525.Az

Allahın ədalətinə inanan ana - Əflatun Amaşov yazır


 

Allahın ədalətinə inanan ana -<b style="color:red"> Əflatun Amaşov yazır</b>

Milli Məclisin deputatı olarkən qəbuluma bir xanım gəlmişdi. Yaşı o qədər çox olmasa da, saçları tamamilə ağarmışdı. Dərdli olduğu üzündən aşkar görünürdü. Elə dərdini demək, əlac tapmaq üçün gəlmişdi. Danışdıqları dəhşət idi. Oğlunun hərbçi olduğunu, işgəncə ilə öldürüldüyünü dedi.

Tərtərli xanım övladının heç bir halda Vətən xaini olmadığını gözlərinin içinədək hakim kəsilmiş dərin əminliklə bildirdi. Bu bildirişdə acı, yanğı ilə bərabər qəzəb və hiddət vardı. Elə bir qəzəb ki, insanı dedikləri sözlərin səmimiyyətinə nəinki inandırır, heç bir damcı da şübhə yeri qoymurdu.

Söhbət məlum “Tərtər işi”ndən gedir. Qadının övladı bu işin qurbanlarından idi.

Xanım bir çox mətləblərdən söz açdı. Hiss olunurdu ki, yalnız qəzəb və hiddətlə deyil, eyni zamanda haqqında söz açdığı məsələyə dair ciddi bilgilərlə “silahlanıb”. Anadır, danışdıqca hərdən “silahını” yerə qoyub kövrəlirdi. Amma tez bir zamanda o kövrək duyğular oğluna haqsızlıq edənlərə qarşı nifrət və qəzəb hissi ilə əvəz olunurdu. Bu hiss sanki toxtaqlıq verirdi ona. Söhbətinin sonunda əlini göyə qaldıraraq dedikləri heç yadımdan çıxmır: Oğlumun üzərindəki damğa götürüləcək. O məni necə sevirdisə, Vətənini də elə sevirdi. Hətta məni sevdiyindən də çox sevirdi Vətənini. Xəyanət edə bilməzdi. Bunu sübut etmək üçün dayanmayacam, durmayacam, son nəfəsimədək hər yerə gedəcəm, bütün qapıları açacam. Əlimdən nə gəlirsə, edəcəm. Allah var, bilirəm, Allah öz ədalətini mütləq göstərəcək.

Həmin vaxt məsələ ilə bağlı bir sıra şəxslərlə görüşdüm, fikirlərimi çatdırdım. Xanımın məktubunun deputat kimi xüsusi nəzarət qaydasında aidiyyatı üzrə göndərilməsini təmin etdim. Məktuba cavab da aldım...

Dünən “Tərtər işi” ilə bağlı bəraət alanların olduğuna dair xəbərlər yayılanda qeyri-ixtiyari həmin tərtərli xanımı xatırladım. Sonra daha bir xəbərdə onunla oğlunun yanaşı şəkillərini gördüm. Bəli, Allah var və gec-tez öz ədalətini göstərir.

 





21.04.2022    çap et  çap et