525.Az

Morninqstarın müsahibəsi: ikili standartla ədalət arasında vurnuxma


 

Morninqstarın müsahibəsi: ikili standartla ədalət arasında vurnuxma<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir sıra geosiyasi və siyasi məqamlara toxunan müsahibə verib. Cənab səfir Azərbaycanla bağlı müəyyən fikirlər səsləndirib.

Onun söylədiklərinə müxtəlif səviyyələrdən dərhal reaksiya verilib. Lakin R.Morninqstarın obyektiv danışdığını demək bizim üçün çox çətindir. Əksinə, bir çox punktlar üzrə onun səlahiyyətlərini aşdığı görünür. Bu, təsadüfdür, yaxud Qərb ölkələri diplomatiyasında xroniki hal almış prosesdir? Dünyanın bir sıra regionlarında ziddiyyətli və mürəkkəb proseslərin getdiyi bir zamanda belə bir hadisə hansı niyyətlərdən xəbər verir?

Diplomatiya və reallıq: obyektivlik itiriləndə

Bəzən diplomatlar səlahiyyət hədlərini aşırlar. Onlar öz ölkələrinin və ya hansısa dairələrin maraqlarını müdafiə etməyə o dərəcədə aludə olurlar ki, üzərlərinə düşən məsuliyyəti hiss etməkdə çətinlik çəkirlər. Sirr deyil ki, bəzi xarici ölkə səfirləri Azərbaycanla bağlı söylədikləri fikirlərdə məhz bu aspektdə görünüblər. Təəssüf ki, həmin proses davam edir.

Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna verdiyi müsahibədə bunu sanki bir daha təsdiq etdi. O, səfir kimi öz səlahiyyətlərini aşmış kimi görünür. Bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dəqiq mövqe bildirib. N.Məmmədov deyib ki, səfir həmin müsahibəsində Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilən cümlələr işlədib.

N.Məmmədov vurğulayıb: "Azərbaycan üçün bu, qəbuledilməzdir. Bu, həm də Vyana Konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma bizə dərs keçə bilməz. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonunu qəbul etmirik" (bax: "Səfir bizə dərs keçə bilməz" – Novruz Məmmədovun Morninqstara cavabı / "Azadliq.org", 17 may 2014).

Xarici İşlər Nazirliyinin də cavabı ləngiməyib. Azərbaycan XİN-in mətbuat xidməti bildirib ki, "Azərbaycan üçün onun daxili işlərinə qarışma və ya istiqamət vermə cəhdləri qəbuledilməzdir" (bax: Xarici İşlər Nazirliyindən Morninqstara cavab gəldi / "Gün.az", 19 may 2014).

Məsələ ondan ibarətdir ki, ABŞ-ın Azərbaycandakı səfiri həmin müsahibədə konkret arqumentlər gətirmədən, yayğın məntiqə əsaslanaraq, ölkəni bir sıra məqamlar üzrə tənqid edib. Bundan əlavə, faktiki olaraq Azərbaycanı bəzi qonşu dövlətlərlə qarşı-qarşıya qoyan tezislər irəli sürüb (bax: R.Morningstar: "Azərbaycanın müstəqilliyinin arxasında ABŞ və Avropadan başqa kim dayanacaq?" / "Azadliq.org", 16 may 2014). Onlar təbii ki, rəsmi Bakının mövqeyi deyil. Lakin söhbət Bakıda fəaliyyət göstərən diplomatlardan birindən gedirsə, buna münasibət mütləq bildirilməlidir.

R.Morninqstar adıçəkilən müsahibəsində deyib ki, Azərbaycanın müstəqilliyinin arxasında ABŞ və Avropadan başqa dayanan güc yoxdur. Bunu ölkəmizi Rusiya və İran kimi qonşularla toqquşdurmaq cəhdi kimi qiymətləndirmək olar. Bu barədə Novruz Məmmədov da öz fikrini bildirib (bax: Новруз Мамедов: "Посол США пытается бросить тень на дружественные отношения Азербайджана с Ираном и Россией" / "1news.az", 17 may 2014).

Azərbaycan hər iki qonşu dövlətlə ən yüksək səviyyədə əməkdaşlıq edir. Bütövlükdə götürdükdə isə həqiqi müstəqilliyin arxasında dövlətin və xalqın özü dayanır. Kənar qüvvələrdən hər hansı birinə arxalanan ölkə tam mənada müstəqil ola bilməz. Görünür, cənab səfir Azərbaycanla Ermənistanı səhv salıb. Ermənistan Rusiyanın forpostudur və bunu hər kəs etiraf edir. Azərbaycan isə müstəqilliyini özü təmin edə bilən regionun lider dövlətidir. Bakı ABŞ, Avropa, Rusiya, İran, Türkiyə və başqa dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurur. Cənab səfir R.Morninqstar Azərbaycanla yaxından işləmiş diplomat kimi bunu hamıdan yaxşı bilməlidir.

Xəzər hövzəsinin enerji təhlükəsizliyi ilə bağlı cənab Morninqstar Azərbaycan rəhbərliyi ilə uzun müddət əməkdaşlıq edib. Hətta onun ABŞ Konqresində ölkəmizə səfir təyin edilməsi zamanı ermənilər etiraz etmişdilər. Belə çıxır ki, R.Morninqstar geosiyasi vəziyyətin dəyişməsi ilə mövqe dəyişikliyi edir. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir.

"Maydan sindromu": xaos kimə sərfəlidir?

Onun Ukraynada baş verən hadisələrlə Azərbaycan arasında hansısa paralellik aparmaq cəhdi bu müstəvidə kifayət qədər süni görünür. Faktlar göstərir ki, "Maydan" hərəkatı Amerikanın ciddi maliyyə dəstəyi ilə həyata keçib (bax: Администрация Президента Азербайджана: "Майдан" в Украине – результат политики и финансирования США / "1news.az", 17 may 2014). İndi Ukraynanın nə vəziyyətdə olduğu da bəllidir. Azərbaycanı bu aspektdə nəyə görə Ukrayna ilə müqayisə etmək istəyirlər? Vaşinqtonun Bakıda da analoji hadisə törətmək planımı var? Yoxsa, rəsmi Bakıya müstəqil siyasət yeritdiyinə görə, təzyiqlər etmək niyyətindədirlər?

Bu bağlılıqda həmsədr dövlətlərin Dağlıq Qarabağ probleminin həll edilməsində etdiyi vasitəçiliyin səmərəsizliyini vurğulamağa ehtiyac görürük. 20 ildən çoxdur ki, ABŞ, Fransa və Rusiya bu məsələni ədalətli həll etməyə çalışdıqlarını bildirirlər. Reallıqda isə həmsədrlər, o cümlədən ABŞ münaqişənin aradan qalxması üçün heç bir real addım atmayıblar (bax: Администрация Президента АР: "США не предприняли никаких шагов для урегулирования нагорно-карабахского конфликта" / "1news.az", 17 may 2014).

Onlar illərdir ki, sözdə bəyanatlar verir, sənədlər qəbul edir, qətnamələr tərtib edir, ancaq real tədbir görmürlər. Müqayisə üçün deyək ki, müəyyən hallarda beynəlxalq təşkilatların qəbul etdiyi sənədə çevik reaksiya verirlər. Məsələn, İraqı, Liviyanı bombaladılar. Ancaq Ermənistanın təcavüzkar olduğunu açıq etiraf etməməklə yanaşı, BMT səviyyəsində qəbul edilən qətnamələrin neçə illərdir ki, yerinə yetirilməsinə çalışmırlar. Səbəb nədir?

Bundan başqa, cənab səfir müsahibəsində açıq deyir ki, Azərbaycanın Dağlıq Qarabağın sərhədləri xaricində olan və işğal edilmiş 7 rayonu mütləq azad edilməlidir.

Bəs nəyə görə, indiyə qədər həmin istiqamətdə real addımlar atılmayıb? Özləri bir yana, Azərbaycanın öz torpaqlarını azad etmək istəyinin qarşısına belə sədd çəkirlər. Deyirlər ki, "dövlət başçıları oturub razılığa gəlməlidirlər". Ermənistan rəhbərliyi konstruktiv dialoqa qətiyyən hazır deyil. Təcrübə bunu tam sübut edib. Rəsmi Yerevan özünü şıltaq uşaq kimi aparır.

Ona ruh verənlər sırasında isə Vaşinqton da var. Məsələn, Amerika təcavüzkara 2 milyard dollar həcmində yardım edib. ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara öz köməyini əsirgəmir. Onları rəsmi olaraq qəbul edir, müzakirələr aparır, müəyyən vədlər verirlər. Bəzi ştatlar qanunsuz "DQR"-i tanıyıb belə. İndi bir sıra erməni analitiki məhz bu faktları əllərində bayraq edərək, Azərbaycanın haqsız olduğunu sübut etməyə çalışırlar.

Bu ədalətsizliyin nə zamana qədər davam edəcəyini demək çətindir. Cənab səfir bunlar barədə danışmaq əvəzinə "Azərbaycanda korrupsiya var", deyir. Dünyanın hansı dövləti idealdır? ABŞ-ın özündə bu məsələ aktual deyilmi? Avropanın inkişaf etmiş ölkələrində korrupsiya faktına görə, bir çox problemlər yaranmayıbmı? Məsələn, Aİ-ni bürüyən maliyyə böhranının kökündə bank sistemində kök salmış fırıldaqlar olmayıbmı? Özü də Avropa bu proseslərdən silkələnəndə Azərbaycan davamlı inkişafda olub. Bu, indi də belədir.

Bunları cənab səfir yaxşı bilir. Bəs onda belə danışmaqda məqsəd nədir? Əvvəla, Azərbaycan müsəlman ölkəsi kimi regionda liderdir. Qərb isə istərdi ki, aparıcılıq ya Ermənistan, ya da Gürcüstanda olsun. Bu faktı gizlətmək qeyri-mümkündür. Bundan başqa, belə görünür ki, Vaşinqtonu öz geosiyasi marağından başqa heç bir məsələ məşğul etmir. Onu təmin yolunda bütün dünyada çaxnaşma yarada bilərlər. Konkret bu halda isə, Rusiyanın regionda geosiyasi nüfuzunu aşağı salmaq naminə bölgə dövlətlərini ona qarşı yönəltməyə cəhd edirlər. Bunun üçün Rusiyanın sərhədi boyu xaos yaratmaq lazım gəlir.

Artıq Ukrayna o tələyə düşüb. İndi başqaları – Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün ssenari hazırlanmalıdır. Çoxlu sayda ölkəni bir-birinə qarşı qoymaqla süründürməçi yolla hər birini gücdən salıb, özündən asılı etmək məqsədi hiss edilir. Görünür, okeanın o tayında dünya ağalığını yalnız bu mənada dərk edirlər.

Lakin bir şeyi unudurlar – Azərbaycan xalqının ölkə rəhbərliyinə tam inamı vardır. Bakının yeritdiyi xarici siyasət dəstəklənir. Xalq və hakimiyyət birliyi sarsılmazdır. Bu səbəbdən, Azərbaycanda "Maydan ssenarisi" xülyadır. Azərbaycan cəmiyyəti yalnız inkişaf paradiqmasını qəbul edir. Heç bir səfir özünü yormasın, bu dövləti və xalqı mövqeyindən döndərmək mümkün deyil!

Newtimes.az

 

 





26.05.2014    çap et  çap et