıdır.

Bunun üçün elə körpəlik dövründən başlayaraq uşaqda sağlam əxlaq formalaşdırılmalıdır. Bu formalaşmada isə davranış qaydaları hər şeydən əvvəl gəlir. Kiçik yaşlarda uşaqdakı yanlış davranışların qarşısı alınmalıdır. Uşaqlar yaxşı, gözəl davranışlara təşviq edilməlidir. Çünki bu günün kiçikləri, sabahın böyükləri olacaqdır. Qurani-Kərimin ifadəsi ilə "Dünya həyatının bəzəyi" (Kəhf 18,46) olan övladlarımız sabahımızı quran dəyərli varlıqlarımızdır.

Həzrət Məhəmmədin kəlamlarından aydın olur ki, ata-ana övladlarına yaxşı örnək olmalı, uşaqlarına xoş və yumşaq davranmalı, ən vacibi isə onlara qarşı sevgi hissi ilə yanaşmalıdır. Düzgün tərbiyə mühiti yaratmalıdırlar. Yaxşı yoldaş seçməkdə onlara kömək etməli və yoldaşları ilə necə davranmalı məsələsində onlara bilik verməlidirlər. Daim şəfqət və mərhəmətə möhtac olan kiçik nəslin nümayəndələri bu hisslərlə əhatələnməlidir. Belə ki, sevimli Peyğəmbərimiz bir hədisində "Kiçiklərə mərhəmət göstərməyən bizdən deyildir..." və ya "Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin" buyuraraq, uşaqlara qarşı davranışlarımızın təməlində mərhəmət amilini əsas götürmüşdür. Bu məsələdə başqa bir hədis diqqəti çəkir: "Bir gün Allahın elçisi, nəvəsi Həzrət Həsəni öpmüşdü. Bunu görən sahabələrdən biri: "Mənim on uşağım var, heç birini öpmədim" demiş, Peyğəmbərimiz isə ona: "Mərhəmət etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz", - deyə cavab vermişdi.

Şübhəsiz ki, insanlar arasında ən ülvi hiss və ən dərin duyğu sevgidir. Buna görə, Peyğəmbərimiz sevdiyimiz insanlara bu duyğumuzu bildirməyi tövsiyə etmişdir. Uşaqlara qarşı olan sevgi və mərhəmət duyğusunun da onlara hiss etdirilməsi çox vacibdir. Bunun ən gözəl yolunu Peyğəmbərimizin həyatında görürük. Belə ki, o, uşaqları yolda görüncə onlara salam verər, saçlarını oxşayar və hal-əhval tutarmış.

Uşağı həyata hazırlamaq, ona gözəl tərbiyə və faydalı biliklər vermək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Bu, ata-ananın valideynlik vəzifəsi, övladın ata-ana üzərindəki haqqıdır. Peyğəmbərimiz bununla bağlı kəlamlarının birində: "Heç bir ata övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz" - deyə buyurmuşdur.

Zənnimizcə, övlad sahibi olan hər bir valideyn Həzrət Məhəmmədin (s) bu kəlamını həyat düsturu kimi qəbul etməli, bu kəlamı rəhbər tutaraq ən önəmli vəzifələrindən birinin məhz övlad tərbiyə etməklə bağlı olduğunu dərk etməlidir.

Peyğəmbərimiz başqa bir kəlamında "Valideynin övladına gözəl tərbiyə verməsi onun bir qab sədəqə verməsindən daha xeyirlidir" - buyurmaqla gözəl tərbiyənin sədəqə verməkdən belə üstün olmasına diqqət çəkmişdir.

Ümumiyyətlə, Peyğəmbərimizin yaşından asılı olmayaraq insan tərbiyəsi ilə bağlı xeyli müdrik kəlamları vardır. Həmin kəlamlarda toxunulan xüsusları belə təsnifləndirmək olar:

Din, vətənpərvərlik və digər milli-mənəvi dəyərlər

Bu kəlamlara görə, uşaqlara ilk öncə iman, dürüstlük və haramlardan uzaq durmaq kimi Allahın əmrləri öyrədilməli, vətən sevgisinin önəmi daim xatırladılmalıdır. Məsələn, Onun "Vətəni sevmək imandandır" və ya "Əlində silah vətən keşiyində duran gözlər cəhənnəm atəşini görməz" kimi kəlamları bunun bariz nümunələridir.

Uşağın zehninə yerləşdirilməsi labüd olan ilk və əsas məsələ odur ki, onlar hər şeyin fövqündə, hər şeyə qadir və hər şeyin yaradıcısı olan Allaha ibadət, insanlara hörmət etməyi və sevməyi ən böyük vəzifəsi bilsinlər. Eyni zamanda, ona Allahın yalnız çalışqan və ədalətli bəndələrini sevdiyi, yaratdığı hər şeyi, xüsusilə insanları sevməsi və yorulmadan çalışması təlqin edilməlidir. Uşağın belə bir inanclara sahib olması, onun dürüst, vicdanlı, əxlaqlı, cəmiyyətə yararlı və vətənpərvər ruhunda tərbiyə olunması deməkdir.

Cəza, mükafat və şəfqət

Peyğəmbərin tərbiyə metodlarından biri də uşaqlara ailə qorxusunu və xəta edəcəkləri zaman cəzalandırılacaqları aksiyomasını hiss etdirməkdir. Cəzanın növü isə, mütləq uşaqda ağrı verəcək şəkildə olmamalıdır. Bu, yüngül, normal bir danlaq və yumşaq bir səs tonu şəklində olmalıdır. Bu üsulun uşağa etdiyi təsir, dayağa vərdiş etmiş bir uşağa tətbiq olunan sərt fizika cəzadan heç də az təsirli deyildir. Belə ki, cəza artırıldıqca uşaqdakı təsiri azalır. Bunun uşağı üsyana və qərarsızlığa aparması daha çox müşahidə olunur. Bu baxımdan Məhəmməd Peyğəmbər (s) kəlamlarının birində: "Şübhəsiz ki, Allah hər işdə yumşaq və şəfqətli davranmağı sevər" buyurmaqla hər işdə olduğu kimi, uşaq tərbiyəsində də mülayim və şəfqətli davranmağı tövsiyə etmişdir.

Cəzanın yaşa uyğun olması və dərhal günahın ardından verilməsi, lağa qoymaq, ələ salmaq, pis ləqəb qoymaq şəklində olmamalıdır. Çünki Allah-Təala "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın" buyurmaqla həmin cəhətlərdən çəkindirmişdir (Hucurat surəsi, 11).

Ümumiyyətlə, uşağın tərbiyəsində mümkün qədər zorakı metodlardan uzaq durmaq lazımdır. Əgər mütləq cəza vermək lazımdırsa, cəzanın mənası və səbəbi uşaq tərəfindən mənimsəniləcək bir vaxtda olmalıdır. Uşaq hətta qohum-əqrəbanın da yanında cəzalandırılmamalıdır. Hətta ona başqalarının yanında qəlbinə dəyəcək söz belə deyilməməlidir. Çünki bu, psixoloji cəhətdən uşağa mənfi təsir edir, o, özünü başqalarının yanında alçalmış kimi hiss edir. Bu da onun tərbiyəsinin pozulmasına yol açır. Uşaq bir söz dedikdə ona "Uşaqsan, otur uşaq yerində" kimi sözlər deyərək sözünün qəbul olunmaması, eyni zamanda məclislərdə, ictimai yerlərdə təhqir olunması, uşağın həm tərbiyəsinin pozulmasına, həm də ruhi cəhətdən sarsıntı keçirməsinə, inamsız, ümidsiz, qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətə gəlməsinə səbəb olur. Bu da gələcəkdə uşağın hər cəhətdən zəifliyinə gətirib çıxarır.

Mükafatlandırmaq və uşaqların aldadılmaması

Həzrət Məhəmməd kəlamlarında bu xüsuslara da diqqət çəkmiş, bir gün öz uşağanı hədiyyə adı ilə çağırıb onu verməyəcəyindən ehtiyat etdiyi səhabəsini bu xüsusda ciddi xəbərdar etmişdir. Mükafatın uşaq tərbiyəsində heç şübhəsiz ki, müsbət təsiri vardır. Lakin bu, xüsusi diqqət tələb edən bir haldır. Hər şeydən əvvəl uşaq yaxşı bilməli və inanmalıdır ki, dürüst, mərd, çalışqan, fədakar və namuslu, daha doğrusu, gözəl tərbiyəsahibi olmaq, üstünlük vahidi deyil, insani keyfiyyətlərindəndir. Eyni zamanda, uşaq bilməlidir ki, çalışması, cavabdehlik daşıması, işə məsuliyyətlə yanaşması, məktəbdə yaxşı oxuyub sinifdən-sinifə keçməsi onun adi vəzifəsidir. Mükafat qeyri-adi uğurdan sonra verilməlidir. Hər yaxşı və gözəl əməldən, asan uğurlardan sonra mükafat almağa aludə olmuş uşaqda məsuliyyət hissi formalaşmaz. Öz şəxsi  mənfəətini güdən adama çevrilər.

Övladları tərbiyə edərkən aralarında ayrı-seçkilik etməmək və ədalətli olmaq

Övladları tərbiyə edərkən aralarında bərabərliyi qorumaq və onların arasında qız, yaxud oğlan fərqi qoymadan ədalətli olmaq hər bir valideyn üçün vacibdir. Həzrət Peyğəmbər bu mövzuda: "Övladlarının bəzilərinə bir şey verdikdə, digərlərinə də eynisini vermək lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq mümkündür" - buyurmaqla onların ədalətli bir insan kimi yetişdirilib tərbiyə edilməsinə diqqət çəkmişdir.

Ancaq Həzrət Məhəmməd başqa bir kəlamında: "Kimin üç qız övladı olarsa və dolanışıqlarını təmin edərək onları ən mükəmməl əxlaq üzərində tərbiyə edərsə, cənnət onundur" - buyurmaqla qız övladının tərbiyəsinin xüsusiliyini vurğulamışdır.

Ümumiyyətlə, övladlar arasında fərq qoymaqla tərbiyə olunması gələcəkdə onların birinin digərinə həsəd aparmasına, nifrət bəsləməsinə və qəzəbli yanaşmasına səbəb ola bilər.

Əgər qardaşlar arasında həsəd və nifrət varsa, deməli, onların qohumluq əlaqələri qırılmış hesab olunur. Belə halda onlar bir-birinə dayaq olmaqdan imtina edər, düşmənçilik və nifrət hissi bəsləyərlər. Digər tərəfdən övladlar arasında fərq qoymaq, onların valideynin üzünə ağ olmalarına da səbəb ola bilər. Ata xərclik verməkdə övladları arasında fərq qoymaqla, övladlarının niyyətlərini korlamış olur. Çünki bundan sonra onlar əməlləri və itaətlərini Allah üçün deyil, atalarının gözündə yaxşı görünmək və digər qardaşa verilən xərcliyə nail olmaq məqsədilə edəcəklər. Xərclik verilən övlad özünü digər qardaşlarından üstün və daha layiqli hesab edə bilər. Bu da onun mənəvi sarsıntı keçirməsi və işlərinin pozulması üçün kifayətdir.

Oyun və oyuncaqlar

İslam Peyğəmbərinin mövzu ilə bağlı kəlamlarında diqqət çəkən başqa bir xüsus oyun və oyuncaqlarla bağlıdır. Belə ki, o, uşaqları bəyənilməyən vərdişlərdən çəkindirmək və onların tərbiyəsini daha da gözəllişdirmək üçün onlara müxtəlif materiallardan düzəldilmiş  oyuncaqlar verər, güləş yarışlarının keçirildiyi yerlərə apararmış. Mütəxəssislər də oyun və oyuncaqların uşağın diqqətini çəkmək və əqli inkişafını, ətrafa marağını artırması baxımından faydalı olmasını vurğulamaqdadırlar.

Daxildən gələn maraqdan uşaqlar oyuncaqların işləmə mexanizmini bilmək, içərisində nə olduğunu görmək istəyirlər. Uşağın belə davranışı, onun psixi inkişafına təkan verdiyi üçün onlara mane olunmamalı və "oyuncağını xarab etdi, qırdı" deyərək cəzalandırılmamalıdır. Lakin tez-tez oyuncağını qıran və xarab edən uşağa yenisi alınmamalı, oyuncaqdan isifadə və qeydinə qalmaq qaydaları öyrədilməlidir.

Oyunlar uşağın yalnız fiziki deyil, ruhən inkişafına da təsir göstərir. Çevikliyi, ani qərar verməyi öyrətdiyi kimi, iradəni də qüvvətləndirir. Oyun qaydaları və incəlikləri şüurun inkişafına səbəb olur.

Yaşlı nəslə hörmət

Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Bu əxlaqi keyfiyyətlər bir-biri ilə sıx bağlıdır. Yaşlı nəslə hörmət etməyən düz ola bilməz. Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır.

İslam Peyğəmbəri bu xüsusda: "Allah o ata və anaya rəhmət etsin ki, övladlarını ata və anaya yaxşılıq etmək ruhunda tərbiyə ediblər" - buyurmaqla övladını yaşlı nəslə hörmət ruhunda tərbiyə olunmasına təşviq etmişdir.

Uşaqların təlim-tərbiyəsi cəhətindən Azərbaycanın təbiəti, bədii incəsənət əsərləri, milli, bəstəkar musiqisi öz milli zəmini üzərində yüksəlmiş, qabaqcıl dünya mədəniyyətinin ən gözəl ənənələrindən bu və ya digər dərəcədə bəhrələnmiş, daha da inkişaf edərək müasir şəklini almışdır.

O cümlədən, hesab edirik ki, uşaqların inkişafı, tərbiyəsi və təhsili haqqında dünya mütəfəkkirlərinin, o cümlədən, Həzrət Peyğəmbərin də kəlam və nəzəriyyələrini öyrənmək, tədqiq etmək, müasir iş prosesində bundan istifadə etmək faydalı olardı.

 





13.04.2022    çap et  çap et