Fransa prezidentinin regiona gəlişinə ekspertlər böyük maraq göstərdilər. Burada, ümumiyyətlə, Avropa İttifaqının Cənubi Qafqazla bağlı siyasətini qiymətləndirmək imkanından da danışmaq mümkündür. Azərbaycan, Ermənistan və Gürcüstanda aparılan danışıqlar göstərdi ki, Paris həqiqətən də regionda fəallaşmaq niyyətindədir. Bunu həyata keçirməyin isə asan olmayacağı qənaəti yarandı. Aİ Cənubi Qafqazda maraqları olan digər geosiyasi gücləri nəzərə almaq məcburiyyətindədir. Həmin kontekstdə Fransa prezidentinin region dövlətlərinə etdiyi təkliflər diqqətləri çəkdi.
Üç qonşu ölkə: Parisin yanaşmasındakı fərqlər
Fransa prezidentinin Cənubi Qafqaz ölkələrinə səfəri bir neçə aspektdə maraq doğururdu. Avropa İttifaqının ən böyük dövlətlərindən birinin regionla bağlı siyasətinin nüansları əhəmiyyətlidir. Ukrayna hadisələri fonunda Avropanın Cənubi Qafqaza nə dərəcədə önəm verdiyi də aktualdır. Bunlardan başqa, rəsmi Parisin bölgədəki müstəqil dövlətlərin hər biri ilə əməkdaşlığı necə qurmaq istədiyini konkretləşdirməkdə fayda vardır.
Səfərin nəticələri təsdiq etdi ki, Fransa regiona kifayət qədər maraq göstərir. Azərbaycan, Ermənistan və Gürcüstan istiqamətində öz incə tərəfləri olan siyasət aparır. Son zamanlar geosiyasi mühitdə müşahidə edilən ciddi dəyişikliklərin Parisin Cənubi Qafqaz siyasətinə təsiri vardır. Bununla yanaşı, Fransa hakimiyyəti regiondakı ölkələrin oynadıqları geosiyasi rolu nəzərə alaraq hərəkət etməyə çalışır.
Bu aspektdə Parisin Azərbaycanla konkret istiqamətlər üzrə əməkdaşlıq xətti seçdiyi aydın görünür. İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Fransa prezidentinin son səfəri zamanı bu rəqəmi daha da artırmaq haqqında razılıq əldə edilib. Parislə Bakı enerji sahəsində əməkdaşlıq edirlər və bunu inkişaf etdirmək niyyətindədirlər. F.Ollandla İ.Əliyev elm, kənd təsərrüfatı, nəqliyyat, gənclər və idman sahələrini əhatə edən müqavilələr imzalayıblar. Azərbaycan prezidenti Fransa ilə əlaqələri belə xarakterizə edib: "Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir. Bu gün imzalanan sənədlər bizim bir çox sahələr üzrə gələcək əməkdaşlığımızı müəyyən edir" (bax: Fransa Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir / "Azərbaycan" qəzeti, 14 may 2014).
Konkret olaraq, Fransa Azərbaycanla əməkdaşlığı genişləndirir. Bura siyasi əlaqələrin inkişafından tutmuş iqtisadiyyatın müasir sahələrinin böyük əksəriyyəti daxildir. Hətta atom enerjisi istehsalında Parisin Bakı ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanır. Ermənistan KİV-i bu barədə xüsusi qayğı ilə informasiyalar yayıb (bax: məs., Наира Айрумян. Франция будет строить АЭС не в Армении, а в Азербайджане / "Lragir.am", 13 may 2014). Ermənilər Fransanın Azərbaycana yüksək texnologiyalar verəcəyindən ehtiyat edirlər. Bunun fonunda isə Parisin rəsmi Yerevanın atom enerjisi sahəsində əməkdaşlıq təklifinə sükutla cavab verdiyi ayrıca vurğulanır. Ekspertlər hesab edirlər ki, Fransa Rusiya faktoruna görə Ermənistanla bir çox sahələrdə real əməkdaşlığa can atmır.
Bunlar göstərir ki, Fransa-Azərbaycan əməkdaşlığı konkret məzmuna malikdir və həyata keçirilən proqramlar üzrə işlər gedir. Burada əsas olaraq sivil meyarlara dayanılır. O cümlədən, iqtisadi və enerji sahələrində iki ölkə arasında konkret layihələr həyata keçirilir. Doğrudur, Parislə Bakı siyasət və təhlükəsizlik sahələrində də əməkdaşlıq edirlər. Azərbaycan prezidenti bununla bağlı BMT TŞ-də iki ölkə arasında sıx əlaqələrin olduğunu vurğulayıb (bax: "Azərbaycan" qəzeti, 14 may 2014).
F.Ollandın Ermənistan və Gürcüstanda apardığı müzakirələr bir qədər fərqli mənzərəni ortaya qoyur. Erməni KİV-i, ümumiyyətlə, ziddiyyətli informasiyalar yayıb. Səbəbi ondan ibarətdir ki, F.Ollandla S.Sarkisyanın görüşündə konkret layihələrə toxunulmayıb. Əsas olaraq, Parisin Aİ ilə əməkdaşlıqda Yerevana hansı yardımı edə biləcəyi və uydurma "soyqırımı" məsələsində Fransanın atacağı addımlar ətrafında söhbət gedib (bax: Визит Олланда в Ереван в день 100-летия Геноцида армян имеет "особый посыл" / "Regnum", 13 may 2014).
Ekspertlərin diqqətini daha çox cəlb edən isə Fransa prezidentinin Aİ-Ermənistan münasibətlərinə verdiyi qiymət olub. F.Olland faktiki olaraq reallaşması mümkün olmayan formuldan danışıb: Ermənistan Gömrük İttifaqında qalmaqla Aİ-yə assosiativ üzv ola bilər (bax: Олланд: Армении нужна ассоциация c ЕС, не мешающая ее членству в ТС / "Regnum", 12 may 2014). Almaniyanın Yerevandakı səfiri də buna oxşar fikir bildirib.
Geosiyasi əməkdaşlıq: bəzi suallar qalır
Lakin Aİ-nin başqa yüksək vəzifəli məmurları isə iqtisadi əsası olmayan və faktiki olaraq digər "siyasi mühitdə yerini müəyyənləşdirmiş" bir ölkə ilə siyasi aspektdə assosiativliyin mümkünsüzlüyünü vurğulayırlar. Erməni ekspertlərin özləri də məsələnin bu cür qoyuluşunun absurdluğunu etiraf edirlər (bax: Муса Микаелян. Если бы вместо Олланда была женщина / "1in.am", 14 may 2014). Belə çıxır ki, Aİ-yə daxil olan bəzi ölkələr ermənilərin tamamilə uzaqlaşmaması və əbədi olaraq Rusiyanın təsiri altında qalmaması üçün müəyyən vədlər verirlər. Reallıq isə onu göstərir ki, Ermənistan heç zaman birmənalı mövqe tutmayıb. Bu səbəbdən, Avropanın bu ölkə ilə konkret əməkdaşlıq perspektivi hələ qeyri-müəyyəndir.
Fransa prezidentini bu cür fikir söyləməyə məcbur edən faktorlar sırasında Moskvanın postsovet məkanında fəallaşması ciddi rol oynaya bilər. Bununla Qərb Rusiyanın Cənubi Qafqaza tam hakim olmasını əngəlləməyə çalışır. Məsələnin bu aspekti də tutarlı arqumentlərə əsaslanmır. Məsələ ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatına Moskva nəzarət edir və onun təhlükəsizliyi də birbaşa Rusiya ilə əlaqəlidir.
Fransa prezidenti Gürcüstanda Ermənistandan fərqli mövzulardan danışıb. Burada söhbət əsasən ölkənin Aİ-yə assosiativ üzvlüyündən gedib. Eyni zamanda, tərəflər "Fransanın Gürcüstanda İnkişafı Agentliyini" (AFD) və İqtisadi Yardım və Əməkdaşlıq Birliyini (PROPARCO) yaratmaq barədə razılıq əldə ediblər. Bəzi kiçik layihələrin həyata keçirilməsi ilə əlaqədar ortaq fikrə gəlinib (bax: Президент Франции предсказал Грузии европейское будущее / "Коммерсантъ", 13 may 2014 və Франция и Грузия подписали несколько соглашений / "Regnum", 14 may 2014).
Bir sıra ekspertin gözlədiyinin əksinə olaraq, F.Olland Gürcüstana Rusiya məsələsində ehtiyatlı dəstək sözü verib. Rəsmi Tbilisinin 2008-ci ili xatırlatmasına cavab olaraq isə fransız lider Moskvanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan hələ də çıxarmadığını yada salıb. Belə məlum olur ki, Avropa Moskvanın üzərinə çox gedə bilmir. Bu səbəbdən, Tbilisiyə də Rusiya ilə münasibətləri loyallaşdırmağı məsləhət görürlər (bax: İsabelle Lasserre. François Hollande apporte un soutien prudent à la Géorgie / "Le Figaro", 12 may 2014). Belə görünür ki, Gürcüstan Fransadan yalnız ehtiyatlı siyasi dəstək ala bilib.
Fransa prezidentinin Cənubi Qafqaza səfərinin konkretlikləri təsdiq edir ki, Qərbin regionla əlaqədar müəyyən qayğıları vardır. Paris burada mövqeyinin zəifləməsindən ehtiyatlanır. Maraqlıdır ki, avropalılar artıq siyasi və hərbi aspektlərə üstünlük vermirlər. Onlar daha çox iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı inkişaf etdirməklə, digər aspektləri gələcəyə saxlayırlar.
Belə bir vəziyyətin yaranması, şübhəsiz, son dövrlərdə müşahidə edilən geosiyasi proseslərlə sıx bağlıdır. Qərb Rusiya ilə açıq münaqişəyə girmək istəmir. Eyni zamanda, dolayısı ilə postsovet məkanı ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır. F.Ollandın apardığı danışıqların məzmunu göstərir ki, regionda daha çox Azərbaycanla əlaqələrə üstünlük verirlər.
Lakin Fransa Ermənistana olan münasibətini dəyişmək istəmir. Ona havadarlıq etmək xəttini gözləyir. Qondarma "soyqırımı" məsələsində F.Ollandın tutduğu mövqe bunu təsdiq edir. Bu isə o deməkdir ki, regiona münasibətdə Qərbin ikili standartı qalır. Bunun müsbət nəticələr verməyəcəyini proqnozlaşdırmaq olar. Həmçinin başqa geosiyasi oyunçular ikili standartın yaratdığı ziddiyyətlərdən Qərbi nüfuzdan salmaq üçün istifadə edə bilərlər. Bu aspektdə F.Ollandın Cənubi Qafqaza səfərinin hansı müsbət nəticələri verə biləcəyi barədə fikir söyləmək xeyli çətindir.
Newtimes.az
çap et