525.Az

“Gələcək nəsillərə daha güclü, sabit Azərbaycanı təqdim etməliyik”


 

Müsahibimiz yeni yaradılan “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynlidir

“Gələcək nəsillərə daha güclü, sabit Azərbaycanı təqdim etməliyik”<b style="color:red"></b>

- Necə oldu ki, belə bir qeyri-hökumət təşkilatının yaradılmasına qərar verdiniz?

- Bu gün müasir, qloballaşan dünyada gənclərimizin dünyanın siyasi, iqtisadi səhnəsində öncül yer tutmaları olduqca vacibdir, prioritet məsələdir. Əgər Azərbaycan gənci öz intellekti, savadı ilə dünya gənclərindən geri qalarsa, bu, ümumilikdə dövlətimizin gələcək inkişafına da təsir göstərə bilər. Yeni təşkilatımızın yaranmasının ən başlıca səbəbi də gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirak etmək, bilikli, istedadlı gənclərə qayğı göstərmək, gənclərin sağlamlığının qorunmasına, onları pis vərdişlərdən yayındırmağa dəstək vermək, gənclərin məşğulluğunun təmin edilməsinə yardımçı olmaqdır. 

Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi, sağlam gəncliyin mövcudluğu, savadlı gənclərimizin dünyaya inteqrasiyası, vətənpərvər gənclər ordusunun yaradılması istiqamətində gənclərimizə dəstək olsun.

Sözsüz ki, təşkilatımızın fəaliyyət istiqaməti bununla bitmir. Qarşımıza qoyduğumuz hədəflərdən biri də Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına dəstək olmaq, həmçinin ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməkdir.

- Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmizin dinamik inkişaf etdiyi bir şəraitdə bu siyasətin vacibliyini necə səciyyələndirərdiniz?

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Müxtəlif illər üçün Dövlət Proqramlarının qəbul edilməsi, qrant layihələrinin sayının artırılması, ümumilikdə gənclərimizin intellektinə, savadına müsbət təsir göstərib. Bir sözlə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərimizin üzərinə düşən öhdəlik isə bu dövlət qayğısından səmərəli istifadə edib, dövlətçiliyin inkişafına töhvələrini verməkdən ibarət olmalıdır.

- Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lərin fəaliyyəti bəzən hiss olunmur. Bəzən də onların fəaliyyəti dar çərçivədə olur, yəni Azərbaycanın xaricdə tanınmasında faydaları olmur...

- Çox vacib və lazımlı bir mövzuya toxundunuz. Düzdür, bizim yeni yaranan təşkilat kimi hələ hansısa iddia ilə çıxış etmək haqqımız yoxdur. Ancaq düşünürəm ki, hər bir QHT-nin başlıca vəzifələrindən biri də ölkəmizin dünyada təbliğində, vətəndaşlarımızın dünyaya inteqrasiyasında yaxından iştirak etməkdir. Yəni, bu istiqamətdə bir növ vasitəçi rolunu oynamalıdır. Sözsüz ki, Azərbaycanın dövlət qurumları, rəsmiləri bu işdə üzərinə düşən vəzifələri yerinə yetirirlər. Bununla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri də üzərinə düşən vəzifələri həvəslə yerinə yetirməlidirlər. Bu torpaq, bu ölkə, bu millət hamımızındır. Ona görə də sağlam gələcəyimiz naminə, güclü dövlət naminə hamımız çalışmalıyıq, gələcək nəsillərə daha güclü, sabit, iqtisadi və siyasi təminatlı Azərbaycanı təqdim etməliyik. Bu baxımdan, yuxarıda qeyd etdiyim kimi, hər bir QHT-nin fəaliyyət istiqamətlərindən biri də xarici əlaqələr olmalıdır.

- Xaricdə fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı?

- Əlbəttə. Bilirsiniz, Azərbaycanda bəzi QHT-lərin xarici əlaqələri olduqca zəifdir, və yaxud ümumiyyətlə yoxdur. Azərbaycandakı reallıqları, xüsusilə ən yaralı yerimiz olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünyaya olduğu kimi çatdırmaq üçün vətəndaş cəmiyyəti ilə müntəzəm əlaqələr qurulmalıdır. Bu gün QHT-lərin xarici həmkarları ilə birgə fəaliyyətinə dair formatları nəzəri cəhətdən mövcud olsa da, praktiki iş zəifdir. Praktiki iş olmayan yerdə isə hansısa effektdən danışmaq mümkünsüzdür.

Ona görə də xarici əlaqələr prioritet fəaliyyət istiqamətimiz olacaq. Ancaq bunun üçün bir müddət vaxt lazım olacaq. Təşkilatlanma işləri tam başa çatdıqdan sonra xarici əlaqələrin qurulmasına başlayacağıq.

- Bu gün Azərbaycanın bəzi gənclərinin bir sıra xarici qüvvələrin təsiri altına düşdüyünü müşahidə edirik. Sizcə, bunun qarşısı necə alınmalıdır?

- Birinci növbədə maarifləndirici tədbirlər artırılmalıdır, gənclərlə təmas gücləndirilməlidir. Bu gün bildiyiniz kimi, ən aktual problem gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməsidir. Mətbuatdan da izlədiyimiz kimi, nə qədər gənclərimiz “robotlaşdırılaraq” Suriya və digər qaynar nöqtələrdə döyüşlərə cəlb olunublar. Bunun səbəbi dini savadsızlıqdır və bunun qarşısını yalnız maarifləndirmə ilə almaq olar.  Bu gün yüzlərlə valideynin gözü yaşlı qalıb. Niyə? Çünki “robotlaşdırılan” gənclər artıq valideynin sözünə belə baxmır. Bu problemin yaranmasının başlıca səbəbi maarifləndirmə işinin zəif olmasıdır. İslam dini hər radikal qüvvələr tərəfindən özlərinə sərf edilən mənada izah olunursa, demək ki, iradəsi zəif gəncləri inandırmaq daha asan olur. Azərbaycan hökumətinin, Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiq hesab olunmalıdır. Lakin bu işdə vətəndaş cəmiyyəti də aktiv olmalıdır və bu problemi ictimai qınağa çevirmək lazımdır.

Gənclərin başqa ölkəyə gedərək döyüşlərdə iştirak etməsinin məsuliyyəti hər birimizin üzərinə düşür. İstər dövlət qurumları olsun, istərsə də vətəndaş cəmiyyəti olsun, hamımız səfərbər olub gənclərimizi yad təbliğatların təsirindən xilas etməliyik

 





27.05.2014    çap et  çap et