525.Az

"Altmışıncılar" və son 60 ilin ədəbi həyatı”ndan səhifələr - Xalq yazıçısı Anar yazır


 

"Altmışıncılar" və son 60 ilin ədəbi həyatı”ndan səhifələr -<b style="color:red"> Xalq yazıçısı Anar yazır</b>

(Əvvəli ötən saylarımızda)

***

Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın.

Con Kennedi

***
Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm.

***

Hörmətli Arif müəllimin əsas müddəalarını sitat gətirdiyim bu məqaləsi tək "Ağ liman" povestinə deyil, başqa yazılarıma da - sərt və qərəzli tənqidə qarşılaşmış hekayələrimə də obyektiv və mötəbər münasibətin örnəyi oldu. İlk qələm təcrübələrini çap etmiş gənc yazıçını top tüfəngə tutmaq çətin iş deyildi, tənqidimizin ağsaqqalı, akademikin rəyiylə hesablaşmamaq isə olmazdı. Amma bilmirəm nə səbədənsə həm Rəsul Rzaya, həm də mənə ifrat dərəcədə pis münasibət bəsləyən mərhum tənqidçi Seyfulla Əsədullayev guya ki, Məmməd Arifin haqqımda yazdığı məqaləylə razılaşdığını bildirsə də (ayrı cür münasibət bəsləməyə cürət edərdimi?), akademikin rəyiylə daban-dabana zidd olan fikirlər söyləyir. "Ağ limanlar və qırmızı gəmilər" məqaləsində yuxarıda gətirdiyim bir abzasdan yapışaraq və sanki Arif müəllimin haqqımda dediyi: "istedadlı yazıçı", "qüvvətli qələm sahibi" sözlərin qulaq ardına vurur. Məmməd Arif "Asqılıqda işləyən qadının söhbəti", "Dantenin yubileyi", "Mən, sən, o və telefon", "Keçən ilin son gecəsi" elə "Ağ liman"ın özünü müsbət dəyərləndirərək, "Molla Nəsrəddin 66"dan "Zarafat", "Əl əli yuyar" hekayələrini bəyənir, "Zəncir" hekayəsini xüsusi qeyd edir.

Bu, akademikin rəyi, bu da guya onunla "həmrəy" olan professor Seyfulla Əsədullayevin fikri:

"Bu yaxınlarda akademik M.Arif Anarın yaradıcılığı haqqında maraqlı bir məqalə ilə çıxış etmişdir və bizim fikrimizcə, o, gənc yazıçının yaradıcılığının həm mənfi, həm də müsbət tərəflərini çox obyektivliklə qiymətləndirmişdir. Ancaq mən onu qeyd etmək istərdim ki, Anarını qəhrəmanları həyata elə bil əyri güzgüdən baxırlar. "Ağ liman" povestinin qəhrəmanları aləmi tamamilə deformasiya və qallyusinasiyalardan ibarətdir. Onların həyatı yuxu ilə real varlıq arasında cərəyan edir. Yuxuda onlar uzun növbələr, zolaqlı pijamalar və şlaqbaumlar görürlər, həyatda isə Məmməd Nəsir daim sərxoşdur, idarədə tək-tənha oturur, özü ilə nərd oynayır. Səfdər gündüzlər rəqəmlər qallyusinatsiya aləmindədir, gecələr isə mənzildə öz telefonu ilə öz nömrəsini yığıb özü ilə danışmaq istəyir. Nemət isə gecə saat dörddə Təhminəyə zəng edib onun gözlərinin rəngini soruşur. Maqnitofon əhvalatı isə həyatın mənasızlığına, bekarçılığına eyhamlardır. Anarın əsərlərindəki bütün qəhrəmanlar, artistlər də daxil olmaqla ("Dantenin yubileyi") çox kobud ləhcədə danışırlar, adi sözləri lorulaşdırırlar.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında oxucu yenidən Anarın əvvəlki "Çevrə" ("Ağ liman" - red.) povestinin qəhrəmanları Təhminə və Zaurla rastlaşır. Əsərin bütün on səkkiz fəslində onlar məhəbbət əyləncələriylə məşğuldurlar. Anarın qəhrəmanlarını məişətçilik, xırdaçılıq, həqiqi vətəndaşlıq hisslərindən uzaqlıq səciyyələndirir.

Anarın qəhrəmanlarının ömürlərində heç bir işıqlı, ülvi şey yoxdur.

Anarın "Əlaqə" povestində də məqsəd aydın deyil.

Sərbəst şeirə üstünlük verən Rəsul Rzanı çoxları az qala Azərbaycan şeirində yeganə novator sayırlar. Amma onun bir çox "novator" şeirləri yalnız ənənəvi ritm və qafiyələrdən deyil, poetik məzmundan və poetik fikirdən də məhrumdur. Bu cür eksperimentiçilik ciddi ideya-bədii qüsurlardan xali deyil. Bu gün də bəzi cavan şairlər "novator" adı çıxarmaq naminə Rəsul Rzanın manerasını yamsılayırlar. Bu isə ciddi ideya-bədii qüsurlara gətirib çıxarır. Bunun bariz nümunəsi gənc şair Vaqif Vəkilovun "Yoldan teleqram" adlı şeir kitabıdır.

Bizim bəzi yazıçılar bu tənqidlərdən ciddi nəticə çıxarmaq yerinə tənqidimizi emosional və analitik deyə iki yerə ayırırlar. Anarın "Literaturnaya qazeta"da dərc olunumuş məqaləsi bunun örnəyidir. Bu məqalə diqqətimizi onunla çəkdi ki, müəllif özünü reklamla məşğuldur. O, "öz evində" tənqidə məruz qalan yazıçıların Ümumittifaq tənqidi tərəfindən rəğbətlə qarşılanmasını iddia edərkən ilk növbədə özünü nəzərdə tutur (? - A). O, vaxtilə onu tənqid edənlərin üzərinə amansızcasına hücum çəkir. Onu isə ideya-bədii qüsurlarına, estetik idealının qeyri-müəyyənliyinə, sovet adamlarının məişətinin təsvirində naturilastik meyllərə, qəhrəmansızlaşmaya, meşşan düşüncələrinin poetikləşdiriməsinə, həyatımızın absurdluğunu, varlığın mənasızlığını iddia etdiyinə görə haqlı tənqid edirdik. Bu məqalədə Anarın nəzəri baxışları bizim tənqidə zərbə vura bilər, sovet ədəbiyyatında müxtəlif metodların olması kimi zərərli fikrə təkan verə bilər. Bu revizionist meyllərə lazımi cavab vermək lazımdır.

Seyfulla Əsədullayev

"Ədəbiyyat və incəsənət", 5 iyun, 1971

"Literaturnaya qazeta"da (10 noyabr, 1971) çap edilmiş və S.Əsədullayevin qəzəbinə səbəb olan "Razmışlenie nad şkaloy üennostey", ("Qiymət cədvəli haqqında düşüncələr") məqaləsində belə abzaslar vardı: Məqalələrinin birində Asif Əfəndiyev haqlı olaraq iddia edirdi ki, tənqid poetik olmalıdır. Amma bu doğru fikirdən o, özü üçün qəribə bir nəticə çıxardı: məqalələrini qafiyələməyə başladı. Başqa bir tənqidçimiz Seyfulla Əsədullayev məqalələrində belə patetik ritorika yoxdur, hər şey çox sadə, bəsit və payız yağışı kimi yeknəsəkdir. Əgər A.Əfəndiyev gənc yazıçılara ironiya və istehzasını əsirgəmirsə, S.Əsədullayev adlı-sanlı, vəzifəli yazıçılara mədhiyyələr söyləməkdən usanmır. S.Əsədullayevin yazılarında başqa bir qüsur da ondan ibarətdir ki, özünün uydurduğu bir fikri kiminsə adına yazır, sonra bu fikri tənqid etməyə başlayır. Belə tənqidi fəaliyyəti vaxtilə Məmməd Cəfər Cəfərov və başqaları tərəfindən ifşa olunmuşdu.

S.Əsədullayevin məqaləmə sərt reaksiyasından sonra mən də, akademik Məmməd Cəfər də ona "Ədəbiyyat və incəsənət qəzeti"də cavab verməli olduq.

"Hörmətli redaksiya!

"Ədəbiyyat və incəsənət" qəzetində (15 iyul 1972) tənqidçi Seyfulla Əsədullayevin "Bəzi mülahizələr" adlı polemik qeydləri dərc olunmuşdur.

Müəllif yazır:

"Məsələn, yazıçı Anar da "Sovet hakimiyyətinin ilk illərində sosializm realizmi ilə tənqidi realizmin yanaşı inkişafı haqqında tezisi bütün sovet ədəbiyyatşünaslığı üçün vacib hesab edir". ("Razmışleniə nad şkaloy tsennostey" "Literaturnaə qazeta"  1971, 10 oktyabr). Bununla da müəllif istər-istəməz pluralizm konsepsiyasını təbliğ edir".

S.Əsədullayev redaksiya və oxuculara yanlış məlumat verdiyinə görə onun mənim məqaləmdən yarımçıq gətirdiyi sitatı olduğu kimi bütünlüklə yazıram. Sitat belədir:

"Bununla əlaqədar olaraq, Azərbaycan tənqidçisi M.Cəfərin vaxtı ilə "Voprosı literaturı" jurnalında dərc olunmuş "Hər şeydən əvvəl konkretlik" adlı maraqlı məqaləsi yada düşür. Bu məqalədə M.Cəfər Azərbaycan ədəbiyyatı materialları əsasında bütün sovet ədəbiyyatşünaslığı üçün vacib olan tezisi - Sovet hakimiyyətinin ilk illərində sosializm realizmi ilə tənqidi realizmin yanaşı inkişafı haqqında tezisi təqdir edirdi" ("Razmışleniə nad şkaloy tsennostey" "Literaturnaə qazeta"  1971, 10 oktyabr).

Göründüyü kimi, S.Əsədullayev "pluralizm konsepsiyasını təbliğ edən" fikrin mənə deyil, M.Cəfərə mənsub olduğunu gizlədərək, öz təbiri ilə ilə desək, "fəndgir bir əməliyyata əl atır".

Əlbəttə, hörmətli alimimiz M.Cəfərin tezisində heç bir plüralizmdən əsər-əlamət yoxdur. Amma S.Əsədullayevin "əməliyyatı" da aydındır. Məsələ ondadır ki, mən həmin məqaləmdə S.Əsədullayevin bəzi yazılarında təhlilin əsərin məzmununu nəql etməklə əvəz olunduğunu tənqid etmişdim.

Görünür, hayıf çıxmaq ehtirası S.Əsədullayevi obyektivlikdən elə uzaqlaşdırıb ki, o, M.Cəfər müəllimin fikirlərini başqasının adına yazmaqdan və təhrif etməkdən də çəkinməyib.

ANAR

19 avqust 1972

"Elmi mübahisə dəlil və sübut tələb edir" yazısından

"Anarın bu məqaləsində ötəri şəkildə bu tezisdən birinin (ədəbiyyatlarımızda sosializm realizmin yaranmasında demokratik tənqidi realizm mərhələsinin əhəmiyyəti haqqındakı fikri) bəyənilməsi tənqidçi Seyfulla Əsədullayevə xoş gəlməmişdir. Belə halda gözləmək olardı ki, Əsədullayev yoldaş bu bərədə özünün antitezisini irəli sürəcək, təzə fikir söyləyəcək və elmi mübahisəyə girişəcəkdir. Lakin o, belə etməmiş, hansı bir niyyətlə isə qəribə bir personalizm üsulu ilə əsasız hücuma keçmiş və Anarı "plüralizm" konsepsiyasının təbliğatçısı", başqa sözlə, dialektik və tarixi materializmə tamamilə zidd olan, varlığın obyektivliyini inkar edən idealist bir fəlsəfi konsepsiyanın müdafiəçisi və guya sovet incəsənəti və ədəbiyyatında bir-birinə zidd məfkurələrin, bir-birinə zidd yaradıcılıq metodlarının yanaşı yaşamasının mümkün olduğunu qəbul edən bir nəzəriyyəçi adlandırmışdır.

Sübutsuz, dəlilsiz tənqidə elmi mübahisə də demək olmaz.

Əgər S.Əsədullayev yoldaşın bu xüsusda təzə fikri, nəzəriyyəsi varsa, heç şübhə yox ki, ədəbi ictimaiyyətimiz həvəslə həmin fikirləri öyrənib, öz münasibətini bildirər.

M.Cəfər.

"Ədəbiyyat və incəsənət", 19 avqust 1972

İllər keçəcək, yazılarımız Moskvada və bir sıra xarici ölkələrdə nəşr olunandan sonra professor S.Əsədulayev bir qədər başqa fikirlər söyləyəcək:

"Dantenin yubileyi" povestinin müəllifi Anar rus oxucusuna "Çevrə" ("Ağ liman") "Əlaqə" povestləri, "Gürcü familiyası", "Mən, sən, o və telefon" və başqa hekayələriylə tanışdır. Onun ssenariləri əsasında bir sıra filmlər, o cümlədən, maraqlı "Dədə Qorqud" filmi çəkilmişdir. "Dantenin yubileyi" və bəzi əsərləri xaricdə də nəşr olunmuşdur.

Müasir Azərbaycan ədəbiyyatı inkişafın yeni mərhələsinə qədəm qoymuşdur və bu, ilk növbədə İ.Şıxlı, S.Qədirzadə, İ.Hüseynov, Anar, M. və R.İbrahimbəyov qardaşları, Ə.Əylisli, Elçin kimi istedadlı yazıçıların adlarıyla bağlıdır.

«СЕЙФУЛЛА АСАДУЛЛАЕВ «Эстетический идеал и социальная активност писателя» («Estetik ideal və yazıçının sosial fəallığı») kitabından. Bakı, Yazıçı nəşriyyatı 1982

Mən Yazıçılar təşkilatına rəhbər seçiləndən sonra Natəvan klubunda Seyfulla Əsədullayevin yubileyi qeyd olundu. Otağıma gəlib təşəkkür etdi. Mənim sədrliyim dövründə Natəvan klubunda Xalid Əlimirzəyevin də yubileyini keçirdik. O da təşəkkür etdi və dedi ki sonrakı əsərlərimi qabaqcadan zənn etsəydi, "Ağ liman" haqqında məqaləni o şəkildə yazmazdı. Nə isə... "Keçənə - güzəşt" deyiblər.

"Literaturnaya qazeta"da çıxan məqaləm təbii ki, rus dilində yazılmışdı. Və mənim Bakıda rus dilində nəşr edilmiş əsərlərimin 5-ci cildinə daxil edilmişdir.

O məqalədə nə vardı ki, respublikada belə hay-həşir qaldırdılar. Həm də məqalədən narazı qalanlar yalnız ədəbiyyat adamları deyildi. Bəzilərinin xəbərçiliylə məqalədən KP MK-nın ideologiya üzrə katibi Danil Quliyev də bərk rəncidə olmuşdu. Yadımdadır, Aktyor evində jurnalistlərin qurultayında çıxış edərkən D.Quliyev Moskvadan Qurultaya qonaq gəlmiş məşhur jurnalist Peskova müraciət edərək: Anarı Moskva mətbuatında çox çap edirlər - dedi. - Xahiş edirəm, bunun qabağını alın.

Belə bir missiyanın məşhur adam olsa da, heç bir rəsmi vəzifə daşımayan Peskovun boynuna qoyulduğundan biçarə jurnalist donub qalmışdı. Halbuki İdeoloji katib telefonu götürüb Moskvaya SovİKP MK-nın müvafiq şöbəsinə zəng edə bilərdi və məni Moskva mətbuatından uzaqlaşdıra bilərdi. Bunu xeyirxahlığından, ya humanistliyindən etmirdi, sadəcə ağlına gəlmirdi ki, Peskovdan xahiş etməkdənsə, qadağa qoymağın daha təsirli yolları var.

Növbəti dəfə başı bəlalı "Qobustan"ın problemləriylə bağlı yanında olanda soruşdum. "Danil Piriyeviç, mənim o məqaləmdə nə vardı ki, bu cür qəzəblə qarşılanmışdı? - Bir şey yoxdu - dedi - oxumamışdım, mənə elə qələmə vermişdilər. Oxudum, gördüm elə bir şey yoxdur orda".

Buna baxmayaraq, məhz MK ideoloji aparatının təşviqiylə və təkidiylə "Literaturnaya qazeta" dalbadal üç nömrəsində mənim bu məqaləmə qarşı üç yazı verdi: S.Əsədullayevin, Asif Əfəndiyevin və bu qəzetin səhifələrində ilk və son dəfə çıxış edən Əkbər Ağayevin yazılarını.

Əkbər Ağayevin tənqid üsulunu qəzetə göndərdiyim məktubda izah etmişdim. İndi görək bu barədə rəhmətlik Asif Əfəndiyev nə yazır:

"Qeyd edim ki, guya ki, analitik tənqidə qarşı qoyulan emosional tənqid haqqında yazıçı Anarın "Qiymət cədvəli haqqında düşüncələr" adlı yazısında dediklərinin heç bir elmi əsası yoxdur. Bəli, bəzən tənqidçi istedadsız əsərlə rastlaşır və belə hallardə fəlsəfi təhlil komik dərəcədə yersizdir. Bax belə yerdə emosional tənqid lazımdır, çünki əsərin özü emosinal tənqid tələb edir - yəni belə əsəri gərək lağa qoyub güləsən".

AСИФ ЭФЭНДИЕВ. «Мысль страстная, ишущая…» məqaləsindən. «Literaturnaya qazeta» 26 yanvar 1972

Hörmətli Asif Əfəndiyevin istedadsız əsərlərə emosional yanaşmasının və gülməsinin bariz örnəyi onun "Ağ liman" povesti haqqında yazdıqlarıdır.

"Sosialist gerçəkliyi şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir (böyük mühit). Lakin onunla yanaşı, onun ziddiyyətli təzahürü olan mikromühit (bala mühit) də mövcud ola bilər ki, orada şəxsiyyət öz imkanlarını aşkara çıxara bilməz, iztirablar közündə yanar, fəaliyyəti imkanlarının müqabilində çox cılız görünər. Bu kiçik mühitin mövcudluğunu qeyri-mövcudluğa çevirmək üçün biz onun simasını təyin etməli, mahiyyətini aşkara çıxartmalı, qeyri ideallığını, qeyri-estetikliyini təsdiq etməliyik...

Əsrin axırından uzaq düşən mikromühit indiki dövrdə də mövcud ola bilər. Və gənc yazıçı Anar "Ağ liman" povestində belə bir mühiti təsvir etmişdir. Burada əməyin keyfiyyəti duyulmur, durğunluq, pis mənada sabitlik, prozaiklik, standartlıq hökm sürür. Qəhrəmanlar öz həyat tərzi, qayəsi, amalı, etibarı ilə orta, böyük ideallarından məhrum olan cılız düşüncəli, cılız duyğulu adamlardı. Onların həyatı bir-birinə bənzəyən, bir-birindən seçilməyən odsuz-alovsuz günlərin məzmunundan başqa bir şey deyil. Bu mühitdə idrakın, duyğuların üfüqləri dar və məhduddur. Demək olar ki, qəhrəmanların mənəvi aləmi işlədikləri binaya sığır, qanadsız fikirlər binanın pəncərəsindən işıqlı aləmə çıxa bilmir. Durğun gölü xatırladan bu mühitdə demək olar ki, daxili dinamika, dramatizm yoxdur. Adamlar avtomat kimi işləyir, iş arasında bayağı zarafatlar edir, nərd oynayır, futboldan danışır, ara-sıra bir-birinə qonaq gedir, qonaqlıqda cansıxıcı şablon söhbətlər edir və s. Hər şey kiçilmiş, qurumuş, rəqəmləşmişdi. Cansız rəqəmlər fərdi xüsusiyyətlərdən məhrum olan qəhrəmanların daxili mahiyyətini psixoloji təhlilindən daha yaxşı ifadə edir. Çünki onların heç biri həyatda özünü əsl şəxsiyyət, əsl vətəndaş kimi göstərə bilməyib. Bu adamlar mahir bir rejissorun oynatdığı kuklalara bənzəyirlər. Bu rejissor ətalət, bəsitlik, idealsızlıqdır.

Bəzən biz həm bədii, həm də elmi ədəbiyyatda kollektiv məfhumunu ideallaşdırmaq, hər vaxt kollektivə bəraət qazandıraraq, bütün günahları fərdin üzərinə atmaq kimi cəhətlərlə qarşılaşırıq... Kollektiv böyük qüvvədir, ancaq yaxşı kollektiv, şəxsiyyətin hər tərəfli inkişafını, yüksək ideallarının təsdiqini təmin edən əsl sağlam sovet kollektivi. "Ağ liman" povestində təsvir olunan kollektivin xüsusiyyətlərini dərk etmək üçün, Təhminənin aşağıdakı sözlərinə diqqət etmək lazımdır: "Hərdən düşünürəm, özümü tanımıram, necə oldu ki, bu adamlarla uyuşdum. Uyuşdum yox e, dostlaşdım, mehribanlaşdım, eyniləşdim". İnsanları eyniləşdirən fərdi xüsusiyyətdən məhrum edib meşşanlaşdıran kollektiv pis kollektivdir. Marksistlər inkişaf deyərkən, dialektik, ziddiyyətli inkişafı nəzərdə tuturlar... Yazıçının estetik idealı ilə də mən qətiyyən razılaşmıram. Estetik idealı uzaq, ekzotik, sarı, qırmızı qumlarla əhatə olunmuş "Ağ liman"da axtarmaq, əvvələn o qədər də orijinal deyildir. Buna bənzər hallara, həm müasir qərb ədəbiyyatında, həm də rus yazıçısı V.Aksyonovun (V.Aksyonovun hansı əsərində? - A.) əsərlərində çox rast gəlmişik. Bu, artıq müəyyən bir şablona çevrilib. Digər tərəfdən əgər qəhrəmanlar xəyal aləminə çəkilib orada ideal axtaracaqlarsa, üfunətli mühiti kim tənzimləyəcək, standart və bəsit həyata kim son qoyacaq? Bu cür meylləri mən düzgün hesab etmirəm.

"Ağ liman" povestinin əsas pafosu həyatdakı eybəcərliklərin tənqid və ifşasıdır. Eybəcərlik həyatımızın mahiyyətini təşkil etmir. Sosialist gerçəkliyin mahiyyətini əməkdə, ictimai əlaqələrdə, intim münasibətlərdə parlaq təzahür edən gözəllikdə axtarmaq lazımdır.

Asif Əfəndiyev

Sənət və şəxsiyyət (ədəbi-tənqidi etüd).

"Azərbaycan" jurnalı, № 11, 1968

Bütün bunlara rəğmən, Asif Əfəndiyevi savadlı ədəbiyyat adamı, tənqidçi, esseist kimi yetərincə dəyərəndirirdim. Onun muğam haqqında maraqlı essesindən "Muğamın əbədiliyi" adlı yazımda sitatlar gətirmişdim.

Yazıçılar Təşkilatının rəhbəri seçiləndən sonra elə ilk Plenumda məruzəmdə Asif Əfəndiyevin fəaliyyətinə obyektiv qiymət verdim və onun ədəbi prosesdən kənarda qalmasını, mətbuata çıxmamasını düzgün hesab etmədiyimi dedim. Həmin parça "Aşkarlıq işığında" adlı məruzəmdə verilib.

"Bir arzumu da bildirmək istəyirəm.

"Ədəbiyyat və incəsənət" qəzetinin səhifələrində də, "Azərbaycan" və "Ulduz" jurnalları səhifələrində də çoxdan rast gəlmədiyimiz bir imzaya, maraqlı tənqidçilərimizdən olan Asif Əfəndiyevin imzasına rast gəlmək istərdim. Bu məsələni bir az xırdalamaq istəyirəm. Vaxtilə, bilirsiniz ki, Asif Əfəndiyev məni də, bir çox başqa yazıçılarımızı da kəskin tənqid edib. Mən bu tənqidlə əsasən onda da razılaşmırdım, indi də mübahisə etməyə hazıram. Amma Asif Əfəndiyevin ədəbiyyata öz baxışları var, o, öz mövqeyi olan və bu mövqeyini ifadə edə bilən bir tənqidçidir, onun ədəbi prosesdən, mətbuat səhifələrindən kənarda qalması düzgün deyil. Mən istərdim ki, məni düzgün başa düşəsiniz. Kimsə düşünə bilər ki, bu misalları çəkməklə mən bir növ özümü yaxşı qələmə vermək, qəlbimin geniş olmasını nümayiş etdirmək istəyirəm. İnanın ki, belə deyil. Mən başqa bir məqsəd güdürəm: demokratikləşmə, aşkarlıq şəraitində biz hər cür ədəbi mülahizəni, hətta razılaşmadığımız mülahizəni belə dinləməyə və bu mülahizələrlə sakit, ədəb-ərkan dairəsində mübahisə etməyə alışmalıyıq. Biz razı olmadığımız qənaətlərlə açıq fikir yarışına, fikir toqquşmasına hazır olmalıyıq. Demokratiya darsləri məhz bundan başlanır.

Bu məruzəmdən bir qədər sonra Asif yanıma gəldi, mehriban görüşüb söhbət etdik. "İnam və şübhə" kitabını xoş ithafla mənə bağışladı: "Əsərlərində yalan, ürəyində çirk olmayan ləyaqətli ziyalımız Anar bəyə yoluna, qayəsinə inamla, Asif Əfəndiyev".

Mətbuatımızda fəal iştirak etməsini təklif etdim. Bir müddət sonra mənə göndərdiyi məktubda yazırdı:

"Anar bəy salam!

Gözümüz çox şey gördü axır vaxtlarda, qulaqlarımız çox şey eşitdi, çox şey öyrəndik.

Son vaxtlar çox yazmışam, ancaq olduqca həvəssiz çap eləyirlər, bir tərəfdən tənqidin azlığından təlaşla danışırlar, digər tərəfdən tənqidi fikri mətbuatdan qoruyurlar.

Hələ ki, infarkt olmamışıq, xərçəng xəstəliyinə tutulmamışıq, - yazılarımızı oxuculara çatdırmaq istəyirik, ancaq ögeylik, biganəlik səddi aradan qalxmır.

Ümumittifaq səviyyəsindən geri qalırıq, fikrimiz ədəbi ictimaiyyətə gec çatır, bizi qabaqlayırlar. Köhnə, arxaik görünürük.

Əgər mümkünsə başa sal mətbuatçıları - təzədən təkliyə qayıtmayım - mətbuatdan uzaqlaşmaq istəmirəm. Oxuculara deyəcək fikirlərim var. Tənqidimizin səviyyəsini yüksəltmək istəyim var, çapı aylaşdırmaq, illəşdirmək səriştəsindən əl çəkmirlər. Məni sevmirlər - sevməsinlər, eybi yoxdur - ədəbiyyatı sevsinlər.

Hörmətlə,                                                                                               

Asif Əfəndiyev

14 sentyabr 1987-ci il"

Asifin yazılarını yubatmadan çap etməyi "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru Nəriman Həsənzadəyə məsləhət etdim və bundan sonra bu qəzetlə də, "Azərbayan" jurnalında da mütəmadi çap olunmağa başladı.

Beləliklə, sovet dövründə yazılarımın Kommunist partiyası "Mərkəzi Komitəsi Plenumunun qəraralarıyla həmahəng səslənməməsində", mövzularımın "insanların dost-qardaş olduğu, qurub yaratdığı, daim irəlilən bir cəmiyyətin ümumi mübarizəsindən, məqsəd və qayələrindən kənarda qalmasında", "ideyaca ciddi nöqsanları olan "Ağ liman" povestimin sosializm realizmindən uzaqlaşmasında, zamanın nəbzini tuta   bilməməyimdə", "sovet həyatının təsvirindən söhbət gedəndə hətta istedadlı müəlliflərə də heç bir güzəşt ola bilməz" deyiləndə, "sovet həyat tərzinin alovlu təbliğatçısı olmamağımda", qəhrəmanlarımın ömürlərində heç bir işıqlı, ülvi şey olmadığında", "nəzəri baxışlarımın zərərli fikirlərə təkan veməsində, revizionist meyllərdə", "sosialist gerçəkliyinin şəxsiyyəti hərtərəfli harmonik inkişafını təmin etdiyi makromühitdən uzaq mikromühit yaratmaqda","qanadsız fikirlərimin binanın pəncərəsindən işıqlı aləmə çıxa bilməməkdə", "marksist dialektik, ziddiyyətli inkişaf nəzəriyyəsinə biganə olmaqda, sosialist gerçəkliyinin mahiyyətini əməkdə olduğunu duymamaqda" və daha Allah bilir nələrdə, nələrdə ittiham edirdilər. Müstəqillik dövründə isə bəziləri məni sovet yazıçısı kimi o cəmiyyətin bütün eybəcərliklərinə göz yummaqda, əvəzində o dövlətin fəxri adlarını və mükafatlarını almaqda qınamağa başladılar. Nə etməli, bu da bir taledir. Xoşbəxtlikdən o dövrdə də, bu dövrdə də yaradıcılığıma daha insaflı, daha obyektiv, daha dəqiq  qiymət verən mötəbər tənqidçilər, yazıçılar, jurnalistlər qat-qat daha çoxdur.

Yazımın bu bölümünün sonunda isə haqqımda yazanların hamısına - öyənlərə də, söyənlərə də, məni daima işləməyə sövq etdikləri üçün minnətdarlığımı bildirmək istərdim. Dünyasını dəyişənlərə qəni-qəni rəhmət diləyir, sağların ömürlərinin uzun olmasını arzulayıram.

2021-2022

 





14.04.2022    çap et  çap et