525.Az

Milli istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası - Asif Rüstəmli yazır


 

Milli istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası -<b style="color:red"> Asif Rüstəmli yazır</b>

Ali Attestasiya Komissiyası necə yarandı?

Ali Attestasiya Komissiyası elmi ictimaiyyətin və dövlətin qarşısında alnıaçıq, üzüağ fəaliyyət göstərən, zamanın tələblərinə yüksək intellektual əməllə, məsuliyyət hissi və həssaslıqla cavab verən, elmi potensialın formalaşmasında fəal iştirak edən nüfuzlu və dinamik dövlət qurumudur.

Ölkəmizin yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onların elmi dərəcələrə və elmi adlara layiq görülməsini, o cümlədən, xarici elm mərkəzlərində verilmiş elmi dərəcə və elmi adlar haqqında diplom və attestatların tanınmasını, elmi müəssisələrin akkredutasiyasını, bu sahədə dövlət siyasətini həyata keçirən Ali Attestasiya Komissiyası 30 il əvvəl - dövlət müstəqilliyimizin bərpa edilməsindən bir neçə ay sonra 1992-ci il aprel ayının 23-də elm sahəsi üzrə müstəqillik atributumuzun rəmzi olaraq respublikamızda ilk dəfə Nazirlər Kabineti yanında təsis edilmişdir.

Doğrudur, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da elmi fəaliyyətin tarixi qədimdir. Eyni fikirləri elmi dərəcə və elmi adların təsis tarixi haqqında söyləmək isə bir qədər mübahisəli məsələdir. İlk elmi dərəcə, ilk elmi ad alan azərbaycanlılar haqqında araşdırmalar mübahisələr doğursa da, onlardan birinin Mirzə Əbdülxaliq Axundzadə olduğu şübhəsizdir. O, 1888-ci ildə Almaniyanın Erlangen Universitetinin tibb fakültəsini bitirərək magistr elmi dərəcəsi alır. 1890-cı ilə göz xəstəliyi ilə bağlı "Koloboma məktəbi" adlı dissertasiya işini alman dilində nəşr etdirir. Tədqiqatçı alim, prof. İslam Ağayev tanınmış ictimai xadim, görkəmli əczaçı, təbib M.Ə.Axundzadə haqqında yazırdı ki, o, "X əsr farmakoloqu Əbu Mənsur Müvəffəqin əsərini ərəb dilindən alman dilinə çevirir. Əsərdəki 446 bitki və 44 heyvan bədənindən hasil olan dərman preparatı haqqında elmi izah yazıb, həmçinin, orta əsr istilahlarının müasir elmi şərhini verir. Əsər 1893-cü ildə Derptdə (Estoniyanın indiki Tartu şəhəri - A.R.) Farmakologiya Tədqiqatları Tarixi İnstitutunun əsərlərində, eyni zamanda ayrıca kitab şəklində Halle şəhərində (Almaniya) nəşr edilir. Bu tədqiqatına görə Derpt Universitetinin Tibb fakültəsi M.Ə.Axundzadəyə tibb doktoru elmi dərəcəsi verir".

Cümhuriyyət dövründə Bakı Universiteti yaradılarkən Tibb fakültəsində dərs deyən professor-müəllim heyətinin tərkibində Bakı şəhərində yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq Mirzə Əbdülxalıq Axundzadənin adına təsadüf edilmir. Bəlkə də əsl səbəb o vaxt Tibb fakültəsinin Anatomiya, Patoloji anatomiya, Ümumi patologiya, Zoologiya, Histologiya, Ümumi cərrahiyyə, Diaqnostika və s. kafedraları fəaliyyət göstərdiyi zamanda M.Ə.Axundzadənin elmi dərəcə aldığı farmakologiya və oftalmologiya kimi mühüm ixtisas sahələrinin ilk vaxtlar universitetdə tədris edilməməsi idi...

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində - 1919-cu il sentyabr ayının 1-də Bakı Universitetinin təsis edilməsi Qafqaz regionunda böyük elmi, ictimai və siyasi əhəmiyyət kəsb etməklə yanaşı elmi dərəcə və elmi adların elmi-pedaqoji fəaliyyət sahəsində prioritetliyini önə çəkdi. Çətinliklərə baxmayaraq 1919-1920-ci tədris ilində universitetə 12 nəfər professor, 31 nəfər privat-dosent və dosent dəvət edilmişdir. Dövrünün görkəmli professorlarından V.İ.Razumovski, M.L.Milman, L.Q.Qurviç, A.A.Oşman, İ.İ.Şirokoqorov, A.M.Levin, N.Q.Uşinski və b. Bakı Universitetində elmi mühitin yaradılmasında və dərkində mühüm rol oynamaqla yanaşı elmi-pedaqoji fəaliyyətin effektivliyini, səmərəliliyini elmi-tədqiqat işlərinin intensivliyini stimullaşdırmışlar. Bakı Universitetinin müvəqqəti Elmi Şurası layiqli yüksək ixtisaslı mütəxəssislərə seçki yolu ilə elmi adların verilməsində səlahiyyətli idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin aprel ayında süqutu, respublikamızın bolşevik rejiminin təsiri və təpkisi altında  sovetləşməsi elmi incələmələr istiqamətindəki təməl prinsipləri xüsusilə humanitar, ictimai elmlər sahəsində ideoloji müstəviyə yönəltdi. Qırmızı imperiya mərkəzindən asılılıq milli düşüncənin tərəqqisinə, elmi baxışlar sisteminin intişarına şimal səmumu kimi ciddi zərbələr vurdu. Azərbaycanda 1920-1932-ci illərdə universitet və institutlarda elmi şuraların qərarları ilə elmi ad alanların kəmiyyətində artım hiss olunsa da, elmi dərəcə alanları yalnız barmaqla saymaq olardı. Elmi fəaliyyətin idarə edilməsi sistemini SSRİ miqyasında mərkəzləşdirmək üçün SSRİ Elmlər Akademiyasının sovet respublikalarında filialları təsis olundu. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutu ləğv edilərək onun bazası əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi (AzOZFAN) yaradıldı. SSRİ MİK-in qərarı ilə 1932-ci il sentyabr ayının 19-da elmi və elmi-pedaqoji kadrların fəaliyyətlərinin sertifikatlaşdırılması niyyəti ilə Ümumittifaq Ali Texniki Təhsil Komitəsinin yanında Ali Attestasiya Komissiyası təsis edildi. Bu vaxta qədər isə elmi dərəcələr və adlar ali təhsil müəssisələri tərəfindən fərqli şərtlər əsasında verilirdi. Fərqli tələblər narazılıq, bürokratik əngəllər yaratdığı üçün mükəmməl əsasnaməyə ehtiyac duyulurdu. SSRİ Xalq Komissarları Soveti 1934-cü il 13 yanvar tarixli qərarı ilə "Elmi dərəcələr və adlar haqqında" Əsasnamə təkmil olmasa da fəaliyyət istiqamətinin zəruri meyarlarını müəyyənləşdirdi. 1991-ci il noyabr ayının 14-də SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası ləğv edilərək onun bazası əsasında Rusiya Federasiyasının Ali Attestasiya Komitəsi yaradıldı. Altmış ilə yaxın davamlı olaraq müttəfiq respublikalardan Moskvaya göndərilən elmi dərəcələrə və adlara dair attestasiya sənədlərinin baxılmasından yeni yaradılan Rusiya AAK-ı imtina edirdi. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanda Ali Attestasiya Komissiyası kimi gərəkli, əhəmiyyətli bir qurumun yaradılması zamanın tələbinə çevrilmişdir.

"Bakinskiy raboçiy" qəzetinin 24 aprel 1992-ci il tarixli sayında Azərinformun dərc edilən "Xronika"sında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirənin sərəncamı ilə Azərbaycan  Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası yaradılmış və bu qurumun ilk sədri Rauf Əbdüləli oğlu İsmayılov təyin edilmişdir.

Təsis fərmanından bir ay sonra Nazirlər Kabinetinin 26 may 1992-ci il tarixli, 284 saylı qərarı ilə AAK sədrinin birinci müavini və müavini də təyin edilmişdir. Birinci müavin vəzifəsinə kimya üzrə elmlər doktoru, professor Ədalət Vilayət oğlu Rəhimov, müavin vəzifəsinə isə SSRİ Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əziz oğlu Əliyev layiq görülmüşdür. Ali Attestasiya Komissiyasının rəhbərliyində təmsil olunan hər üç şəxs görkəmli alimlər, fəaliyyət göstərdikləri elm sahələri üzrə ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır və elmimizi tanıdırdılar.

AAK-ın ilk sədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Rauf İsmayılov 1939-cu ildə Qərbi Azərbaycanın Parpı kəndində anadan olmuş, gənclik illəri Tərtər rayonunun Azadqaraqoyunlu kəndində keçmiş, orada tam orta məktəbi bitirmişdir. Azərbaycan Dillər Universitetinin (sabiq M.F.Axundov adına Dillər İnstitutu) Fransız dili fakültəsini bitirən Rauf Əbdüləli oğlu 1968-ci ildə "Azərbaycan satrik şeirinin inkişaf yolları" adlı namizədlik, "Azərbaycan - Fransa ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcələr almışdır. Uzun illər Azərbaycan Texniki Universitetinin Xarici dillər kafedrasına rəhbərlik edən R.İsmayılov 1986-cı ildə professor elmi adına layiq görülmüş, dərslikləri və dərs vəsaitləri, xüsusilə "Fransız dili" dərsliyi 1986, 1988 və 1990-cı illərdə  Moskvada "Ali məktəb" nəşriyyatında yüksək tirajla təkrar nəşr edilmiş, Rusiyanın Sankt-Peterburq, İrkutsk, Omsk və digər dövlət universitetlərində bu gün də tədris edilir. Müştərək hazırladığı "Fransızca-Azərbaycanca elektronika terminləri lüğəti" (372 səh.) adlı dərslik Azərbaycan Texniki Universitetinin qərarı ilə 2006-cı ildə "Çaşıoğlu" nəşriyyatında işıq üzü görmüş və bu gün də aktuallığını qoruyub saxlayır.

Professor Rauf İsmayılovun yaradıcılığında bədii-publisistik səciyyəli əsərlər də yer alır. Onun "Qardaş torpağında" (Bakı: Azərnəşr, 1966, səh.68), "Mən səninlə qalıram" (Bakı: Gənclik, 1981, səh. 145), "Dostluq telləri" (Bakı: Azərnəşr, 1982, səh.68) və b. kitabları, eləcə də bir pyesi zamanında oxucular tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan Respublikasının millət vəkili, professor Rauf Əbdüləli oğlu İsmayılov 1992-ci il iyul ayının 22-də Azərbaycan Respublikası Milli Məclisinin Təhsil, elm, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri seçilir. Bu yüksək vəzifəyə layiq görüldüyü tarixdən bir müddət öncə isə Rauf Əbdüləli oğlu Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Soveti sədrinin 1992-ci il 2 iyun tarixli fərmanı ilə "başqa işə keçməsi ilə əlaqədar olaraq" Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsindən azad edilmişdir. R.Ə.İsmayılovun 1992-ci ilin aprel ayının 23-dən iyun ayının 2-dək - 40 gün müddətində AAK-a sədr olduğu dövrdə təyinatı üzrə fəaliyyətə başlamamış, tariximizin mürəkkəb və keşməkeşli zamanında ona həvalə edilən yüksək vəzifə yalnız kağız üzərində qalmışdır.

Professor Ədalət Vilayət oğlu Rəhimov  isə Nazirlər Kabinetinin 27 noyabr 1992-ci il tarixli, 640 saylı qərarı AAK sədrinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali və orta ixtisas təhsili nazirinin birinci müavini vəzifəsinə göndərilmişdir.

AAK sədrinin və onun birinci müavininin təyin olunduğu işə başlamadan və ya mövcud problemlərin çözümünə cəhd göstərmədən daha rahat və rəvan vəzifələrə göndərilməsi dövlət müstəqilliyi yenicə bərpa edilmiş, ziddiyyətlər məcrasında çırpınan bir ölkədə onun rəhbərliyinin qeyri-peşəkar kadr siyasəti, bu sahədəki səriştəsizlik və uğursuz seçim quruculuq prosesi üçün zədəsiz ötüşmürdü.

Nə yaxşı ki, qayğısız ünvan axtaranlardan fərqli olaraq Ali Attestasiya Komissiyasının növbəti və eyni zamanda bir sıra ilklərə imza atan qurucu sədri haqqında eyni düşüncələri bölüşmək mümkünsüzdür. 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Soveti sədrinin 1992-ci il 2 iyun tarixli fərmanı ilə Azad Xəlil oğlu Mirzəcanzadənin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin edilməsi cəmiyyətdə məmnunluq hissi ilə qarşılanır.

Texnika elmləri doktoru, professor, əmkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik  Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2001) neft-mədən və qaz-kondensat yataqlarının işlənməsində, dinamik metodlarının hazırlanmasında, tədqiqi və tətbiqi sahəsində böyük şöhrət qazanmış qüdrətli elm adamı idi. O, sadəliyi, səmimiyyəti, cəsarəti, obyektivliyi, prinsipallığı, yüksək intellektuallığı, vətənsevərliyi ilə elmi ictimaiyyət arasında yaxşı tanınır, dəyərləndirilir və sevilirdi. Akademik A.M.Mirzəcanzadənin uzun illər AMEA Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborantlıqdan şöbə müdiri (1948-1958), Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (1958-1968), eyni zamanda SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri (1966-1969), SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının (1969-1973) və keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri (1973-1989), Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrinədək məsul sahələrdə çalışması, elmi və elmi-pedaqoji, həmçinin, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsindəki xidmətləri, səmərəli elmi-təşkilati fəaliyyəti onun Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası kimi mötəbər və məsuliyyətli bir quruma rəhbərlik etməsini şərtləndirirdi.

Azad Xəlil oğlu AAK-a sədr təyin ediləndə yeni yaradılmış qurumun nəinki  iş otağı, hətta bir masası, bir kağız parçası belə yox idi.

Xatırladım ki, həmin il Qarabağda erməni işğalçılarına qarşı ağır döyüşlər gedir, bütün cəhdlərə baxmayaraq cəbhədə uğursuzluqlar bir-birini əvəzləyirdi. Daşaltı faciəsi, Xocalı soyqırımı, Şuşanın işğalı... Bütün ölkənin diqqətinin Qarabağa yönəldiyi, bütün imkanların cəbhə üçün səfərbər olduğu bir zamanda hökumətdən bina, avadanlıq, ştat, zəruri xərclər üçün vəsait tələb etmək olduqca ağrılı və üzücü məsələ idi. Bir tərəfdən də bəzi ziyalılar "Bizə Ali Attestasiya Komissiyası lazımdırmı?", "Türkiyədə akademiya yoxdur, bizdə niyə olsun?" kimi ritorik sualları ilə cəmiyyətdə sabaha inamsızlıq, eləmə, tərəqqiyə etimadsızlıq əhval-ruhiyyəsi sərgiləyirdilər. Respublika üçün çox ağır bir dönəmdə akademik A.M.Mirzəcanzadəyə düşünmək üçün bir ay vaxt lazım oldu. Əslində bu bir ay müddətində o AAK-ın fəaliyyət istiqamətini, strukturunu müəyyənləşdirdi, yeni quruma yüksəkixtisaslı elmi mütəxəssislər dəvət etməyi planlaşdırdı, Ekspert şurasının, Rəyasət Heyətinin müvəqqəti tərkibini nəzərdən keçirdi. Bir aydan sonra - 1992-ci il iyul ayının 1-də Azad Xəlil oğlu vəzifəsinin icrasına başlaması haqqında ilk əmri imzaladı: "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası

Əmr № 1/92.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının sədri (0,5 ştat) vəzifəsini 01.07.1992-ci il tarixindən icra etməyə başladım.

Əsas: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Soveti sədrinin Fərmanı. № 822. 02.06.1992-ci il. Sədr. A.X.Mirzəcanzadə".

Bu əmrdə iki məqam diqqəti cəlb edir: Birincisi, Sədr digər həmkarlarına nümunə olaraq vəzifəsinin icrasına 0,5 ştat vahidi ilə başlayır və əməkhaqqının 50 faizindən dövlət büdcəsinin xeyirinə olaraq imtina edir (Maliyyə sənədlərinə əsasən onun sonralar da rüblük və illik mükafatlardan imtina etdiyi bəlli olur). İkincisi, iyul, avqust ayı xüsusilə elmi, elmi-pedaqoji işçilər üçün məzuniyyət dövrü sayılsa da, sədr sentyabr ayını gözləmədən fəaliyyətə başlamağı zəruri hesab etmişdir.

Öncə akademik A.M.Mirzəcanzadə Ali Attestasiya Komissiyası üçün bina məsələsini həll edir. Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin mərkəzində yerləşən, Fikrət Əmirov küçəsi 8 saylı memarlıq üslubunda tikilmiş, ümumi sahəsi 1110 kvadratmetr, istifadə üçün yararlı sahəsi 700 kvadratmetrdən çox olan daşınmaz əmlak AAK üçün ayrılır. Sədr yayın istisinə və binada aparılan təmir işlərinə baxmayaraq əməli fəaliyyətə start verir. İlk növbədə Komissiya üçün elmi kadrları müəyyənləşdirir və işə qəbul edir. Özündən sonra, iyul ayının 7-də iki saylı əmr ilə kənd təsərrüfatı elmlər namizədi Yaşar Firuz oğlu Məlikovu Kimya-biologiya, tibb və kənd təsərrüfatı şöbəsinin müdir müavini vəzifəsinə qəbul edir. Yaşar Firuz oğlu Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının Azərbaycandan ilk həqiqi üzv, heyvandarlıq sahəsində ilk elmlər doktoru, SSRİ Dövlət mükafatı laureatı Firuz Məlikovun (1902-1965) oğlu idi. Növbəti əmrlə, iyul ayının 9-da Fazil Veys oğlu Mustafayev AAK İşlər idarəsinin rəisi və əvəzçilik üzrə sədrin köməkçisi vəzifəsinə təyin olunur.

Az müddət ərzində akademik Azad Mirzəcanzadənin əmri ilə  Elman Nəcəfov - Fizika-riyaziyyat və texnika şöbəsinin müfəttişi, Naibə Musayeva - Dövlət attestasiya müfəttişliyi şöbəsinin rəisi, Vaqif Qurbanov - Humanitar və ictimai elmlər şöbəsinin rəis müavini, Əkrəm Ağayev - həmin şöbəsinin müfəttişi,  Saleh Tahirov - Qeydiyyat və diplom və attestatların verilməsi şöbəsinin müfəttişi, Leyla Məmmədova - Dövlət attestasiya müfəttişliyi şöbəsinin baş müfəttişi, Əlimirzə Əhmədov - Fizika-riyaziyyat və texnika elmləri şöbəsinin rəis müavini, Xubəli Əzizov - Fizika-riyaziyyat və texnika elmləri şöbəsinin müfəttişi,  Fərrux Qasımov - Hüquq məsləhətçisi,  Lina Nəbiyeva - Sədrin katibəsi, Əziz Nağıyev - Komendant və s. vəzifələrə təyin edilirlər.

AAK sədrinin birbaşa təşəbbüsü və təkidi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin azərbaycanlı yetirməsi, "Ultrabənövşəyi şüaların ali bitki hüceyrə membranlarına təsir mexanizmi" mövzusunda ekologiya və biofizika ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edərək Rusiya AAK-ı tərəfindən 1992-ci ilin may ayında fizika-riyaziyyat elmləri  doktoru elmi dərəcə alan, gənc və istedadlı alim Rövşən İbrahimxəlil oğlu Xəlilov Bakıya dəvət edilərək  Nazirlər Kabinetinin 29.10.1992-ci il tarixli, 583 saylı qərarı ilə Ali Attestasiya Komissiyasının baş elmi katibi təyin olunmuş, dekabr ayının 1-dən yeni iş yerində böyük entuziazm ilə fəaliyyətə başlamışdır.

1992-ci ilin sonuna qədər Komissiyada əməkdaşların sayı (texniki işçilərlə birlikdə) 17 nəfərə çatmışdır. Universitet və İnstitutlardan isə elmi dərəcə və elmi ad almaq üçün ixtisaslaşmış şuralardan və elmi şuralardan dissertasiya işləri və attestasiya sənədləri 1992-ci ilin iyul ayından Ali Attestasiya Komissiyasına daxil olmağa başlamışdır. A.Mirzəcanzadənin rəhbərliyi ilə ilk növbədə fərqli elm sahələri üzrə Respublikanın görkəmli alimlərindən ibarət Komissiyanın Rəyasət Heyətinin ilk tərkibi müəyyənləşdirildi.

Nazirlər Kabinetinin təsdiqlədiyi AAK Rəyasət Heyətinin ilk üzvləri sırasına Azad Mirzəcanzadə (sədr), Çingiz Qacar, Yaşar Qarayev, Fəxrəddin Veysəlov, Xubəli Əzizov, Urxan Ələkbərov, Süleyman Əliyarlı, Şəfaət Mehdiyev, Yəhya Məmmədov, Nurəddin Rzayev, Musa Rüstəmov, Əhməd-Cövdət Hacıyev və b. daxil oldular.

Ali Attestasiya Komissiyasının yarandığı müddətdən bir neçə ay ərzində diqqətçəkən işlərindən biri də "Alimlik dərəcələri və elmi adların verilməsi qaydası haqqındakı Müvəqqəti Əsasnamə"nin işlənib hazırlanması idi. Müvəqqəti Əsasnamənin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq şöbələri tərəfindən bəyənilərək 1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə təsdiqlənmişdir. Müvəqqəti Əsasnaməni mükəmməl sənəd hesab etməkdən uzaq olsaq da, bir həqiqəti etiraf etmək zəruridir ki, prosedur pozuntularının və narazılıq yaradan halların qarşısını almaq üçün sənəddə yetərincə ölçülü-biçili meyarlar, məhdudlaşdırıcı tələblər də yer almışdır. Xüsusilə, 1990-1992-ci illərdə bəzi institut və universitet elmi şuraları qeyri-sabit ictimai-siyasi şəraitdən sui-istifadə edərək elmlər namizədlərini kütləvi olaraq professor elmi adının verilməsi üçün təqdim etmişdilər. Yeni əsasnamənin 43-cü bəndində isə professor elmi adı almaq üçün iddiaçının elmlər doktoru elmi dərəcənin olması tələb kimi irəli sürülmüşdür.

Müstəqilliyimizin ilk illərində rəyasət heyətinin protokollarına əsasən diqqətçəkən meyllərə və məqamlara da təsadüf edirik. AAK Pəyasət Heyətinin Əsasnamə tələblərindən irəli gələn müraciət və xəbərdarlıqlarına baxmayaraq bəzi institut və universitet elmi şuraları və ixtisaslaşmış dissertasiya şuralarında ciddi prosedur pozuntuları davam etdirilmişdir. Rəsmi məlumatda qeyd edilmişdir ki, "Azərbaycan Dövlət Neft Akademiyasının elmi şurasının 23 dekabr 1992-ci il tarixli qərarı əsasında F.Nəsibova, H.Xəlilova və N.Məmmədova Rusiya Dövlət Ali Attestasiya Komitəsi tərəfindən professor attestatı verilmişdir. Lakin onların attestatları Azərbaycan AAK-nın təkrar attestasiyasından keçməmişdir. Bununla belə Neft Akademiyasında həmin şəxslərin professor elmi adları qanunsuz olaraq özbaşına rəsmiləşdirilmişdir".

Rəyasət Heyətində cari məsələlərin müzakirəsi zamanı toxunulan mövzulardan biri də Rusiya AAK-nın verdiyi diplomu ona bərabər tutulan milli sənədlə əvəzləmək arzusudur. Sədr A. Mirzəcanzadə Rəyasət Heyətinin üzvlərinə Nazim Xanbaba oğlu Yarməmmədovun AAK-a müraciəti ilə əlaqədar məlumat verdi. Bildirdi ki, N.X.Yarməmmədov Azərbaycan EA Əlyazmalar İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və Rusiya AAK-nın namizədlik diplomunu almışdır. İndi isə N.X.Yarməmmədov Azərbaycan AAK-nın diplomunu almaq istəyir. Rəyasət Heyətinin üzvləri problemə təkrar attestasiya kimi yox, milli qürur məsələsi kimi yanaşaraq qərar qəbul etmişdir: "Nazim Xanbaba oğlu Yarməmmədova Rusiya AAK-dan aldığı diplomu Azərbaycan AAK-na təhvil verdikdən sonra Azərbaycan AAK-nın diplomu təqdim edilsin".

Namizədlik (indi fəlsəfə doktoru) imtahanları məsələsi hər zaman elmi ictimaiyyətin həssas nöqtələrindən olmuş, iddiaçılar tərəfindən problem birmənalı qarşılanmamışdır. İndi bu imtahanların sayı ikiyə ( ixtisas və xarici dil) endirilsə də, vaxtilə elmlər namizədi alimlik dərəcəsi iddiaçısı Müvəqqəti Əsasnaməyə əsasən fəlsəfə, xarici dil, rus dili, psixologiya, pedaqogika, informatika və ixtisas fənlərindən imtahan, Azərbaycan tarixindən isə zaçot verməli idi.

Əsasnamənin 43-45-ci maddəsində elmi adların verilməsində müstəsna hallar da nəzərdə tutulmuşdur. Bu maddələr xüsusilə hərbi mütəxəssislərin yetişdirilməsində, idmanın, mədəniyyətin və incəsənətin inkişafında şəxsi xidmətləri və rolu olan, öz ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan, elmi dərəcəsi olmayan mədəniyyət və incəsənət xadimlərinə, idman ustalarına, hərbi mütəxəssislərə vəsatət qaldırıldığı təqdirdə şamil edilirdi.

Müvəqqəti Əsasnamənin təsdiqindən sonra AAK Rəyasət Heyətinin ilk iclası 21 noyabr 1992-ci ildə keçirilmiş, 24 nəfər elmi dərəcə və elmi ad iddiaçısının attestasiya işinə baxılmış və müsbət qərar qəbul edilmişdir. Bu işlərin əksəriyyəti AAK-a cari ilin iyul ayında daxil olmuşdur. Diplom və attestat alanlardan Nadir Məmmədov, Məmməd Cəfərov, Qalib Kərimov, Adil Mahmudov, Rasim Məmmədov, Məmməd Əliyev, Əli Hüseynov, Çimnaz Ağayeva, Məcid Məcidov, Vilayət Abdıyev, Oqtay Qarabəyli, Svetlana Cəfərova, Ramella Güləliyeva, Sürəyya Əliyeva, Məhəmməd Həsənov, Zina Məcidova, Nadir İsmayılov, Heydər Cəfərov, Nübar Muxtarova, Zemfira Mehrəliyeva, Ulduz Yusubova, Rzaqulu Bayramov, Mehdi Mehdiyev, İzzət Əfəndiyev... Onlar müstəqil Azərbaycan Respublikasının öygü və sevgi ilə yaratdığı, milli dəyərlərin və elmi əyarların uca tutulduğu Ali Attestasiya Komissiyasının diplom və attestatlarını alan ilk qaranquşlar idi.

(Ardı var)

 





22.04.2022    çap et  çap et