525.Az

Təlimə Dəstək Mərkəzinin tədbirləri: səmərəli məktəb ideyası addım-addım gerçəkləşir


 

Təlimə Dəstək Mərkəzinin tədbirləri: <b style="color:red"> səmərəli məktəb ideyası addım-addım gerçəkləşir</b>

Məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, keyfiyyətin daha dayanıqlı olması, təhsilin hamı üçün əlçatanlığı kimi prinsipləri əsas götürərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) səmərəli məktəb ideyasını reallaşdırmağa çalışır. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılması və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi əsas prioritet istiqamətlərindən biridir. Bunları nəzərə alaraq, BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzi (TDM) ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmini, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi yönündə kompleks işlər görür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənovun dediyinə görə, Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarə olunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir. TDM BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodiki (mentor) dəstək verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə köməklik göstərir.

TDM tərəfindən ümumi təhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir. Müəllimlərin fəaliyyətinə (açıq və nümunəvi dərslər, dərsdənkənar fəaliyyət, müəllimlərin müxtəlif məsələlərlə bağlı məruzələri və s.) diqqət yetirilir, metodbirləşmələrin fəaliyyətini və metodiki işi daha səmərəli təşkil etmələri üçün müxtəlif (yazılı və şifahi) tövsiyələr verilir.

Həmçinin tədris ili ərzində məktəblərdə metodiki xidmətin səmərəli təşkili, yeni fənn proqramlarının tətbiqi, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsi ilə bağlı müzakirələr təşkil edilir.

Direktor və müavinləri üçün təlimlər

İlkin Həsənov bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçərək fəaliyyətə başlayan şəxslər üçün təlimlər keçirilib. "Məktəb rəhbərlərinin peşəkar inkişafı" adlı təlimlərin təşkil olunmasının əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin yaradılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.

Gənc müəllimlər üçün adaptasiya proqramı

TDM tərəfindən ümumi təhsil müəssisələrinə işə yeni qəbul olunmuş gənc müəllimlər üçün adaptasiya proqramı çərçivəsində təlimlər keçirilib. Onlayn təşkil olunan təlimlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

Təlimlərdə müəllimlər kurikulum əsasında keyfiyyətli dərsin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məlumatlandırılıb.

Məktəb rəhbərliyi üçün təlim

Mərkəz direktoru qeyd edib ki, elektron dərs cədvəllərinin hazırlanması vacib məsələlərdən biridir. Bu baxımdan ümumi təhsil müəssisələrinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün "Microsoft Teams" platforması vasitəsilə təlim keçirilib.

Təlimin əsas məqsədi təhsil müəssisələrində tədrisin daha səmərəli təşkilinə töhfə vermək və dərs cədvəllərinin tərtib olunması işini optimallaşdırmaqdan ibarətdir.

Təlimdə elektron dərs cədvəlinə nümunə olaraq dünyanın bir çox ölkəsində geniş yayılmış "ASC Timetable" proqramının yüklənilməsi və tam istifadəsi qaydaları nümayiş olunub.

Məktəbin İnkişaf Planı hazırlanır

İlkin Həsənovun söylədiyinə görə, Məktəbin İnkişaf Planının hazırlanması ilə bağlı TDM tərəfindən görüşlər keçirilir. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.

Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.

"Təhsilin rəqəmsal çevrilməsi" mövzusunda onlayn seminar

Mərkəz direktoru vurğulayıb ki, "Təhsilin rəqəmsal çevrilməsi" mövzusunda onlayn seminar keçirilib.  Seminarın əsas məqsədi təhsildə rəqəmsal çevrilmənin tətbiq edilməsi, təhsilalanlara müstəqil öyrənmənin aşılanması, müstəqil öyrənmə vasitəsilə təhsilə əlçatanlığın təmin edilməsi, STEAM dərslərini tədris edəcək müəllimlərin müvafiq istiqamətdə peşəkar inkişafa sövq edilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

Seminarda STEAM təlim texnologiyaları, VEB2 alətlərinin tədrisdə tətbiqinin təsiri, təhsilverənlər üçün Microsoft Peşəkar Sertifikatının vacibliliyi, pandemiya dövründə tədrisin daha səmərəli qurulması yolları və digər mövzularla bağlı geniş məlumatlar verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Pedaqoji heyət üçün təlimlər keçirilir

TDM ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirir.

Təlimlərin əsas məqsədi müəllimlərə metodiki dəstək göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin düzgün aparılması, konstruktiv rəyin verilməsi və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir. Həmçinin, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaq da əsas hədəflərdəndir.

Təlimlər zamanı müəllimlərə keyfiyyətli dərsin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları və sinfin idarə olunmasına dair müvafiq tövsiyələr verilir, həmçinin, müəllimlər diaqnostik və formativ qiymətləndirmənin təşkili, onların nəticələrinin təhlili, planlaşdırmanın düzgün aparılması ilə bağlı məlumatlandırılır.

Eyni zamanda təlim çərçivəsində TDM tərəfindən valideynlərlə görüşlər keçirilir. Görüşlər zamanı məktəb-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, müəllim-şagird-valideyn əməkdaşlığının əhəmiyyəti haqqında tövsiyələr verilir.

Təlim çərçivəsində TDM-in metodistləri dərs dinləmələrdə də iştirak edirlər.

"Gələcəyə ümid" layihəsi

Mərkəz direktorunun dediyinə görə, TDM-in təşkilatçılığı ilə "Gələcəyə ümid" layihəsi həyata keçirilir. Layihənin məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların akademik, sosial bacarıqlarının inkişaf etdirilməsi və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.

"Gələcəyə ümid" layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

"Gələcəyə ümid" layihəsinə cəlb olunmuş şagirdlər üçün ADA Universitetində seminar da keçirilib. Seminarda gənclərə xəyallara, məqsədlərə çatmaq üçün şəxsi inkişafın vacibliyi, maliyyə savadlılığının faydaları barədə tövsiyələr səsləndirilib. Şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə aydınlıq gətirilib. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında müzakirə olunub.

İnformatika müəllimləri üçün təlimlər

Ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün "Proqramlaşdırma və alqoritm" mövzusunda onlayn təlimlər keçirilib.

TDM tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin proqramlaşdırma və alqoritm bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin artırılmasından ibarətdir.

Təlimlərdə şagirdlərin müvafiq istiqamətdə hazırlıq səviyyəsinin düzgün istiqamətlənməsini təmin etmək əsas hədəflərdəndir.

"Erasmus+" proqramı

İlkin Həsənov  deyib ki, TDM-in əməkdaşları Avropa İttifaqı tərəfindən Almaniyada təşkil olunmuş "Erasmus+" proqramının "Gənclərin mobilliyi" istiqaməti üzrə qalibi olublar. Proqram çərçivəsində Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, təhsili, adət-ənənələri, mədəniyyəti, incəsənəti və musiqisi haqqında təqdimatlarla çıxış edərək müzakirələrdə iştirak ediblər.

TDM-in əməkdaşları tərəfindən "Erasmus+" proqramı ilə bağlı paytaxt məktəbliləri ilə görüş keçirilib. Görüşdə IX-XI sinif şagirdlərinə "Erasmus+" proqramı haqqında ətraflı məlumat verilib.

Sonda qeyd edək ki, təhsildə keyfiyyətin artırılması, müasir təcrübənin düzgün tətbiqi, yaradıcı yanaşmaların elmi-pedaqoji əsaslandırılması, inkişafetdirici təlim və seminarların davamlı təşkili, məktəblərdəki psixoloji mühitin müvafiq meyarlara uyğunlaşdırılması və digər istiqamətlər üzrə həyata keçirilən tədbirlərin siyahısı burada diqqətə çatdırılanlardan daha genişdir.

Sevinc QARAYEVA

 





22.04.2022    çap et  çap et