525.Az

Bədii və ictimai düşüncəmizi aydınladan ədib - Tural Adışirin yazır


 

BÖYÜK FİKİR VƏ SÖZ ADAMI MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN 210 İLLİYİ TAMAM OLUR

Bədii və ictimai düşüncəmizi aydınladan ədib -<b style="color:red"> Tural Adışirin yazır</b>

Azərbaycan ədəbi və ictimai fikir tarixində Mirzə Fətəli Axundzadənin xidmətləri olduqca böyükdür. Zəngin yaradıcılığa malik olan ədib təkcə Azərbaycan ədəbi və fəlsəfi düşüncəsində deyil, eyni zamanda Yaxın Şərq maarifçilik hərəkatının qabaqcıl nümayəndəsi, materialist filosofu kimi tanınır.

M.F.Axundzadə milli dramaturgiyanın banisi kimi bir-birinin ardınca 1850- 1855-ci illərdə altı komediya yazaraq ədəbiyyatımıza yeni ideya və baxışlar gətirib, demokratik və maarifçi görüşləri ilə xalqının xidmətində durub.

Böyük maraq kəsb edəcəyini yəqin bilib maraqlı bir faktı oxucuların nəzərinə çatdırmaq istəyirəm. XX əsrin görkəmli fikir sahiblərindən olmuş, nasir-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev bu faktı M.F.Axundzadənin həyati faciəsi kimi dəyərləndirərək "Mirzə Fətəlinin faciəsi" adlı məqaləsində yazır: "1849-cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı..."

M.F.Axundzadə sistemli maarifçiliyin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətinə müsbət təsir göstərib. Məhz M.F.Axundzadə ilə başlayıb XIX əsrin II yarısı, XX əsrin əvvəllərində inkişaf edən maarifçilik dövrü bədii - estetik fikri, zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluğu ilə diqqəti cəlb edir.

M.F.Axundzadə maarifçilik və demokratik baxışlarını 1857-ci ildə yazmış olduğu "Aldanmış kəvakib" povestində və 1860-cı ildə yazdığı "Kəmalüddövlə məktubları" fəlsəfi traktatında geniş şəkildə əks etdirib. Əsərdən aydın olur ki, şahzadələr ölkələrində hökm sürən ağır vəziyyətlə barışa bilmir, ölkələrinin mədəni geriliyinə acıyır, düşmüş olduqları fəlakətlərdən xilas olmaq üçün yollar axtarırlar. M.F.Axundzadə öz əsəri üçün iki şahzadə (Kəmalüddövlə və Cəlalüddövlə timsalında) obrazı düşünərkən onların öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məqamında təsvir edərək artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış edirdi. Həmçinin əsərdə dini dünyagörüşün tənqidi məsələsi deməyə əsas verir ki, bu əsər maarifçilik ideyalarına dərindən bələd olan bir müəllifin qələmindən çıxıb.

M.F.Axundzadənin maarifçi görüşlərinin formalaşması bilavasitə şəxsi həyatı ilə bağlı olub. Onun maraqlı və faciəvi həyatından bildiyimiz kimi, o, Hacı Ələsgər kimi fazil şəxsdən dərs almış, Gəncədə olarkən Şərqin dahilərindən olmuş Mirzə Şəfi Vazehə şagirdlik etmiş, ondan xeyir-dua almışdı. Həmçinin, o, 1836-1840-cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi kimi çalışmış, beynəlmiləlçi-maarifçi kimi formalaşmışdı. Mənə belə gəlir ki, ən mükəmməl multikultural dəyərləri M.F.Axundzadənin maarifçilik görüşlərində axtarmaq lazımdır ki, ədib bu istiqamət üzrə fəaliyyətində rus, gürcü, polyak, hind, ləzgi və digər xalqların nümayəndələri ilə dostluq əlaqələri saxlamışdı.

M.F.Axundzadənin yeni əlifba uğrunda apardığı 30 illik mübarizə onun maarifçilik fəaliyyətinin əsasını təşkil edir. Onun maarifçilik görüşlərinin kökünü yeni əlifba layihəsi uğrunda mübarizəsində axtaran akademik Feyzulla Qasımzadə "M.F.Axundovun həyat və yaradıcılığı" adlı monoqrafiyasında yazır: "M.F.Axundov bütün ömrü boyu xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparmışdır. Yeni əlifbanın maariflənmə və savadsızlığın ləğvi işində müstəsna əhəmiyyəti olacağını bilən Axundov onun həyata keçirilməsi uğrunda 30 ilə yaxın çalışmış, İrana və Türkiyəyə getmiş, Rusiya və Avropa ölkələrinə məktublar göndərmiş, dost və tərəfdaşları ilə yazışmış, onun gənc nəsil tərəfindən öyrənilməsi üçün yollar və vasitələrə əl atmış, heç bir şeyi əsirgəməmişdir"

Dahi mütəfəkkir özünün yeni "əlifba layihəsi"ni doğma yurdu Nuxada da müzakirə etmək istəmiş, bu məqsədlə 1868- ci ildə Nuxaya gəlmiş, lakin onun bu cəhdi də həmyerlilərinin mövhumatçılığı və cəhalətpərəstliyi ucbatından müvəffəqiyyətsizliyə uğramışdı. Mənbələrdə bu günədək Axundovşünaslıqda səslənməyən XIX əsrin II yarısı, XX əsrin əvvəllərində Şəkidə yazıb-yaradan İsmayıl bəy Nakamın M.F.Axundzadə ilə dostluq etməsi, onun maarifçilik görüşlərini alqışlaması ilə bağlı məlumatlar vardır.

Tədqiqatçı alim Kamil Adışirinov 2006-cı ildə nəşr etdirmiş olduğu "İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı" adlı monoqrafiyasında Nakam - Mirzə Fətəli Axundzadə münasibətlərindən danışaraq yazır: "...Bir gün Asya xalanı Ağa Cabbarın evinə çağırırlar. Axşam evə tacirlərdən, axundlardan və mollalardan ibarət qonaqlar yığışır. Onların arasında M.F.Axundzadə də var idi. Bir müddətdən sonra din xadimləri ilə M.F.Axundzadə arasında onlarlın geriliyi və cəhalətpərəstliyi ilə bağlı mübahisə başlayır. Mirzə Fətəli cəhalətpərəstliyin aradan qaldırılması üçün yeni əlifba layihəsi ilə çıxış edərək köhnə ərəb əlifbasının dəyişdirilməsi təklifini irəli sürür. Mübahisələrin gərgin vaxtında şair İsmayıl bəy Nakam və Ömər Əfəndi qızğın şəkildə onun tərəfində dururlar. Mübahisədə qələbə qazana bilməyən mollalar Ağa Cabbarın evini əsəbiliklə tərk edib, Mirzə Fətəli Axundzadənin və onun tərəfkeşlərinin (Nakamın və Ömər Əfəndinin - K.A.) çıxışları ilə bağlı şəhər hakimiyyətinə məlumat verirlər. İsmayıl bəy Nakam və Ömər Əfəndi evlərinə qayıtdıqdan sonra həbs olunaraq Elizavetpola (indiki Gəncə şəhərinə - K.A.) göndərilirlər. Mirzə Fətəli Axundzadəni isə şəhərdə axtarırlar. Gecə o, Asya xalanın qapısını döyərək onun evində gizlənir və ertəsi gün onun çadrasına bürünərək Tiflisə gedir"

M.F.Axundzadənin pedaqoji görüşləri çoxcəhətlidir. Onun maarifçi görüşlərində uşağın ailədə tərbiyəsi mühüm yer tutur. Maraqlıdır ki, bu böyük mütəfəkkir ailə tərbiyəsi haqqında sadəcə fikir söyləməmiş, öz qənaətlərini, özünə, öz ailəsinə tətbiq etmişdi. Mənbələrin verdiyi məlumatlardan bildiyimiz kimi, ədibin 13 övladı olmuş, onlar uzun ömür sürməmiş, yalnız qızı Nisa xanım və oğlu Rəşid sağ qalmışlar. Bu baxımdan onun oğlu Rəşidə tərbiyə baxımından ünvanladığı məktublar bütün gəncliyə ünvanlanıb. Dahi ədib oğlu Rəşidin təhsil və tərbiyəsinə xalqının tərəqqi və yüksəlişi kimi baxıb. Onun təhsilə, maarifə verdiyi ən böyük qiymət qızı Nisa xanımı bütün qohum-qardaşlarının ondan öz döndərməsinə baxmayaraq, Tiflis Qızlar Gimnaziyasında oxutmasında, XX əsrin görkəmli maarifçisi Rəşid bəy Əfəndizadəni hərbçi olmaqdan çəkindirib adını Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsində yazdırmasında özünü göstərib.

Fikrimizcə, M.F.Axundzadə heç zaman dinə qarşı çıxmamış, İslam dininə qara yaxan, onu öz mənafeləri naminə inkar edib, yalnız və yalnız öz mənafelərini güdən "din biliciləri"ni, xurafatçıları, sadə xalqı aldadıb düzgün yoldan döndərən din başçılarını, axundları, seyidləri, mollaları və digərlərini tənqid edib xalqı universal şəkildə maarifləndirmişdi. Burada Axundovşünasların fikirlərinə və arxiv sənədlərinə söykənərək bir faktı qeyd etmək yerinə düşərdi. Bu fakt M.F. Axundzadəni "kafir", "dinsiz" adlandıranlara tutarlı bir cavabdır. Bu xüsusda görkəmli nəzəriyyəçi alim, Axundovşünas Mikayıl Rəfili yazır: "Bir gün Tiflisdə Mirzə Fətəlinin mənzilinin qapısı döyülür. O, qapını açarkən qarşısında məhəllə poçtalyonunu görür. Poçtalyon ona Tiflisdə məskunlaşmış səfir Fon Fişerin məktubunu təqdim edir. Axundov məktubu oxuduqda ona məlum olur ki, səfir onu qəbuluna dəvət edir. Çağırılmış saatda Axundov onun qəbuluna gedir. Qapını açıb içəri girdikdə Tiflisin bütün tanınmış şəxslərini orada görür. Fişer ona müraciətlə deyir:

- Cənab Axundov, mən sizi iki sualdan ötrü narahat etmişəm.

Axundov Fişerə suallara cavab verməyə hazır olduğunu bildirir.

Fon Fişer soruşur:

- Deyin görək, siz həşərat dedikdə nə başa düşürsünüz?

M.F.Axundov bildirir ki, biz müsəlmanlar həşərat dedikdə torpağın altındakı cücüləri nəzərdə tuturuq. Fon Fişer həşərat dedikdə almanların da o cür düşündüklərini söyləyir.

Fon Fişer sonra soruşur ki, indi deyin görək sizin Quran kitabınızda İslam dini daşıyıcılarını əsl insan, başqa din daşıyıcılarını "həşərat" adlandıran bir kəlam varmı? M.F.Axundov cavab verir ki, bizim Quran kitabımızda insanı mənəvi kamilliyə çağıran kəlamlardan başqa heç bir şey yoxdur".

Mükalimənin məzmunundan gördüyümüz kimi, böyük maarifçi yalançı din xadimlərinin ikiüzlülüyünü, onların dindən savadsız adamları aldatmaq üçün bir vasitə kimi istifadə etdiklərini onların üzünə dediyi üçün qəzəbə gəlmiş, hətta 1878-ci ildə böyük ədib dünyasını dəyişəndə Zaqafqaziya Şeyxülislamı Molla Əhməd Səlyani onun meyit namazını qılmaqdan imtina etmiş, cənazəsi dörd gün ortada qalmışdı. Xalqı üçün sinəsində alovlu bir ürək gəzdirən bu dahi insanın həyatının bu müdhiş anı görkəmli "Molla Nəsrəddinçi" Əbdürrəhim bəy Haqverdiyevin qələmində aşağıdakı kimi diqqətimizə çatdırılır: "Şeyxül-islam Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: "Mən Mirzə ilə çox müsaihətdə olduğumdan onun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni onun namazını qılmaqdan imtina etməyə məcbur edir". 

Biz ədibin əsərlərini diqqətlə oxuduqda onlarda dinə qarşı heç bir etiraz sədası eşitmirik. Əksinə, dahi Mirzə Fətəli yüksək multikultural dəyərlər nümayiş etdirərək yazırdı: "Mən bəşər dostu bir insanam".

Nəticə etibarilə qeyd edə bilərik ki, M.F.Axundzadənin maarifçi görüşlərinin əsas qayəsi cəhalətə, mövhumata və fanatizmə qarşı mübarizə, elm və maarif uğrunda çalışmaq, Avropa ölkələrinin üstün mədəniyyətini Azərbaycanda yaymaq, şəxsiyyətin azadlığına nail olmaq idi. 

Sanki dahi ədibimiz bu kəlamı ilk növbədə öz həyatı üçün söyləyib: "Dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər".

 





14.04.2022    çap et  çap et