525.Az

“Türk dünyasının uşaqlarının birliyi" şənliyi - Foto


 

“Türk dünyasının uşaqlarının birliyi" şənliyi -<b style="color:red"> Foto</b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın qurucu üzv dövləti olan Türkiyə Respublikasının 23 aprel - Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının birliyi" şənliyi və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi keçirilib.

525.az xəbər verir ki, tədbir Fond ilə təşkilatın üzv və müşahidəçi ölkələri arasında mədəni əlaqələrin daha da güclənməsi və gənc nəsli türk dünyasının maddi-mənəvi dəyərləri ilə tanış edilməsi məqsədilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Türk Dünyasının gələcəyinin memarları olan uşaqları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görməkdən şad olduğunu bildirib: “Hər bir dövlətin ən dəyərli varlığı sülhün, sevginin, ümidin təmsilciləri olan uşaqlardır.

Bu gözəl gündə bayramın həyəcanını sizinlə paylaşaraq, bütün Türk dünyasının uşaqlarını - buraya toplaşan Azərbaycandan, Qazaxistandan, Qırğızıstandan, Türkiyədən, Özbəkistandan, Türkmənistandan olan uşaqların simasında birlikdə dünyaya barış, dostluq və qardaşlıq mesajlarını yaymağa dəvət edirəm. Bu bayramı qeyd etmək istəyən, amma müharibə ilə, aclıqla, xəstəliklə üzləşmiş uşaqları unutmamalıyıq. Onların cəmiyyətə yenidən qaytarılması, ehtiyaclarının qarşılanması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Uşaqlarımızın təhsil almaları son dərəcə önəmlidir. Bu gün onların elmə və inkişaf edən texnologiyalara açıq olmaları, oxumaları, araşdırmaları, yeniliklərlə maraqlanmaları son dərəcə vacibdir. Amma biz böyüklərin vəzifəsi onlara Vətənini, millətini, tarixini, mədəniyyətini və adət-ənənələrini sevdirməkdir. Biz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq bu şərəfli missiyanı qürurla və zövqlə həyata keçiririk. Çünki ən əsas məqsədlərimizdən biri Türk Dünyasının maddi-mədəni dəyərlərini gələcək nəsillərə ötürməkdir. Bir daha bayram münasibətlə bütün uşaqları təbrik edir və gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşada bu bayramın qeyd edilməsini arzu edirem.”

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Cahid Bağçı keçirilən tədbirin əhəmiyyətindən söz açıb: “ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda demək olar ki, hər həftə Türk mədəniyyətini, irsini tanıtmaq məqsədilə çox önəmli tədbirlər keçirilir. Milli Mübarizəyə, Müstəqilliyə və Cümhuriyyətə gedişin yol xəritəsi olan Türkiyə Böyük Millət Məclisinin yaranmasının 102-ci il dönümünə və 23 aprel - Milli Suverenlik və Uşaq Gününün qeyd olunmasına həsr olunan yüksək səviyyəli tədbirə görə Günay xanıma təşəkkür edirəm. 23 aprel Mustafa Kamal Atatürkün milli mübarizənin məşəlini yandırdığı gündür. Milli suverenlik bu mənada Atatürkün uşaqlara Vətəninizə, kimliyinizə, bayrağınıza sahib çıxın deməsinin mesajıdır və buna görə də çox dəyərlidir ”.

Tədbirdə TÜRKPA-nın Baş Katibi Mehmet Surayya Er, Türk dövlətlərin parlamentlərinin deputatları, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri və digər rəsmilər iştirak ediblər.

Şənlikdə Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı təmsil edən uşaqlar tərəfindən Türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunub, milli geyimlərdə rəqslər nümayiş etdirilib, milli alətlərdə musiqilər ifa olunub, şeirlər səsləndirilib. Daha sonra qonaqlar tərəfindən tədbirdə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunub. Eyni zamanda, qonaqlar azərbaycanlı balaca rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

 





24.04.2022    çap et  çap et