525.Az

Dünyanın yeddi möcüzəsindən biri - Halikarnas mavzoleyi


 

Dünyanın yeddi möcüzəsindən biri - <b style="color:red"> Halikarnas mavzoleyi</b>

Dünyanın yeddi möcüzəsindən birini - Halikarnas mavzoleyini ziyarətə getmək niyyətilə yola çıxanda həyəcanlı idim. Düşünürdüm ki, qapısında izdiham, səbirsizliklə gözləyən uzun növbələr, müxtəlif ölkələrdən gələn ziyarətçilərin çoxluğundan içəri keçmək elə də asan olmayacaq. Ancaq Turgutrəis küçəsindən üzü aşağıya doğru irəlilədikcə bir yanlışlıq olduğunu hiss elədim, çünki qapıda bilet satan muzey əməkdaşından başqa kimsə yox idi - nə içəridə, nə də ətrafda... Orada olduğum bir-iki saatlıq müddət ərzində heç gələn də olmadı.

Halikarnas mavzoleyindən bəhs edirəm. Bir vaxtlar dünya, bu gün isə Bodrum üçün önəmli yerə sahibdir. Antik dövrün yeddi möcüzəsindən biridir. İnşa edildiyi dönəmin ən mühüm və görkəmli memarlıq əsərlərindən biri olan mavzoley bu gün açıq hava muzeyi olaraq fəaliyyət göstərir.

Doğrudur, ilk dönəmki möhtəşəmliyindən əsər qalmayıb, sırf buna görə şəhərə gələnlərin böyük əksəriyyətinin diqqətini cəlb etmir. Daha doğrusu, muzeyi ziyarət edənlərin sayı heç on mini belə keçmir. Hər il milyondan artıq turistin gəldiyini nəzərə alsaq, bu statistika məyus edəcək qədər azdır. Amma buna rəğmən adındakı sehr ilə tarixi, möcüzələri, təsvir və təsəvvürü sevənləri maqnit kimi özünə çəkməyi bacarır.

Vaxtilə bir çox savaşlardan, hücumlardan çıxan mavzoley əsrlərlə yerində möhkəm dayansa da, görünən isə odur ki, tab gətirə bilməyib. Bir çox yerdə zəlzələ nəticəsində çökdüyü yazılır. Bəzi mənbələrdə isə XV əsrin əvvəllərində maltiyalıların Kiçik Asiyaya gəldiyi və binanın yerlə-yeksan etdikləri bildirilir. Mavzoleyin bünövrəsi üzərində gəzərkən ərazidə zəlzələdən daha çox bir barbarlıq, yağmalanma izi olduğunu dərhal sezmək olur. Həmişə mənə elə gəlib ki, heç bir təbiət hadisəsi insan əli ilə törədilən fəlakətlərdən daha dəhşətli deyil. Əks halda Mavsolun boş qalmış məzarında yaranmış kiçik gölməçədə bu gün balaca qara balıqlar üzməz, sütunları ovum-ovum olub ətrafa səpələnməzdi.

Kariya padşahlığının paytaxtı Halikarnasda eradan əvvəl IV əsrin ortalarında tikilib. Özü də bura tarixdəki ilk mavzoleydir. Kariya hökmdarı Mavsolun adı ilə bağlıdır. "Mavzoley" sözü də buradan yaranıb. Mənası "yerüstü məzarlıq" deməkdir.

Memarlıq abidəsinin tikintisinə qərar verən Hökmdar Mavsol olub. Eradan əvvəl 355-ci ildə hələ həyatdaykən Halikarnasda öz məzarının tikintisinə başlanma əmri verir. 46 metr yüksəklikdə, 36 sütunlu və bir araba heykəli ilə taxtadan əsrarəngiz məzar quruluşu düzəltdirir. İki il sonra Mavsol dünyadan köçür. Tikinti işləri onun dul arvadı Artemisiyanın və bacısının göstərişləri əsasında davam etdirilir. İşə bax ki, ərindən bir il sonra Artemisiya ölür, bu dəfə inşaatın icrası Mavsolun qardaşlarına keçir.

Məqbərədə birinci yarus ağ mərmərdən, ikinci yarus mərmər sütunlardan, üçüncü yarus isə 24 pilləli ehramşəkilli mərmər damdan ibarət idi. Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən mavzoley 180 ionluq, yəni iyirmi mərtəbəli yaşayış binasının hündürlüyünə bərabər imiş. Həmin ölçü sərgi salonundakı modelə əsaslanırdı.

Binanın memarı Pytos olub. Bəzi arxivlərdə Satyrosun da adı çəkilir. Ümumi məlumatlarda isə eramızdan əvvəl IV əsrin ən əhəmiyyətli dörd heykəltəraşının şərqdə Skopasın, qərbdə Leokharesın, şimalda Bryaksisin və cənubda Timoteyin çalışdığını bildirilir. Bryaksis yerli Kariya sənətkarı idi, digərləri Yunanıstandan gətirilmişdi. İçərisində İkinci Mavsol və Artemisiyanın heykəlləri olan mərmər dördatlı araba məqbərəni tamamlayırdı. Bu at arabalarını memar Pytosun qurduğu barədə məlumatlar var.

Mavzoley dağıdıldıqdan sonra daşların bir qismi Bodrum qalasına daşınıb. 1402-ci ildə Seint Cen cəngavərləri Bodruma gəldikləri zaman abidənin xarabalıqlarını görüblər. Tezliklə mavzoleyin daşlarını sökərək Bodrum qalasını tikiblər. Beləcə, bu dünya incisini ilk məhv edən cəngavərlər olur. Hazırda içərisində balaca qara balıqlar üzən çuxurun dərinliyində yerləşən əsas dəfn otağını tapa bilmədikləri üçün ora toxuna bilmirlər. 1522-ci ildə Seint Cen cəngavərləri Bodrum Qalasını möhkəmləndirmək üçün daş axtarırlar və yenidən abidəyə üz tuturlar. Bu isə Mavzoleyin sonunu gətirir. İngilis tədqiqatçısı Çarls Tomas Nyuton 1856-1857-ci illərdə burada arxeoloji araşdırmalara başlayır. Qazıntı vaxtı tapdığı relyefləri, Mavsol və Artemisiyanın heykəllərini, dördatlı arabanın parçalarını Britaniya muzeyinə aparır. Nyutondan əvvəl isə 1846-cı ildə Türkiyədə olan İngiltərə səfiri Lord Stratford Canning Sultan I Abdülməciddən aldığı icazə ilə Bodrum qalasının divarında olan Mavsolun relyefini Londona aparır. İngilislər əsrarəngiz parçaları Londona I Abdulməcidin fərmanı əsasında aparıldığını iddia edirlər. Türkiyəli tarixçilər isə həmin dönəmdə ölkədən icazəsiz qaçırılan əsərlər olduğunu deyirlər. Çox güman ki, Britaniya muzeyində sərgilənən parçalar həmin qaçırılan heykəllərdir.

İddialar çoxdur, ortada isə nə izin kağızı var, nə fərman, nə də başqa bir yazılı dəlil. Mavzoleydən sonra Dolmabahçe sarayını ziyarət edərkən I Abdülməcidi daha yaxından tanımaq imkanım oldu. Özü rəssamlıqla məşğul olan, sarayın divarlarını bəzəyən möhtəşəm tablolara imza atan, övladlarını sənətlə iç-içə böyüdən, xüsusi rəsm otağı olan, fırçaları, boyası bu günə qədər qorunub-saxlanan şəxsin qızıl, pul müqabilində heykəlləri satması və ya dəyişdirməsi ağlabatan görünmədi. Belə çıxır ki, yerli tarixçilər haqlıdırlar, əsərlər Halikarnasdan ingilislər tərəfindən oğurlanaraq aradan çıxarılıb.

Mavzoleyin geri qaytarılmasına dair dəfələrlə məsələ gündəmə gətirilib, ancaq hər dəfə bunun baş tutan iş olmadığı məlum olub. Əks halda məsələ iki ölkə arasında münasibətlərin zədələnməsinə qədər gedib çıxa bilər. Çünki ingilislər bu mövzuda olduqca qətiyyətlidirlər! Heykəllərin vətəninə geri qaytarılması məsələsini gündəmə gətirənlərdən biri Halikarnas Balıqçısı kimi tanınan böyük yazıçı Cavad Şakir Kabaağaclı olub. Britaniya Muzeyinin rəhbərliyinə, "Mavzoley həqiqi dəyərini ancaq Bodrumun mavi səması altında tapacağını" xüsusilə qeyd etdiyi bir məktub yazır. Qarşı tərəf yazıçıya son dərəcə ağıllı və bir az da qıcıq doğuran cavab yazırlar: "Mavzoleyin Bodrumun mavi səması altında sərgilənməsi üçün dərhal hərəkətə keçdik və bütün sərgi salonunu mavi rəngə boyadıq".

Məsələ burasındadır ki, Yunanıstanın şah əsərlərindən sayılan Elgin Mərmərləri də həmin muzeydə sərgilənir və onun da İngiltərəyə necə aparılması mübahisəli məsələ olaraq qalır.

Hazırda möhtəşəm abidədən qalan II Mavsolun və Artemisiyanın heykəlləri, eləcə də məqbərənin digər bəzək əşyaları Londondakı Britaniya muzeyində sərgilənir. Abidənin olduğu yer isə bu gün çuxur olaraq qalmaqdadır. İçəri girərkən sağda Bodrum tipli bir ev, solda mavzoleylə bağlı memarlıq elementləri, maketlər, heykəllər sərgilənir.

Göründüyü kimi, bir az təbii fəlakətlər, bir az taxt davası, bir az pul hərisliyi, ən çox da tarixi abidələrə etinasızlıq antik dövrün möcuzəsinin sonunu gətirib. Həqiqət isə budur ki, nə aradan ötüb keçən əsrlər, nə zəlzələyə, barbarlığa məruz qalması, amansızlıqla sökülməsi, dağıdılması, parçalanması Halikarnas Mavzoleyinin izlərini silə bildi. Çünki həqiqi dəyərə sahib olan hər şey heç vaxt qiymətdən düşmür!

 





24.04.2022    çap et  çap et