525.Az

Müharibənin sərhədləri genişlənir - Xaqani Cəfərlinin siyasi şərhi


 

Müharibənin sərhədləri genişlənir -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin yeddinci həftəsi də arxada qaldı. Rusiyanın bir neçə günlük lokal hərbi əməliyyat kimi nəzərdə tutduğu əməliyyat qanlı müharibəyə çevrildikdən sonra Avropada ruslara qarşı münasibət kəskin şəkildə pisləşməyə başladı. Rusiya ordusunun hərbi cinayətləri haqqında məlumatların dünyanın aparıcı informasiya agentlik və qəzetlərinin ön səhifəsindən əskik olmaması ruslara qarşı münasibəti daha da pisləşdirir. Müharibənin nəticəsi olaraq br neçə milyon ukraynalı qaçqının Avropaya sığınması isə "yanan odun üstünə benzin tökür". Avropaya pənah aparan ukraynalılarla ruslar arasında qarşıdurmalar yaranmağa başlayıb. Ən ağır vəziyyət Almaniyada, xüsusilə də Avropanın kriminal paytaxtı sayılan Berlində müşahidə edilir. Rusların müharibəni dəstəkləmələri, "Krım bizimdir", "Putin prezidentdir" şüarları ilə yürüşlər və mitinqlər keçirmələri vəziyyəti daha da gərginləşdirib. Elə bir vəziyyət yaranıb ki, rus və ukraynalılar arasında münaqişələrin ilkin işartıları görünməyə başlayıb. Aprelin 10-da Frankfurt-Maynda polis 2500 ukraynalı ilə 800 rus arasında baş verən münaqişənin qarşısını son anda, çətinliklə ala bilib. Daha izdihamlı qarşıdurmaların baş vermə ehtimalı hər ötən gün artır. Belə ehtimallar var ki, mayın 9-da Almaniyada ruslarla ukraynalılar arasında münaqişə yarana bilər. Çünki Almaniyada yaşayan ruslar hər il bu tarixdə kütləvi tədbirlər keçirirlər. Məlumatlara görə, ruslar da, ukraynalılar da məhz 9 Maya hazırlaşırlar. İddialara görə, hər iki tərəf qapalı teleqram kanalları vasitəsilə təşkilatlanmağa başlayıb. Ona görə də Almaniya hüquq-mühafizə orqanları narahatlıq içərisindədirlər və izdihamlı münaqişə zamanı qanlı olayların önünü kəsmək üçün polisin gücünün yetərsiz olacağından qorxurlar.

Almaniyanın rəsmi qurumları isə münaqişənin qarşısını almaq üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyənlərə qarşı cəza tədbirləri görməyə başlayıb. Redaktions Netzwerk Deutschland xəbər agentliyinin yaydığı, Rusiyanın rəsmi media orqanlarının istinad etdiyi məlumata görə, Almaniyada Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə prokurorluq 140-dan çox cinayət işi açıb. Bununla yanaşı, əksər federativ əyalətlər Rusiya ordusunun müharibədəki simvoluna çevrilmiş Z hərfindən loqotip kimi istifadə edilməsinə qadağa qoyub. Rusiya mətbuatı rusiyalılara məxsus çoxsaylı əmlaka zərər verilməsi, avtomobilin yandırılması ilə bağlı məlumat da yayıb. Berlində Rusiya bayraqları ilə keçirilən avtomobil yürüşündə iştirak edən maşınlardan biri naməlum şəxslər tərəfindən yandırılıb.

Ruslar isə ukraynalılarla yanaşı, avropalılar tərəfindən ayrı-seçkiliyə məruz qaldıqlarından şikayət edirlər. Rusiya rəsmiləri bütün dünyada rusofobiyanın yüksəldiyini bildirir, bu vəziyyətə görə isə Qərb ölkələrini ittiham edirlər. Həqiqətən də indi bütün dünyada, xüsusilə də Avropada Rusiyaya qarşı münasibət çox dəyişib. Elə bir vəziyyət yaranıb ki, Rusiyaya qarşı loyal münasibət siyasətçilərin reytinqlərini itirməsinə səbəb olur. Almaniyanın kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının reytinqi son altı ayda ən aşağı səviyyə düşüb. Almaniya hökumətində də ciddi fikir ayrılıqları yaşanır. Koalisiya üzvləri Ukraynaya hərbi yardımı artırması üçün kansler Olaf Şoltsa güclü təzyiq edirlər. Müşahidəçilərə görə, vəziyyət belə davam etsə, Olaf Şolts hökumət üzvlərinin birliyini qoruya bilməyəcək. Çünki ictimai rəy Rusiyanın əleyhinə kəskin dəyişib və siyasətçilər də bunu nəzərə almaq məcburiyyətindədirlər.

Siyasətçilər reytinqlərini və iqtidarlarını qorumaq haqqında düşündükləri bir zamanda xüsusi xidmət və polis orqanları rusiyalılarla ukraynalılar arasında qarşıdurmanın güclənəcəyindən narahatdırlar. Xüsusi xidmət və polis orqanlarını narahat edən əsas məqam yerli xalqın ukraynalılara rəğbət bəsləməsi, ruslara mənfi münasibət nümayiş etdirməyə başlamasıdır. Avropadan yayılan xəbərlərə görə, ruslar öz dillərində danışmağa çəkinirlər. Çünki bunun ətrafdakıları qarşıdurmaya təhrik edəcəklərindən ehtiyatlanırlar. Bütün bunlar müharibənin sərhədlərinin genişlənəcəyi ilə bağlı ehtimalları gündəmə gətirib. Vəziyyət nəzarət altına alınmasa, iki dövlət arasındakı müharibə iki xalq arasındakı qanlı münaqişəyə çevrilə bilər. Rusiya mətbuatının "Russofobiya planeti əhatə edir", "Russofobiya iri addımlarla irəliləyir" kimi başlıqlı yazılar dərc etməsi isə nəinki ruslarla ukraynalılar arasındakı münaqişənin qarşısını alır, əksinə, prosesləri daha da qızışdırır.

 





20.04.2022    çap et  çap et