525.Az

Məktəblilər üçün olimpiada və müsabiqələr: təhsildə inkişafa vacib təkan


 

Məktəblilər üçün olimpiada və müsabiqələr: <b style="color:red"> təhsildə inkişafa vacib təkan</b>

İstedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi Azərbaycan təhsilində prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır. Dövlətin iqtisadi və siyasi cəhətdən daha güclü inkişafı üçün düşünən beyinə, istedadlı, zəkalı elm sahiblərinə həmişə ehtiyac var. Bu məqsədlə xüsusi qabiliyyəti və istedadı olan uşaqların aşkara çıxarılıb onlarla hərtərəfli iş aparılması təhsil işçilərinin qarşısında qoyulan aktual məsələlərdəndir.

Bu baxımdan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2021-2022-ci tədris ili ərzində məktəblilərin elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər intellektual yarışlarda iştirak təcrübəsinin qazandırılması məqsədilə bir çox müsabiqə və olimpiadalar keçirilir.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika fənn olimpiadaları, "Sabahın alimləri" müsabiqəsi istedadlı, məntiqi təfəkkürü ilə fərqlənən, elmi tədqiqat işinə meyli olan şagirdlərin aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirməsi və şagirdlərdə fənlərə olan marağın artırılması baxımından mühüm əhəmiyyətə malikdir. İstedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilən müsabiqələr arasında bədii qiraət, şeir, rəsm, videotəqdimat müsabiqələrinin də rolu danılmazdır.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərdəndir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. 

Bu baxımdan Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları"na əsasən, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şagirdlər üçün BŞTİ tərəfindən eksternat imtahanları təşkil olunub. İmtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin ikinci, növbəti sinfin birinci yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlığı, yaradıcı potensialı, ümumi dünyagörüşü yoxlanılıb.

Eksternat qaydasında keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 (bir) şagird uğur əldə edib. Belə ki, Bakı şəhəri 24 nömrəli tam orta məktəbin III sinif şagirdi Abbaslı Duyğu Ramil qızı IV sinfin II yarımilindən təhsilini davam etdirmək imkanı qazanıb.

Qeyd edək ki, təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi

Tədris prosesində və dərsdənkənar vaxtlarda Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən, qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, Vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi prioritet məsələlərdəndir. Bütün bunlara uyğun olaraq, paytaxtdakı ümumi təhsil müəssisələrində müvafiq tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edirik.

Bu baxımdan "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi "Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək vermək məqsədilə təşkil olunub. İki mərhələdən ibarət müsabiqə "Şeir", "Mahnı" və "Yaradıcı iş" olmaqla 3 nominasiya üzrə keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri iştirak edib. Qaliblər BŞTİ-nin diplom və hədiyyələri ilə  mükafatlandırılıb.

"Düşünən oxucu"  müsabiqəsi

Şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunu təbliğ etmək artıq ənənəyə çevrilib. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən "Düşünən  oxucu" müsabiqəsi təşkil edilib.

Müsabiqə təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil edilib. Müsabiqənin BŞTİ tərəfindən keçirilən şəhər mərhələsində paytaxt məktəblərinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib.

12 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Bakı şəhəri  212, 285 nömrəli  tam  orta məktəblərin və Məktəb-Lisey Kompleksinin şagirdləri  respublika  mərhələsinin qalibi olub.

"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslər

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda keçirilən dərslər böyük maraq doğurub.

Dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən  ibarətdir.

Bakı Elm Olimpiadası BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən bilik yarışlarından biri Bakı Elm Olimpiadasıdır.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində (30 aprel) iştirak edəcək komandalar aprelin 15-də elektron qeydiyyatdan keçiblər. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsində (25-26 may) iştirak üçün vəsiqə qazanacaq.

"Şuşa İli" ilə bağlı olimpiada və müsabiqələr

Prezident İlham Əliyev 2022-ci ili "Şuşa İli" elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir. Bu baxımdan paytaxtdakı təhsil müəssisələrində "Şuşa İli" ilə bağlı bir sıra tədbirlər keçirilməkdədir.

Həmçinin təhsil müəssisələrində "Şuşa İli" ilə bağlı "Zəfər" olimpiadasının keçirilməsi, məktəblilər arasında "Əziz Şuşa, sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyi" mövzularında inşa yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

Eyni zamanda YUNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan təhsil müəssisələrinin, "Qardaşlaşmış məktəblər" təşəbbüsünə qoşulmuş yerli və xarici ölkə məktəblərinin  "Şuşa İli" ilə bağlı birgə tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan tədbirlər təşkil olunacaq, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunan "Ən yaxşı elektron təqdimat" müsabiqəsi keçiriləcək.

Ümumi təhsil müəssisələrində işə qəbul

Son illər ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq, işə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi məqsədilə işə qəbul müsabiqə qaydasında həyata keçirilir. İşə qəbulun müsabiqə şəklində həyata keçirilməsinin ictimaiyyət tərəfindən razılıqla qarşılanmasını müşahidə edirik. Belə ki, bunun nəticəsi olaraq son dövrlərdə vətəndaşlar tərəfindən işə qəbulla əlaqədar birbaşa BŞTİ-yə edilən müraciətlərin sayı artmaqdadır.

BŞTİ tərəfindən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib.

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 109 nəfər müvafiq vəzifələrə təyin olunub.

Həmçinin, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul prosesi müəssisələrin daha yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə müsabiqə qaydasında həyata keçirilib.

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə elan edilmiş müsabiqənin yekun nəticəsinə əsasən müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 220 namizəd vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb.

Sevinc QARAYEVA

 





20.04.2022    çap et  çap et