525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır...


 

Samuray mənəvi ruhu yaşayır -<b style="color:red"> Telman Orucov yazır...</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Mətləbdən uzaqlaşmayıb, demək lazım gəlir ki, təcavüzkar dövlətlər də məhz öz ağıllarına həddən ziyadə güvəndiklərindən nəticə etibarilə "sınıq təknə" yanında qaldıqlarının şahidi olmaq kimi acı taleyi yaşamaqdan qaça bilmirlər. Adətən özündən razılıq pis nəticəyə gətirib çıxarır.

Digər ala-bula pişik qabağa çıxdı: "Mənimsə rəyimə görə, yalnız enerjidən yaxşı istifadə etmək, vuruşda daha böyük əhəmiyyətə malikdir və ona görə də mən bir çox illərdir ki, özümə məxsus üslubda məşq edirəm. İndi bu məşqlər o qədər güclənmişdir ki, az qala göylərə çatır. Mən öz düşmənimi ayaqlarımın altına sala bilirəm, hələ döyüş başlamamışdan onu məğlub edirəm. Mən əks-sədanın, səsi izlədiyi kimi onu izləyirəm. O, hərəkət etməyə başlayanda mən bütün öz hiyləgərliklərimdən istifadə edirəm, işlətdiyim texnikanı heç şüurumdan da keçirmirəm, onlar özbaşına, ağlıma güc vermədən meydana gəlir. Əgər siçovul dirəyin və ya sütunun üstü ilə qaçırsa, baxışlarımla mən onu oradan yerə salıram. Lakin bugünkü əjdaha siçovul mənə bir kabus şəklində göründü və heç bir iz də qoymadı. Anlaya bilmədim ki, o, hansı bir varlıq növüdür".

Qoca pişik dedi: "Sən malik olduğun qabiliyyətlə yanaşı, nə öyrənmisənsə də, sənin düşmənə yaxınlaşmaq qaydasının özü qüsurludur. Çünki sənin möhkəmliyin yalnız şəraitə uyğundur. Sən irəli cumursan, düşmən geri çəkilir, onda sən nə etməlisən? Sən onu qorxudursan, o, heç bir narahatlıq hiss etmir, təşviş hissi keçirmir, onda sən nə etməlisən? Niyə düşünürsən ki, sən həmişə düşməndən güclü olacaqsan?

Hər bir kəs hiss edir ki, onun enerjisi hətta göyə çatmaq həddində güclüdür, bu ümumi Menqzi (Men-Tszı) enerjisinə bənzəyir (Menqzi bizim eradan əvvəl 372-289-cu illərdə yaşamış, konfutsiçi filosof olmaqla, əhəmiyyətinə görə Konfutsidən sonra ikinci hesab olunurdu - müəllif). Menqzinin enerjisi onun öz işıqlanmasından çıxırdı, qüvvət alırdı. Həyatda isə enerjinin səmərəsi eyni cür olmur. Onun gücü çayın genişliyinə bənzəyirdisə, səninki isə gecə vaxtının daşqınını yada salır. Sənə təslim olmaq istəməyən birisi ilə üz-üzə gəldikdə, sənin güvəndiyin qabiliyyətin nə edə bilər? Burada bir deyim var: "Küncə sıxılmış siçovul pişiyi dişləyəcəkdir. Bu, ona görə baş verir ki, ümidsiz bir şəraitdə o, geri dönməkdən başqa heç nə edə bilmir. O, həyatı da, xəyallarını da unudur, qalib gəlmək və məğlub olmaq perspektivini də yaddan çıxarır. O, hətta ölüm barədə də düşünmür. Onun qərarı polad kimi möhkəm olur. Sən nəyə ümid edə bilərsən ki, onun köməyi ilə sənin öz ruhunun gücünə bənzəyən başqa birini məğlub edə biləcəksən?"

Sonra yaşlı olan bir pişik irəli gəlib dedi: "Mən qabiliyyətin istifadəsinə, adətən, hörmətlə yanaşıram, lakin bu, fiziki formadır, forma isə sizin gördüyünüz kimi hiyləgərlikdir, məkrdir. Uzun müddət mən diqqəti ağıla verdim, gücdən istifadə etmədim, nə hansısa bir rəqabətə girdim, nə də düşmənin hərəkətinə qarşı əks hərəkət etdim. O güclü olanda mən onunla harmoniya ilə qarşılaşıram.

Mənim sənətim, adətən, düşməni, içində daş olan bir pərdə kimi qarşılamaqdır. Hətta güclü siçovul da mənə qarşı heç nə edə bilməz. Bugünkü siçovul isə elə bir güc göstərmədi, nə də məğlub oldu. Axı o, mənim etdiklərimə heç cür cavab verə bilməzdi. O, ilahi bir varlıq kimi gəldi də, getdi də. Mən əvvəllər buna bənzərini heç vaxt görməmişdim".

Qoca pişik dedi: "Sənin harmoniya adlandırdığın heç də təbii harmoniya deyildir. O, sənin harmoniya barədəki şüurlu düşüncələrindən irəli gəlir. Sən rəqibinin hücumundan yayına bilərsən, lakin onu sən şüurlu qaydada etsən, rəqibin bunu oxuya, anlaya bilər. Əgər sən cəhd etsən ki, öz ağlını sakitləşdirəsən, yavaş hərəkət etsən də, sənin enerjin zəif olacaqdır. Bunu düşünüb edən vaxt sənin təbii intuisiyaya əsaslanan reaksiyaların qorxu törədici olacaqdır və bu baş tutsa belə, bəs nəzərdə tutduğun sonrakı qabiliyyətin haradan gələcəkdir?"

"Heç nə düşünməmək, heç nə etməmək sadə məsələdir. Mən intuisiya ilə hərəkət edəndə, formasız oluram, bu vaxt mən heç bir formaya malik olmuram. Bu məgər göstərmir ki, dünyada heç kəs mənim əksimə gedə bilməz".

Sonra qoca pişik forma və mahiyyətin həqiqətlərini təhlil etməyə başladı.

Bu yazıların fəlsəfi tonuna baxmayaraq, qılıncdan istifadədəki ustalığa yaxınlaşanda, realizm həmin mətnin ürəyini təcəssüm etdirir.

Şoken otağında gedən bu söhbəti eşitdikdə, elə bil ki, yuxuda idi. O da irəli çıxıb, Qoca pişiyə təzim qaydasında əyildi və dedi: "Mən bir çox illər ərzində qılıncdan istifadə sənətini öyrənirdim. Lakin hələ də onun həqiqi mahiyyətinə yaxınlaşa bilmirdim. Bu gecə mən çox sayda rəylər eşitdim və nəhayət, çox şeyi başa düşdüm. Xahiş edirəm mənə dərin sirlər barədə danış".

Qoca pişik cavab verdi: "Bunu edə bilmərəm, çünki mən yalnız heyvanam, siçovullar isə mənim yemimdir. Mən adamların işlərinə haradan agah ola bilərəm? Bəzi şeylər vardır ki, onları özəl qaydada eşitmişəm. Qılıncdan istifadə heç də elə bir şey deyildir ki, sən onu başqaları üzərində qələbə çalmaq üçün ehtiyatda saxlayasan. O, həmçinin, elə bir sənətdir ki, onunla sən həm də hökmən narahatlıqlarla üzləşə bilərsən, həyat və ölümün nəticələrini aydınlaşdırmaq yolunu tutmalısan.

Bu, elə bir xüsusi münasibətdir ki, samuray ona görə daim kiməsə dəstək verməyə çalışmalıdır və beləliklə, o, sənətin ustası olacaqdır. Əvvəlcə sən diqqətini həyat və ölüm prinsipləri üzəridə cəmləşdirəcəksən. Bu, heç də iradə ilə bağlı deyildir, şübhə və tərəddüdə yol vermədən sən ağlını sakit saxlasan, normal vəziyyətindəki tək ona nəzarət etsən və öz sərbəstliyinə nail olsan, sən hətta şəraitləri də dəyişdirmədən düşmənə cavab verə bilərsən".

Məlum bir həqiqət mövcuddur ki, niyyətin olmaması heç də məqsədsiz olmaq demək deyildir. Fikirsiz, hərəkətsiz, təbii qaydada məsələni həll etmək, başqa cür addım atmamaq vacibdir. Bu hiss ediləndə hərəkət başlayır və o, öz növbəsində dünyanın obyektlərindən və hadisələrindən keçib gedir. Qılınclı adam bu nəzəriyyəni başa düşməklə, cığıra yaxın olur.

Şoken müəmmalı müddəaları başa düşmədiyindən, yenə aydınlıq xatirinə soruşmağa məcbur oldu. "Heç bir düşmən, ya da özün", bu mülahizə bəs nə məna verir?"

Qoca pişik cavab verdi: "Bu, ona görədir ki, hazırda bizim heç bir rəqibimiz yoxdur. "Düşmən" və ya "rəqib" terminləri əksliyi ifadə edir. Bu da bir-birinə əks olan od və su kimi bir şeydir. Kiçik qum dənəsi sənin gözünə düşdükdə, gözünü aça bilmirsən. Sən öz ağlındakı ideyaya sahib olub, qalanda da eyni şey baş verir. Sənin ağlın təbii olaraq aydındır, işıqlıdır və nəsə edəndə onda eyni bir şey baş verəcəkdir.

Mən burada mülahizəmi dayandırıram. Bəzi məsələləri siz özünüz nəzərə almalısınız. Bu isə ustalardan başqalarına keçən biliklərdir, siz yalnız bu nəzəriyyəni öyrənməlisiniz. Sizin kimi adamlar bundan həqiqətən nəsə əldə edə bilər. Bu "özünü təhsil" adlanır, ağıldan ağıla keçir. Bu, öyrənməkdən imtina etmək deyildir, elə şeylərdir ki, onları heç müəllim də öyrədə bilməz. Sən özün maariflənməlisən, işıqlanmalısan. Belə öyrənmək asandır, bizə öyrədici sözləri eşitmək də çətinlik törətmir. Lakin onu özündə tapmaq və özününkü etmək çətindir. Bu, "özünü realizə etmək" adlanır. İşıqlanmaq,  maariflənmək yuxarı qalxır ki, hansı arzunun onun sahibinə hakim kəsildiyini görsün. Özünü realizə etmək də eyni şeydir, burada heç bir fərq yoxdur".

 

Qılınclı adamın xüsusiyyətləri

 

Hirayama Şiryunun "Qılınc nəzəriyyəsi" əsəri də samuraylara həsr olunmuş məşhur kitablardan biridir. Müəllifə görə, Qılınclı adam düşməni qəddarcasına öldürmək üçündür. Bu hiyləgərlik hissindən sən ürəyinə və ağlına birbaşa nüfuz etmək üçün istifadə etməlisən. Əgər bu qətl niyyəti onun özünə nüfuz etməsə, qarşısına qoyduğu məqsədə necə çata bilər?

Əgər sən düşməni öldürmək üçün üstündə qılınc gəzdirirsənsə, düşmən də həmçinin səni parçalamaq üçün öz qılıncını əsdirməyə başlayacaqdır. Beləliklə, sən özünü müdafiə edəcəksən ki, həyatını qoruyub saxlayasan. Düşmənin qılıncı altında sən əjdahaya çevrilməlisən, sənin ağlın və iradən daha güclü olmalıdır. Təbii meyllərinə qarşı qərar verməyinin astanasında isə tərəddüd etməlisən, ləngiməlisən və ya qılıncını qınına qoymalısan. Həyəcanlanırsan ki, düşmən sənə xətər yetirə bilər. Döyüşçünün real gücü özünün qılınc tiyəsi ilə nail olduqlarına əsaslanır. Bu, əslində, həyata aid olan deyil, ölüm cığırıdır. Hətta əgər sən qılınclar dağı ilə və ya alov mağarası ilə üzləşsən, sevincindən tullanacaq və ciddi məsuliyyət hiss edəcəksən. Qəzəbli quzğun ovladığı quşa zərbə vurduğu kimi və ya ac pələng öz ovunu parçaladığı kimi sən də sadə ölüm zərbəsini bütünlüklə mənimsəyəcəksən.

Strategiya ustasının dediyi kimi, "Kimlər ki, müharibədə başqalarına nəzarət etməyi düşünür, ancaq heç özünə də nəzarət etmir. Kim bu nəzarəti icra edirsə, o, ev sahibidir, nəzarət edilən isə qonaqdır. Özünü əmin edirsən ki, sən qonaq deyil, ev sahibisən, bu, müharibənin başlanğıcında vacib məsələdir.

Döyüş sənətləri məktəblərinin nəzəriyyələrinə müvafiq olaraq, rəqib möhkəmdirsə, sən məğlub olacaqsan, əgər o, cəld hərəkət etməsə, sən qalib gələcəksən. Əgər səviyyələriniz eynidirsə, hər ikiniz öləcəksiniz. Döyüşçüyə deyilirdi: "Bədəni məhv et, könülü söndür".

"Səkkiz dəf etmə yolu" şeirində həyatın sınaqlarına verilən cavab şəklində deyilirdi ki, izolyasiyada olan həyat barədə məlumatı olmayalar üçün bu, heç də daş-qaş xəzinəsinə bənzəmir; imperatorlar, krallar və uzurpatorlar təsadüfi hallarda bu vəziyyəti müzakirə edirlər. Bu, birinci dəf etmə yoludur.

Əsgərlər at kimi cilovlu olurlar; müharibə qədimdən mövcud olan bir işdir, onu genişləndirməyə ümid edə bilməzsən, sən ümumi və heç də birbaşa olmayan hücum metodları barədə düşünə bilərsən. Bu, zərbəni ikinci dəf etmə yoludur.

Üç min taktikadan o, özünün döyüş praktikasında istifadə etmək istəyirdi. Təhqiqat üçün yüzlərlə silaha bel bağlayırdı. Bu, üçüncü dəf etmədir.

Qoca adam taqətdən düşəndə hamını bir yerdə olmağa çağırırdı və 18 döyüş sənətini yada salmaqla, cavanlığında baş verənlərlə lovğalanırdı. Bu zərbənin dördüncü dəf etmə yoludur.

Ona heç kəs xidmət etmirdi, o, özü üçün xörək bişirir və ya qızdırırdı. Küçəyə çıxanda təzə və köhnə paltarlarını geyinirdi, tazı əlinə götürüb dınqıldadır, mızıldayır və ulayırdı. Bu, beşinci dəf etmə metodudur.

Şimali-şərqə tərəf, evimin arxasında sıldırım qaya ucalırdı. Uzun davam edən təbriklərdən və başsağlığı ifadələrindən imtina edərək, mən ayrı-ayrı vaxtlarda öz sərbəstliyimdən istifadə edib, qışqırırdım. Bu, altıncı dəf etmə yoludur.

Uzunluğu 6 fut olan qılıncımı, içərisi ağ, həm də zahiri qövs-qüzeh rəngində olan qınında gizlətmişdim, uzaq məsafəyə atan top yüz qaramal çəkisində idi. Şimşək çaxmasından yer titrəyəndə mən gizlənmişdim. Bu, zərbəni yeddinci dəf etmə qaydasıdır.

Mənim kalliqrafiyam (gözəl xətlə yazılan yazı - müəllif) o qədər əla olmasa da, özümə imperiya qulluğu arzu edəndə mən artıq sülh və müharibə barədəki müzakirələri unutmuşdum. Bunun əvəzinə hakimiyyət binasının dəhlizlərində əzab çəkirdim. Bu isə zərbənin səkkizinci dəf etmə yoludur.

Deməli, ömrün fərqli mərhələlərinə uyğun hərəkət etmək və mövqe tutmaq lazımdır ki, həyatın zərbələrinə hədəf olmayasan.

Hirayama Şiryunun "Qılınc barədə traktat" əsərində isə deyilirdi: "Sima adlı bir kişi rəsmi alim idi. Lakin o, hansısa əsgərə də komandirlik etmək məsuliyyətini daşımamışdı. Onda niyə bəs o, qılınc gəzdirirdi? Komandir öz zabitləri və əsgərləri ilə istinin və soyuğun, aclığın və toxluğun, zəhmətin və əyləncənin yaratdığı hissləri bölüşürdü".

(Ardı var)

 





21.04.2022    çap et  çap et