525.Az

"İkinci cəbhə" açılacaqmı?


 

"İkinci cəbhə" açılacaqmı? <b style="color:red"></b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günündən ikinci cəbhənin açılacağı ilə bağlı fikirlər səslənir. Müharibənin ilk günlərində ikinci cəbhənin Ukraynaya qarşı, Belarus tərəfindən açılacağı gözlənilirdi. Hərbi əməliyyatlar başladıqdan sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun bir sıra açıqlamaları da belə qənaət yaradırdı ki, Ukraynaya qarşı ikinci cəbhə açılacaq. Əgər o zaman Ukraynaya qarşı ikinci cəbhə açılsaydı, Kiyevin müdafiəsinin kəskin çətinləşəcəyi qaçılmaz olacaqdı. Belarusdan təhlükənin olmaması paytaxta təhlükəni azaltdığı kimi, Kiyev, Suma, Çerniqov və Xarkov vilayətlərinin müdafiəsini də asanlaşdırdı. Rusiyanın uğursuzluğunun bir səbəbi də heç şübhəsiz ki, Ukraynaya qarşı ikinci cəbhənin açılmaması oldu.

İndi isə Rusiyaya qarşı ikinci cəbhənin açılacağı ilə bağlı ehtimallar artıb. İkinci cəbhənin ünvanı isə müxtəlif yerlər ola bilər. Ən çox müzakirə olunan iki istiqamət var. Bunlardan biri Rusiyaya qarşı Gürcüstandan ikinci cəbhənin açılmasıdır. Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin qəti şəkildə əleyhinə çıxmasına baxmayaraq, gürcü cəmiyyətində separatçı Cənubi Osetiya və Abxaziya üzərində nəzarətin bərpa edilməsi tələbi hər ötən gün daha da güclənir. Baş nazir bildirir ki, 1990-cı illərin müharibələrinin dağıdıcı nəticələrinin bir daha təkrarlanmasına imkan verməyəcək: "Mən müharibə tərəfinə və müharibə istəyənlərə demək istəyirəm ki, Gürcüstanda ikinci cəbhə olmayacaq".

Baş nazir İrakli Qaribaşvilinin müqavimətinə baxmayaraq, tədricən Gürcüstanda vəziyyət dəyişir. Xüsusilə də Rusiyanın Qara dəniz donanmasının flaqman gəmisi "Moskva"nın Ukrayna tərəfindən məhv edilməsi Gürcüstanda Abxaziya ilə bağlı ümidləri artırıb.

Rusiyaya qarşı ikinci cəbhə isə Ukraynanın özü tərəfindən Qara dənizdə açıla bilər. "New York Times" qəzetinin Ağ evdəki mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər və sahil müdafiə vasitələrinə qarşı silahlar istəyib. Bu isə o deməkdir ki, Ukrayna Rusiyaya qarşı ikinci bir cəbhə açmağı planlaşdırır. Qəzetin yazdığından belə məlum olur ki, Vaşinqton Kiyevin istəklərini qəbul edib. Beləliklə də, Rusiyaya qarşı ikinci cəbhənin açılması çox real görünür. Ukraynanın Rusiyaya qarşı Qara dənizdə ikinci cəbhəni açması Abxaziyanın da problemlə üzləşməsi demək olacaq. Əgər Ukrayna ordusu "Moskva" gəmisini batırdığı kimi Rusiyanın Qara dəniz donanmasının əsas gücünə çevrilən üç gəmini də zərərsizləşdirə bilsə, Gürcüstanın Abxaziyaya yolu açılacaq. Buna görə də bəzi təhlilçilərın iddiasına görə,  Rusiya ən ciddi problemlə məhz Qara dənizdə üzləşəcək. Hətta Rusiyaya qarşı ikinci cəbhə iki istiqamətdən, ancaq eyni coğrafiyada açıla bilər.

Rusiyaya qarşı ikinci cəbhənin hansı istiqamətdən açılacağı bir zamanda daha narahatedici məlumatlar Rusiyanın əyalətlərindən gəlir. Belə məlumatlar var ki, Rusiyanın bir çox əyalətlərində, xüsusi ilə də milli respublikalarda əhalinin silahlanması müşahidə olunur. Bu prosesin Rusiyanın bir neçə bölgəsində müşahidə olunduğu, əsas prosesin isə Şimali Qafqazda getdiyi iddia olunur. Hələlik bu məlumatları nə təsdiq, nə də təkzib etmək mümkündü. Ancaq Rusiyadan ayrılmaq uğrunda mübarizə aparan milli qüvvələrin bütün bölgələrdə və ölkə xaricində fəallaşması açıq-aydın hiss olunur. Ukrayna ərazisində Rusiya ordusuna qarşı döyüşən beynəlmiləl qüvvələrin arasında Rusiya Federasiyasında yaşayan xalqların təmsilçiləri də var. Onların bəzilərinin ciddi hərbi birlikləri mövcuddur və hərbi əməliyyatları Rusiyanın ərazisinə keçirməyə cəhd edirlər.

Bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişindən asılı olacaq. Əgər qarşıdakı günlərdə gözlənilən irimiqyaslı döyüşlərin nəticəsi Ukraynanın lehinə olsa, Rusiyaya qarşı ikinci cəbhənin açılması reallığa çevriləcək.

 





20.04.2022    çap et  çap et