525.Az

Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni yolda işlər sürətlənir


 

MUROVDAĞ TUNELİNDƏ İŞLƏRİN 25 FAİZİ GÖRÜLÜB, İSTİSUYA APARAN TUNELİN SALINMASINA DA BAŞLANILIB

Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni yolda işlər sürətlənir<b style="color:red"></b>

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm layihələrdən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər geniş vüsət alır.

Müasir tələblərə cavab verəcək, 2-4 hərəkət zolaqlı, uzunluğu 80,7 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılıb. Həmin magistral yolun üzərində yerləşən 11,6 kilometrlik  Murovdağ tunelinin təməli Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 16-da qoyulub və həmin gün tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılıb.

Toğanalı-Kəlbəcər-İstisu yolu 1 və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunda hazırda 12-13 və 26-28 kilometrlik hissələrdə torpaq yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü xətlərin tikintisi davam edir. Layihə üzrə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası da uğurla həyata keçirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.

"Hazırda Murovdağ tunelində partlatma və qırma üsulları ilə qaya süxurlarının, işləri həmçinin drenaj yoluyla suyun kənarlaşdırılması, həmçinin, püskürtmə üsulu ilə  tuneldaxili hissənin üzlənməsi işləıri aparılır. Ümumiyyətlə bu tunelin tikinti işlərinin 25 faizi artıq yerinə yetirilib. Kəlbəcərdən İstisuya aparan yolun tikintisi çərçivəsində isə uzunluğu 542, eni isə 12 metr olan ikinci tuneldə də işlərə başlanılıb. Artıq bu tunelin giriş və çıxış hissəsində 175 metr qazma işləri icra olunub" - deyə,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib. O, həmçinin qeyd edib ki, sözügedən yol və tunellərin inşası üzrə layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Zakir MURADOV,

Gəncə

 





22.04.2022    çap et  çap et